Nəsib Nəbioğlunun “Xarıbülbül” şeiri ədəbiyyat dərsliyinə daxil edilb -FOTOLAR

04-11-2026 10:21

Elə  uğurlar var ki, birbaşa müəllifi olsa belə, onları  bir fərdin uğuru kimi dəyərləndirmək olmur. Qazanılan uğur geniş miqyas daşıyırsa, demək, o yalnız müəllifinin yox, bütöv bir cəmiyyətin uğuru sayıla bilər.
Bu baxımdan kəlbəcərli şair Nəsib Nəbioğlunun “Xarıbülbül” şeirinin VII sinif ədəbiyyat dərsliyinə daxil edilməsi (Rus dilində) təkcə təhsil və ədəbiyyat sahəsində əlamətdar hadisə deyil. Bu uğurlu addım həm də ona görə böyük əhəmiyyət daşıyır ki, milli-mənəvi dəyərlərimizin yaşadılması amalına hesablanıb və gənc nəslə Vətən sevgisinin aşılanmasına xidmət edir. Bu, eyni zamanda, şairin yaradıcılığına verilən dəyərin, onun poetik düşüncəsinin və Vətən mövzusuna həssas münasibətinin təqdir olunmasının göstəricisidir.
Xarıbülbül artıq sadəcə Şuşanın dağlarında bitən nadir və ecazkar bir çiçək deyil. O, Qarabağın, Şuşanın, milli qürurumuzun, azadlıq arzumuzun və xalqımızın sarsılmaz iradəsinin rəmzinə çevrilib. Bu zərif çiçəyin taleyində bir xalqın ağrıları, həsrəti, mübarizəsi və nəhayət, Zəfər sevinci öz əksini tapıb. Xarıbülbülün hər ləçəyində Vətən torpağının ətri, hər açılışında azadlığın nəfəsi, hər obrazında isə Qarabağ sevgisinin sonsuzluğu duyulur.



Müəllifin Vətən sevgisini,  torpağa bağlılıq hisslərini ustalıqla yansıtdığı, mənəvi yüklü bu şeirin məktəb dərsliyində yer alması olduqca təqdirəlayiqdir. Çünki ədəbiyyat yalnız bədii söz sənəti deyil, həm də milli yaddaşın qoruyucusu, tarixi həqiqətlərin gələcək nəsillərə ötürücüsü və mənəvi tərbiyənin mühüm vasitəsidir. 
Şagirdlərin məhz milli kimliklərini dərk etməyə başladıqları bir yaşda Xarıbülbülü tanıması və onun simvolik mənasını anlaması əhəmiyyətli olduğu qədər vacib nüansdır. 
Qarabağın tarixi və mənəvi dəyərlərini poetik söz vasitəsilə mənimsəmələri onların dünyagörüşünün formalaşmasına, Vətənə bağlılıq hisslərinin möhkəmlənməsinə təsir edən başlıca amillərdəndir. Bu baxımdan, Nəsib Nəbioğlunun şeirinin dərslikdə yer alması həm ədəbi, həm də tərbiyəvi əhəmiyyət daşıyan mühüm addımdır. 

Qismətinə Moskvada yaşayıb yaratmaq düşən Nəsib Nəbioğlu ruhən həmişə Vətəninə, möcüzə yurdu Kəlbəcərə bağlı olub. Qürbət onun Vətən sevgisinə, yurd həsrətinə, torpağa bağlılıq hissinə, milli kimliyinə sədd çəkə bilməyib. Biz bunu Nəsib Nəbioğlunun yaradıcılığında aydın görə bilirik.
 
  
Onun “Xarıbülbül” şeirində də bu duyğuların səmimi və təsirli poetik ifadəsi öz əksini tapıb. Bir zamanlar doğma yurdundan ayrı düşmüş, Kəlbəcərin, Qarabağın ağrı-acısını ürəyində daşımış bir insanın Vətənə olan sevgisi, azadlığa qovuşan torpaqlarımızın sevincini yaşaması bu əsərin mənəvi ruhunu daha da zənginləşdirir. "Xarıbülbül" şeiri ədəbi nümunə olmaqla yanaşı özündə tarixi yaşadır.

Bu gün Qarabağımızın, Şuşamızın azad səmasında dalğalanan üçrəngli bayrağımız, doğma torpaqlarımızda yenidən canlanan həyat, Şuşa dağlarında açan xarıbülbüllər xalqımızın qürur və Zəfər tarixinin canlı ifadəsidir. Şairin poetik duyğuları da məhz bu tarixi gerçəkliklə, Vətənimizin azadlığına qovuşmasının yaratdığı mənəvi coşqu ilə səsləşir.

Əminəm ki, “Xarıbülbül” şeiri dərslikdə yer almaqla şagirdlərin yaddaşında yalnız bədii bir yaradıcılıq nümunəsi deyil, həm də Vətənə sevginin, milli qürurun, doğma torpağa sədaqətin nümunəsi kimi yaşayacaq. Çünki Vətən sevgisi uşaqların qəlbinə yalnız tarix dərsləri ilə deyil, həm də belə duyğulu, mənalı və ruhu milli olan əsərlərlə aşılanır.

Nəsib Nəbioğlunun “Xarıbülbül” şeirinin VII sinif ədəbiyyat dərsliyinə daxil edilməsini şairin yaradıcılığına verilən yüksək qiymət, milli ədəbiyyatımızın təbliği və gələcək nəsillərin mənəvi tərbiyəsi baxımından əlamətdar hadisə hesab edir, müəllifi bu uğur münasibətilə ürəkdən təbrik edirəm.
Zəfərimizin növbəti ildönümü ərəfəsində sözügedən şeiri Dalidağ.az-ın oxucularına təqdim edir, arzulayırıq ki, Şuşanın dağlarında xarıbülbüllər daim açsın, Qarabağın azadlıq nəğməsi nəsillərdən-nəsillərə ötürülsün, Vətən sevgisi gənclərimizin qəlbində hər zaman yaşasın və böyüsün!
Qarşıdan gələn Zəfər Günümüz mübarək!

Natəvan Qocayeva
Dalidag.az



XARI BÜLBÜL

Yanğıdan, həsrətdən düzümlü çiçək,
Qürbətdə halına yanmışam gerçək,
Ay eşqinə sadiq, dözümlü çiçək,
Ay yarı gül-çiçək, ay yarı bülbül,
Qırova bələnmə, ay xarı bülbül!

Hardasa gözəllik allanıb gedir,
Yamacdan bir sona sallanıb gedir,
Bilən yox haraya yollanıb gedir,
Dünyanın axarı-baxarı, bülbül.
Qırova bələnmə, ay xarı bülbül.

Bilənlər danışar məhəbbətindən,
Dondun öz eşqinə sədaqətindən,
Yazıram naləndən, o həsrətindən,
Getməyir könlümün qübarı, bülbül,
Qırova bələnmə, ay xarı bülbül!

Qaçan olmayıbdı, qismət-qədərdən,
Məni də odladı bir minəgərdən,
Başım ayılmır ki, qəmdən, kədərdən,
Hörmüsən köksümə hasarı, bülbül,
Qırova bələnmə, ay xarı bülbül!

Gör neçə ildir ki, görmürəm səni,
Əllərim yetişmir dərmirəm səni,
Yarımın telinə hörmürəm səni,
Gözləyirəm gələn baharı, bülbül,
Qırova bələnmə, ay xarı bülbül!

Qələmim od səpir, yanır varaqlar,
Sözümü,misramı həsrət qucaqlar,
Ruhum da, cismim də səni soraqlar,
Bir gülün yox sənə, oxşarı, bülbül,
Qırova bələnmə, ay xarı bülbül!

Əzəldən mat qaldım bu işə belə,
Düz olan düzdə də qalıb həmişə,
Gəlim Qarabağa, gəlim görüşə,
Pozmayım peymanı, ilqarı, bülbül
Qırova bələnmə, ay xarı bülbül!

Bu dərdi mənimtək, çəkənlər bilər,
Vətənsiz göz yaşı tökənlər bilər,
Qürbətdə boynunu bükənlər bilər,
Ömrüm o zamandan ta yarı, bülbül,
Qırova bələnmə, ay xarı bülbül!

İndi bilirsənmi necə zamandı?
Həsrətdən ürəyim göynədi,yandı,
Yadların gözünə dəymə, amandı,
Gizlən, sevindirmə əğyarı, bülbül,
Qırova bələnmə, ay xarı bülbül!

Nəsib NƏBİOĞLU



ХАРЫ БЮЛЬБЮЛЬ

Разлук не признаёшь – ты рвёшь их нежной силой,
И ароматом ты всю жизнь очаровал.
Нежней нет лепестков, чем в Карабахе милом,
И нет земли нигде, где б ты ещё сиял!

Цветок моей души – Шуши моей корона!
Таинственней всех тайн среди загадок ты.
Твой нежный шип цветёт, как сладостная крона,
Хотя изящней нет капризной красоты!

Но мир весь обойди, и средь любых дорог
Таить в себе средь тайн таинственность тревог.
Мы вместе и в плену средь Карабахских гор
Любовью полон я и ароматом – взор.

Как в юности цветок, я нежностью горю!
Ты мой, Хары бюльбюль! – в пылу я повторю.
В плену ты долго был и пил печаль разлуки.
Но через все пути к тебе тянул я руки.

Увянет аромат в торжественных глазах.
Он возродится вновь в текучих облаках
Шушинских гор моих нетленной красоты.
Ведь ты мой вздох в груди, когда зовут цветы…

Увянет лепесток, и аромат остынет,
И станет всё вокруг безлюдно, как в пустыне,
Но беды не пройдут, как раньше, стороной…
Не плачь, дружок, я рядышком с тобой.

Какая бы с небес ни угрожала боль,
Ты не один, мой друг, я рядом, я с тобой.
На помощь я приду, любой осилив путь.
Ты мой, Хары бюльбюль – позвать лишь не забудь!

Насиб НАБИОГЛУ

Перевод Николая ГОРОХОВА





Kateqoriya: Karusel / Kəlbəcər
Tarix: 04-11-2026 10:21
Baxış sayı: 318
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını