Ərəblinskini Tağıyev öldürtdürüb?

05-04-2021 20:35
Hüseyn bəyin “Ərəblinski” təxəllüsünü Hacı Zeynalabdin Tağıyevin arvadı olmuş Sona xanım Ərəblinskiyə görə götürdüyü barədə yəqin ki, çox oxumusunuz və ya eşitmisiniz.
Sona xanım neft milyonçusu ilə evlənəndə (1911-ci il) cəmi 16 yaşı vardı və Hacı Zeynalabdindən nə az, nə çox düz 57 yaş gənc idi. O, Dərbənddə yaşayan məşhur general Balakişi Ərəblinskinin qızıydı və Hüseyn bəylə də onun həmin şəhərə qastrol səfəri zamanı (1906-cı il) tanış olmuşdu. Bu o vaxt idi ki, Sona xanım hələ Tağıyevlə evlənməmişdi (yaxud evləndirilməmişdi!)
Lakin Hüseyn bəyin “Ərəblinski” təxəllüsünü məhz Sona xanıma məftunluğuna görə götürdüyünü birmənalı söyləmək də olmur; çünki bəzi qaynaqlarda Balakişi Ərəblinskinin Hüseyn bəy də daxil olmaqla qastrola gələn teatr truppası üzvlərini evinə dəvət etdiyi, onların şərəfinə ziyafət verdiyi, elə aktyorun həmin təxəllüsü də bu ziyafətin gedişində, üstəlik, Sona xanıma aşiq olduğu üçün yox, onun misilsiz qonaqpərvərlik göstərən general atasına ehtiram əlaməti olaraq götürdüyü deyilir.
Di gəl, onu da danmaq olmaz ki, Sona xanımın hələ Tağıyevlə ailə qurmamışdan öncə Hüseyn Ərəblinskiyə dəlicəsinə vurulduğu, Ərəblinskinin də bu sevgiyə etinasız olmadığı barədə yazılanlar daha çoxdur. Sona xanımın Hacı Zeynalabdinlə evləndikdən (və ya evləndirildikdən!) sonra Bakıda yaşamağa başladığı müddətdə tez-tez Ərəblinskinin tamaşalarına getdiyini nəzərə alsaq, şəhər camaatı arasında onu teatra aparan səbəbin sadəcə sənətə hörmət və məhəbbət olmadığı, Hüseyn bəyə sevgidən də qaynaqlandığı barədə yayılan söz-söhbətləri anlayışla qarşılamaq mümkündür.
Nəticədə qoca milyonçu əlbəttə ki, gənc arvadını qısqana və Ərəblinskini aradan götürtmək istəyə bilərdi.
Lakin bir neçə baxımdan Hüseyn bəyi məhz Tağıyevin öldürtdüyü fikrə mənə inandırıcı görünmür.
Bu barədə bir qədər sonra ətraflı yazacam, hələliksə bir məqamı da mütləq vurğulayım. Ərəblinskinin Hacı Zeynalabdinin sifarişi ilə öldürüldüyü fikrini müdafiə edənlərin dediklərindən belə çıxır ki, həmin dövrdə sənət cameəsində də hamı elə bu cür düşünürmüş. Halbuki heç də belə deyil: məsələn, tanınmış teatr rejissoru və aktyoru Sidqi Ruhulla (1886-1959) xatirələrində sözügedən versiyanı inkar edərək yazırdı: “Ərəblinskinin ölümü ilə əlaqədar deyə bilərəm ki, onu ev üstündə qohumu öldürmüşdü. Bu, o dövrdə məlum idi. Hacı Ərəblinskiyə yaxşı münasibət göstərir, məharətli aktyor oyununa görə ona hədiyyə və pul göndərirdi…”
Ərəblinskinin qatili olan dayısı oğlu Əbdülxalıq, qətldən sonra saxlanılsa da qısa müddət sonra azadlığa buraxılmış və Qazaxıstana köçmüşdü. Qəribədir? Əlbəttə, qəribədir! Üstəlik, cinayət işinin materialları da yoxa çıxıb (və ya çıxarılıb!)

Bu da qəribədirmi?
Əlbəttə, qəribədir!

Bir çoxlarının fikrincə, həm qatilin “təmizə”, həm cinayət işi materiallarının yoxa çıxarılması yalnız Tağıyev kimi pullu və əli hər yerə çatan birinin sayəsində mümkün ola bilərdi.

Belədə başqa suallar yaranır. Məsələn:

1. Əbdülxalıqın atası, yəni Ərəblinskinin dayısı Hacı Ağakərim Bakının tanınmış tacirlərindən idi, var-dövləti Tağıyevin sərvəti ilə şübhəsiz ki, müqayisə oluna bilməzdi, ancaq əgər qatil pul gücünə azadlıqda qalmağa, cinayət işinin materiallarını isə yox etməyə nail omuşdusa, bunu elə öz maddi imkanları ilə də bacarmazdımı?
2. Ərəblinskinin qətlində sifarişçi kimi Tağıyevdən əsaslı şübhələr vardısa, Cümhuriyyət hökuməti çətin ki, neft milyonçusunun yaxasını rahatlıqla buraxaydı, çünki Hacı Zeynalabdinlə münasibətləri düşünüldüyü qədər isti deyildi. Neft milyonçusu düşünürdü ki, Cümhuriyyət hökumətinin bir sıra qadağaları tacirlərin və sənayeçilərin marağına ziddir, sərbəst iqtisadiyyatı əngəlləyir və s.
3. Qətldən cəmi bir il sonra Azərbaycanda rus-bolşevik işğalı gerçəkləşdi və Sovet hakimiyyəti quruldu. Tağıyev bütün maddi gücünü itirdi, o qədər ki, arvadı səfalət içində dünyasını dəyişdi. Nə qədər ağlabatandır ki, Hacı Zeynalabdini soyub soğana çevirən və mənsub olduğu zümrəyə nifrət bəsləyən bu hakimiyyət onun Ərəblinskinin qətlində sifarişçi olmasını gözardı etsin, bundan Tağıyevi daha ağır şəkildə cəzalandırmaq məqsədilə yararlanmasın?
4. Ümumiyyətlə, Tağıyev doğrudan da qətli sifariş etmişdisə, icraçı kimi niyə Hüseyn bəyin dayısı oğlunu seçməliydi? Aralarında mülk mübahisəsi və ya Tatyana adlı qadın müğənni üstündə soyuqluq olduğunu, əvvəl də Əbdülxalıqın Ərəblinskini öldürməyə cəhd göstərdiyini bildiyi üçünmü? Deyək ki, doğrudan da belədir. Elə isə Hacı Zeynalabdində qatilin istintaqda hər şeyi açıb danışmayacağına əminlik hardan idi? Belə hesab edək ki, bu da əvvəldən hesablanmışdı: onsuz da pul gücünə qatil azadlıqda qalmayacaq, cinayət işi bağlanacaqdı. Axı ümumiyyətlə, belə bir riskli plan Hacı Zeynalabdinin nəyinə lazım idi? Qətli, məsələn, o zaman Bakıda at oynadan qoçulardan birinin əli ilə, tam gizli, arxada heç bir iz buraxmadan həyata keçirməyi bacarmazdımı? Əlbəttə, yenə də ondan şübhələnəcəkdilər, ancaq ən azından bu şübhələri doğrulada bilmək üçün heç bir imkan qalmayacaqdı: ortada nə qatil olacaqdı, nə də şahid və ya şahidlər!
5. Qətldən on bir gün sonra Hüseyn bəyin həyat yoldaşı Asya xanım Bakı qubernatoruna yazdığı məktubda ərinin qatilinin azad edildiyini və onu da öldürəcəyi ilə hədələdiyini yazır, qubernatordan kömək istəyir. Maraqlıdır, Əbdülxalıqı buna vadar edən nə ola bilərdi? Bir halda ki, sifarişi uğurla yerinə yetirib, üstəlik də, azadlığa buraxılmağa nail olub, deməli, məntiqlə, özünü untdurmağa çalışmalıdı, nəinki adı ətrafında yeni hay-küy qopmasına! Ümumiyyətlə, Əbdülxalıqı hansı qəzəb və kin Asya xanımı da öldürmək barədə düşünməyə sövq edə bilərdi? Hesab edək ki, Ərəblinskini qətlə yetirməsinin arxasında Tağıyevin pulu dayanırdı. Bəs onun Asya xanımı öldürmək üçün səbəbi nə idi görəsən? Belə bir addımı şəxsi nifaqdan, düşmənçilikdən başqa nə körükləyəı bilərdi axı?!
Bu cür sualların sırasını kifayət qədər uzatmaq olar. Ancaq mən yuxarıda yazılanlarla kifayətlənib Hüseyn Ərəblinskinin qətlini məhz Tağıyevin sifariş etdiyi, məsələnin kökündə isə öz gənc arvadı ilə görkəmli aktyor arasında eşq münasibətləri dayandığı barədə deyilənlərin bu sətirlərin müəllifinə qətiyyən inandırıcı gəlmədiyini bir daha vurğulamaq istəyirəm./azlogos.eu

Dalidag.az



Kateqoriya: Sosium
Tarix: 05-04-2021 20:35
Baxış sayı: 3241
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını