Fransanın Azərbaycana qarşı qərəzli mövqeyinin pərdəarxası

18-05-2021 10:08

Fransa prezidenti Emmanuel Makronun rəsmi facebook səhifəsindəki son paylaşımı onun Azərbaycana qarşı qərəzli münasibətinin növbəti göstəricisidir. 44 günlük II Qarabağ savaşında daim işğalçı Ermənistanın yanında dayanan Makron bu dəfə də sözün həqiqi mənasında “çaşıb”...
 
“Azərbaycan Silahlı Qüvvələri Ermənistan ərazisini işğal edib. Onlar dərhal geri çəkilməlidirlər. Bir daha erməni xalqına deyirəm, Fransa sizinlə həmrəydir və belə də qalacaq”, - deyə Makron yazıb.
 
Bu paylaşım Azərbaycan cəmiyyətində hiddət doğurub və bir çox suallar yaranıb.
 
Fransa səfiri XİN-ə çağırılacaqmı, nota veriləcəkmi? Necə edək ki, Fransa ən azından neytral qalsın? Bu ölkənin Ermənistanı dəstəkləməsinin kökündə nə dayanır? Qardaş Türkiyəyə münasibətdən doğur?
 
YAP-çı deputat Aydın Mirzəzadə Azərbaycan cəmiyyətində Fransanın mövqeyindən çox ciddi narazılığın olduğunu söylədi: “Məndə belə bir təsəvvür yaranır ki, Fransa prezidenti növbəti seçkilərə məhz Ermənistanı dəstəkləmək arqumenti ilə getmək istəyir. Fransada az bir zamandan sonra seçkilərdir. Makronun reytinqi də elə yüksək deyil. Onun təcrübəsizliyi, böyük dövlətlərlə, ilk növbədə Türkiyə ilə münasibətləri kəskinləşdirməsi heç də birmənalı qəbul edilmir. Hətta Fransa tarixində ilk dəfə olaraq, istefada olan yüksək rütbəli hərbçilər Makronun fəaliyyətindən narazılıqla bağlı birgə bəyanatla çıxış etməlidir. Çünki bu şəxs ölkədaxili məsələlərlə hər hansı bir diqqəti cəlb edən, yaxud gələcək rəqiblərindən üstün sayıla biləcək addımlar atmır. Buna görə də o, xarici siyasətdə Fransa cəmiyyətinin bir hissəsinin ermənilərə isti münasibətlərindən istifadə edərək bu arqumentdən yararlanmağa çalışır. Fransa kimi tanınmış, BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biri olan ölkənin vaxtaşırı Azərbaycanla bağlı səhvlərə yol verməsi, sadəcə olaraq, təəssüfləndiricidir.
 
Bu ölkənin özü tarixində dəfələrlə haqsızlıqlarla üzləşib. İndi işğalçı bir dövləti gözünü yumaraq müdafiə etməsi, məsələnin mahiyyətinə varmadan Azərbaycan kimi özünü müdafiə edən ölkəyə qarşı səlib yürüşü təşkil etməsi heç də ürəkaçan bir məsələ deyil. Azərbaycan Xarici İşlər Nazirliyi öz işini yaxşı bilir. Nə addımlar atacaq, hansı fəaliyyəti göstərəcək, hər kəs görəcək. Hesab edirəm ki, ölkəmizin maraqları növbəti dəfə qorunacaq. Fransanın ölkəmizdəki səfiri şübhəsiz ki, Fransaya qarşı cəmiyyətmizdəki əhval-ruhiyyədən xəbərdardır və öz hökumətini Azərbaycandakı fəaliyyətlə bağlı vaxtaşırı məlumatlandırır. Bu gün Azərbaycan işğaldan azad etdiyi ərazilərdə böyük abadlıq işlərinə başlayıb. Burada fransız şirkətləri hərtərəfli iştirak edə bilərlər. Amma bu ölkənin administrasiyasının Azərbaycanla bağlı vaxtaşırı ədalətsiz mövqeyi həmin şirkətləri çıxılmaz vəziyyətə salır. Onlar başqa şirkətlərlə rəqabətdə öz hökumətlərinin məsuliyyətsiz qərarları altında fəaliyyət göstərə bilmirlər. Düşünürəm ki, Fransa ilk növbədə, Azərbaycanın haqq mübarizəsi apardığını bilməlidir. Rəsmi Paris anlamalıdır ki, Azərbaycana, onun prezidenti cənab İlham Əliyevə siyasi təzyiq göstərməklə nəyəsə nail olmaq mümkünsüzdür. Çox yaxşı olardı ki, Fransa rəhbərliyi Azərbaycana qarşı apardığı qərəzli siyasətə yenidən baxardı. Rəsmi Bakı dəfələrlə siyasi təzyiqlər görüb. Fransa apardığı bu siyasətlə Azərbaycanla münasibətlərinə çox ciddi zərbələr vura bilər”.
 
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı istənilən halda burada itirən tərəfin rəsmi Paris olduğunu qeyd etdi: “Fransa Azərbaycanla münasibətlərdə həmişə ehtiyatlı davranıb. Bunu bu ölkənin Azərbaaycandakı səfirlərinin mövqeyində, açıqlamalarında dəfələrlə müşahidə etmişik. Adətən qondarma ”erməni soyqırımı" məsələsində aqressiv mövqe tuturdular, amma Qarabağ məsələsində Azərbaycanın istəklərinə qarşı getmirdilər. Biz Qarabağ Azadlıq Təşkilatı olaraq bu səfirliyin qarşısında çox aksiyalar keçirmişik. Hətta onların parlamenti qondarma “erməni soyqırımı”nı tanıyanda bir həftə fasiləsiz etiraz aksiyası düzənlədik. Daim onların hökumət və parlamentinin bu və ya digər münasibətləri ilə bağlı bəyanatlar vermişik, sorğular göndərmişik. Hər dəfə digər səfirliklərlə müqayisədə daha tez reaksiya veriblər, ya nümayəndələrimizi qəbul ediblər, ya da mətbuat vasitəsilə bizə cavab veriblər, dövlətlərini təmizə çıxartmağa, Azərbaycana qarşı heç bir qərəzli mövqedə olmadıqlarını göstərməyə çalışıblar. İndi birdən-birə tam anti-Azərbaycan mövqeyinə keçmələri təəccüb doğurur. Daha doğrusu, təəccüblü bir şey yoxdur. Onlar ümid edirdilər ki, danışıqlar uzun müddət davam edəcək , sonda ermənilər istədiklərinə nail olacaqlar.
 
Ona görə də danışıqlar prosesinin onlara, ermənilərə sərf edən məcrada davam etməsi üçün Azərbaycana diplomatik jestlər edir, incitməməyə çalışırdılar. Azərbaycanın gözlənilməz və darmadağınla yekunlaşan qələbəsi onların ssenarisini pozdu və sərt, açıq mövqeyə keçmək məcburiyyətində qaldılar. Türkiyənin Azərbaycanın yanında olmasına rəğmən onların Ermənistanın yanında ola bilməməsi, “kiçik bacıları”na kömək etmək imkanlarının olmaması Fransanı daha da hirsləndirdi, Türkiyəyə qarşı aqressiyalarını artırdı. Onun erməni dilində sosial şəbəkələrdə paylaşım etməsi zəifliyinin göstəricisidir. Heç nə edə bilmir, bu cür ucuz metodlara əl atır ki, bəlkə azacıq da olsa ermənilərin könlünü alsın. Onun bu paylaşımının heç bir əhəmiyyəti yoxdur. Amma onun vasitəçilik məsələsinin üzərindən xətt çəkir. Səfir, əlbəttə, Xarici İşlər Nazirliyinə çağırılmalı, izahat tələb olunmalıdır. Fransanın neytral mövqe tutmasına çalışmağa ehtiyac yoxdur. Bu ölkənin siyasi proseslərdə heç bir çəkisi yoxdur. Bu cür ucuz hərəkətlərlə olan-qalanlarını da itirilər. Bir daha vurğulayıram ki, onlar həmişə Ermənistanın yanında olublar, sadəcə, əvvəlki ssenari ermənilərə sərf edirdi. Onlar da həmin ssenarini dəstəkləyirdilər. Vəziyyət dəyişəndən sonra həqiqi simalarını göstərdilər. Bizim tutacağımız ən düzgün mövqe onları iqnor etməkdir. Hərəkətlərini pisləyirik, münasibətlərimizə düzəliş veririk, amma onların hərəkətlərini ciddiyə almırıq. Realist siyasət yeritsələr, bizimlə birlikdə olacaqlar. Emosiyalara uysalar, “kiçik bacıları” ilə birlikdə “çirkab çalası”na düşəcəklər"./musavat.com
 
Dalidag.az


Kateqoriya: Sosium
Tarix: 18-05-2021 10:08
Baxış sayı: 3168
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını
 
04 / 05 / 2024
 
 
 
 
 
 
 
 
 
 
29 / 04 / 2024