Azad olunmuş torpaqlarımızda yeni günəş parlayacaq

26-03-2021 11:40

Erməni təcavüzü nəticəsində öz isti ocağını tərk etmiş onlarla soydaşımız əli Vətənə uzalı dünyasını dəyişdi, onlar qaçqınlığın acı taleyində tək bircə arzuyla yaşadı: -bircə dəfə gedib o torpağı görə bilsəydim. Neçə-neçə analarımız, atalarımız, qardaş və bacılarımız bu ayrılığa dözməyib bu həyatla vidalaşanda torpağa əmanət qoyuldular, o məqsədlə ki, bir gün onların dünyaya göz açdıqları doğma yurd işğaldan azad olunduqda onların nəşi də əzizlərinin uyuduğu ata-baba məzarlıqlarına daşınsın.

Qəriblikdə qarşılanan hər yeni il, hər əziz bayram bir arzu ilə qarşılandı. Növbəti yeni ili, növbəti əlamətdar günləri öz torpağımızda qarşılayaq. Uşaq da, yeniyetmə də, qoca da, ahıl da eyni arzu, eyni diləklə ümidini Ali Baş Komandana,   müzəffər Azərbaycan Ordusuna bağladı. O günün təqvimi bilən isə bu ümid sahibləri oldu. O gün gəldi, o günün başlanğıcı 27 sentyabr 2020-ci il oldu. Zəbt etdiyi, talayıb- məhv etdiyi, təbii sərvətlərini mənimsədiyi 20 faiz torpağımızla kifayətlənməyən ermənilər yeni ərazilərimizin iddiası ilə hücuma keçdi. Daha bundan belə zamanın qalmadığını görən Azərbaycan əsgəri Ali Baş Komandanının sülh çağırışlarına məhəl qoymayan işğalçı qüvvələri bu dəfə öz silahı ilə salamladı. Hər gün Azərbaycan xalqı Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevdən yeni müjdələr eşitdi. Erməni silahlı birləşmələri texnika və canlı qüvvə sarıdan itkilər verməklə zəbt etdikləri torpaqlarımızdan çıxarıldı.
Qeyd edim ki, hər bir soydaşımızın yeganə arzusu bu bədxah qonşularımızın ata-baba torpaqlarımızdan çıxarılması oldu. Azad olunmuş ərazilərdən yayımlanan video görüntülər isə hamımızın qəlbini göynətdi. Bu ərazilərə səfər edən cənab Prezident İlham Əliyev buradan sanki vəhşi qəbilənin keçdiyini vurğulayaraq, dünyanın nüfuz sahiblərinə səsləndi,- gəlin öz gözlərinizlə görün- ermənilər abidələrimizi, mədəniyyət ocaqlarımızı, məscidlərimizi dağıdıblar, məscidlərimizdə heyvan saxlayaraq dini abidələrimizi təhqir ediblər- dedi.
30 ilə yaxın bir vaxt ərzində dünyanın ya görmək istəmədiyi, ya da gömədiyi erməni vəhşiliyini əks etdirən görüntülər dünyaya nümayiş etdirildi. Yaşayış evləri talanaraq, yandırılmış, sosial binalar- təhsil, səhiyyə, mədəniyyət ocaqları məhv edilmiş, bu azmış kimi qəbristanlıqlarımız da erməni vandalları tərəfindən dağıdılmış, təhqir edilmişdir. Neçə-neçə su elektrik stansiyaları, sənaye müəssisələri, zavod və fabriklər yerlə yeksan edilmişdir. Qədim azərbaycanlı kəndlərindən olan Tuğ kəndi məhv edilmişdir. Ermənilərin XIX əsrdən başlayayraq iddia etdiyi Tuğ kəndi. Görəsən, bir sual edən olurmu ki, bu vandallara, əgər Tuğ kəndi sizə məxsus idisə niyə bu vəziyyətə salırdınız?!
Acı göz yaşlarına səbəb olan bir faktı diqqətə çatdırmaq istərdim. Ata- babalardan günümüzə qədər yaşayan millli-adət-ənənlərimiz var. Novruz bayramı günlərində müqəddəslərimizin uyuduğu məzarları ziyarət etmək. Bu məqsədlə martın 22-də Ağdamın Sarı Hacılı kəndində öz ata-anasının qəbrini ziyarətə gələn xalq artisti Arif Babayevin səfərini televiziyadan izlədik. İxtiyar çağında, səhəttinin imkan vermədiyi bir zamanda bu niyyətlə doğulub, boya-başa çatdığı kəndə, əzizlərinin uyuduğu məzarlığa üz tutan Arif Babayevin düşdüyü vəziyyət hər kəsi təsirləndirdi. Bakıdan əzizlərinin qəbri üstünə qoymaq üçün gətirdiyi qərənfillər  uzun müddət qucağında qaldı. Erməni vandallarının dağıtdığı məzarlıqda ata-anasının qəbrinin yerini belə müəyyən edə bilmədi. Ağdamda işğala məruz qalan tək məzarlıqlar deyil, bütün infrastruktur, yaşayış evləri, dünyada məşhur olan Çörək muzeyi, həyat əhəmiyyətli nə varsa bu vandallar tərəfindən məhv edilmiş, xarabazara çevrilmişdir. Bu insanlığa sığmayan vəhşilik aktları tək Ağdam da deyil, digər ərazilərimizdə də, o cümlədən musiqi beşiyimiz Şuşa şəhərində də vəhşicəsinə yerinə yetirilmiş, burada tarixi abidələri məhv etmək, yer üzündən silməklə  Şuşanı özününküləşdirmək kimi çirkin plana əl atsalar da,  neçə-neçə musiqi festivalları, habelə dahi insanları ilə dünya xalqlarının yaddaşında qalan Şuşanı erməniləşdirmək onlara müyəssər olmamışdır. Pənahəli xanın sarayı, XIX əsrə aid olan Karvansaray tarix-memarlıq kompleksi, Şuşa Dövlət Rəsm Qalareyasının binası, Şuşa xalça muzeyi və digər abidələrimiz erməni vəhşiliyinin qurbanına çevrilmişdir.
Dünya, bəlkə də belə vandalizmə, bu cür barbarlığa öz yaranışından şahidlik etməyib. Vəhşiliyə baxın, özgəsinin torpağına məcburən soxulub, onu güllə-baran edib, var-dövlətinə sahib çıxasan, sonra da onun izini itirib, öz saxta tarixini yaratmaq məqsədilə hər şeyi- tarixi abidələri, dini məbədləri, məzarlıqları belə məhv edib yer üzündən siləsən. Görəsən ermənilərdən bir soruşan olacaq ki, bu torpaq sənin idisə niyə bu qədər dağıntıya, talana məruz qoymusan, sənin deyilsə nə vaxtacan  başqasının torpağına göz dikəcəksən. Unutma ki, dövlət qurduğun, İrəvan, zaman-zaman zəbt etdiyin Zəngəzur, Dərələyəz, Göyçə Azərbaycan torpaqlarıdır və olduğun yerdə qalsan sənin mənifətindir. Yox yeni torpaq iddiasına düşsən, yeni talançılıq, nahaq qan tökmə, işğalçılıq iştahasına düşsən bil ki, nə zaman o zamandır, nə Azərbaycan o Azərbaycandır. Dəmir yumruq yenidən başını çatladar və  özgə torpağına göz dikməyin nə ilə nəticələndiyini bir daha görərsən.
Bizə qalan isə tariximizi unutmamaq, kimin dost, kimin düşmən olduğunu yaddaşımıza əbədi həkk etmək, eyni zamanda Azərbaycan həqiqətlərini, reallıqları dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdır. Qoy dünya insanlığa qənim kəsilən barbarlığa, vandallığa birdəfəlik yox desin. Azad olunmuş torpaqlarımızda yeni günəş parlasın.

Köçəri ORUCOĞLU
“Kəlbəcər harayı” qəzetinin redaktoru,
Azərbaycan Jurnalistlər Birliyinin,
Azərbaycan Mətbuat Şurasının üzvü
Dalidag.az


Kateqoriya: Sosium
Tarix: 26-03-2021 11:40
Baxış sayı: 3286
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını