Eldar Həsənovun qızı atasını təbrik etdi: "Əziz Atam, sən varsan, mən də varam..."

10-10-2021 19:34
   
Bu gün atam Eldar Həsənovun doğum günüdür. Böyük təəssüf hissi ilə bildirirəm ki, bu, onun son 1 ildən artıq müddətdə həbsxanada keçirdiyi ikinci ad günüdür.
Atamı ürəkdən təbrik edirəm, ona uzun və sağlam həyat, xoşbəxtlik və azadlıq arzulayıram. Valideyni üçün doğum günündə Azadlıq arzulayan neçə övlad var dünyada? Bir ildən artıq bir müddətdə bizim yaşadıqlarımızın və ya yaşamadıqlarımızın səbəbi nədir? Nədir çəkdiklərimiz? Atamla bağlı nə baş verir? Niyə həbsdədir və nədə ittiham olunur? İnanın ki, atam da daxil, heç nə bilmirik. Bir insanın nədə günahlandırıldığını, nədə ittiham olunduğunu bilmək əslində nə qədər gözəl şeymiş. Biz böyük bir qeyri-müəyyənliyin ortasındayıq və ailəlikcə sanki atamla bərabər həbs həyatı yaşayırıq. O içəridə, biz çöldə... Ötən il bu gün sosial şəbəkədə paylaşdığım statusda belə yazmışdım: "Əziz Atam, sən varsan, mən də varam..." O, mənim, bacımın və qardaşımın yaşam səbəbimizdir. Səhhətindəki ağır problemləri bilirik, ciddi müayinə, müalicə və cərrahi əməliyyatlara ehtiyacı olduğunu bilirik. Onun ürək əməliyyatı təxirə salınmamalıdır, təcridxanada yaranan vertiqo xəstəliyi daim nəzarətdə olmalıdır. Beləcə hər anımız qorxu, səksəkə və stresslə keçir. Bəlkə də 20 il əvvəl, ömrünün cavan və sağlam çağında həbs olunsaydı, - hətta günahsız yerə - bu qədər qorxmazdıq, narahat olmazdıq. Amma indi sağlıq durumunu, müalicəsiz hansı nəticələrə gətirib çıxaracağını bilirik. Ev həbsində müalicəsini davam etdirməklə bağlı təkidli müraciətlərimiz, xahişlərimiz bununla bağlıydı. Müraciətlərimizə heç bir cavab verilmir. Sanki biz xalq düşməninin övladlarıyıq. Başqalarına göstərilən humanist və həssas münasibət atamla bağlı sanki hər dəfə dalana dirənir. Təcridxanada dəfələrlə huşunu itirərək yıxılması ilə bağlı vəkillər dəfələrlə müraciət və vəsatətlərlə çıxış ediblər. Məhkəmədə 2 dəfə necə özündən gedib yıxılmasını, həkimlərin səyi ilə həyata qaytarılmasını artıq hamı bilir. Xarici ölkələrdə atamı tanıyan insanlar baş verənləri hər dəfə məndən soruşurlar, atamla niyə belə rəftar olunduğunun səbəblərini soruşurlar. Nə cavab verəcəyimi bilmirəm. O adamlar Eldar Həsənovun Azərbaycan dövləti, ümummilli lider Heydər Əliyev, müzəffər Prezident İlham Əliyev üçün hər fədakarlığa hazır olduğunu mənə faktlarla, dəlillərlə danışanda heyrətlənirəm. Rumıniyada ermənilərin Heydər Əliyevin heykəli ilə bağlı xoşagəlməz planlar hazırladığı xəbərini alan atam o ölkədəki bütün səfirliyi ayağa qaldırmışdı. Heydər Əliyev abidəsini gecə-gündüz qorumaq üçün mühafizəçilər ayrılmışdı və park, abidə qorunurdu. Atam üçün heykəlin təhqir edilməsi Azərbaycan dövlətinin təhqir edilməsi demək idi! Problem aradan qaldırılana kimi atam gecələr də yatmırdı ki, səfir olduğu ölkədə Azərbaycan adına, dövləti dəyərlərimiz adına kölgə sala biləcək heç nə baş verməsin. Böyük Heydər Əliyevin adı yazılan, büstü qoyulan daşı da qorudu, keşiyini çəkdi atam bir balkan ölkəsində. Çünki Heydər Əliyev onun üçün bir Dəyərdir. Atam Dəyərlərə sadiq insandır! Bir diplomat və məmur olaraq görəvlərindən əlavə, böyük Heydər Əliyevə mənəvi borcu olduğunu həmişə deyib, bu gün də deyir. Prezident İlham Əliyevi həmişə bir Lider və Qardaş sayıb özünə. Səfir olduğu Balkan ölkələrində Azərbaycan dövlətinin və mədəniyyətinin əzəmətini göstərmək, sevdirmək üçün nə mümkündürsə edib. Hətta mümkün olmayanı da edib. Erməni barbarlarının Şuşada dağıtdığı Üzeyir Hacıbəyov abidəsini məhz Avropa ölkəsində ucaltmaqla erməni faşizminin önünə mədəniyyətimizi çıxarıb. Çünki mənim atam bütün varlığı ilə bir azərbaycançı və əliyevçidir. Və indi onu həbsxanaya məhkum ediblər. Problem nədir atamla bağlı? Cənab Prezidentə hansı yalanlar təqdim olunub və olunur? Məhkəmədəki absurd prosesi nə ilə izah edirsiniz? Məhkəməyə çağırılan şahidlər dövlət ittihamçılarının arqumentlərini darmadağın edirlər. Sadə həqiqətləri dilə gətirməklə! Gülünc korrupsiya böhtanları ilə hara qədər davam edəcəksiniz, hörmətli istintaqçılar? Hər məhkəmə son məhkəmə olmalıdır məntiqlə. Çünki ədalət tələb edir ki, hakim prosesi dayandırsın və atama bəraət versin. Atamı həbsdə saxlamağa heç bir səbəb yoxdur.

Səbinə HÜSEYNOVA
Dalidag.az


Kateqoriya: Sosium
Tarix: 10-10-2021 19:34
Baxış sayı: 4587
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını