Sərhəd bölgüsü: indi də 1926-cı il xəritəsi ortaya atıldı

22-12-2021 11:04




Ermənistanın “Vətəndaş müqaviləsi” partiyasının deputatı Arman Yeqoyan jurnalistlərə açıqlamasında deyib ki, onlar sərhədlərin delimitasiyasında Ermənistan SSR və Azərbaycan SSR tərəfindən təsdiq edilmiş 1926-cı il xəritəsinə əsaslanır. Deputat qeyd edib ki, təkcə Rusiya Federasiyasının Baş Qərargahında olan bir çox xəritə var.
Yeqonyan Ermənistana təklif olunan xəritə barəsində bunları deyib:"Hazırda vəziyyəti sabitləşdirmək üçün bizə Baş Qərargah tərəfindən təsdiq edilmiş 1974-cü il tarixli sonuncu xəritə təklif olunub. Bundan sonra təsdiq olunmayan dəyişikliklər oldu. Dəyişikliklər zamanla baş verdi, ancaq hər yerdə yox. Məsələn, Tavuşda da dəyişikliklər olub, ancaq kolxozlar səviyyəsində".
Arman Yeqonyan delimitasiya və demarkasiya prosesinin bir çox şeyi dəyişə biləcəyinə əmin olduğunu vurğulayıb. Bundan əvvəl Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirmişdi ki, Bakı və İrəvan arasında sərhədin delimitasiya və demarkasiya prosesinin hansı xəritəyə əsasən aparılması ilə bağlı razılıq yoxdur. Lakin qeyd edib ki, Üçtərəfli İşçi Qrupu xəritənin müəyyənləşməsi istiqamətində müzakirə aparır. Həmçinin Qriqoryan bildirib ki, 1920-ci illərin xəritələrinin tamamilə Ermənistanın maraqlarına zidd olduğu fikri ilə razı deyil.
Ermənistanın bu xəritələrdə maraqları nədir, nəyə nail olmaq istəyir?
Əziz Əlibəyli: “Üç cəbhə açmaqla düşməni məhv etmək olar” - MÜSAHİBƏ
Əziz Əlibəyli: “Onlar mümkün qədər az itki ilə proseslərin başa çatmasına çalışırlar”
Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli məsələni bu cür dəyərləndirdi: “Əslində erməni tərəfin özü 1974-cü ilə aid xəritə açıqlamasını özləri bildiriblər. Burada da məqsəd ondan ibarət idi ki, Azərbaycan 20-ci illərin xəritələrinə əsaslanır və bu əsaslanma ermənilərə, ümumiyyətlə, xeyir gətirməz. Çünki sərhədboyu bəzi ərazilər 80-cı illərə qədər bizdən alınıb ermənilərə verilib. Ortamı çaşdırmaq üçün 74-cü il xəritəsini ortaya atırlar. Təsəvvür edin ki, bu xəritələr daxil olmaqla, Azərbaycanın Gədəbəy, Qazax, Tovuz, Kəlbəcər və demək olar ki, sərhədə yaxın bölgələrdən Qubadlı da daxil olmaqla, yüz minlərlə hektar ərazi ermənilərə verilib. Delimitasiya və demarkasiya proseslərində 20-ci illərin xəritələrinə istinad olunacaqsa, o zaman 1927-ci ildən aşağı olan dönəmə istinad olunsun. Azərbaycanın ərazi bütövlüyü çərçivəsində xəritələrə istinad olunacaqsa, bunu Ermənistan tərəfi milli maraqlarına zidd kimi qəbul edəcək. Onlar mümkün qədər az itki ilə proseslərin başa çatmasına çalışırlar”.
azer huseynov.jpg (95 KB)
Siyasi şərhçi Azər Hüseynov ermənilərin tarixin müxtəlif dönəmlərində Azərbaycan ərazilərində məskunlaşdırılmalarının xəritəsinin hazırlanmasını vacib sayır: “1926-cı il xəritəsi haqqında tam təfsilatlı məlumata sahib deyiləm. Lakin əgər elədirsə, o zaman 1926-cı ildən sovetin ”evi yıxılana" qədər Azərbaycandan Ermənistana verilmiş Zəngilan, Qazax və ələlxüsus da Mehri Azərbaycana qayıtmalıdır. Azərbaycan hökuməti isə təklif edilən variantlar ətrafında ictimai müzakirə açmalıdır. Bir baxaq görək axı bu hansı xəritələrdir belə. Ona qalsa Azərbaycan bəyan etməlidir ki, rus işğalından sonra heç bir xəritə əsas alınmamalıdır. İlk öncə elə rus mənbələri əsasında, bunlardan biri Qlinkadır, 1828-ci il erməni məskunlaşması xəritələri ortaya qoyulmalıdır. Bunları heç kim gizlədə bilməz. Azərbaycan siyasi təzyiq vasitəsi kimi kəndbəkənd erməni məskunlaşdırılması xəritələrini hazırlamalıdır, konkret elə rusların öz mənbələrinə görə. Bu köçürmə zamanı Azərbaycan xalqının hüquqlarının tapdandığını hüquqi dilə köçürmək lazımdır. Ermənilər oynayırsa, biz də bax belə oynamalıyıq".
Akif Nağı — Vikipediya
Akif Nağı: “Qars müqaviləsinin əsas götürülməsi daha məntiqlidir”
QAT sədri Akif Nağı 100 il öncəki Qars müqaviləsinin gündəmə gətirilməsini önəmli sayır: “Ermənistan xəritə məsələsindən vaxtı uzatmaq üçün istifadə edir. Hələ hansı xəritənin əsas götürüləcəyi dəqiqləşməyib, amma ermənilər artıq əngəllər qoymağa başlayıblar. Sabah hansısa xəritə təklif olunarsa, ermənilər onu ”bəyənməmək" üçün bəhanə tapacaqlar. İstənilən digər xəritəni qəul etməyəcəklər. Bizim xəritə oyunlarına getməyimiz vaxt itkisindən başqa bir şey deyil. Xəritələr çox vaxt subyektiv amillərin təsiri altında çəkilir, qeyri-dəqiqliklərə yol verilir. Dediyiniz 1926-cı il xəritəsi çəkilən zaman Azərbaycan Ermənistan, Gürcüstan Saqfederasiya deyilən qurumun tərkibində idilər və bu üç respublika arasında sərhəd məsələsinə o qədər də ciddi yanaşmırdılar. Müzakirələr başlayandan sonra digər xəritələrin də qüsur və ya çatışmayan cəhətləri ortaya çıxacaq. Ona görə də sərhədlərin dəqiqləşdirilməsi üçün Azərbaycan, Ermənistan, Türkiyə, Rusiya tərəfindən 1921-ci ildə imzalanmış Qars müqaviləsinin əsas götürülməsi daha məntiqlidir. Bu müqavilə tərəflərin hər birinin ratifikasiya etdiyi hüquqi sənəddir. Orada bütün sərhədlər aydın göstərilib. Qars müqaviləsi ermənilərə sərf etmir. Bütün sovet dövrü ərzində həmin müqaviləni birtərəfli qaydada pozmuş, Azərbaycanın torpaqlarını, o cümlədən Mehri-Nüvədi xəttini zəbt etmişlər. Azərbaycan “xəritələr cəngəlliyi”nə girməməli, Qars müqaviləsini danışıqlar masasına gətirməlidir".musavat.com


Dalidag.az


Kateqoriya: Sosium
Tarix: 22-12-2021 11:04
Baxış sayı: 4477
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını