"Çatlayan dodaqlar Şuşa sevinci..." - Ötərxan Eltac

08-11-2026 11:15
  Ötərxan Eltac

ZƏFƏRİN MÜBARƏK, AZƏRBAYCANIM!

Örnəkdi, ibrətdi, təpər oğullar
Sərhəddə dirəkdi çəpər oğullar
Döyünən ürəkdi sipər oğullar
Hər biri nam salmış şərəf dastanım
Zəfərin mübarək, Azərbaycanım! 

Xalqın qanında yox nə qorxu, ürkü
Çünki çox dinləyib beşikdə türkü
Dəmir yumruq olub zirehi, kürkü
Kükrəyən qanıyla qızarıb danım
Zəfərin mübarək, Azərbaycanım!

Hər bəxtə pay düşməz Laçıntək inci
Çatlayan dodaqlar Şuşa sevinci
Kəlbəcərin adın yazın birinci
Odur cəvahirim, gövhər məkanım
Zəfərin mübarək, Azərbaycanım!

Uğrunda oğullar qurban verdi can
Torpaq şirə çəkdi çilənəndə qan
Döndü and yerinə şəhri xiyaban
Oldu qibləgahım, ziyarətgahım
Zəfərin mübarək, Azərbaycanım!

Oğullar böyütdün hər biri bir dağ
Biri dəli Domrul, biri Çalpapaq
Şükür, aydınlığa çıxdı Qarabağ
Eşqinə qovuşdu nazlı nigarım
Zəfərin mübarək, Azərbaycanım! 

07.11.2026

Dalidag.az


Kateqoriya: Poeziya-nəsr
Tarix: 08-11-2026 11:15
Baxış sayı: 367
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını