Nəbi Dilsuzun ədəbi irsi

04-11-2026 21:45
Dosent Şakir Albalıyev: Ortaq türk əlifbasında 34 hərfin əksini tapması tamamilə təbii haldır
Şakir Albalıyev
Filologiya elmləri doktoru, 
AMEA-nın aparıcı elmi işçisi


XX əsrin ortalarında yazıb-yaratmış şair Nəbi Dilsuzun (Şair Molla Nəbi Kəlbəcərli) yaradıcılığını əhatə edən “Yaxşılıq bir güldür, solmaz dünyada” (“Zərdabi Nəşr” MMC, 2023) adlı kitabın işıq üzü görməsi ədəbiyyatımıza və ədəbiyyatsevərlərə dəyərli töhfədir. Filologiya üzrə fəlsəfə doktoru İlham Məmmədlinin “İncə ruhlu şair, ustad dastan yaradıcısı” adlı ön sözündəki “Kitab şair Nəbi Dilsuzun yaradıcılığını hərtərəfli əhatə edən ilk yazılı nümunədir” cümləsindən də bir daha məlum olur ki, şairin əsərləri böyük cəfakeşliklə və qədirbilənliklə toplanılıb araya-ərsəyə gəlmişdir. 
Qeyd edim ki, kitabı nəşrə hazırlayanlar şairin oğlanları Novruz və Həbib Nəbi oğullarıdır. Redaktoru isə AYB-nin üzvü Namiq Dəlidağlıdır. 
Elə bilirəm ki, Şair Nəbi Dilsuzun (1886-1969) rəsmi baxımdan kimliyi haqda məlumat vermək oxucularımız üçün də maraqlı olar: Şair Nəbi Dilsuz  (Nəbi Kərim oğlu Nəcəfov) 1886-cı ildə Cavanşir qəzasının Milli kəndində (indiki Kəlbəcər rayonunun Milli kəndində) ziyalı ailəsində dünyaya göz açıb. Nəbinin atası molla Kərim dövrünün savadlı və tərəqqipərvər adamı olub. İranın Qum şəhərində təhsil alıb. O, rus, ərəb,fars və ingilis dillərini gözəl bilib və dərs deyib. Bütün bunları oğlu Nəbiyə də öyrədib. Nəbi uşaq vaxtlarından ədəbi yaradıcılığa maraq göstərib, şeir yazıb. Olmuş hadisədən dastanlar yaradıb. 

“Dilsuz və Xəzangül” adlı ilk dastanı 1939-cu ildə çap olunub. “Fəzli və Məhluqa” onun ikinci dastanıdır. 
Nəbi Dilsuz bir çox qoşma, təcnis, gəraylı, gözəlləmə və deyişmənin müəllifidir. O, bədii yaradıcılıqla məşğul olmaqla bərabər, bir sıra vəzifələrdə də çalışıb. Belə ki, 1920-1924-cü illərdə Kəlbəcərin Gölyeri kəndində (Əvvəlki adı: Sınıq kilsə) sovet sədri, 1924-cü ildən 1929-cu ilə qədər Laçın qəzasının Kəlbəcər maarif şöbəsində, 1929-cu ildən 1935-ci illərədək polis şöbəsində, sığorta və tədarük şöbəsində, 1950-1969-cu illərdə isə məişət kombinatında mühasib işləyib.
Şair Nəbi Dilsuzun kitabının təqdimatı keçirilibNəbi Dilsuz bir çox sənəti mükəmməl bacarıb. Yaxşı dərzi, gözəl sazbənd, mahir tüfəng, tapança ustası kimi də yaddaşlarda qalıb. Ərəb, fars, latın əlifbasında sərbəst yazıb-oxuyan Nəbinin gözəl xətti də olub.
Şair 1969-cu ilin may ayının 6-da vəfat edib. Kəlbəcərdə dəfn olunub.
Nəzərə çatdırım ki, fəlsəfə doktoru İlham Məmmədli də kitabdakı geniş və dolğun məzmunlu ön sözündə şairin yaradıcılığını təhlilə çəkib, ədəbiyyatşünaslığımız üçün gərəkli fikirlər ortaya qoymuşdur. Onun yazdıqlarından bəzi məqamlara diqqət etsək, dediyimizin təsdiqini görərik:
“Şair Nəbini həmkarlarından fərqləndirən əsas cəhət onun incə ruhlu lirik şeirlər yazmaqla yanaşı, ozan-aşıq sənətinin ən çətin növlərindən sayılan dastan yaratmaq sahəsindəki xidmətləri olmuşdur. Uşaq çağlarından böyüklərdən eşitdiyi hadisələrdən sonralar dastanlar yaratmışdır. Nəbi Dilsuzun “Dilsuz və Xəzangül” adlı ilk dastanı 1939-cu ildə çap olunmuşdur. O, bu əsərin mövzusunu məşhur “Çehil Tuti” əsərindən götürmüşdür. “Fəzli və Məhluqa” isə şairin yaratdığı ikinci dastanıdır. Şairin bu dastanı ilk dəfə olaraq işıq üzü görür” (s.5).
Qeyd edim ki, kitab “Qaldı eldə nişanəsi Nəbinin” rubrikasında verilən qoşma, gəraylı, müxəmməs və deyişmələr bölməsindən və “Xoş nəğmə söyləyə dili adamın” adı ilə dastanlar bölməsindən ibarətdir. 
Şair Nəbinin yaradıcılığında gəraylı və qoşmanın aparıcı yerdə durmasını göstərən İlham Məmmədli belə bir nümunəyə diqqəti çəkir: 
İstəsən dünyanı sərbəst gəzəsən,
Düz yolun gəc olar baxtın olmasa.
Xalqın dəhanına şəkər əzsən də,
Acı zəhər olar baxtın olmasa…

Alim haqlı olaraq bu nümunəni ustadnamə kimi səciyyələndirir. Qeyd edim ki, burada xalq dilinin şirin ləhcəsi özünü göstərir. Rədif kimi işlənən “baxtın olmasa” ifadəsi xalqın dilində – ağzında dolaşan bir deyimdir. Şair demək istəyir ki, baxtın olmasa – yəni bəxt üzünə gülməsə, sərbəst gəzmək istəsən də, getdiyin düz yol gəc olar – səninlə gəcləşən fələk düz işini, düz yolunu da çətinə salar. Növbəti iki misra maraqlıdır: xalqın dəhanına – yəni camaatın ağzına qənd-şəkər əzib töksən də, yenə bəxtin olmasa, deyəcəklər ki, acı zəhərdir. Yəni əməyini zay edəcəklər. Şair nəyə görə belə deyir sualına gəldikdə, demək lazımdır ki, biz Dilsuz Nəbinin həyat tarixçəsini gözdən keçirdikdə onun müxtəlif vəzifələrdə xalq, camaat arasında işlədiyinin şahidi oluruq. Çox güman ki, yuxarıdakı ifadələr müəllifin həyat yaşantılarından doğan ictimai-psixoloji ovqatının ərzi-halıdır. Çünki bəzən elə hallar da olur ki, vəzifədə işləyən adamın elinə-obasına, camaatına göstərdiyi xidmətləri lazımi dərəcədə qiymətləndirilmir. Bu məqam xalq dilincə “bəxtin olmaması” kimi düşünülür. Şair Nəbi Dilsuz şeirdə məhz bu ictimai ziddiyyətləri demək istəmişdir.
Fikrimizi şeirin möhürbəndindən də açıq-aydın hiss edirik:
Nəbi, mərd yolunda sərdən keçsən də,
Hatəm kimi geniş süfrə açsan da,
Dost boyuna ağır xələt biçsən də,
Zəhmətin puç olar bəxtin olmasa.


Mərd yolunda candan-başdan keçsən də, Hatəm-tai kimi səxavətlilik göstərib gen-bol süfrə açsan da və dostun-qohumun boyuna “ ağır xələt biçsən də” – xətrini əzizləyib yolunu-hörmətini gətirsən də, yenə də bəxtin olmasa, bütün bu elədiklərin yaxşılıqlar puç olub – hədər gedəcəkdir deyir şair. Əlbəttə, bu kimi hallara həyatda təsadüf olunur və burda poetik bir əhvalla söylənilənlər də əslində Nəbi Dilsuz kimi bir həyatın hər üzünü görmüş insanın insanlığa xitabıdır. Ona görə də məhz həyat həqiqətini acılı-ağrılı tərəfilə görüb ifadə etdiyindəndir ki, fəlsəfə doktoru İlham Məmmədli bu nümunəni ustadnamə kimi səciyyələndirmişdir. Bəli, bu fikirlər bir şairin, dastan yaradacaq gücə malik olan bir sənətkarın – həyat ustadının oxucularına bir ustadnaməsi – həyat dərsi kimi qəbul oluna bilər. 
Şair Nəbi Dilsuzun
Möhtərəm, hörmətli, əziz qardaşlar,
Yaxşılıq bir güldür, solmaz dünyada.
Həqiqət sarsılmaz, möhkəm qaladır,
Ədaləti danmaq  olmaz dünyada

bəndi ilə başlayan qoşması da ustadnamə tipindədir. Gördüyümüz kimi, şeir “hörmətli və əziz qardaşlar” deyə insanlara hayqıran bir müraciətlə başlayır ki, bu da səbəbsiz deyil. Bu xitab, hər şeydən öncə, müəllifin vəzifə başında olub,insanlarla – ictimaiyyətlə daim ünsiyyətdə olan bir ağsaqqal simasını ortaya qoyur. Yaxşılığın dünyada solmayan bir gül timsalında olduğunu söyləməklə insanlara da yaxşı əməllər sahibi olmağı tövsiyə edir. Ardınca isə haqqın-həqiqətin sarsılmaz, möhkəm qala timsalında olduğunu və insanları da həmişə haqqın tərəfində olmaqla belə bir sarsılmaz qalaya pənah gətirmələrini arzulayır, “Həqiqəti danmaq olmaz dünyada” deyə öz məsləhətini edir. 
Bu fikirlərin məntiqi davamı növbəti bənddə belə gəlir:
Mərd adam namərdə möhtac olanda,
Müşkülü həll olmaz, düşər kəməndə.
Möhkəm saxla əldə qabın dolanda,
Məsəldir: tökülən dolmaz dünyada!

Bu sətirlərdən də aydın görünür ki, həyatın enişindən – yoxuşundan keçmiş, acısını – şirinini dadmış, bir sözlə, hər üzünü görmüş bir insan kimi şair Nəbi Dilsuz bu görüb-götürdüklərini bir həyat təcrübəsi olaraq oxucularına çatdırır. Bildirir ki, mərdin işi namərdə düşəndə, müşkülü – çətin işi bir az da çətinə (kəməndə) düşər, yolları daha da bağlanar. Bu həyat həqiqəti “Allah heç mərdi namərdə möhtac eləməsin” şəklində atalar sözümüzdə də – deyimimizdə də arzu-istək şəklində ifadəsini tapıb. Elə daşıdığı şairlik missiyasına, el içində-cəmiyyətdə tutduğu vəzifə-mənsəb rütbələrinə görə də şair Nəbi Dilsuz atalar nisbətində olan bir şəxs olmuşdur. Növbəti misralardan doğan məzmun isə bizə “Çay həmişə qızıl alma gətirməz” tipindəki atalar məsəlimizi xatırladır. Yəni ki, əlindəki qabını yaxşı saxla, olanından muğayat ol, olanının qədrini bil deyən sənətkar beləliklə oxucusuna “tökülən dolmaz” kəlamının məntiqini təlqin edir. Çünki əlindəki məhsulunu qəhr etmə ki, bir də çətin yerinə gələ alın təri ilə, min bir zəhmət bahasına qazandığın. Axı insan qazandıqlarına ömrünün enerjili illərini sərf etməklə nail olur. Enerjili çağlar isə ömrün gənclik çağlarıdır, gənclik isə əldən gedəndən sonra onu geri qaytarmaq mümkün olmur. Belə olduqda isə, əlbəttə, əvvəlki gənclik enerjisi ilə çalışa bilmirsən və əlindəki dolu qabını havayı yerə boşaldıb yerə tökmüsənsə, onu bir daha doldurmaq müşkül işə dönür. 
Bu minvalla şair Nəbi Dilsuz bədii sözün siqləti ilə oxucularına ədəbi irs olaraq ustad ərməğanı kimi dəyərli nəsihət və tövsiyələr qoyub getmişdir.

Dalidag.az




Kateqoriya: Karusel / Kəlbəcər
Tarix: 04-11-2026 21:45
Baxış sayı: 39
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını