Rövşən Hüseynli: Vətən, torpaq və sərhəd – Zəfərə aparan 44 günlük yol

26-09-2026 19:47
file_000000001ac88246a86540d9ff74d62e
Vətən, torpaq və sərhəd nə deməkdir?
Doğulduğun torpağı, coğrafiyanı müdafiə etmək, dövlətinin varlığını qorumaq, eyni zamanda başının üzərində suveren ölkənin bayrağının dalğalanmasını təmin etmək necə əldə olunur və necə qorunub saxlanılır? Məhz 44 günlük Vətən müharibəsi və 27 sentyabr 2020-ci il Azərbaycan tarixinin belə şərəfli və şanlı səhifələrindən biridir.
1988-ci ildən başlayaraq uzun illər davam edən erməni separatizminin və işğalçılıq siyasətinin acı nəticələrini yaşayan Azərbaycan uzun müddət BMT-nin, ATƏT-in və digər beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə aparılan, lakin nəticəsiz danışıqlar prosesinə sadiq qaldı. 1994-cü ildə əldə edilən atəşkəs razılaşmasından sonra Azərbaycan müharibə yolu ilə deyil, beynəlxalq hüququn prinsiplərinə, BMT-nin qətnamələrinə və dövlətlərin ərazi bütövlüyünə hörmət prinsipinə əsaslanaraq uzun illər işğal altında qalan torpaqlarının azad edilməsinə çalışdı.
Azərbaycan haqqın və ədalətin bərpa olunacağına inanaraq səbr və təmkin nümayiş etdirdi. Zaman-zaman ermənilər tərəfindən atəşkəsin pozulmasının şahidi olduq. Atəşkəs razılaşmasının mövcudluğuna baxmayaraq, yüzlərlə şəhid verdik.
2016-cı ilin Aprel döyüşlərində düşmən təxribatına Azərbaycan Ordusu tərəfindən sarsıdıcı cavab verildi. Azərbaycan Ordusu işğal altında olan bir sıra əraziləri azad etdi. Yenə də erməni havadarları və dünyanın aparıcı dövlətləri müharibə deyil, danışıqlar masası arxasında problemin həllini gündəmə gətirərək atəşkəsin bərpasının vacibliyini bildirdilər.
Münaqişənin ən qaynar vaxtlarında belə Ulu Öndər Heydər Əliyev beynəlxalq təşkilatlara və dünya ictimaiyyətinə Azərbaycanın müharibə tərəfdarı olmadığını, ərazi bütövlüyümüzə hörmət edilməsinin vacibliyini açıq şəkildə bəyan edirdi. Ağır şəraitdə olan ölkəmizi zaman-zaman təslimçi mövqeyə və ərazi itkisi ilə barışmağa məcbur etməyə çalışırdılar. Uzaqgörən dahi siyasətçi Heydər Əliyev düşmənin və onun havadarlarının arzularını gözündə qoyurdu.
Ulu Öndərdən sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev də bu siyasi xətti davam etdirərək eyni iradə və əzmkarlığı nümayiş etdirdi. Azərbaycan Prezidenti qarşıya qoyulan məqsədə çatmaq üçün ardıcıl, səbirli və təmkinli siyasət həyata keçirdi, müxtəlif geosiyasi güclər arasında mürəkkəb siyasi prosesləri Azərbaycanın milli maraqları çərçivəsində idarə etdi.
Ulu Öndər məktəbinin yetirməsi olan İlham Əliyev siyasi iradə baxımından Heydər Əliyevin həyata keçirdiyi siyasəti davam etdirərək qarşıya qoyduğu məqsədə addım-addım, səbirlə və təmkinlə yaxınlaşdı. Öz məqsədinə çatacağı gün üçün əzmkarlıqla mübarizə apardı.
Növbəti ciddi təxribat 2020-ci ilin Tovuz döyüşləri oldu. Düşmən Azərbaycanın strateji və iqtisadi obyektlərinə təhlükə yaratmaq, Bakı–Tbilisi–Ceyhan neft kəmərinin keçdiyi istiqamətlərə nəzarət imkanını artırmaq və növbəti işğalçılıq iddialarını reallaşdırmaq məqsədilə Azərbaycana qarşı hücum təşkil etdi. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu düşmənin təxribatına layiqli cavab verdi və düşmən susduruldu.
General Polad Həşimovun və silahdaşlarının şəhid olması Azərbaycan xalqını sarsıtdı. Azərbaycanın paytaxtı Bakı şəhərində yüz minlərlə insanın iştirakı ilə döyüş və qisas tələbi ilə ümumxalq yürüşü keçirildi.
Baş verənləri izləyən və qiymətləndirən Azərbaycan Prezidenti İlham Əliyev xalqının ona olan etimadından bir daha əmin oldu. Dünya supergücləri ilə aparılan mürəkkəb siyasi mübarizə, sanki şahmat oyunu kimi, yenə də peşəkarlıqla davam etdirildi.
27 sentyabr 2020-ci il səhər saatlarında düşmən növbəti təxribata əl atdı. Artıq bu, son qərarın verilməsi anı idi. Düşmən təxribatı cavabsız qalmamalı və bu siyasi oyunda olduğu kimi, döyüş meydanında da Azərbaycanın iradəsi ortaya qoyulmalı idi.
Bəli, İlham Əliyev Azərbaycan Ordusu və Azərbaycan xalqının ümummilli birliyi ilə bunu bacardı.
Nəticədə uzun illər davam edən işğal siyasətinə 44 günlük savaşla son qoyuldu.
Bu döyüşlər nəticəsində Azərbaycan Ordusunun minlərlə hərbi qulluqçusu şəhid oldu. Onların hər biri Vətən qarşısında ən böyük fədakarlıq nümunəsini göstərdi. Rəsmi məlumatlara əsasən, 44 günlük Vətən müharibəsində 2 908 hərbi qulluqçu şəhid olub, 6 hərbi qulluqçu isə itkin düşmüş hesab edilir.
Əldə olunan atəşkəs və Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunması istiqamətində mühüm siyasi-hüquqi nəticələrdən biri 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın imzalanması oldu. Sənəd Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən imzalandı. Bəyanatda atəşin və bütün hərbi əməliyyatların dayandırılması, bir sıra ərazilərin Azərbaycana qaytarılması və digər məsələlər müəyyən edildi.
Bundan sonra davam edən danışıqlarda Azərbaycan dövlətinin və Prezident İlham Əliyevin nümayiş etdirdiyi mövqe öz əsas xəttini qorudu. Ermənistan tərəfinin və Qarabağdakı separatçı rejimin müxtəlif təxribatları, əldə olunmuş razılaşmalara zidd addımları və Azərbaycanın ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətləri davam etdi.
Artıq düşmənin danışıqlar masasında deyil, yalnız real siyasi və hərbi nəticələr fonunda mövqeyini dəyişə biləcəyini Azərbaycan Prezidenti dəfələrlə bəyan etmişdi.
19–20 sentyabr 2023-cü il tarixlərində keçirilən lokal antiterror tədbirləri zamanı Azərbaycan Ordusu qarşısında qoyulan vəzifələr yerinə yetirildi və Azərbaycanın suverenliyinin tam bərpası elan edildi. Azərbaycan Prezidentinin 20 sentyabr 2023-cü il tarixli xalqa müraciətində bu tədbirlərin bir gün ərzində başa çatdığı və Azərbaycanın suverenliyinin bərpa edildiyi bildirildi.
Bu tədbirlər zamanı Azərbaycan Silahlı Qüvvələrinin 192 hərbi qulluqçusu şəhid oldu. Şəhid olan hərbçilərdən 180 nəfəri Müdafiə Nazirliyinin, 12 nəfəri isə Daxili İşlər Nazirliyinin hərbi qulluqçuları idi. Bundan başqa, 1 mülki şəxs də həlak oldu.
Beləliklə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu və Azərbaycan xalqı tarixi Zəfər qazandı, ölkənin ərazi bütövlüyünün və suverenliyinin bərpası istiqamətində mühüm tarixi nəticə əldə edildi.
Bu Zəfər üçün bu gün Azərbaycan xalqı, Azərbaycanın Ali Baş Komandanı İlham Əliyev başda olmaqla, şəhidlərimizə, qazilərimizə, əsgər və zabitlərimizə borcludur.
Şəhidlərimizin qanı və canı bahasına azad edilən torpaqların müqəddəs şəhidlərimizin unudulmaz xatirəsinə əbədi ehtiram olaraq qorunması hər birimizin mənəvi borcudur.
27 sentyabr Azərbaycan Respublikasında şəhidlərin xatirəsinin yad edildiyi Anım Günü kimi qeyd olunur. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, hər il sentyabrın 27-si işğal altında olan torpaqların azad edilməsi uğrunda həlak olmuş şəhidlərin xatirəsinin yad edilməsi günüdür. 8 noyabr isə Zəfər Günü kimi qeyd olunur.
Əziz şəhidlər!
Torpaqlarımızın azadlığı, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası uğrunda canınızı fəda etdiyiniz üçün sizlərə borcluyuq.
Ruhunuz rahatlıq tapsın ki, qanınız və canınız bahasına əldə etdiyiniz bu Zəfəri qorumaq, Azərbaycan Respublikasının ərazi bütövlüyünü və suverenliyini şərəflə müdafiə etmək və bu müqəddəs mirası gələcək nəsillərə ötürmək hər bir Azərbaycan vətəndaşının namus və şərəf borcudur.
Ölməz ruhunuz qarşısında baş əyir, dərin ehtiramla sizi yad edirik.
Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizə ithaf edilir.

Rövşən Hüseynli
Subyekt.az xəbər portalının təsisçisi və baş redaktoru






Kateqoriya: Karusel / Qarabağ
Tarix: 26-09-2026 19:47
Baxış sayı: 2139
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını