"İlaxır çərşənbələrin və Novruz bayramının mahiyyətində xalqın birliyi dayanır" - Vüsal Ağayev

16-03-2021 13:15
Əziz və dəyərli facebook dostlarım, Azərbaycan xalqım, çox hörmətli BEYNƏLXALQ ELM VƏ MƏDƏNİYYƏT MƏRKƏZİNİN (BEMM-nin) sədri H.E.D Hacı Xaliq Bəşər və BEMM-nin səmimi, mehriban zəhmətkeş ziyalı kollektivi! Hər birinizi ayrı-ayrılıqda salamlayıram. Bu gözəl gündə sizləri xoş gördük. Bildiyiniz kimi bu gün yazın gəlişini müjdələyən novruz bayramının ilaxır çərşənbəsi Torpaq çərşənbəsidir. Mənim gözəl xalqım, mənim gözəl dostlarım hər birinizi bu bayram münasibətilə səmimi qəlbdən təbrik edirəm. Neçə-neçə belə bayramlara çıxasız. Bir birinizin qəlbini qırmayasız. Həmişə mehriban, səmimi, qayğıkeş, işgüzar və zəhmətkeş olasız. Həmişə bir olasız. Biz birlikdə güclüyük!
Torpaq çərşənbəsi...
Bu gün Novruz öncəsi son çərşənbənin - Torpaq çərşənbəsinin sevincini yaşayırıq. Çərşənbələrin içində ən böyük təmtəraqla keçiriləni axır çərşənbə axşamıdır. Həmin gün evlərdə bayram süfrələri açılır, cürbəcür yeməklər, əsasən aş, şirniyyatlar: paxlava, şəkərbura, şəkərçörəyi, şorqoğal hazırlanır. Xonçanın ortasında səməni, hər ailə üzvünə şam, boyadılmış yumurtalar qoyulur. Süfrədə yeddi növ yemək-nemət olur.
Torpaq çərşənbəsinin mərasim, ayin, oyun və şənlikləri eyni zamanda bütün çərşənbələrlə bağlıdır. Çünki həmin günün mərasimləri həm Suya, həm Oda, həm Yelə, həm də Torpağa inamı əks etdirir. Bu çərşənbənin axşam şənlikləri daha gur olur: küsülülər barışır, evlərdə üzərlik yandırılır, tonqallar qalanır, məşəllər yandırılır, bacalardan torbalar sallanır, qurşaq atılır, qulaq falları qurulur.
İlaxır çərşənbəsində, ya da Novruz axşamı ürəyində niyyət tutub qaş qaralandan sonra xəlvətcə qonum-qonşu qapısına gedərlər. Qapı dalında durub ayağın altına açar atıb içəriyə qulaq asarlar. İçəridən eşidilən iki kəlmə niyyətin yerinə yetib-yetməyəcəyinə işarə verir. Buna görə axır çərşənbə günü evdə könülaçan söhbətlər edilir.
Yazın gəlişi ilə əlaqədar ilaxır çərşənbə axşamı həyətlərdə tonqal qalanır, uşaqlar odun üstündən hoppanırlar. Həm də tonqal üstündən atlanmaq köhnə ilin qada-balasını odda yandırmaq, yeni ilə qədəm qoymaq deməkdir.
Torpaq insan yaradılışının əsas maddi əsası olmaq etibarilə bu prosesdə son dərəcə əhəmiyyətli bir mövqeyə malikdir. Torpaq müqəddəsliyinin türk mifoloji görüşləri ilə bərabər, etnik-əxlaqi dəyərlər sistemində yurd, vətən, el-oba anlayışı ilə yanaşı, yaradılışın maddi əsası olmasından irəli gələrək sakral mifoloji semantikaya da malikdir. Yazda torpağın oyanmasının mifik kökləri etibarilə dirilmə, canlanma anlayışı ilə əlaqədardır. Bu isə ilk növbədə insanın yaradılış mifindən qaynaqlanır.
İlaxır çərşənbənin inancları...
Axır çərşənbədə heyva çubuğundan gözmuncuğu düzəldərlər.
Axır çərşənbədə qorxanların başından su töküb qorxunu götürərlər.
Axır çərşənbədə qonşuya ələk verməzlər.
Axır çərşənbə günü ailə üzvlərinin sayına görə şam yandırırlar.
Axır çərşənbə günü şamı yarımçıq söndürməzlər.
Axır çərşənbə günü evdən qonşuya od, kibrit, neft verməzlər.
Axır çərşənbə gecəsi vəfat etmiş yaxın adamları yada salarlar.
Axır çərşənbə günü ertədən lampa yandırarlar.
Axır çərşənbədə gün çıxmamış su üstündən tullanarlar.  
Duzlu kökə və üzük falı...
Çərşənbə axşamı gec yatırlar. Yatanda işə əvvəlcədən hazırlanmış duzlu kökə yeyib yatırlar, su içmirlər. Gecə yuxuda (susuzluqdan) su görünür: içməyə kimsə su verir. Guya, həmin su verən adam yuxu görənin qismətidir.
İlin axır çərşənbə axşamı gecəsi cavan qızlar bir yerə yığışırlar. Bir qaba su tökürlər. Əllərindəki üzükləri çıxarıb saçlarına salırlar. Niyyət tutub üzüyü suyun üstündən keçirirlər. Üzük fırlanmağa başlayır və qabın divarlarına dəyir. Üzük neçə dəfə qaba dəyirsə, demək o yaşda da qız-gəlin köçəcək.
Min illərdir ki, xalqımız baharın, yazın, günəşin gəlişini bayram edər, əsrlərin sınağından çıxmış adət-ənənələri qoruyub yaşadardılar. XXI əsrdə yaşasaq da, milli adət və ənənələrimizi bu gün də sevə-sevə yaşatmaqla keçmişimizə hörmət, gələcəyimizə ümidlə baxırıq. Bütün bayramlar mahiyyət etibarı ilə birləşdirici, bütünləşdirici xüsusiyyətə malikdir. İlaxır çərşənbələrin və Novruz bayramının mahiyyətində də xalqın birliyi dayanır. Hamılıqla İlaxır çərşənbəmiz mübarək!

BAHAR GƏLİR

Qış da ötdü, yağdı yağış,
Çəmənlərə vurdu naxış.
Otlar bitir qarış-qarış, 
Deyir yenə yazdı gələn.

Nur süzülür gilə-gilə,
Sevinc qəlbə, nəğmə dilə.
Aşiq olub bülbül gülə
-Deyir, yenə yazdı gələn.

Ayna bulaq, yaşıl meşə,
-düşməyəsiz dilə-dişə. 
Kol dibindən tər bənövşə:
Deyir yenə yazdı gələn.

Şeh çilənir narın-narın,
-üzərinə göy otların. 
Dinlə səsin kaman-tarın, 
Deyir yenə yazdı gələn.











Vüsal Ağayev,
BEMM-nin Sumqayıt filialının rəhbəri 
və bədii şöbəsinin müdiri
Dalidag.az


Kateqoriya: Sosium
Tarix: 16-03-2021 13:15
Baxış sayı: 3233
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını