Fərid Muradzadənin "Uzun hekayə"si

30-10-2026 20:54
                                   Fərid Muradzadə

İnsan bu dünyaya hədd öyrətməyə deyil, həddini öyrənməyə gəlir. (Əli Abdullayev)

   Yazın son ayı idi. Hava yazdan daha çox payız havasına bənəyiridi. Bozumtul, ilıq və yorucu bir hava vardı. Parkın sol girişindən içəri doğru uzanan yenicə rənglənmiş skamyalardan birində əyləşmiş gənc cütlüyə baxaraq dilinin altında nəsə deyən kişi diqqətimi cəlb etmişdi. O gəncləri süzərək dodaqaltı deyinirdi. On doqquz-iyirmi yaşlarda olan gənclər elə bil bu dünyada deyildilər. Bir-birinə elə məhəbbətlə baxa-baxa danışırdılar ki… Dodaqaltı deyinən adam dodaqlarını yalaya-yalaya arabir boylanıb parkdakı çay evlərinə baxırdı. Asta-asta ona yaxınlaşdım. İndi onun dediklərini aşkar eşidirdim. O bir daha gəncləri süzə-süzə bu dəfə ucadan dedi: -Kimi bu dünyada bir harına, kimi bir qarına, kimi şərəflisinə, vucdanlısına, kimi bir oğraşa, kimi bir qancığa kimi də bir q… ə işləyir. Hiss edirdim ki, ürəyi doludur və bu adam həyatın hər üzünü görənlərdəndir. Yaxınlaşıb salam verdikdən sonra onu çaya dəvət etdim. Bir xeyli zənnlə üzümə baxdı və dinməzcə masanın arxasına keçdi. Çay təklifi ürəyincə olmuşdu. Kəkotulu çayını hortlaya-hortlaya baxışlarını bir nöqtəyə zilləyərək danışırdı. Bizim söhbətimiz təkcə o şəxsin deyil yüzminlərin başına gəlmiş və gələcək, hələ indiyə qədər heç kimin çözə bilmədiyi, insan həyatının ən mürəkkəb kodeksinə çevrilmiş real hadisələrin mövzusu üzərindən başladı. Adam hüznlə yaşadıqlarını danışırdı, amma adam mənə görə özünü deyil minlərlə insanın oxşar taleyini nağıl edirdi. Bacoğlu, mənim əhvalatım təkcə özümü əhatə etmir. Qəmli və yorucudur, amma gəlsənə əvvəlcə tragekomik bir lətifə danışım. Əslində, çox ibrətamizdir. Hər kəs mahiyyətini anlaya bilməz, amma anlayanlar da az olmayacaq. Bilirsən, bacoğlu, külli məxluqat içərisində ən dəhşətlisi insandır. O insan ki, özü şeytanlıq edib bədbəxt şeytanı yamanlayır, ona daş atır, adını lənətləyir, amma bircə dəfə də olsun öz şeytanlığını etiraf etmək istəmir. Bioloji varlıq olaraq insan iki cinsə ayrılır. Qadın və kişi… İkincinin qablrğasından yaranan bu varlıq milyon illərdir ki, sirri aşkarlana bilməyən çəkici, cəlbedici, valehedici, məftunedici, atəş kimi yandırıcı, zəhər kimi öldürücüdür. Təklikdə kişi yalqızdır və soyuqdur. Daima üşüyür. Onu cəlb edən alov öz hərarəti ilə iliklərinə qədər donan kişini elə hərarətlə qızdırır, isidir, onun buzunu əridir və o qədər özünə çəkir ki, axırda odunda külə, eşqində qula döndərir. Mənliyini, mərdliyini, etibarını, ehtiramını əlindən alır. Şeytan ümumən bəni-Adəmin, qadın isə kişinin şah damarını işğal edib. Qadın psixologiyasını, qadın fəlsəfəsini anlamaq nəinki mürəkkəb, həm də mücərrəddir. Bir sözlə qadın fəlsəfəsini idrak edən kişi yoxdur. Bir az uzaq düşdüm mövzudan, amma bunları da deməli idim. Hə, bacoğlu, deyir, bir gün bir kişinin hər işinə baş təpən, hər şeyə müdaxilə edən neçə müddətmiş ki, xəstə yatan arvadı (xanımı demir) ölməzdən əvvəl kişiyə vəsiyyət edir. Qadın deyir ki, mən öləndən sonra evlənərsən. Kişi etiraz etmək istəyəndə qadın onu nəvazişlə oxşayaraq "sözümü kəsmə" deyir. Hələ cavansan. Ölənlə ölməzlər ki. Sənə bir həyan lazımdır, amma and verirəm səni yaradana mənə söz ver ki, mütləq qəbrimin torpağı quruyan kimi evlənəcəksən. Allaha verilən and və az sonra kişinin üstünü kül tutmuş erkəklik həvəsi qadına söz verir. Bir neçə gün keçir və gecənin birində qadın dünyasını dəyişir. Dəfndən bir müddət sonra kişinin vədi yadına düşür və qəbristanlığa yollanır. Amma gördüyü mənzərədən çaşıb qalır. Qəbrin torpağı nəm idi, sanki yenicə qazılmışdı. Özlüyündə yəqin bura yağış düşübmüş deyə düşünür, lakin bir tərəfdən də yağış düşündüyünə inanmır, çünki ətraf qupquru idi. Kor-peşman evə gəlir. Bir neçə gün sonra yenidən qəbir üstünə yollanır və yenə də eyni mənzərəni görür. Bir müddət getmir, amma sonradan gözəl bir qadının vüsalına çatmaq hissi onu yenidən qəbristanlığa sürükləyir. Yenə də eyni şeylə rastlaşır. Bir neçə ay keçir, artıq səbri daralan kişi yenə şansını yoxlamağa qərar verir. Nəhayət bir gün yenə qohum -əqrabasına qəbir ziyarətinə gedəcəyini deyir və gedir də, amma adətinə xilaf çıxaraq müəyyənləşdirdiyi vaxtdan əvvəl gedir və… Qaynının qəbrin torpağını bol-bol suladığını görür və ucadan qışqırır: Zalım balası o dünyadan da bu dünyanı idarə edir!!!
Hə, bacoğlu, bu kimlər üçünsə gülməli lətifə, ariflər üçün isə ibrətamiz bir hekayətdir. İndi isə gələk mənim hekayəmə… Gərək ki, bu dünyada başından böyük danışmayasan… Bəzən biz insanlar çox yekə-yekə danışırıq. Kimlərisə qınayırıq, kimlərisə yamanlaylrıq, kimlərisə də alçaldırıq və ya da buna çalışırıq, amma başımıza gələcəklərdən xəbərimiz olmur. Bacoğlu, kainatın həqiqətən də qapıları var, ancaq adi insan onu görə bilmir. Fərqində olmadan dediklərimiz, etdiklərimiz, bir gün öz başımıza gəlir. Bir vaxtlar mən də başımdan böyük danışmışdım, amma hardan bilərdim ki, həyat mənə bu girdə başımdan dəfələrlə böyük, başıma görə olmayan, dilimin bəlasına tuş gələn dağdan ağır, yox e, həyatımdan ağır bir dərd yükləyəcək. Hə, bacoğlu, çalış bu həyatda kiməsə pinə vermə (biz tərəfdə bu ifadə geniş işlənərdi), həyati məsələlərdə özündən çox əmin danışma, çünki göylərin qapısı açıq olur. Kainat verdiklərini göyə aldıqlarını isə yerə ötürür. Kainatda hər şeyin mübadiləsi gedir. Bu bir növü fiziki qanunlardır. Və biz illər boyu bilməmişik ki, fizikada təkcə enerji itmir deyə bizə tədris olunanların içində hər şey varmış və yaxud da fiziki qanunlar olduğu kimi metafizik qanunlar da varmış… O yana-yana- lap cızdağı çıxa-çıxa, yaşadıqlarını yenidən yaşaya- yaşaya danışırdı.
Biz Azərbaycanın ən dilbər guşələrindən birində yaşayırdıq. Yurdumuzun havasından, suyundan, yoxsa genofonddan gələn irsi məziyyətlərdən idi bilmirəm, amma bizim yerlərdən çox ziyalı insanlar parlamışdılar. İnsanlarımız da təbiiətimiz kimi maraqlı idilər. Saz-söz bizim məclislərin yaraşığı idi. Hamımızın qanında saz havası, aşıq şeiri, bayatı bir də oxumaq-ali təhsil almaq həvəsi dövr edərdi.
İnsan ömrünün yetməyəcəyini bilə-bilə arzuları tükənməz olan varlıqdır. Bizim də arzularımız vardı. Amma məhz o dövrdə ailəliklə bizim ümumi bir arzumuz vardı. Adını "Vəhdət" arzusu qoymuşduq. O zamanlar paytaxt Bakıda ev almaq əlçatmaz istəklərdən hesab olunardı, amma bayaq dedim axı, insan arzuları tükənməz israrçı və inadçı varlıqdır. Biz də ümumi arzumuz olan Bakıdakı ev arzusuna qovuşmaq üçün təbii sərvətləri bol, lakin istehlakı ümumi mənfəət naminə işə yaramayacaq bir ərazidə yaşasaq da israrla cəhd edirdik. Burda ailə şəklində yaşamaq üçün Allahın insana lütf etdiyi hər şey vardı. Bu ev məsələsi bizdə sadəcə qürrələnmək üçün arzuya çevrilməmişdi. Bayaq dedim axı, bizim tərəflərdə ali təhsil alan savadlı, ziyalı insanlar çox idi və bizim ailə də ziyalı ailəsi idi. Atam öz gənclik illərindən, xüsusən də Bakıda keçirdiyi tələbəlik illərindən danışanda həmişə deyərdi ki, kaş Bakıda elə bircə otaqlı bir mənzilim olardı. Yataqxanada, kirayədə, hansısa qohum, yaxud da həmkəndlimizin evində qalmayaydım. Oxumaq üçün öz evinin olması çox əfzəldir. Baxın, sabah-biri gün siz də təhsil almaq üçün Bakıya üz tutacaqsınız. Mən istəmirəm ki, siz kiminsə evində tələbə həyatı keçirəsiniz. Özüm o illəri yaşamışam, bilirəm ki çətindir. Mən o halları yaşadığım üçün hər şeyi gözəl bilirəm. İndi ümumi arzumuzu reallaşdırmaq üçün birgə çalışmalıyıq.
Tütün işi çox zəhmətli, amma gəlirli işdir. Bizdə tütünə tənbəki də deyirlər. Allahın ən şah əsərlərindən olan kəndimizdə də, ümumiyyətlə yurdumuzda da artıq yüz ildir ki, tütün məhsulları yetişdirilirdi. Çox zəhmət tələb edən və insan orqanizminə zərərli olan tütün becərilməsi bizim tərəflərdə də çox aktual idi. Xüsusi qulluq tələb edən bu işin ən zəhlə tökən tərəfi də yetişəndən sonra yaşıl yarpaqların ipə düzülməsi və qurudulması prosesi idi. Tütün yarpaqları ilə çalışanlar bilirlər, bu yarpaqların yapışqan kimi insanın əllərinə hopan bir xüsusiyyəti var. İndiki kimi yadımdadır, tütün düzənlər əllərini yuyucu toz və sabunla o qədər sürtüb-ovuşdurardılar ki… Tütün düzmək üçün düzəldilmiş dəmir şişlərin arxasında ip keçirməyə oyuq olardı və mən bu oyuqdan keçən ipə düzülmüş enli tütün yarpaqlarına baxdıqca haldan hala düşərdim. Elə zənn edərdim ki, şişlərin arxasındakı oyuqlar xüsusi filtr, tütün yarpaqları isə əməllərinə görə ordan keçirilib ipə düzülmüş insan taleləridir. Uşaq vaxtı ağızlarını bağlayıb tütün düzən qadınlara baxanda qəribə hisslər keçirərdim. Onların gözlərində mübhəm bir ifadə olardı. Həsrət, qüssə, həsəd, intizar, sevinc, vüsal, ümid dolu mücərrəd baxışlar hələ də gözümün önündədir. Baxışlar çox şeyi sözsüz ifadə edir, amma anlayana…
Biz də qərar vermişdik. Atam tütün öhdəliyi götürmüşdü. Şitil vuranda, alaq edəndə, tütün yarpaqlarını yığanda və onları ipə düzəndə, qurudanda yorğunluğumuza, zəhərli tütün iyini udmağımıza, əllərimizin yapışqanlı zərərli maddəyə bulaşmağına baxmayaraq bizim üzümüzdə sevinc oynayardı. Zəhərli, yamyaşıl tütün yarpaqları sanki bizim ümid çiçəklərimiz idi. Zəhərdən nicat tapmağa ümidlənmişdik… Bu gedişlə əldə olanlarla birlikdə iki ilə kimi Vəhdət arzumuzu-Bakıda ev almağı gerçəkləşdirəcəkdik. O illərdə bizim ailəliklə yuxularımızda da bir vəhdətlik, oxşarlıq olardı. Həm ciddi-cəhdlə oxuyur, həm də çalışırdıq. Qarışqa kimi səhərdən axşama qədər işləyirdik. Yazıq bacılarım… İkisi məndən böyük, ikisi isə balaca idilər, amma yükləri məndən ağır idi. Səhər erkəndən durar, həyət -bacanı təmizləyər, dərsə gedər(mütləq də yaxşı oxuyardılar) dərsdən sonra da min cür işlə məşğul olardılar. Bu tütün məsələsi də əlavə yük olmuşdu. Kiçik bacım altıncı sinifi bitirirdi, amma onun da çiyinlərinə vaxtsız yük düşmüşdü.
Cəmşid baba(camaat ona Cümşüd deyərdi) ağsaqqal adam idi. Düzdür bəziləri ona istehza ilə baxardılar, amma əslində o ləyaqətli adam idi. Gəncliyində evləndiyi qadın on iki ildən sonra onu atıb başqa birisinə qoşulub getmişdi. O gündən hər şeydən küsən Cəmşid kişi təkliyə çəkilmişdi. O, kəndin varlı adamlarındandı. Mağaza işlədirdi. Cəmşid kişi bütün kollektiv təsərrüfat işlərindən uzaq adam hesab olunurdu. Heç qapısında mal-davarı da olmazdı. Yaxşı pulu vardı deyə hər şeyi alardı. Bir də ki, tək adam idi. Özü demişkən mal-qoun iyi onun nəyinə lazımdı? Cəmşid kişi əslində bizim kəndin sovet dövründə ilk kapitalistlərindən imiş. Bunu lap sonralar, tələbə olanda, "azadlıq" deyə-deyə meydanlarda qışqıranda və başım daşdan-daşa dəyəndə anlamışdım. O həm də açıqfikirli, sözün düzünü deyən adam idi. Rəhmətliyin o vaxt dediyi bir söz indiyə kimi yadımdadır. Çox dəqiq demişdi...
Səhər günəşinin şıltaq şəfəqləri ilin bu fəslində adama xoş bir ovqat bəxş edir. Çəmənlər al-əlvan, hər tərəf yamyaşıl yaşıllıq olardı. Yalçın qayaların başındakı ağappaq əlçim buludlar astaasta hərəkət edirdi. Bu gün lap erkəndən oyanmışdıq. İşimiz çox idi. Tütün sahəmiz o qədər məhsul vermişdi ki, yığıb-yığışdıra bilmirdik. İş başdan aşırdı. Yazıq, arıq balaca bacım gözlərini ovuşdura-ovuşdura həyət-bacadakı ən yüngül iş hesab olunan yer süpürməklə məşğul idi. Atam komandir kimi hərəyə bir tapşırıq verirdi. O olduqca zəhmli adam idi, amma ey gidi dünya… Mənim zəhmətkeş, ziyalı, zəhmli, hələ orta yaş dövründən ağsaqqal hesab olunan, sözünün qabağına söz deyilməyən, bir kəlməsi iki olmayan atam sonralar bir dılğırın əlində aciz qaldı və ürəyi dözmədi…
Cəmşid kişinin qırmızı mişar daşından tikilmiş ikimərtəbəli evi bizim evin üst tərəfində idi və onun evinin hətta birinci mərtəbəsindən belə baxanda bizim həyət əl içi kimi görünürdü.
-Sabahın xeyir, ay Heydər! Nə var nə yox? Ayə, bu külfəti niyə o başdan oyadıb həyətə tökmüsən?
-Sabahın xeyir, Cümşüd kişi. Heç nə olmaz .Səhər havası çox xeyirlidir. Həm də işimiz çoxdur, çatdıra bilmirik. Cavadın da imtahanları var. Gərək yaxşı hazırlaşsın.
-Eh… Ay Heydər, ayə sən canın bu tifilləri qırma. Cavad da ağıllı, savadlı baladır. İmtahanlarını əla verəcək.Hər şey düzələcək, amma qızlara yazığın gəlsin. A Heydər, ağacı içindən qurd yeyir, insan həmişə ən çox güvəndiyi yerdən vurulur. Ayə, hələ bu dünyada kimin kimə işlədiyi məlum deyil. Evin yıxılmasın. Cavadın sabah qarşısına kim çıxacaq qızlar kimə ürcah olacaq? Bilmirik və istəsək də bilmərik. Çünki qeybi bilmək bizə məxsus deyil.(Mən məhz bu cümlələrə bir daha on illər sonra Quranı oxuyanda rast gəldim və o gün bu gün hər zaman Cəmşid kişiyə rəhmət oxuyuram) Mənim bu qız balalara ürəyim yanır. Ayə, vallah da billah da kimin kimə işlədiyi məlum deyil. Yenə də özünüz bilərsiniz. Allah işinizi avand etsin deyib uzaqlaşdı. Nənəm dodaqaltı Cəmşid kişinin qarasına deyinirdi. Fikrim onun dediyi ibrətamiz cümlədə qalmışdı" hələ bu dünyada kimin kimə işlədiyi məlum deyil" Hiss edirdim ki, atam da bu cümlənin təsirindədir. Nənəm isə hələ də deyinirdi. Uzun-uzadı deyinmənin sonunda yalnız bu cümləni eşitdim"arvadına yiyəlik edə bilməyən köpəyoğlu"
Amma yoldaşının naxələfliyinin günahı Cəmşid kişidə deyildi ki... Niyə bizim insanlar hər şeyi səhv anlayır və səhv üzərindən də mükalimələr aparırlar? Axı Cəmşid kişi ailəcanlı adam olub, ailəsini çox yaxşı dolandırıb. Nə olsun ki, allah onlara zürriyyət verməyib? Bəlkə də Allah ən doğru olanı edib. Axı ağlı topuğunda olan qadın uşaqları atıb getsə idi o tifillərdə böyük dərd və sağalmaz psixoloji yaralar açılardı. Cəmşid kişi əli yanıb ağzına təpənlərdən idi. Ən çox güvəndiyi, dost bildiyi adam onun ailəsini dağıtmışdı...
Rayonumuza ən yaxın kənddə atamın Rəhman adlı bir dostu yaşayırdı. Atamdan beş-altı yaş kiçik olsa da onların söhbətləri çox gözəl tuturdu. Söhbətləri riyaziyyatla başlayıb ədəbiyyatla bitərdi. İxtisasca hər ikisi riyazıyyatçı idilər, amma ədəbiyyatı da gözəl bilirdilər. Gah dünya ədəbiyyatından, gah aşıq şeirindən, gah da müasir şeriyyatdan, gənc nasir və şairlərdən söz açardılar. O boyda iş-gücün içində bunlar necə vaxt tapıb ələdüşməz kitablar oxuyurdular, doğrusu baş aça bilmirdim. Rəhman əminin də atamın zəngin kitabxanası kimi iri kitab rəfləri olan kitabxanası vardı. Rəhman əmigildə vaxt çox əyləncəli keçərdi, amma mənə daha çox əyləncə bəxş edən Rəhman əminin balaca qızı Sona idi. 6-7 yaşlarında olan bu qızcığazın oynamağı, danışmağı və nədənsə hər onlara gedəndə "saç düzəltmək" üçün məhz mənə gətirdiyi balaca gəlincikləri çox gülməli və əyləncəli olardı. Kustar üsulla ağacdan düzəldilmiş gəlinciklərin saçı olmazdı və Sona məhz qarğıdalı saçaqlarından ibarət saçları gətirib deyərdi ki, bunun saçı yoxdur, gəl saç düzəlt. Gəlinciyə saç qoyardıq və o dəyişilərdi. Onunla birlikdə Sona da dəyişərdi, səsi daha aydın eşidilər, avazlı daha xoş olar, üzündə güllər açardı. Balaca Sona gəlinciklərini düzər gah müəllimə olar onlara dərs keçər, gah da ana olar sözünə baxmayan balaca gəlincikləri budayardı…Sona əmr etməyi sevən , hikkəli , arıq, sısqa bir qızcığaz idi. Həyat qəribəliklərlə, müəmmalarla doludur. Onun kimə nə zaman nə sürpriz edəcəyi bəlli olmaz.
Bizim tumurcuq arzumuz çiçəkləmişdi. Ortaq arzumuz çin olmuşdur. Bakıda 3 otaqlı mənzil almışdıq.Özümüzü dünyanın ən xoşbəxti sanırdıq. Həmin Yeni il axşamı bizdə yeni bir ab-hava vardı. O qarlı, şaxtalı qış günü bizə könülləri dilləndirən, ruhu oxşayan, ətri insanın qəlbini riqqətə gətirən bahar havası kimi idi. Sevincimizdən yerə-göyə sığmırdıq. Əl boyda kağız(evin orderi) əldən-ələ gəzirdi. Bu əl boyda kağız bizim hamımızı uşaq kimi sevinclə bələməşdi. Efirdə Zeynəb Xanlarova oxuyurdu "Gəzir ölkələri nəğməm dünyada, dünyanın xoşbəxti mənəm dünyada" Elə bil bu mahnının sözləri bizim indiki halımız üçün yazılmışdı. Sevinclə kədər bir-birinə zidd, amma ayrılmaz əkiztaydırlar. Axı biz hardan biləydik ki, Bakıda üç otaqlı bir mənzil alandan cəmi ikicə il sonra topdağıtmaz evimizdən, mal-mülkümüzdən və ən əsası da yüzillərdir əcdadlarımızın bizlərə miras qoyduğu doğma yurdumuzdan didərgin düşəcəyik? Bəzən ziyadə sevinc fəlakətə səbəb olur. Bir evin sevinci qısa müddət sonra bir elin qəminə, kədərinə, bədbəxtliyinə bərabər olarmış… İnsan ona bəlli olmayan baş verə biləcəklərin qarşısında acizdir. İnsan mülki münasibətlərdə fərd, münaqişələrdə isə tərəf olur. Münaqişələrdə iki tərəf olur: qaib və məğlub tərəflər. Qalib tərəflər dəyərli pərakəndə fikir və ideyaları vahid şəkildə güclə birləşdirənlər, məğlub tərəflər isə fikir mübadiləsi apara bilməyən və öz əlindəki gücün istifadəsini bilməyib sadəcə kortəbii gücə söykənənlərdir. Biz o dövrdə məğlub tərəf idik. Bizi aldatmışdılar. Xarakter etibarilə kinli xalq deyilik və bizim bütün xüsusiyyətlərimizə bələd olanlar bizləri gözəlcə aldada bildilər. Elə həyatda da aldanmışıq e, bacoğlu. Ən dəhşətlisi də budur ki aldandığımızı bilə-bilə aldadılmağl xoşlayırıq…
Mən meydanlarda"Azadlıq"deyə-deyə həyat adlı məhbəsdə köləlik yaşadım! Hər gün ruhən ölüb-dirilsəm də cismən hələ də yaşayıram. Bilirsən, bacoğlu, insan ilk hörmətini ailədə qazanır. Yəni ailə həyatı quranda. Ailə kiçik bir cəmiyyət, mikro dövlətdir. Amma vay o gündən ki, prezident səlahiyyətlərindən məhrum ola. Ya da müqəvva kimi "prezident" ola. Əslində ilk iqtidar-müxalifət davası ər-arvad arasında başlayır. Mən gənc ikən meydan hərəkatının ən fəal üzvlərindən olanda özümü əsl müxalifətçi sayırdım, amma sonradan həyatımda əsl müxalifətçini gördüm. Mənim bütün siyasi biliklərim, siyasi savadım, meydangirliyim onun siyasi savadsızlığının, bacarıqlılığının, diktatorluğunun, fəndgirliyinin, iblisliyinin yanında əsl savadsızlıq imiş, bacarıqsızlıq imiş. Özümü qurd bilirdim, "bozqurd" sanırdım, sən demə mən elə boz quzu, instiktiv olaraq eyni marşrut üzrə hərəkət edən yoxluq qədər varlıq imişəm!!!
Hər şeyin ifratı insan üçün zərərdir. İfrat inanc, ifrat sevgi, inam, etibar, sədaqət, ifrat gözəllik insan üçün təhlükəlidir. Və ən dəhşətlisi də odur ki, ifrat münasibətlər insanı alçaldır, onun iradəsini qırır, onu köləyə döndərir, amma insan qəflətdən ayıla bilmir. Onu məhv edən ifratçıllğa qeyri-ixtiyari tabe olur. Gözünün qarşısında baş verənləri sanki görmür, yaxud da gördüklərini qavrayıb ona rekasiya verə bilmir. Bir növ mütiləşir. Müti insan manipulyasiya olunandır. Güclü manipulyator onu olduqca asan şəkildə öz istəklərinə uyğun yönəldir. Müti insanın düşünmək yox, qeyd şərtsiz icra etmək funksiyası olur.
Adam danışdıqca kənardan onu dinləyə-dinləyə müşahidə edirdim. Bu insan dərdli deyil, tamamən ələmli, arzuları öldürülmüş, həyatı tar-mar olmuş bir bədəndə pərakəndə can idi. Ürəyi dolu, həyat hekayəsi zəngin keşməkeşli , ziyalı, savadlı adam idi. Yaraşıqlı ofisiantın yeni gətirdiyi çay bir anlıq onun sözünü kəsdi. Həsrətlə, hətta deyərdim ki, izah edə bilməyəcəyim bir tərzdə yaraşıqlı qadını süzüb dərindən bir ah çəkdi. Sağ əlini arıq çənəsinin altına dayaq edib üzünü göyə tutub dodaqaltı nəsə deyirdi.Yamyaşıl budaqların arasından süzülən günəş şüaları onun arıq üzünə, odu sönmüş, çuxura düşmüş gözlərinə sanki xüsusi bir enerji ötürürdü , yaxud da adam belə bir enerji alırdı. Çayını təzələdim. Çay içən adam idi. Süfrəyə qoyulmuş paxlavadan bir dişlək aldıqdan sonra yenidən gözləri hərəkətsiz bir nöqtəyə zillənmiş halda danışmağa davam etdi Bax, bu kəkotulu çayın qoxusu məni xəyalən uşaqlığımın, yeniyetməliyimin boy atdığı doğma kəndimizə apardı. İnsan yaşlandıqca yurd yerinə, torpağa daha çox bağlı olurmuş… İrəvanın qərb məhəlləsində babadan qalma bir evimiz də vardı. Ora az-az gedərdik. Atam heç o evə getməzdi. Çünki o mənzil kiçik əmimin adına alınıbmış. Sonradan əmim o mənzildə ürəktutmasından ölmüşdü və gənc qardaşının vaxtsız ölümü həmişə o evə qarşı atamda nəsə bir xoşagəlməzlik yaratmışdı. Əmim tarixçi alim idi. O,mən kiçik olanda ölmüşdü. Güclə cizgilərini xatırlayıram. Çox istedadlı və prinsipal adam imiş. Tarixçi və etnoqraf ermənilər onu əsla sevməzmişlər. Ölümündən qabaq sonuncu dəfə atamla görüşəndə "bilmədiyiniz çox acı həqiqətlər var. Ürəyim bərk ağrıyır. Təkəm, qardaş. Mənim önümü kəsmək istəyirlər, təklənsəm də sona qədər mübarizə aparacağam. Bakıdakı alim dotlara da bu barədə məlumat verməyim lazımdır, amma ora getməyim üçün tutarlı bir sübut gərəkdir. İrəvan Universitetində(heç vaxt Yerevan deməzmiş) də həm dərslərim çoxdur, həm də elmi işimi davam etdirməliyəm. Hələ ki sənə heç nə deyə bilmirəm, amma ayın sonunda Moskvaya gedəcəyəm. Elmi simfoziumda batildə qalanları aşkara çıxaracağam. Əlyazmaların hamısını oxumuşam" deyib və bir daha nəinki Moskvanı, heç bu işıqlı dünyanı da görməyib. Əmim ürəyi ağrıya-ağrıya bir gecənin içində haqqa qovuşub. Biz yalnız 88-ci ildə o mənzili Bakıda Suraxanı rayonunda bir erməni mənzili ilə dəyişəndə əsl həqiqəti öyrəndik. Demə əmimə qoyulan ürək tutması diaqnozu saxta imiş. Əmimi zəhərləyib öldürüblərmiş.
Çünki elmi işçi olan əmim çox sirlərə vaqif olubmuş və ermənilər bu sirlərin aşkarlanmaması üçün onu öldürüblərmiş. Bizim kənddəki mənzilimizi də atam min bir zillətlə erməni ailəsinin Nəsimi rayonundakı məhəllə evlərindəki mənzilinə dəyişə bilmişdi. Atam o mənzili dəyişəndə çox müsibətlər çəkmişdi. Orda sənədləşmədə ciddi təzyiqlərə məruz qalmış, hətta çox pis şəkildə döyülmüş, öldürülməklə üz-üzə qalmışdı. Lakin o zaman vaxtilə atamın çox hörməti keçmiş bir erməni mağaza müdiri atamı ölümdən qurtarmış və məsələni həll etmişdi. Atam bizim və qardaşları üçün qalacaq yer harayında olarkən mən meydanlarda böyük Turan "qurudum" Ev-eşikdən xəbərsiz idim.
Bilirsən, elə şeylər var ki, onu danışmağa aciz qalırsan. Yaşadıqların elə sənin üçün heç kimsənin anlaymadığı şəkildə qalsa daha yaxşı olur, amma elə şeylər də var ki, zamanla anlada bilmirsən. Bur gün hiss edirsən ki , artıq vaxtdır. Onu mütləq bir şəkildə anlayana və anladacaq birisinə danışmalısan. Çünki hər kəsin səninlə və sənin də hamı ilə kəsişən ortaq nöqtəniz var. Mənim sənə danışdıqlarım hamının başına gələcək şeylərdir, danışmaq istəmədiklərim isə mənimdir. 80-ci illərin sonu idi. "Meydan hərəkatının" geniş vüsət aldığı illər idi. Mən də o dövrün çılğın gəncləri kimli siyasi meydanlara atılmışdım. Ayrılıqda pərakəndə insanlar olan bizləri gənclik enerjisi, ziyadə inam və amal birləşdirirdi. Biz ideya və amal qardaşları idik. Türkçülük və Turan ideologiyası hamımızı öz ətrafında birləşdirmişdi. Artıq ikinci bir vəhdət arzumuz vardı. Bizim birinci vəhdət arzumuz ailə daxilində, bəsit bir arzu idi, amma ikinci vəhdət istəyimiz ümummilli arzu idi. O taylı bu taylı ölkə qururduq, amma sadə həqiqətləri dərk etmək iqtidarında deyildik. Ölkədə müharibə gedirdi, torpaqlar işğal altına düşürdü biz isə öz aləmimizdə "Təbrizi alıb Turan qururduq" Biz bir imperiyanın tərkibindən hələ tam qurtulmamış ikinci böyük bir imperialistə "kəllə atırdıq" Meydanlarda yatdığımız, amma inandığımız günlər idi. Rus qoşunları Azərbaycandan çıxarılanda özümüzü bu işə töhfə vermiş əsl qəhrəman zənn edirdik. İctimai-siyasi fəallığım və inandığım ideologiya məni real həyatdan uzaqlaşdırmışdı. Artıq yaşım 26 idi. Gülünc də olsa evdə hamı məni evləndirməyə çalışırdı. Birtəhər kələfin ucunu tapmışdıq, bacılarım yerbəyer olmuşdu evdə anam və atam idi. Atam tez-tez mənə ailə qurmağın vacibliyini xatırladırdı. Mənim isə ailə -zad yadıma düşmürdü. Hələ "Təbrizi almamışdıq" Bir gün atam mənə bərk qəzəbləndi və "itirdiklərimizi almısınızmı ki Təbrizi də alasınız. Boş-boş nağıllar danışmayın! "-dedi və mən səhəri gün Qarabağ döyüşlərinə yollandım. Ağdərəni azad etmişdik və bu hamımıza xüsusi ilham vermişdi, amma təəssüf ki , mən bu döyüşdə yaralanmışdım. Daha döyüşə bilməzdim. Hospitaldan çıxıb evə gələndə məni təkcə evdə ,məhəllədə deyil, qəsəbədə də qəhrəman kimi qarşılamışdılar. Biz tərəflərdə xəstə ziyarəti də ağır olur. Gəlib-gedənimiz çox idi. Qadınlar tək qalan kimi anama (düzdür bacılarım hər gün gəlib kömək edirdilər) indi qulluğunda gəlin dayanmalı olduğunu deyirdilər. Anam da məni tərs-tərs , amma sevgi ilə süzüb "inşallah"deyirdi. Növbəti müayinədən gələndə evdə tanış səs eşitdim. Atamın üzü gülürdü. Kefi kök idi. Səsə hakim kəsildim. Rəhman əminin səsi idi. Atamın kefinin belə kök olmasının səbəbi indi mənə tam aydın oldu. Içəri keçib gələn qonaqlarla görüşdüm. Rəhman əmi məni bərk-bərk qucaqlamışdı. Oğlanları böyümüşdü. İkisi də tələbə idilər. Rəhman əmigilin gəlişi mənim əhval-ruhiyyəmə gözəl təsir bağışlamışdı. Birdən kiminsə ovsunlu nəğmə kimi şən səsi məni özünə çəkdi.
-Salam, Cavad. Necəsəsn? Qarşımda müdhiş bir gözəlliyə malik gənc bir qız dayanmışdı. Gözləri ayna bulaq kimi şəffaf, dumduru, qədd-qamətli, üzün qapqara düz saçları, ağ siması, biçimli burnu, al yanaqları olan bu qız kim idi? Axı o məni hardan tanıyırdı? Yenə eyni su səsi kimi nəğmə oxuyan səs dedi -ay Cavad, məni tanımadın? Sonayam də, Sona. Rəhman əminin qızı. Elə bil sehirlənmişdim. Yəni bu mükəmməl gözəlliyə sahib gənc qız o vaxtkı balaca , arıq və dəcəl Sona idi? Sona təpədən dırnağa dəyişmişdi. Lakin dəyişməyən təkcə o uşaqdakı kimi əmr etmək xüsusiyyəti idi. Dilim-ağzım qurmuşdu. Pis vəziyyətə düşmüşdüm. Hiss edirdim ki, hamı mənə baxır, daha doğrusu mənim bu halıma… Birtəhər özümü toplayıb qızın mənə uzatdığı nərmənəzik şümşad barmaqlara malik incə əlini tutdum. Elə bil məni ildırım vurdu. Sanki əllərimdən bütün bədənimə elektrik vermişdilər. Məni qınama, bacoğlu, heç düşmən gülləsi məni belə yaralamamışdı. Hamı deyib-gülürdü. Məclis yaman qızışmışdı. Hər kəs danışdığının, etdiyinin fərqində idi.Təkcə mən özümdə deyildim. Qonaqlar gecəni qalmadılar. Hamı getdi, təkcə Sonanın surəti qaldı.Ta o gündən bəri mən bir atəşə qalandım.
Evimizin üzü ağaclığa tərəf olan pəncərəsindən məchul bir nöqtəyə baxa-baxa dayanmışdım. Hərdən elə zənn edirdim ki, bu gördüklərim yuxudur, amma hər şey gerçək idi. Qəfil çiynimə toxunan əlin təmasından diksdindim. Anam idi. Mənim üçün dünyanın ən gözəl anası. Onun otağa girdiyini hiss etməmişdim, amma hiss edirdim ki, anamın nəsə sözü var. Dönüb məzlum sifət alaraq gözlərinə baxdım. Anam gözlərimdən hər şeyi oxuyurdu.
-Cavad, deyəsən Sona çox xoşuna gəldi. Canıyanmış böyüyüb elə əsl sona olub. Ay oğul, sənin də yaşın keçir, Bacıların da köçüb gediblər, mən də atan da yaşlanmışıq. Daha bizə də bir həyan lazımdır. Gəl bu daşı ətəyindən tök. Uşaq deyilsən axı. Şükür, işin var, təhsilin var, ağıllı oğlansan. Atan demiş o xəyalların da başını burax, gerçəyə bax. Sona tanıdığımız ailənin qızıdır, həm də hiss etdim ki, o da sənə qarşı biganə deyil.
Ağzımı açmamış əlavə etdi: -hamısını soruşmuşam. Burda Pedoqoji universitetdə oxuyur. Riyaziyyatçı olacaq. Artıq ikinci kursdadır. İstəyib elədiyi yoxdur. Öz uşağımızdır. Əslini-nəslini tanıyırıq.
-Ana, bura şəhər mühitidir. Əsil-nəcabət burda keçərli deyil. İnsanları tanımaq olmur, bunları dilim deyirdi, amma qəlbim nəsə qəribə şəkildə çırpınırdı…
-Oğul, əlbəttə haqlısan, amma bir razılıq versən mən də anası ilə danışaram. Arxasınca gedib-gələrsən, özü ilə həmsöhbət olarsan. Sən qane olsan sonrası asandır.
Dilim məndən biixtiyar "hə" demişdi. Sona Pedoqoji universitetin ikinci kursunda oxuyurdu. Yavaş-yavaş universitetə ayağım açılırdı. Hər gün dərsdən sonra görüşür, söhbətləşirdik. Qız hər gün məni bir az da özünə bağlayırdı. O qədər həlim, o qədər mehriban və bir o qədər də səbirli idi ki, nə vaxtsa onun əsəbləşəcəyini təsəvvür edə bilmirdim. Həyat mənim üçün çox şirin idi və mən bu günə qədər bu gözəlliyi görməzdən gəlmişdim. Artıq yaralarım tam sağalmış, əsəblərim də qaydasına düşmüşdü. Həm işə çıxır, həm də partiyamızın qərargahına gedirdim. Son zamanlar yenidən siyasi meydana qayıtmışdım, amma bu dəfə bir az fərqli şəkildə. Mən indi çox dəyişmişdim daha doğrusu Sona məni dəyişdirmişdi. Bunu özüm daxil hamı hiss edirdi. Valideynlərim Sonaya duaçı idilər. Hərdən tək qalanda özözümə suallar verir, hətta özümü mühakimə də edirdim, amma sonda mən yenə sərt kişi xarakterimə baxmayaraq qadın zərifliyinə yenilirdim. Bizim partiyanın məsul şəxslərindən biri vətənpərvər, natiq, nitq ilə qarşısındakılara fikirlərini rahat aşılayan, hər yerdə sözünü keçirən birisi olsa da deyilənə görə evdə xanımına söz keçirə bilmirmiş. O şəxs qadının qarşısında çox acizmiş və hətta evinə get-gəli olan partiya üzvlərinin dediyinə görə bu adamın demək olar ki, evdə söz demək hüququ yox imiş. Evin kişisi elə bunun xanımı imiş... Belə söz-söhbətlər son zamanlar cəmiyyət içində ötkəm olan bu kişini nüfuzdan salmışdı.
Bu günkü iclasda olduqca mühüm bir məsələnin müzakirəsi olacaqdı və mən bu mövzu barəsində geniş, təfsilatlı bir çıxış hazırlamışdım, lakin iclasa vaxtında gedə bilmədim, hətta özümü ən sonda qərargaha çatdırdım. Gecikməyimin səbəbi isə əlbəttə ki, Sona olmuşdu. Qız məni elə ovsunladı ki, mən bu vacib məsələ ilə bağlı ciddi hazırladığım çıxışı, orada məsələnin həll yollarını və ən əsası da amal qardaşlarımı, partiya yoldaşlarımı, sirdaşlarımı sözün əsl mənasında bir qadına satdım...
Tərs kimi həm özüm gərgin idim, həm də yoldaşlarım. Və bu tərslik içində arvadından qorxan həmin məsul şəxs səsinin qalın yerinə salıb mənə ciddi iradlar bildirməyə başladı. Dəli gənclik, müharibə travmaları və ən əsası da belə bir adamın mənə həqarət etməsi bir andaca məni təbdən çıxardı. Mən o gün böyük bir xəta etdim. O insanın ləyaqətini alçaltdım, ona arvadından qorxan, evində it qədər hörməti olmayan biri kimi lüzumsuz sözlər yağdırdım. Adam ağappaq ağarmışdı, hətta hamı çaş-baş qalmışdı. Kimsə mənim belə bir reaksiya verəcəyimə inanmırdı. Hər yerdə ağır təbiəti,hər kəsə ehtiramı ilə tanınan mən birdən-birə kəskin şəkildə dəyişmişdim. Özümdən 25-30 yaş böyük bir şəxsin şərəf və ləyaqətini cəmiyyət içində vicdanım belə sızıldamadan alçaltmışdım. O şəxsin adını açıqlamıram. Qoy elə üçüncü şəxs kimi qalsın. O cüssəli adam mənim sözlərinin qarşısında yumağa dönmüşdü. Lal-dinməz xeyli məni süzüb sonda "hələ bəlli deyil sənin qarşına çıxanın kim olduğu.Noxtanı sən kimin əlinə verəcəksən tam bilinmir, amma bilinən odur ki, artıq ip əldən gedir. Nənim ailə məsələm burda müzakirə olunmalı deyil. İstər pis, istər yaxşı o mənim məhrəmimdir. Mən heç vaxt ailə məsələlərimi siyasi məsələlərə qarışdırmadım, amma sən bu gün hamımızı sevdiyin bir qadına satdın! Sən satqınsan və mütləq bir gün cavab verəcəksən!Əqidənə, amalına, idealına, siyasi ideologiyana xəyanət etdin.Bu gün çox yekə danışdın.İnsan dilindən bəlaya düşür.Bir gün ağzından çıxan, etdiyin həqarətlərlə mütləq sınanacaqsan!Unutma, tanrının sınağı ağır olur!" deyib cibindən biletini çıxarıb stolun üstünə qoydu. Aram-aram maklatura və ağır mebel qoxusu verən, birneçə ildir ki, müxtəlif mövzuların müzakirə olunduğu qərargahı və xüsusilə də buradakı hər kəsi süzərək, illərini verdiyi qərargahı tərk etdi. O gündən sonra hamı ilə əlaqəni kəsdi və az sonra unuduldu, elə mənim kimi…
Sona ilə evliliyimizin ikinci ilində ilk övladımız dünyaya gəldi. Oğul atası olaraq qürur duyurdum, amma həyat bəzən insanı olmazın sınaqlara çəkirmiş. Analıq məzuniyyətundə olan Sonanın kaprizləri gündən-günə artmağa başlamışdı. Əvvəllər heç belə deyildi, ancaq övladımız olandan sonra ondan fərqli hisslər yaranmışdı, daha doğrusu ədaları artmış, amiranəliyi yüksəlmişdi. Get-gedə Sona təkcə mənə qarşı deyil, valideyinlərimə qarşı da əzazil olmağa başlamışdı. İlk başda onun dikbaşlığına görə cəzalandırmaq istəyəndə anam məsələyə müdaxilə etmiş, onun məndən daha kiçik,arada da Rəhman əminin olmasını əsas gətirərək səbirli davranmağımı, təmkinli olmağımı məsləhət görmüşdü. Tədricən anam və mən Sonanın anlamazlığına haqq verməyə başladıq. Təkcə atam heç birimizə haqq qazandırmırdı.
Sona daha da amansız olmağa başlamışdı. Artıq bir qız övladımız da vardı. Orta məktəbdə müəllimə işləyən Sona tez-tez mənə həqarət edir, siyasi fəaliyyətimə rişxəndlə gülür, mənim utopik , onunla və gerçək həyatla uyuşmayan,böyük şahmat taxtasında oyunçular tərəfindən gözüyumulu qurban verilən, həyat və fəaliyyəti heç bir məna kəsb etməyən taxta piyada fiqur olmağımdan danışır, məni təhqir edirdi. Döydüm olmadı, söydüm olmadı, bir sözlə olmadı ki, olmadı…
Bəzi müəllim yoldaşlarının və qonşu qadınların əlləri pulla oynayan alverçi ərlərindən ağız dolusu danışıb mənə bivec, gərəksiz birisi olduğumu xatırladırdı. Deyim ki, işləmirdim, maaşım az idi, yox. O dövr üçün işim də , maaşım da yaxşı idi, di gəl bunlar Sonanı qane etmirdi. Məni cibləri pulla dolu alverçi kişilərlə(müəllim yoldaşlarından və ətrafındakı qonşu qadınlardan bəzilərinin ərləri ilə) dost olmağa sövq edirdi. Hətta Sonanın təkdidi ilə bir neçə dəfə onların məclislərində də oldum, amma bu insanlar mənlik deyildilər. Bunların öz söhbət mövzuları vardı. Bir qismi Rusiyada yaxşı qazanıb xərcləməsindən, ordakı rus qızları ilə çəkdikləri zövqü-səfadan, bəziləri də burda pul gücünə etdikləri əclaflıqlardan elə fəxarətlə danışırdılar ki, başımın tükləri qabarırdı. Bunların çoxusu məndən ən azı 10 yaş kiçik idilər və bu insan cildindəki iblisləri görəndə açığı qorxuya düşürdüm. Pul gücünə namusu, şərəfi alanlar ,onu tapdayanlar, qonşu,dost dediklərinin namusuna göz dikənlər əsl qorxulası adamlar idilər.
Hərdən bunlara görəmi döyüşmüşük, meydanlarda can qoymuşuq deyə özümə cavabsız suallar verirdim. Şəhid ruhların qarşısında yaşadığıma görə xəcalət çəkirdim. Bir dəfə bur-iki iaşə obyekti olan şərəfsiz birisi ilə bərk sözləşdim, hətta əlbəyaxa da oldum. Adamı məndən uzaqlaşdırıb apardılar. O isə gedərkən "sən də kişisən, mən də. Səni kişi bilib yanında söhbət etdim, onun (haqqında danışdığı ailəli gənc qadının) "vorotarısan? Belə də ki sən get öz evinə sahiblik elə" demişdi. Bu əclafı yaxşıca əzişdirmişdim(bu halıma baxma gənclikdə idmanla məşğul olurdum və çox döyüşkən idim, lakin bir qadına yenildim) amma ürəyim soyumamışdı, həm də adamın dedikləri məndə şübhə oyatmışdı. Sona dərsdən gələndən sonra evdə gic-gic qurdalanar, telefonda müəllim yoldaşları ilə boş-boş laqqırtı vurar, axşam da telekanallarda gedən Braziliya seriallarına baxar və gülünc də olsa onun kimi ziyalı bir qadın sonra da rəfiqələri olan qonşu qadınlarla baxdıqları serialı müzakirə edərdilər. Mən bu cür seriallara nifrət edərdim. Milli mentalitetə heç bir aidiyyatı olmayan, fərqli xalqlara, fərqli adət-ənənələrə və müxtəlif məişət həyatına malik ölkələrin istehsalı olan belə bayağı teleseriallar mənə görə insanın potensial enerjisini,ciddi zehni və fiziki fəaliyyətini, ən əsası da əxlaqi dəyərlərini heçə endirir, lakin mənə qulaq verən kim idi. Hətta bığıburma kişilər belə bu seriallardan danışırdılar… Son zamanlar Sona evdə hamıya qarşı aqressivlik nümayiş etdirirdi. Bu yaxınlarda atam bundan bir çay istəmiş bu isə seriala baxıram deyib və kişinin çayını belə gətirməyibmiş və atam o gün "daha mənim mənliyim getdi" deyibmiş(bunları sonralar anam mənə danışmışdı) Atamla aralarından"su keçməyən" illərin dostu, sirdaşı olan Rəhman əmi belə bizdən dönmüş, atam Sona ilə bağlı onunla danışarkən atama ilk dəfə ağır cavab vermişdi. Atalarımızın arasına söz-söhbət düşəndən sonra Sona uşaqları da götürüb ata evinə getmişdi.Atam üzə vurmasa da nəvələri üçün çox darıxırdı, xüsusən də qızım üçün. Ona anasının adını qoymuşdu atam. Bu ötkəm kişi mənim 3 yaşlı qızımın əmrinə müntəzir dayanardı və indi 4 ay idi ki, onu görmürdü. Anam elə hey ax-vay edir, məni ilk addım atmağa sövq edirdi. Tez-tez uşaqları görmək istədiklərini dilə gətirirdi. Sona uşaqları bizə göstərməzdi."Mən hardayamsa uşaqlar da ordadır" demişdi. Boşanmaq qərarı vermişdim, amma Sona valideyinlərimin yumşaq damarını tutmuşdu. Uşaqları özünə qalxan etmişdi. Atam istəməsə də üzə vurmadan anam vasitəsilə məndən gedib ailəmi gətirməyimi istəyirdi. Doğrusu mənim barışmaq kimi bir niyyətim yox idi, amma dolayısı ilə elə hər iki tərəf bizi barışdırnağa çalışırdı. Sonagilin rayonların birində ağsaqqallığı, sözkeçənliyi, hörmət-izzəti mahalla bir olan bir qohumları vardı. Daha doğrusu Rəhman əminin dost-doğmaca bibisi oğlu(biz tərəfdə bibiyə mama deyirlər) Bu kişi nəsillər arasındakı qan davasını belə bircə kəlmə ilə həll etmişdi. Bizim ailə söhbətlərimizdən hali idi və günlərin birində məni də çağırıb özü ilə Rəhman əmigilə apardı. Hamı bu kişiyə açıq-aşkar dərin ehtiramla yanaşırdı.Ağsaqqal da özünü çox təmkinli aparırdı. Kişi Rəhman əmiyə nə dedisə dinməzcə durub o biri otağa keçdi və 2- 3 dəqiqə sonra Sona ilə geri qayıtdı. Sonanın gözləri qırmızı görmüş qəzəbli öküz gözləri kimi oyur-oyur oynayırdı.Kinli-kinli mənə baxırdı, elə bil mən az sonra bununla döyüşə çıxacaq matador idim.
Ağsaqqal elə hey ibrətamiz nəsihətlər edə-edə bizi barışdırmağa daha doğrusu Sonanı razı salmağa çalışırdı. Danışıq getdikcə uzanırdı və hiss edirdim ki, ağsaqqlın da mənim kimi səbri daralır. Danışıqlar isə hələ ki heç bir nəticə vermirdi. Uzun sözün qısası Sona "sülhə" razı olmurdu, hətta barışıq olarsa ilkin olaraq öz şərtlərini irəli sürürdü. İlk şərti bu idi ki, mən valideynlərimdən ayrılmalı, sonra onun rəfiqələrinin ərləri ilə dostluq etməli, siyasi fəaliyyətdən tamamən uzaq olmalı, onlar kimi zamanın nəbzini tutmalı və Sonanın işlərinə əsla qarışmamalıyam. Ağsaqqal bir anlıq qarşısındakı bu çoxbilmiş qızı süzüb amiranə bir tərzdə onun qələt edib böyüklərin hüzurunda həyat yoldaşı ilə belə danışdığını dedi və… Elə bil mərmi partladı. Sonanın amiranə səsi güllə səsi kimi otağın divarlarını titrətdi "Ağsaqqal sən kimsən ki, mənimlə belə danışırsan?! Atam belə mənlə bu cür danışmayıb. Qələti elə sən edirsən. Sən bunlara ağsaqqalsan, mənim üçün sadəcə ağ çaqqalsan! Ay qoca çaqqal, bunların bilmədiyi sirlərini bilirəm. Get… rayonda Bakıdan gələn, qarşısında əyilib ayaqqabılarını bağladığın mötəbərə bir də baş əy! Sənin kim olduğunu, səlahiyyətlərin sənə nə üçün verildiyini, amma həddini aşmamaq üçün də arada ipini necə çəkdiklərini gözəl bilirəm.Mənə heç kim heç nə etdirə bilməz! Ağsaqqal kömür kimi qaralmışdı. Evdən necə çıxdığımızı bilmədik. Səhəri gün ağsaqqalın ruhu bədənini tərk etmişdi...
Sonaya qarşı kinim hər gün bir az da artırdı. Sevgidən nifrətə həqiqətən də bir addım imiş.
Bizim münasibətlər alınmırdı. Artıq boşanma haqqında ərizə vermişdik. Son zamanlar onun haqqında xoşagəlməz söhbətlər eşidirdim. Bir gün Sonanın işlədiyi məktəbin qarşısındakı ağaclıqda dayanıb onun dərsdən çıxacağını gözləyirdim. Vaxt idi. İndilərdə çıxmalı idi. Çıxdı… İbarəsinə söz ola bilməzdi. Ömrünün iyirmi doqquzuncu baharını yaşayan Sona olduqca gözəlləşmişdi. Hamının nəzərləri ona dikilmişdi. Gözəlliyinin atəşi deyəsən özünə daha çox xoş gəlirdi. Bunu hiss etməmək olmurdu. Məktəbin həyətindən çıxıb dayanacağa tərəf deyil, birbaşa məhəllə binalarına tərəf yollandı. Köhnə qazanxananın arxa tərəfində dayanmış o dövr üçün olduqca bahalı və lüks bir avtomobilə yaxınlaşdı. Elə özü yaşlarda bir oğlan da maşına yaxınlaşdı və bunlar ədəb-ərkanla öpüşüb-görüşüb söhbətləşməyə başladılar. Qan beynimə vurdu, hələ tam olaraq rəsmi şəkildə boşanmamışdıq. Özümü saxlaya bilmədim və yaxınlaşıb ömründə ilk və son olaraq bir qadına qarşı güc tətbiq etdim. Onun saçlarından tutub əxlaqsız olduğunu, mənə xəyanət etdiyini və bunun cəzasını mütləq alacağını deyirdim. Gənc adam qolumdan tutub qadının saçlarını əlimdən almağa çalışırdı. Qəfil Sonanın saçını buraxıb oğlanın üzərinə atıldım. Bir -birimizi yaxşıca əzişdirdik. İlk dəfə idi ki, qarşıma belə bir rəqib çıxırdı.. Səs-küyə gələnlər bizi ayırdılar. Gənc adam gedərkən "xəta etdin, ay əbləh!" deyib Sona ilə bərabər bahalı maşınına oturub sürətlə ordan uzaqlaşdı və getməzdən qabaq Sona şüşəni endirib mənə rişxəndlə"cəzanı kimin çəkəcəyini görəcəyik"deyib getdi. Günahsız olduğum halda cəzanı mən çəkdim. Məni polis bölməsinə apardılar və mənim bütün arzularım, ümidlərim, gələcəyə baxışlarım, siyasi əqidəm və ən əsası şəxsiyyətim barmaqlıqlar arasında öldü… Həbsxana yazılmamış qanunlarla idarə olunan məktəbdir. Boşuna islah-əmək koloniyası deyilmir. Mən həbs müddətində, mülki həyatda oxuyub öyrəndiklərimdən qat-qat artığını öyrəndim. Sən demə Sona ölkənin ən məşhur dövlət orqanlarından birində çalışan o gənclə sevgili imiş və bunların münasibətləri də elə cibləri, əlləri pulla oynayan, lakin boyunları daima boyunduruqda olan, hər cür oğraşlığa qol qoyan bir qrup adamın məclislərindən başlayıbmış. Sonanın rəfiqələrinin pullu ətraflarının "məclislərindən". Hər yerdə sözü keçən ağsaqqalın əslində kim olmasını, mənim həbsxana həyatımın başlanmasının, başıma olmazın müsibətlərin gəlməsinin, atamın infarkt keçirib ölməsinin, anamın kürəkən evində qalmasının, öləndə belə kürəkən tərəfdən dəfn edilməsinin və illərlə birlikdə çalışıb can qoyub alanda özümüzü dünyanın ən xoşbəxti zənn etdiyimiz müştərək qərarımız, vəhdət arzumuz olan evimizin yağmalanmasının, mənim öz adıma aldığım evin cəzamın yüngülləşdirilməsi adı altında satdırılmasının səbəbkarı elə Sona və onun aşnası imiş.
Cəmşid babanın sözü yadıma düşdü "Hələ bu dünyada kimin kimə işlədiyi bəlli deyil"
Bacıoğlu, bir sözlə mən tutulandan sonra atamı da get-gələ salıblar. Hətta o zəhmətkeş, ötkəm, savadlı, vətənpərvər adamı erməni kəşfiyyatı ilə əlaqə qurmaq adı ilə hədələyib hər şeyimizi almışdılar. 10 il heç bir günahım olmadığı halda məhbəs həyatı yaşadım. Həbsxanadan çıxandan sonra hamının məndən üz döndərdiyi bir vaxtda bir zamanlar partiya qərərgahında şəxsiyyətini təhqir etdiyim, ailədə it qədər hörmətin yoxdur dediyim adam ailədə it qədər hörməti olmayan birisinə əl tutdu. O kişi başqaları kimi məni qınamadı, təhqir etmədi, sadəcə baxışları ilə hər şeyi xatırlatdı, anlatdı. Mənim etdiyim pisliyə yaxşılıqla cavab verdi. Özün bilirsən də məhbus həyatı yaşamış adamı işlə təmin etmək istəyən olmur, amma o kişinin mənə köməyi dəydi. Indi onun əli ilə burda bir obyektin mühafizəsində həm işləyir , həm də qalacaq yerim olmadığı üçün elə orda da yaşayıram. Mən həbsxanadan çıxıb azadlıq adlı bir məhbəsə ömürlük məhkum oldum. Allah səndən razı olsun, bacoğlu. Həm ürəyimi boşaltdım, həm də minlərlə insanın oxşar taleyini sənə nəql etdim. Yazar birisinə bənzədirəm səni. Yaz bunları, yaz! Və bu cümləni xüsusi olaraq qeyd elə"Hələ bu dünyada kimin kimə işlədiyi məlum deyil!

Dalidag.az


Kateqoriya: Poeziya-nəsr
Tarix: 30-10-2026 20:54
Baxış sayı: 330
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını