Reklam
Paşinyan: “Ermənistanda Azərbaycanın agentləri var”
17-05-2021 20:02
Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan mayın 17-də Təhlükəsizlik Şurasının iclasını keçirib. O, Azərbaycanla sərhəddə yaranmış gərginliyə, onun həlli yollarına toxunub.Paşinyan deyib ki, mayın 14-dən Azərbaycanın bir qrup hərbçisi Ermənistan ərazisindən çıxıb, dünən – mayın 16-da da oxşar proses baş verib. Amma ümumilikdə, hərbi-siyasi vəziyyət mayın 12-dən bəri dəyişməz qalıb.
“Bu nə deməkdir? Bu o deməkdir ki, biz Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) mexanizmini, Ermənistan-Rusiya müttəfiqlik mexanizmlərinin işə salınması üzərində işi davam etdirməliyik. Mövqeyimiz birmənalıdır: Azərbaycan hərbçiləri Ermənistan ərazisindən çıxmalıdırlar”, – hökumətin mətbuat xidmətinin məlumatına görə, Paşinyan deyib.
O, Ermənistanın özündə Azərbaycanın xeyrinə fəaliyyətin aparıldığını iddia edib. “Ermənistanda Azərbaycanın informasiya müharibəsinin agentləri var, onların adını, soyadını da çəkmək olar. Bu şəxslər 2020-ci ildə Azərbaycan prezidentini Ermənistan ərazisinə basqına dəvət etdilər, bundan öncə Ermənistan ərazisinə haradan girməyin mümkün olduğunu göstərdilər. İndi isə Azərbaycanın təbliğat tezislərini Ermənistan cəmiyyətində yayırlar...” –Paşinyan vurğulayıb.
O, “Zəngəzur dəhlizi” məsələsinin Ermənistanda heç vaxt müzakirə olunmadığını və olunmayacağını qeyd edib: “Regionda kommunikasiyanın açılması bizim siyasi gündəmimizdə durur, amma bunun dəhliz təbliğatıyla heç bir əlaqəsi yoxdur. Hazırda Azərbaycanda və Ermənistanda konkret siyasi dairələr bu məsələni təbliğ edirlər”.
Paşinyanın sözlərinə görə, sərhədlərin dəqiqləşdirilməsi Azərbaycanın dediyi kimi, ikitərəfli formatda keçirilə bilməz, çünki bu iki ölkənin bir-birilə əlaqəsi yoxdur. O, sərhədlərin dəqiqləşdirilməsi prosesinin üçtərəfli formatda keçirilməsinin vacibliyini vurğulayıb, bu barədə bir neçə dəfə razılaşma əldə olunduğunu söyləyib.
Bazar günü danışıqların gecəyarısınadək çəkdiyini deyən Paşinyan mayın 19-da onların davam etdiriləcəyini qeyd edib.
“Danışıqların bir mövzusu var: Azərbaycan hərbçiləri Ermənistan ərazisindən çıxmalıdırlar. Bu baş verməyənəcən suverenliyimizə, sabitlik və ərazi bütövlüyümüzə təhdid yaradan böhran qalacaq”, – deyən Paşinyan böhran vəziyyəti davam etdikcə KTMT çərçivəsində, eləcə də Ermənistan-Rusiya müttəfiqlik mexanizmlərini işə salmağın vacibliyini qeyd edib./Azadlıq radiosu
Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 17-05-2021 20:02
Baxış sayı: 3214Yazı axını
06 / 11 / 2025
06 / 11 / 2025
04 / 11 / 2025
04 / 11 / 2025
04 / 11 / 2025
04 / 11 / 2025
03 / 11 / 2025
03 / 11 / 2025
01 / 11 / 2025
01 / 11 / 2025
31 / 10 / 2025
30 / 10 / 2025
30 / 10 / 2025
29 / 10 / 2025
29 / 10 / 2025
28 / 10 / 2025
28 / 10 / 2025
27 / 10 / 2025
27 / 10 / 2025
26 / 10 / 2025
25 / 10 / 2025
25 / 10 / 2025
25 / 10 / 2025
25 / 10 / 2025
23 / 10 / 2025
23 / 10 / 2025
22 / 10 / 2025
Ən çox oxunanlar




























