Bir ucalıq sevdası: Dalidag.az-ın 7 illik yolu

Adını əzəmətli Dəlidağdan götürdük. Uca olsun, ucalıqlara qovuşsun deyə. Hədəfimiz təkcə çətinlikləri aşıb zirvəyə çatmaq deyildi. Həm dağın adını yaşadaq dedik, həm də sözüylə, əməliylə elə Dəlidağ qədər ucalığa layiq insanlarımızın yoluna işıq salmaq istədik.
7 il əvvəl məhz sentyabrın 29-da dəyərli ziyalı, peşəkar jurnalist Namiq Dəlidağlı sanki yurd həsrətini az da olsa ovutmaq üçün Dalidag.az saytını təsis etdi və biz yenə az tərkibli komandayla böyük işlər görmək amalıyla işə başladıq. Missiyamız bəlli, məramımız aydın! Çıxdıq bir uzun yola.
Yolumuz asan olmasa da, biz irəliləməyi tərcih etdik.
O zaman işğalda inləyən Kəlbəcərimizi unutmamaq və unutdurmamaq missiyası ilə, istər ədəbiyyat, istərsə də başqa sahələrdə Kəlbəcər adını yaşatmaq amalında olan insanlarımızın əməl və uğurlarını saytımızda işıqlandırmağı nəzərdə tutsaq da, sonra ideyamızı daha geniş əhatələmək qərarına gəldik. Təkcə Kəlbəcərlə kifayətlənmədik, saytımız ümumi Azərbaycan sevgisinə söykəndi, hətta sərhədləri aşdı. Yazılarımız, təbliğimiz hər məkanda ünvan tapdı. Keçmişi də unutmadıq, mütəmadi olaraq dünyasını dəyişən qələm adamlarını və digər sahələrdə iz qoymuş aydınlarımızı xatırladıq.
Gənclərə, sənətə ilk addımlarını atan istedadlı qələm adamlarına dərc olunmaq imkanı yaratdıq, motivasiya verdik.
Uğur qazanan həmyerlilərimizin sevincinə şərik olduq, uğurlarını səhifəmizdə işıqlandırmaqla daha çox insanın onları tanımasına və nailiyyətlərindən xəbərdar olmasına vəsilə olduq.
Ən başlıcası, möcüzə yurdun əsrarəngiz gözəlliyini, füsunkar təbiətini, tarixini, qədim abidələrini davamlı yazılarımıza gətirdik, müxtəlif müəlliflərin sadalanan mövzuda mətnlərini dərc edərək təbliğatını təmin etdik.
Biz elə bir ərəfədə işə başladıq ki, bir il sonra məhz bu günlərdə savaş olacağını ağlımıza belə gətirmirdik. Xəbərsizdik olacaqlardan. Amma tezliklə Qələbə xəbərini yayımlamaq diləyi, arzusu vardı içimizdə. Şükür, arzumuz çin oldu. Biz müharibənin ağırlığını, şəhid-şəhid göynəyimizi, addım-addım qələbəyə gedən yolu, sonda Zəfər sevincimizi saytımıza yansıtdıq.
Ona qədər bir il ərzində Dalidag.az əsasən Kəlbəcər və Qarabağla bağlı xəbər və yazılarla artıq oxucu məmnuniyyəti qazanmışdı.
Bu gün də əzmimizlə iş başındayıq. 7 yaş çətin sınaqlardan keçən, heç bir maliyyə dəstəyi olmayan, üstəlik, kiçik bir kollektivlə çalışan bir sayt üçün elə də az yaş deyil. Əlbəttə, rəqəm olaraq böyük görünməyə bilər. Ancaq bu 7 ilə sığdırdıqlarımız kəmiyyət və keyfiyyət baxımından daha böyükdür. Bəlkə, məqsədimizə tam nail olmadıq, nələrsə istədiyimiz kimi alınmadı. Amma biz çalışdıq, addım-addım irəlilədik. Ola bilər ki, qüsur və nöqsanlarımız oldu. Biz kollektiv olaraq zamanla enerjimizi, güc və bacarığımızı səfərbər edib bu çatışmazlıqları aradan qaldırmağa müvəffəq olduq. Əlbəttə, görəcək işlərimiz çoxdur və bu bizdən əmək, çalışqanlıq, yorulmazlıq tələb edir. Biz getdiyimiz yolun məsuliyyətini anlayaraq çalışır, yorulmadan irəliləyirik. Dəyişməyən amalımız, bəlli yolumuzla 7 ili geridə qoyduq. Çətinliklərə rəğmən irəliyə, hədəfə doğru yolumuza davam edirik.
7 rəqəmini sevirəm. Üstəlik, mistikasını da hiss edirəm. Hardasa onun müqəddəs olduğu da yazılıb. Hisslərim deyir ki, 7 yaşımız düşərli olacaq. Özümüzü, sözümüzü doğrultmaq, əsas hədəfimizə yetişmək üçün göstərdiyimiz çabalar nəticəsiz qalmayacaq. Vüqarına, ucalığına sığındığımız Dəlidağ zirvəsinə yüksəlmək nəsibimiz olacaq. Bu həm də bir duadır. Hasil olacaq dilək, niyyət üçün edilən dua.
Başda saytımızın qurucusu və baş redaktoru Namiq Dəlidağlı olmaqla, kiçik tərkibli, böyük ürəkli Dalidag.az kollektivimi təbrik edir və uğurlar diləyirəm! Əzmimiz yenilməsin, gücümüz tükənməsin. Bu təbrik payından bizimlə əməkdaşlıq edən həmkarlarımıza və oxucularımıza da düşür. Bizimlə olduqlarına və bizi izlədiklərinə görə təşəkkür edirik.
Dalidag.az-ı Dəlidağa daşımaq arzumuz gerçək olsun. 7 yaşımız mübarək!
Sevinc Qərib
AYB və AJB üzvü.
Kateqoriya: Manşet / Karusel / Media
Tarix: 29-09-2026 08:10
Baxış sayı: 3104


























