Eldar Həsənov: "Xaricdə bəzi adamlar var ki, mənəviyyatını satıb...”

13-09-2021 19:02
“Xaricdə bəzi adamlar var ki, mənəviyyatını satıb...” – Eldar Həsənov
Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı sabiq fövqəladə və səlahiyyətli səfiri olmuş Eldar Həsənovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Dalidag.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutan prosesdə Eldar Həsənovun vəkili Cəlil Mirzəyev çıxış edib.

O bildirib ki, hər iclasdan sonra üç gün ərzində məhkəmə iclas protokolu ilə tanış olmaq hüquqları olsa da, buna nail ola bilmirlər. Bildirib ki, həftədə iki dəfə məhkəmənin keçirilməsi buna imkan vermir.

Hakim Əfqan Hacıyev deyib ki, hökmdən sonra bütün iclasların protokolları üç gün ərzində təqdim ediləcək: “Praktikada hər iclasdan sonra protokolların tanışlıq üçün müdafiə tərəfinə verilməsi praktikası yoxdur”.

Daha sonra çıxış edən Eldar Həsənov səhhətində problem olduğunu söyləyib: “Həftədə iki dəfə məhkəməyə gəlməyimə səhhətim imkan vermir. Xahiş edirəm, məhkəmə iclası həftədə bir dəfə keçirilsin. Bundan başqa, məhkəmənin qapalı keçirilməsinin təmin olunmasını istəyirəm. Epizodlar üzrə ifadə verən zaman adlar açıqlamalıyam, həmin adların ictimayyətə açıqlanmasını istəmirəm.

Burada jurnalistlər iştirak edir, mənim onlara böyük hörmətim var. Amma xaricdə olan bəzi adamlar var ki, mənəviyyatını satıb, mənim işimdən diskussiya aparır, bununla da Azərbaycan əleyhinə istifadə edirlər”.

Eldar Həsənov qeyd edib ki, ona 15 epizod üzrə ittiham verilib: “Bu epizodlar üzrə bir-bir ifadə verməliyəm, hər bir epizod üzrə mövqeyimi əsaslandırmalıyam. Heç olmasa mənim epizodlarla bağlı verdiyim ifadələr üzrə məhkəməni qapalı keçirin”.

Hakim prosesin qapalı keçirilməsi üçün əsas olmadığını vurğulayıb. Qeyd edib ki, burada dövlət sirri təşkil edən heç bir fakt yoxdur.

Daha sonra ifadə verən Eldar Həsənov bildirib ki, 2009-2014-cü illərdə Azərbaycan hökuməti xarici ölkələrdə səfirlik binalarının alınmasına qərar verib: “Bundan sonra hansı ölkədə səfir olmuşamsa, həmin ölkələrdə səfirliyimizin yerləşdiyi binaları almağa başlamışıq. Həmin binaları özüm almamışam. Birinci binanın alınmasında Xarici İşlər nazirinin müavini Vaqif Sadıqovun sədrliyi ilə komissiya yaradılıb. Belqraddakı bina alınarkən nazir müavininin sədrliyi ilə komissiya yaradılıb, onlar ora gəliblər. İcarədə olan binaya baxıblar.

Onlara ümumilikdə alınması üçün 6 bina təqdim olunub. Komissiya həmin binaların 4-nü bəyənib. Qərarı da komissiya üzvləri veriblər. Binaları necə seçiblər, alıblar, həmin proseslərdə iştirak etməmişəm. Alqı-satqı aktında mənim və ya səfirlik əməkdaşlarının imzası yoxdur”.

Eldar Həsənovun sözlərinə görə, bu işlərdə heç bir hüquqa malik olmayıb: “Əmlak şirkəti ilə də komissiya maraqlanıb, müqaviləni onlar bağlayıblar. Sadəcə, alqı-satqıda pulun yarısı nağd köçürülüb, yarısı köçürmə yolu ilə olub. Bunu əmlak sahibi də ifadəsində təsdiqləyir ki, bu alqı-satqı prosesində mənim rolum olmayıb. Bu ifadə ola-ola müstəntiq nə istəyir, məlum deyil. Müstəntiq bilir heç nə olmayıb, günahı səfirliyin üstünə atır”.

Eldar Həsənov deyib ki, Monteneqrodakı səfirlik binasının sahibi iki qardaş olub: “Onların biri ödənişin nağd, ikincisi isə köçürmə yolu ilə istəyirdi. Bir-birilə prinsip aparırdılar. Mən bu barədə çox mötəbər şəxsin köməkçisi ilə əlaqə saxlayaraq məlumat verdim ki, belə bir problem var. Onlar problemi özləri həll etdilər. Qardaşın birinə pulu nağd ödədilər, digərinin pulunu isə köçürmə yolu ilə həll edildi.

Obyekt sahibi ifadəsində bildirib ki, binanı 3 milyona istədilər, vermədim. Bina 4 milyona alınıb. Müstəntiq burada 1 milyon 400 min yeyinti aşkarlayıb. Əgər adam öz dili ilə deyirsə ki, mən 3 milyona verməmişəm, necə 4 milyondan 1.4 milyon yeyinti aşkarlamaq olardı? Mən 24 il hüquq-mühafizə orqanlarında müxtəlif vəzifələrdə işləmişəm. Amma bu işdəki qədər saxtakarlığa rast gəlməmişəm. Sənəd əlinin altında ola-ola heç birini araşdırmayıb”.

Eldar Həsənov bildirib ki, Sarayevo küçəsindəki evin alınmasıyla bağlı İqtisadiyyat Nazirliyinin rəhbərliyi ilə komissiya yaradılıb: “5 nəfərlik komissiya gəldi. Onları qarşılayıb, yerləşdirmişik, gedib üç ünvana baxıblar, birini özləri seçib. Pul köçürülməsinə gəlincə, bir hissəsini nağd veriblər, bir hissəsini isə “Scana” şirkətinə köçürüblər.

İttihama görə, Eldar Həsənov Azərbaycan Respublikasının Rumıniya, Serbiya Respublikası, Bosniya və Herseqovina və Monteneqroda fövqəladə və səlahiyyətli səfiri kimi fəaliyyət göstərdiyi 2010-2020-ci illərdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 17.931.316 manat (16.893.868 avro) pul vəsaitini səfirliklər üçün yeni inzibati binaların alınması, habelə təmir-tikinti işləri ilə əlaqədar israf etmə və mənimsəməsinə, cinayət yolu ilə əldə edildiyini bilə-bilə 11.804.661 manat (11.156.716 avro) məbləğində pul vəsaitini leqallaşdırmasına, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı törətməsinə, vəzifəli şəxs kimi vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan 327.373 manat (180.728 avro) məbləğində mühüm zərər vurmasına və dövlət büdcəsinin xeyli miqdar təşkil edən 192.387 manat (101.761 avro) pul vəsaitindən təyinatı üzrə istifadə etməməsinə əsaslı şübhələr müəyyən edilib.

İstintaq orqanı tərəfindən Eldar Həsənovun barəsində Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israfetmə, külli miqdarda törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, külli miqdarda törədildikdə) 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) 308-1.1 (Dövlət büdcəsinin vəsaitindən təyinatı üzrə istifadə etməmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.

Qeyd edək ki, Eldar Həsənov 1995-2000-ci illərdə Azərbaycanın baş prokuroru olub./teleqraf.com

Dalidag.az



Kateqoriya: Sosium
Tarix: 13-09-2021 19:02
Baxış sayı: 3414
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını