Şahlar Əsgərov
Bu münasibətlə Şahlar müəllimin təhsillə bağlı bəzi mülahizələrini və baxışlarını oxucularla bölüşmək istərdim…
Professorun uzunillik təcrübəsinə və tarixi faktlara əsasən gəldiyi qənaətinə görə kamil insanlardan təşkil olunmuş cəmiyyətlərdə prinsipcə parçalanma ola bilməz. Çünki, kamil insanlar problemləri güclə yox, ağılla həll edərlər. Cəmiyyəti bu istiqamətdə aparmaq üçün təhsilin ali məqsədi kamil insan yetişdirmək olmalıdır. Kamilliyin meyarı olaraq ictimai mənafenin şəxsi mənafeyə olan nisbətin götürmək olar. Təhsil vasitəsi ilə kamilliyi artırıb və ya azaltmaq mümkündür. Bunun üçün təhsilə baxış dəyişməli, təhsilin paradiqması yenilənməlidir. Təhsil düzgün qərarlar qəbul etmək səriştəsi formalaşdırmalı, təhsil prosesinin iştirakçıları cəmiyyətin və bəşəriyyətin inkişafına töhfə kimi dəyərləndirilməlidir.
Bu baxımdan sosial fenomen kimi təhsilin özünə baxış dəyişməlidir. Biz də təhsilə məqsəd kimi yox, vasitə kimi baxmalıyıq. Yəni, ümumi halda təhsil fenomeninə baxış, xüsusi halda təhsilverənə və təhsilalana münasibət dəyişməlidir. Gənclərə elə təhsil verməliyik ki, onlar gələcəkdə içərisindən keçdikləri hadisələrlə bağlı düzgün qərarlar qəbul edə bilsinlər. Hadisələrin, proseslərin obyekti yox, subyekti olsunlar. Təhsil düşüncəni kamilləşdirməlidir, gənclərə vətəni sevmək, şərəflə yaşamaq keyfiyyətəri təhsilalanlara öyrətməlidir. Vətənpərvərliyin açarı təhsilin məzmunundadır.
Gənclərimizin müxtəlif səbəblərdən xarici universitetlərə axınının qarşısını almaq üçün qəbul imtahanları çox sadələşdirilməlidir. Ali məktəblərin girişində test yumşaq, çıxışında isə ciddi aparılmalıdır. Başqa sözlə, ali məktəblər giriş qapılarını gen, çıxış qapılarını dar açmalıdır. İndiki dönəmdə ciddi qəbul imtahanlarına ehtiyac yoxdur. Ən azı ona görə ki, təyinat yoxdur. Abituriyentlərə ixtisas seçimi azadlığı verilməlidir. Ali təhsildə liberal qaydalara üstünlük verilməlidir. Dövlət universitetləri ilə özəl universitetlər arasında rəqabət yaratmaq üçün, vahid dövlət nişanlı diplomdan imtina edilməli və hər bir özəl məktəb öz diplomunu verməlidir.
Vacib tezislərdən biri müəllim əməyinin layiqincə qiymətləndirilməsi ilə bağlıdır. Müəllimlərin təqaüd məsələsinə də baxış dəyişməlidir. Fiziki və əqli əməklə məşğul olanların təqaüd məsələsinə baxış eyni cür olmamalıdır. Belə ki, fiziki əməklə məşğul olanların enerjisi yaşa dolduqca tükənir. Əqli əməklə məşğul olanların enerjisi, əksinə, yaşa dolduqca artır. Praktiki həyatda bu fərqi nəzərə almaq lazımdır. Məktəb dəyərli müəllimlərin təqaüdə çıxmasına maraqlı olmamalıdır. Məktəb həm də psixoloji laboratoriyadır. Milli birliyin, vətənə sevginin, milli ruhun rüşeymləri məktəbdə formalaşır.
Professorun sözlərinə görə, təhsilin məzmunu tədris proqramları ilə tənzimlənır. Proqramlar elə tərtib edilə bilər ki, təhsilalan sonda ya ateist, ya dindar, ya vətənpərvər, ya da kosmopolit olar. Bu səbəbdən də təhsilin məzmun, təhsil prosesinin əsas mərkəzi hesab edilir. Təhsilin məzmunu elə olmalıdır ki, şagirdlər şəxsi maraq yox, ictimai maraq daşıyıcıları olsunlar. Biz kamil insan yetişdirməliyik. Taktiki baxımdan məktəbi idarə edənlərin, yəni məktəb direktorlarının düzgün seçilməsi çox vacib şərtlərdən biridir: “Məktəb direktorlarını ictimai mənafe daşıyıcıları, özünü məktəb işinə qurban verənlərin içərisindən seçilməlidir. Direktorlar nümunəvi əxlaqa sahibi olmalıdır ki, məktəb müqəddəs yerə çevrilsin”.
Şahlar müəllimi doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, təbrikimi onun öz sözləri ilə yekunlaşdıriram: “ İnsan həyatı iki nöqtə arasında baş verir: doğum və ölüm günləri. Bu iki nöqtə insanın öz əlində deyil. Bu nöqtələr arasındakı zaman isə insanın öz əlindədir. Bu zamanı sən necə yaşadın? – sualına fərd özü məsuliyyət daşıyır. Hesab edirəm ki, bu iki nöqtə arasındakı ömrü mən şərəflə və dolğun yaşamışam. 20-dək dissertasiya, 100-dən çox diplom işinə rəhbərlik etmişəm. 200-dən çox elmi, 700-dən artıq publisistik məqalənin, 11 kitabın, 3 monoqrafiyanın müəllifiyəm. Numizmatika, kriminalistika və tətbiqi incəsənət sahələrində ixtira və patentlərim var. Dünyanın bir çox tanınmış alimləri ilə birgə məqalə müəllifiyəm. Normal ailəm, övladlarım, nəvələrim var.”