Reklam
Cənubi Azərbaycanın Şimala birləşdiyi 5 il - TARİX
31-08-2022 09:52
Avqustun 25-i Azərbaycan tarixi üçün də xüsusi önəm kəsb edən hadisələrdən biri – Razılıq Əməliyyatının (Operation Countenance) keçirilməsinin 81-ci ildönümü idi. Məhz 1941-ci ilin bu günü Sovet Ordusu Böyük Britaniya qüvvələri ilə birlikdə İrana hərbi müdaxilə edirlər və ölkənin bir hissəsini nəzarət altına alırlar. Əməliyyat İran şahının Hitler Almaniyasına simpatiyası, ölkə ərazisində Almaniyanın təsir dairəsinin genişlənməsi, İranın Hitler koalisiyasının tərəfində SSRİ və Böyük Britaniyaya qarşı müharibəyə qoşulması riski, rəsmi Berlinin İran nefti üzərində nəzarəti ələ alması və SSRİ-yə Qərb müttəfiqlərinin lend-liz əsasında yollamaq istədikləri hərbi və maddi yardımın yeni təhlükəsiz hərəkət marşrutunu yaratmaq baxımından önəmli idi.
Dalidag.az 81 il əvvəl keçirilən və Cənubi Azərbaycanın 5 il Sovet İttifaqının tərkibində qalması ilə nəticələnən “Razılıq “ əməliyyatının gedişatı barədə məlumatı xatırladır.
1939-cü ildə İkinci Dünya Müharibəsi başlanan zaman İran neytrallığını elan etsə də, ölkə Almaniya ilə isti münasibətlər saxlayırdı. Ölkə iqtisadiyyatı və ordusu almanlarla sıx əlaqədə idi, İranda minlərlə almaniyalı mütəxəssis çalışırdı. Şah Rza Pəhləvi də almanyönlü mövqeyi ilə seçilirdi. Sovet kəşfiyyatı ölkədə 5 mindən çox Almaniya təbəəsinin olduğunu bildirirdi. Həm Britaniya, həm də SSRİ İranın Hitler tərəfində müharibəyə qoşulması riskini yüksək dəyərləndirirdi. Bu isə SSRİ-nin Cənubi Qafqazdakı sərhədləri, həmçinin, Böyük Britaniyanın Hindistandakı koloniyası üçün təhlükə mənbəyi idi.
Bu hərbi-siyasi riskləri göz önünə alan SSRİ və Böyük Britaniya 1941-ci il 19 iyul və 16 avqustda diplomatik nota verərək İran şahı Rza Pəhləvidən ölkədəki bütün alman vətəndaşlarını ərazisindən çıxarmasını tələb etdi. Rəsmi Tehran bu tələbələri rədd etdikdən sonra Moskva və Londonda hərbi əməliyyat variantına keçməklə bağlı qərar verildi.
Sovet Ordusu general-leytenant Dmitri Kozlovun başçılıq etdiyi əməliyyat çərçivəsində 1941-ci il avqusutun 25-i səhər saatlarında Azərbaycan ərazisindən Cənubi Azərbaycan ərazisinə daxil olmağa başladı. Bir neçə saat ərzində İranın SSRİ ilə sərhəd olan bütün sərhəd zastavaları ələ keçirildi və Qırmızı Ordu Cənubi Azərbaycanın içərlərinə doğru sürətlə irəliləməyə başladı.
General Vasili Novikovun başçılıq etdiyi 47-ci ordu Araz çayı boyu bütün postları ələ keçirən zaman cəmi 2 hərbçisini itirdi. İran ordusunun müqavimət cəhdləri isə T-26 tankları və aviasiyanın köməyi ilə yatırıldı.
Ümumiyyətlə, İranın 9 divizya və 60 təyyarədən ibarət qüvvələri isə əsasən yaxınlşana müttəfiq qüvvələrinə təslim olur, yaxud fərarilik edirdi. Əməliyyatın 5-ci saatında Sovet Ordusu Təbrizə daxil oldu. Bu zaman 44-cü ordunun komandiri Aleksandr Xadeyevin qüvvələri Talış dağlarını aşaraq Xoy-Təbriz-Ərdəbil xəttinə çıxdılar.
Avqustun 27-də isə Türkmənistandan 53-cü ordu Sergey Trafimovun rəhbərliyi altında İrana müdaxiləyə başladı. Paralel olaraq, Fars körfəzindən və İraqdan İrana müdaxiləyə başlayan Britaniya qoşunları Xuzestan vilayətini, Kermanşah şəhərini nəzarətinə aldılar. Hərbi müdaxilə fonunda qarışıqlıq yaşayan İran rəhbərliyi Baş nazir postuna 1 il əvvəl Şahın vəzifəsindən azad etdiyi Məhəmməd Əli Foruqini təyin etdi. O dərhal müqavimətin dayandırılması barədə qərar verdi. Sentyabrın 8-də tərəflər arasında imzalanan razılaşmaya əsasən, İranın Şimalı (Cənubi Azərbaycan) Sovet Ordusunun, neftlə zəngin cənub əraziləri isə Böyük Britaniyanın müvəqqəti nəzarətinə keçirdi. Amma şah yenə də alman vətəndaşlarını ölkədən çıxarmağa razı olmadı. Buna görə, sentyabrın 15-də müttəfiq qüvvələr Tehrana daxil oldu. Sona qədər müqavimət göstərdiyi üçün şah Rza Pəhləvi taxtdan salınaraq yerini oğlu Məhəmməd Rza Pəhləviyə verdi. Rza Pəhləvi isə britaniyalılar tərəfindən Cənubi Afrika Respublikasına köçürülür və bir neçə il sonra orada vəfat edir.
“Razılıq” əməliyyatı qısa zamanda böyük uğurla nəticələnir. Bu zaman Sovet Ordusu 40, Britaniya isə cəmi 22 hərbi qulluqçusunu itirir, İran ordusunun da 800-dən çox hərbçisi ölür. Artıq 1942-ci il yanvarın 29-da Hitler koalisiyasına qarşı SSRİ, Britaniya və İran birgə ittifaq bağlayır. “Razılıq əməliyyatı” İranın İkinci Dünya Müharibəsində mümkün iştirakının qarşısını almaqla yanaşı, SSRİ-yə lend-lizlə gələn hərbi yardımın 23%-nin ərazisindən təhlükəsiz şəkildə keçməsinə səbəb olur.
1945-ci ilin iyulunda keçirilən Podstam Konfransındakı razılaşmalara əsasən, Böyük Britaniya və SSRİ Ordusu İranı tərk etməyə başlayır. Sovet Ordusu 5 ilə yaxın nəzarət etdiyi Cənubi Azərbaycanı 1946-cı ilin mayında tamamilə tərk edir. Bu illər ərzində bölgədə yerli administrasiya qurulmuş və Cənubi Azərbaycan Respublikası ilə Azərbaycan SSR inteqrasiya prosesinə daxil olmuşdu.
Amma Sovet Ordusunun gedişindən sonra Cənubi Azərbaycan Respublikası müdafiəsiz qalır və İran tərəfindən qısa zamanda süquta uğradılır.lent.az
Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 31-08-2022 09:52
Baxış sayı: 4260
Yazı axını
25 / 12 / 2024
25 / 12 / 2024
24 / 12 / 2024
23 / 12 / 2024
23 / 12 / 2024
23 / 12 / 2024
22 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
20 / 12 / 2024
17 / 12 / 2024
16 / 12 / 2024
14 / 12 / 2024
14 / 12 / 2024
13 / 12 / 2024
13 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
Ən çox oxunanlar