Əlvida, uşaqlıq dostumuz...

11-11-2026 15:22
   (Zülfi Bayram oğlu Əmrəliyevin əziz xatirəsinə...)
Bir vaxtlar eyni sinifdə oturardıq, eyni yollarla gedər, eyni xəyalları qurardıq. O günlərdə heç ağlımıza da gəlməzdi ki, bir gün bu yolların birində ayrılıq dayanacaq...
İlk ayrılıq Başlıbelin işğalı ilə başlandı. Amma tez toparlandıq, yenidən bir araya gəldik.
Uşaqlığımızdan bu günə qədər uzanan dostluğumuzun bu qədər tez bitəcəyinə inanmaq çətindir. İllər keçdi, çox şey dəyişdi, amma dostluğumuzun xatirələri dəyişmədi.
İndi sən yoxsan... Daha səsini eşitməyəcəyik, üzünü görməyəcəyik. Amma bir məktəbli uşağın xatirələrində, yaşadığımız günlərdə, birlikdə keçdiyimiz yollarda həmişə yaşayacaqsan.
Qayğılarımız imkan verdiyi vaxtlarda yığışardıq. Bax, onda aramızda olan mərtəbələr, məqamlar, rütbələr, vəzifələr sıfırlanırdı. Dönüb olurduq Başlıbeldəki qayğısız, dəcəl sinif yoldaşları. Həmin günləri hamımız özümüz kimi yaşaya bilirdik. Ona görə də hər birimiz həmin görüş günlərini həyatımızın bir vacib hissəsi etmişdik. Çox vaxt təşəbbüs səndən gələrdi. Dünən yenə hər birimiz yığışdıq — həmişəki kimi Bakıdan, Zaqataladan, Mingəçevirdən, Bərdədən... Amma bu dəfə məzarının başında. Uzun illərdir hər sabah sənin "Sabahınız xeyir!" kəlmə ilə günə başlayardıq. İki gündür yoxsan, bir-birimizə "Sabahınız xeyir!" deməyə qorxuruq, əziz dostumuz.
Bəzi ayrılıqların dönüşü olmur, bəzi dostluqların isə sonu...
Uşaqlığını, yeniyetməliyini, gəncliyini bölüşdüyün, bir yerdə böyüdüyün, eyni sinifdə oxuduğun, illərlə sevincini, dərdini bölüşdüyün insanın itkisi adi ayrılıq deyil. Belə insanlar həyat tarixçəmizin bir parçasıdır. Onlar gedəndə sanki həyatımızdan da bir parçanı özləri ilə aparırlar.
Ruhun şad olsun, əziz dostumuz! Allah sənə rəhmət eləsin. Səni unutmayacağıq!
Beləcə, 50 il bundan əvvəl Kəlbəcərdə, Başlıbeldə başlayan xoşbəxt, arzu dolu bir ömür Başlıbelsiz Bərdədə sona çatdı. Rahat uyu, əziz dostumuz, Bərdə bizə Başlıbel qədər müqəddəsdir.
Əlvida demək çətindir, uşaqlıq dostum...
Həyatımızın hər məqamında yerin görünəcək...!
Dərin hüzünlə sinif yoldaşların.

Dalidag.az




Kateqoriya: Sosium
Tarix: 11-11-2026 15:22
Baxış sayı: 312
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını