"Mənim gözümdə canlı ensiklopediyadı, Şahlar əmim..." - Professor haqqında kövrək sözlər

02-05-2021 19:03
Onu əngin zəkasına, biliyinə və fərqli düşüncə tərzinə görə hər zaman ayrı tutmuşam ana qohumlarımdan. İşıqlı fikirlərinə, oxumaq eşqinə, yaratmaq istəyinə sözün yaxşı mənasında qibtə etmişəm. Onun kimi pedaqoq, alim olmaq istəmişəm. Elmə həvəsi də o yaradıb məndə! 
Kiçikkən yay tətillərində Bakıya gələrdim. ”Şahlar əminin kabineti” adlandırdığımız otağını indi də unutmuram! Gənclikdəki üç otaqlı evin ən böyük otağı kitabxana idi... Nə yox idi, hansı kitab yox idi orada... O otağın balkonunda isə qramafon və saysız-hesabsız vallar, plaklar vardı... Beş yaşımdaykən Nilufəri, Cem Karacanı, Jo Dassini tanımışdım o plaklardan. Mənim gözümdə canlı ensiklopediya idi, Şahlar əmim.
Oxuyan və elmə həvəsli gəncləri çox sevir.
Fərqli insandır, birmənalı!
Ümman kimi dərindir! 
Bu günün fizikasıdır!
Gələcəyin fizikasıdır!
Mümkünsüzlüyün fizikasıdır!
Mümkünsüzlük demişkən; bu gün Mitio Kakunun eyniadlı kitabını ödünc aldım. Ən qısa zamanda oxuyub, onunla müzakirə edəcəm. Onunla söhbət etmək fərqli dünyalara zamanda səyahət, teleportasiya, gözlə görünməyən sivilizasiyaları dərk etmək kimi bir şeydir! Onunla söhbət klassik fizikanı aşıb “olmazların fizikasını” mənimsəməkdir. O bir dahidir, birmənalı!!!
Bu gün yenə görüşdük. Üzündəki işıq yerindədir, çox şükür. Yenə baxdım diqqətlə üzünə, heç nə dəyişməmişdi. O yenə yazıb-yaradan və bu günə qədər mütaliədən vaz keçməyən professor; mən isə yenə də ona bənzəmək istəyən Firuzəyəm!
P.S. kiçikkən məni 
“Fira, Fira, Firəngiz
Qızılgüldən gözəl qız”-, deyə əzizləyərdi.
Bu gün qapıdan çıxarkən, yenə eyni əzizləməni etdi. Kövrəldim...
Ona heç vaxt mənim üçün nə qədər əziz və dəyərli olduğunu deməmişəm! Amma bugünkü duyğusallığım üzərimdəykən,”Siz bizə əziz xalamın əmanətisiniz! Siz bir dəyərsiniz! Və biz Sizi çox sevirik!”demək istəyirəm!!!

Firuzə Cəfərova

Dalidag.az


Kateqoriya: Sosium
Tarix: 02-05-2021 19:03
Baxış sayı: 3286
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını