Qarabağda döyüşmüş livanlı muzdlu 20 il müddətinə azadlıqdan məhrum edildi

14-06-2021 12:13


Bu gün Yasamal rayon Məhkəməsində Azərbaycana qarşı terrorçuluqda təqsirləndirilən Livan vətəndaşı Eulcekcian Viken Abrahama hökm oxunub.

Dalidag.az-ın məlumatına görə, hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə Eulcekcian Viken Abraham 20 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasının 5 ilini həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Xatırladaq ki, dövlət ittihamçısı da təqsirləndirilən şəxsin 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Azərbaycan Respublikası Baş Prokurorluğunun və Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) mətbuat xidmətlərinin mayın 5-də yaydıqları birgə məlumata əsasən, Livan Respublikasının vətəndaşı Eulcekcian Viken Abraham və qeyrilərinin maddi mükafat müqabilində muzdlu kimi mütəşəkkil dəstə halında birləşib Ermənistan silahlı qüvvələri tərkibində Azərbaycan Respublikası vətəndaşlarına qarşı terrorçuluq fəaliyyətində iştirak etmələri faktları əsasında Azərbaycan Respublikası DTX-nin İstintaq Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işi üzrə istintaq yekunlaşdırılıb.

İstintaqla müəyyən olunub ki, Livan Respublikasının vətəndaşı, Beyrut şəhər sakini, 1979-cu il təvəllüdlü Eulcekcian Viken Abraham 2020-ci il sentyabrın 29-da Livan Respublikasının vətəndaşı Hovak Kikiyanın ilkin olaraq, 2500 ABŞ dolları məbləğində maddi mükafat müqabilində muzdlu kimi Azərbaycan Respublikasının işğal altında olmuş ərazilərində hərbi əməliyyatlarda iştirak etmək təklifini qəbul edib. O, bu məqsədlə həmin gün digər şəxslərlə mütəşəkkil dəstə halında qəsdən Ermənistan ərazisindən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini nəzarət-buraxılış məntəqələrindən kənar keçib digər muzdluların da olduğu ərazilərə gəlib.

Həmçinin Viken Eulcekcian və maddi mükafat müqabilində muzdlu kimi döyüşən digər şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin tərkibində qanunsuz olaraq əldə etdikləri odlu silahlardan, döyüş sursatlarından və komplekt hissələrindən istifadə etməklə Azərbaycan Respublikası vətəndaşlarına və Ordusuna qarşı terrorçuluq fəaliyyətində iştirak ediblər.

Törətdiyi cinayət əməllərinə görə Viken Eulcekciana Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 114.3-cü (muzdlunun hərbi münaqişədə və ya hərbi əməliyyatlarda iştirakı), 214.2.1-ci (terrorçuluq qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə), 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələrində nəzərdə tutulan ittiham elan edilərək, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Dalidag.az



Kateqoriya: Sosium
Tarix: 14-06-2021 12:13
Baxış sayı: 3154
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını