Başlıbel - Qaraçanlı yolu açıldı

07-08-2026 14:31

Bu günlırdə Kəlbəcər rayonunun Başlıbel kəndindən Qaraçanlı kəndinə gedən yolda yenidənqurma işlərinə start verilmişdir. Həmin yol işğaldan əvvəl Başlıbel kəndindən Kəlbəcər şəhərinə gedən ən qısa yol hesab olunurdu. Yolun o zamankı uzunluğu 25 kilometr idi. Yol ancaq yazpayız mövsünündə işlək vəziyyətdə olurdu. 

Qış dövründə isə həmin yollar  buzla və yağan qarla örtülü olduğundan maşınlar orada hərəkət edə bilmirdilər. İşğaldan ötən 33 ildə həmin yollar işlək olmadığından tamamilə dağılmış, yoldan heç bir iz qalmamışdır. Bu illər ərzində yağan yağışlar və qar sularının yaratdığı sellər nəticəsində ərazidən keçən yollardan əsər-əlamət qalmamışdır. " Başlıbelin İnkişafına Dəstək" İctimai Birliyi İdarə Heyətinin qərarı ilə bu yay mövsümündə Kəlbəcərlə Başlıbeli birləşdirən ən qısa yolun çəkilişi bu günlərdə həyata keçirilmişdir.   
Yolun  çəkilişində  ağır texnikadan istifadə olunmuşdur. İcarəyə götürülmüş  bıçaqlı traktor Başlıbeldən Baş Qaraçanlı kəndinə qədər olan 13 kilometr yolu beş gün müddətində  açaraq  Başlıbel -Kəlbəcər yolunun istifadəyə verilməsinə nail olmuşdur. 
Bu ağır işin görülməsi üçün "Başlıbelin İnkişafına Dəstək" İctimai Birliyi İdarə Heyətinin sədri Vüqar Həşimov, İdarə Heyətinin üzvləri Rövşən Həşimov, Natiq Salahov ,Dağlar Həsənov və Yusif Salahov özləri öndə gedərək kənddə olan fermer təsərrüfatında çalışan həmkəndliləri də səfərbər etməklə qarşıda qoyulan məqsədə nail oldular.  "Başlıbelin İnkişafına Dəstək" İctimai Birliyi İdarə Heyətinin üzvü Dağlar Həsənov traktorun kənddə işlədiyi səkkiz gün ərzində hər gün özünün şəxsi minik maşınında  Başlıbeldən Tunelədək olan 37 kilometr yolu qət edərək Tunel ərazisindəki yanacaqdoldurma məntəqəsindən yanacaq götürərək Başlıbel kəndinə çatdırır və traktoru vaxtlıvaxtında yanacaqla təmin edirdi. 
"Başlıbelin İnkişafına Dəstək" İctimai Birliyi İdarə Heyətinin sədri Vüqar Həşimov Kəlbəcərdən yeni çəkilən yolla gələn ilk sürücü oldu. Onun verdiyi məlumata görə Kəlbəcərdən Başlıbelə gələn bu yolun uzunluğu 30 kilometrdir. Halbuki, BaşlıbelZülfüqarlı-Tunel -Kəlbəcər  yolunun uzunluğu 62 kilometrdir.  Bu rəqəmləri müqayisə edəndə  Başlıbel-Qaraçanlı-Kəlbəcər yolunun nə qədər səmərəli olduğu açıq-aşkar görünür.   

"Başlıbelin İnkişafına Dəstək" İctimai Birliyinin Başlıbeldə gördüyü işlər təkcə bununla məhdudlaşmadı.  Həmin traktorla Başlıbel Şəhidləri Körpüsünə qədər yeni yol çəkildi. Bu yol vasitəsi ilə şəhidlərin məzarlarını ziyarət etmək istəyənlər maşınla bu yaxınlarda istifadəyə verilmiş Başlıbel Şəhidləri Körpüsünə qədər sərbəst şəkildə gedə biləcəklər. Daha sonra Başlıbeldən Barıtlı kahaları istiqamətində gedən maşın yolunun çaydan kənarlaşdırılması işi həyata keçirildi.     
Başlıbel camaatının müqəddəs məkanlarından olan Güney Qəbiristanlığına gedən yolun yenidən çəkilməsi isə "Başlıbelin İnkişafına Dəstək" İctimai Birliyinin hələlik kənddə gördüyü sonuncu xeyirxah işdir. Bu yol uzun illər baxımsız qaldığından tamamilə dağılmışdı. Ötən il İctimai Birliyin  vəsaiti hesabına yolun bir hissəsi təmir olunmuş, lakin tam başa çatdırılmamışdır.  Görülən işlərin yekunu olaraq  Güney Qəbiristanlığına qədər olan yol yenidən açılaraq tamamilə başa çatdırıldı. Yolun açılmasından sonra  bütün bu işləri olduqca təmkinlə həyata keçirən traktorçu  Asif Dadaşovla söhbət etdik.  Əslən Goranboy rayonundan olan Asif Dadaşov bildirdi ki, artıq səkkiz gündür ki, Başlıbel kəndi ərazisində müxtəlif istiqamətlərdə yol çəkilişi işi ilə məşğuldur. Kənddə olan sakinlərin və "Başlıbelin İnkişafına Dəstək" İctimai Birliyi üzvlərinin  əlbir olaraq bu yolların çəkilişində fəal iştirak etməsi məni ən çox heyrətləndirən məsələdir. Bu camaatın əlbir şəkildə olması onu göstərir ki, siz qarşınızda duran bütün məqsədlərə çatacaqsınız. 
Bu birliyi həmişə qoruyub saxlayın. İş prosesində traktora lazım olan bütün yanacaq -sürtkü yağları və ehtiyat hissələri vaxtlı-vaxtında və operativ olaraq çatdırıldı. Xüsusilə, Seyid Natiqin, Rövşənin, Vüqar müəllimin və Dağların  dəstəyini hər dəqiqə hiss etmişəm. Kənddən nə qədər uzaqda işləsəm də  yemək və çay vaxtlı-vaxtında təmin olunurdu. Burada işlədiyim müddətdə kəndinizin sakinlərinin çox qonaqpərvər, mehriban  və savadlı olmasının şahidi oldum. 
Bizim üçün yemək və çay hazırlanmasında zəhmət çəkən hər kəsə dərin təşəkkürümü bildirirəm. Burada ilk işim Şəhidlər qəbiristanlığına yol açmaq oldu. Əlimdən gələni etdim ki,şəhidlərin adına  layiq bir yol olsun. Halal-halal xoşları olsun ! Sonra Ağcaqız yolunu açaraq Qaraxançallı kəndinin yolu ilə birləşdirdim. Daha sonra məcrasından çıxan çayı yeni məcraya salaraq güneydən yol açdım. Doğrudur, yolun qayalıqdan keçməsi traktoru çətinə salırdı. Lakin bunun da öhdəsindən gəldim. Daha sonra kəndin Güney Qəbiristanlığına yol çəkdim. Çəkdiyimiz bütün əziyyətlər halal xoşları olsun. Bu kəndin sakinlərindən çox-çox razı qalaraq sizinlə xudahafizləşirəm.  Arzum budur ki, tezliklə Başlıbel kəndi yenidən qurulsun və hər kəs öz doğma ocağına qayıtsın.   
Biz də traktorçu Asif Dadaşovun arzularına qoşularaq  tezliklə doğma Başlıbelimizin abadlaşdırılmasını arzulayırıq.

Oqtay SALAHLI,
 Azərbaycan Jurnalistlər Birliyinin üzvü. 

Dalidag.az







Kateqoriya: Karusel / Kəlbəcər
Tarix: 07-08-2026 14:31
Baxış sayı: 4126
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını