Bir sözün semantikası və ya “Aşığın qurban öldürməsi”

08-06-2025 19:09
Salman Qaralar, şair, tədqiqatçı

Anadan olduğum Daşbulaq (Kilsəli) kəndinin üzü Kəlbəcər şəhərinə, Qoçdaşa baxırdı, arxası isə “Qarrax”a, Göyçənin yalına söykənmişdi.
Kənd adamlarının danışıq dili olduqca canlı, frazeoloji birləşmələrlə, qanadlı söz və ifadələrlə süslənmiş bir dil idi. Bu haqda çox danışmağa lüzum olmadığından yalnız bir epizodu xatırlamaqla kifayətlənirəm.
Mənim orta məktəbdə oxuduğum illərdə ağsaqqallıq məqamında , yaşında olan Əli Babayev (Pəricahanın oğlu Əli 1915-1988) qoruq yerini gəzən Yunus Qaraşoğlunu görür və deyir:
-Ay sədr, gəl bir toyuq öldürüm, oturaq, yeyək, söhbət edək.
Yunus atdan düşür…
Məqsədim bu rəhmətliklərin çay içib, çörək yeməklərini təsvir etmək deyil, Əli babanın işlətdiyi “öldürüm” sözünə diqqət yetirməkdir, bu sözün semantikasına qısaca nəzər salmaqdır. Həmin vaxtlar başqa şəxslərin də dilindən, xüsusən, Məşədi Bayramlı tayfasından olan yaşlı adamlardan da “bir quzu öldürdüm”, “bir erkək öldürdüm” kimi ifadələr eşitmişdim. Onlar “kəsdim” sözü əvəzinə çox vaxt “öldürdüm” sözünü işlədərdilər.
Aradan illər keçdi. Aşıq Ələsgərin şeirlərinə mən bir oxucu kimi yanaşmaqdan daha çox bir tədqiqatçı, təhlilçi kimi diqqət yetirəndə bu sözün məşhur “Öldürür” rədifli qoşmasında da işləndiyini xatırladım.

Heç bilmirəm neyləmişəm, neylərəm,
Xəncər alıb, qara bağrım teylərəm.
Bir canım var, yara qurban eylərəm,
El desin:”Aşıq da qurban öldürür”.


Bu qoşmada , hər şeydən əvvəl, nakam bir aşiqin öz eşqi uğrunda çəkdiyi iztirablardan bəhs olunur. Sevdiyi gözələ qovuşa bilməməyin dərdi aşiqi”pünhan- pünhan öldürür”. Qoşmanın ikinci bəndində  epizodik şəkildə müsəlman dünyasının, o cümlədən xalqımızın Qurban bayramına hazırlıq və onun keçirilməsi qaydasından bəhs olunur. Bu gün də işlənən adətə görə, bəlgə, nişan qoyulan qız evinə oğlan evi tərəfdən bəzəkli qoç və digər şirniyyat aparılır, hər iki ailə qurbanı bir yerdə kəsirlər. Bu qurban kəsmə mərasimini həm oğlan, həm də qız evinin qohum- qonşuları da görür, gözaydınlığı verirlər. Aşıq Ələsgər isə sevdiyi “alagöz ceyran”a qurban apara bilmir, hər şeydən, maldan, puldan qiymətli canını sevgilisinə qurban verərək deyir ki, “ mənim qurban öldürdüyümü də el- oba bilsin”.

Ana dilimizin incəliklərinə bələd olan və öz şeirləri ilə dilimizin zənginləşməsinə xidmət edən Dədə Ələsgər  niyə “kəsir” sözü yerinə “öldürür” sözündən istifadə etmişdir?
Qafiyə , rədif xatirinəmi? Xeyr!
Bu söz yerində, məqamında düzgün işlənmişdirmi? Bəli!
Bəs niyə bu gün “kəsmək” sözünə sinonim kimi “öldürmək” sözündən istifadə olunmur?
Bir neçə kəlmə ilə bu sualı cavablandırmağa çalışaq.
Məlumdur ki, dil canlı orqanizm kimi fəaliyyət göstərir.Dilin fonetik və qrammatik sistemi ilə müqayisədə leksikası, lüğət tərkibi daha çox dəyişikliyə uğrayır, yeniliyə meyilli olur. Zaman keçdikcə müəyyən leksik vahidlər sıradan çıxır,işləkliyini itirir, müəyyən sözlər isə dilə daxil olur və qısa zaman kəsiyində işləklik dairəsini genişləndirir. Dildən çıxan, işləklik keyfiyyətini azaldan, itirən sözlərlə müqayisədə dilə daxil olan, yeni məna çalarları qazanan sözlər daha çox olur.
Azərbaycan dilində söz yaradıcılığının əsas üsulları bunlardır:
Leksik
Morfoloji
Sintaktik

Leksik üsulda sözlərin öz əvvəlki mənasından fərqli məna kəsb etməsi mühüm rol oynayır, çoxmənalılıq və omonimlik formalaşır. Bütün bunlarla bərabər, sözün mənasının daralması prosesi də baş verir. “Öldürmək” sözünün də leksik- semantik mənasının daraldığını həm canlı danışıq dilindən, həm də Aşıq Ələsgərin “Öldürür” rədifli qoşmasından göstərdiyimiz bir bədii nümunə üzərində müşahidə edirik. “Kitabi-DədəQorqud”dastanında da “ atdan ayğır, dəvədən buğra, qoyundan qoç öldürgil” deyimi məkan və zaman fərqinə baxmayaraq bizim milli kimliyimizi, dilimizi, bədii düşüncə tərzimizi sübut edən mötəbər mənbədir.
Bu kimi dil faktları əsasında biz bir tarixi həqiqəti də bilməliyik ki, bu sözün döğum - yaranma tarixi bizi ibtidai icma dövrünə, tariximizin yığıcılıq və ovçuluq dövrünə aparır. Biz qədimdən qədim, uludan ulu bir etnosun davamçılarıyıq.
P.S. Qurban bayramınız mübarək!

 
       06.06. 2025.

Dalidag.az



Kateqoriya: Yazarlar
Tarix: 08-06-2025 19:09
Baxış sayı: 3315
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını