Reklam
"Bu ürəklə ömür sürmək çətindi..." - İlham Məmmədli
28-11-2025 16:10
İlham MəmmədliDalidag.az Sevinc Qəribin təqdimatında İlham Məmmədlinin şeirlərini təqdim edir:
Taparsan
Nərgizi yamacda, zanbağı suda,
Al yanaq laləni düzdə taparsan.
Bənövşə gizlənər kolun dalında,
Qanqalı hər yolda-izdə taparsan.
Tanrı öz qələmin çəkib güllərə,
Adları yayılıb, düşüb dillərə.
Hər biri yaraşar incə əllərə,
Qönçə zərifliyin üzdə taparsan.
Güllər ki, yazılıb bahar baxtında
Elə qönçə tutub açar vaxtında.
Qızılgül oturar şahlıq taxtında
Maralçiçəyini yazda taparsan.
Səni dağa-daşa salar gəncliyin,
Ağlını əlindən alar gəncliyin,
Dəli bir sevdaya salar gəncliyin,
Dincliyi bir şəhla gözdə taparsan.
Yurdda hüzur olmaz şən olmayanda,
Dağı xəzan vurar çən olmayanda.
Bir gün bu dünyada mən olmayanda
Axtarsan İlhamı, sözdə taparsan.
Yurdum, azad olan çağını sevdim
Ey vətən sevgilər çox fərqli olur,
Mən sənin bağçanı, bağını sevdim.
Çoxu aşiq oldu bol sərvətinə,
Mənsə gül-çiçəkli dağını sevdim.
Şeytanla erməni ortaq olanda,
Yurd-yuvam yadlara tapdaq olanda,
Çoxları kürsüyə müştaq olanda
Mən sənin o ağlar çağını sevdim.
Qansızlar qanını içdi şərab tək,
Qazandı nəfinə pul ətək-ətək.
Mən yandım eşqinə pərvanələr tək,
Qəlbimə çəkilən dağını sevdim.
Axdı gözlərimdən yaş düzüm-düzüm,
Cahilə, nadana yetmədi sözüm.
İçimdə qovrulub, kül oldum özüm,
Bağrından süzülən yağını sevdim.
Önündə baş əydim ər oğulların,
Elə sipər olan hər oğulların.
Düşmən dizi bükən nər oğulların
Yurdu azad edən çağını sevdim.
Bu ürəklə ömür sürmək çətindi
Qurban olum, elə ürək vermisən
Bu ürəklə ömür sürmək çətindi.
Tab gətirmək zəmanənin tarpına,
Bar yerinə zəhər dərmək çətindi.
Sözlə əməl bir-birinə zidd gəlir,
Düz söz desən çoxlarına şit gəlir,
Dörd bir yandan çaqqal hürür, it gəlir,
Nadanlara ağız vermək çətindi.
Qoca dünya simasını itirir,
Yoxsa bəşər öz sonunu gətirir?
Sürtük zaman yeni canlı yetirir,
İnsanlığı zəlil görmək çətindi.
Dünya
O qədər məzlumun qanın içmisən,
Arada ağzını yaxala, dünya!
Haqqın tapdalayıb, dilin kəsmisən,
Soxmusan bir quru daxala, dünya!
Vermisən zalıma sonsuz ixtiyar,
Zülmüylə özünü sanır bəxtyar.
Gün gələr sənin də sonuna çıxar,
Hələ yum gözünü yuxula, dünya!
Başkəsən atını dördnala çapır,
Yetimin tikəsin ağzından qapır.
Harda bir bəla var fağırı tapır,
Sən də bir tərəfdən xırxala, dünya!
Tökülüb abırın, sürtülüb üzün,
Niyə tutulubdu haqq görən gözün?
Yalanla yoğrulub hər kəlmən, sözün,
Dönmüsən sırtığa, naxala, dünya!
Nədən düzlüyüylə qınanır İlham?
Sanma yalanına inanır İlham.
Hələ ki, səbriylə sınanır İlham,
Yıxıl gözlərimdən, yıxıl, a dünya!
Çıxdınız
“Üzünüz ağ olsun”, qayğılı günlər,
Bu yola mənimlə qoşa çıxdınız.
Bəlkə üzünüzə xoş baxdığımdan
Çiynimə dırmaşıb başa çıxdınız.
Həyat yollarımda sirdaş oldunuz,
Sarılıb boynuma qardaş oldunuz.
Hara ayaq basdım, yoldaş oldunuz,
Gör gəlib hansı bir yaşa çıxdınız?
Ürəyimdən neçə damar çəkdiniz,
Hər gün saçlarıma tumar çəkdiniz,
Başıma qırovu hamar çəkdiniz,
Saqqalı ağardıb qaşa çıxdınız.
Gördüm bu dünyanın az ləzzətini,
Nə yedim, nə daddım qaz ləzzətini.
Qismətimə düşən yaz ləzzətini,
Payızdan ötürüb qışa çıxdınız.
Nə qədər lazımdı ərk elədiniz,
Vallah, qayğılarla görk elədiniz.
Gör nə vaxt siz məni tərk elədiniz,
Ağlımı tükədib, huşa çıxdınız.
Heç mən də sizlərdən qopa bilmədim,
Qayğısız bir günü tapa bilmədim.
Elə öyrəşdim ki, ata bilmədim,
Mənimlə bu ömrü başa çıxdınız.
İlhamın yaxasın tanıyan gündən
Onu çıxardınız çilədən, dindən.
Elə cilvələnib, dolanıb gendən
Hər yerdə qənşərə, tuşa çıxdınız.
Hey
Kərəm kimi kül olmağa nə var ki,
Aşiq odur ömrü boyu yana, hey!
Yar yolunda zərrə-zərrə əriyə,
Eşq əzabın dərman bilə cana, hey!
Məcnun kimi qul adına satıla,
Novruz təki dəryalara atıla.
Diri-diri atəşlərə çatıla,
Varlığını yar adında dana, hey!
Lələ olub zirvələrə çəkilə,
Daş komada çən-dumana bükülə,
Yağış olub eşq bağına tökülə,
Gül ləçəyin yar yanağı sana, hey!
Bülbül kimi gül şehinə boyana,
Qurbani tək yar bağında oyana.
Abbas olub zülm önündə dayana,
Eşq yolunda ömrün vura sona, hey!
İlham, sevgi bir sınaqdı əzəldən,
Gənclik gedir, heyif, çıxır tez əldən.
Kim doyar ki, bir əhli-hal gözəldən,
İstəyini baxışından qana, hey!
Yerinə
Şeyda bülbül meylin salar
Gül-çiçəkli bağ yerinə.
Şahin, şonqar havalanar
Sərt qayalı dağ yerinə.
Günəş doğar zirvələrdən,
Duman qalxar dərələrdən.
Ceyran qaçar bərələrdən,
Tələsər duz(d)ağ yerinə.
Kəklik daşdan daşa səkər,
Xoş növrağı qışa çəkər.
Qarğa, quzğun döşə çəkər,
Tökülər ovlaq yerinə.
Çoban çalar tütəyini,
Seçər dağın ətəyini,
Kərəm gəzər itiyini,
Yollanar yaylaq yerinə.
Bayatıdan çəkər Sarı,
Haraylayar Yaxşı yarı.
Ahından dağların qarı
Süzülər bulaq yerinə.
İlham, illər yaman keçər,
Göz açmamış zaman keçər.
Arif keçər, qanan keçər,
Üz tutar sınaq yerinə.
Elim, gözlərin aydın!
Yurda dönüş başlandı,
Elim, gözlərin aydın!
Otuz illik göz yaşın
Silim, gözlərin aydın!
Qarşıdakı Murovdu,
Saçındakı qırovdu.
Neçə vaxtdı girovdu,
İlim, gözlərin aydın!
Qaçqın, köçkün ad oldu,
Dünyamız bərbad oldu.
Qərib ruhlar şad oldu,
Ölüm, gözlərin aydın!
Şeytan fitnə əkdiyi,
Neçə qanlar tökdüyü,
Atam, anam çəkdiyi
Zülüm, gözlərin aydın!
Həsrətəm qucağına,
Çox şükür bu çağına!
Öz ata ocağına
Gəlim, gözlərin aydın!
Dağlarda qalır izim?
Yollara çələng düzüm.
Qan bənövşəm, nərgizim,
Gülüm, gözlərin aydın!
İlham, coşub, çağlaram,
Bu həsrəti dağlaram.
Neçə dastan bağlaram,
Dilim, gözlərin aydın!
Səmt tapmıram iz içində
Sözü duyub, qanan gündən
Qovruluram köz içində.
Yolun azmış dərviş kimi,
Vurnuxuram öz içində.
Əyilib mizan-tərəzi,
Uralanıb ömür dərzi.
Ümman dərdim tutub ərzi,
Sür gəmini, üz içində.
Nadana deyirlər xoca,
Özün tutur dağdan uca.
Həyasızlıq olmaz bunca,
Oğulsansa döz içində.
Nə ağır dərd imiş qanmaq,
Özün öz oduna yanmaq,
Yayın qızmarında donmaq,
Əriyirəm buz içində.
Hər künc, bucaq fitnə dolu.
Səhv salıblar sağla solu.
Haçalanıb haqqın yolu,
Səmt tapmıram iz içində.
Dalidag.az
Kateqoriya: Kəlbəcər / Poeziya-nəsr
Tarix: 28-11-2025 16:10
Baxış sayı: 3480Yazı axını
24 / 12 / 2025
24 / 12 / 2025
23 / 12 / 2025
23 / 12 / 2025
22 / 12 / 2025
22 / 12 / 2025
21 / 12 / 2025
21 / 12 / 2025
20 / 12 / 2025
19 / 12 / 2025
18 / 12 / 2025
18 / 12 / 2025
17 / 12 / 2025
17 / 12 / 2025
16 / 12 / 2025
16 / 12 / 2025
16 / 12 / 2025
15 / 12 / 2025
14 / 12 / 2025
14 / 12 / 2025
13 / 12 / 2025
13 / 12 / 2025
12 / 12 / 2025
11 / 12 / 2025
11 / 12 / 2025
Ən çox oxunanlar




.jpg)























