"Kəlbəcərin azadlığı bu ili biz kəlbəcərlilər üçün daha da əlamətdar etdi”- Aqil Məmmədov

31-12-2020 18:05
“2020-ci ilin birinci hissəsi ölkəmiz və bütövlükdə dünya üçün koronavirus pandemiyası səbəbindən ağırılı keçsə də, ikinci hissəsi bu ağrıları, problemləri ikinci plana keçirdi. Azərbaycan ordusunun Ali Baş Komandan, cənab İlham Əliyevin başçılığı ilə həyata keçirdiyi Vətən müharibəsi xalqımızın tarixinə qızıl hərflərlə yazıldı. Gec-tez pandemiya və onun yaratdığı fəsadlar ötüb keçəcək. Amma Azərbaycan xalqı üçün 2020-ci il unudulmaz qələbə ili kimi daim yaddaşda qalacaq, xatırlanacaq”.
Dalidag.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Aqil Məmmədov 2020-ci ilin yekunları ilə bağlı turkustan.info–nun sorğusuna cavabında bildirib.
Millət vəkili qeyd edib ki, ilin əvvəlində koronavirus hələ sərhədlərimizi keçməmişdən əvvəl Azərbaycan dövləti önləyici hazırlıqlara başlamışdı: “Bu səbəbdən, ölkəmizdə infeksiyanın nəzarətdən çıxmasına imkan verilmədi. Qısa müddətdə ölkə prezidentinin göstərişi ilə inşa edilən modul xəstəxanalar vətəndaşların dövlət dəstəyi hesabına müayinə və müalicəsinin effektiv aparılmasına imkan yaratdı. Hazırda isə dövlətimiz dünyanın öndə gedən dövlətləri kimi vətəndaşlarının koronavirusa qarşı peyvənd edilməsi üçün çalışmalarını davam etdirir. Ümid edirəm ki, biz 2021-ci ildə bu bəladan qurtula biləcəyik”.
A.Məmmədov torpaqlarımızın işğaldan azad edilməsinin 2020-ci ilə təsadüf etməsinin bu il üçün bir şans olduğunu söylədi: “2020-ci il torpaqlarımızın işğaldan azad edilməsi, qazandığımız Zəfərlə əlamətdar oldu. Qazandığımız qələbələrə xalqımızla birlikdə sevindik. İtirdiyimiz şəhidlərimiz üçün hamılıqla üzüldük. Bu baxımdan, 2020-ci ildə qazandığımız Zəfər heç zaman unudulmayacaq əvəzsiz bir il olaraq qalacaq. Biz kəlbəcərlilər üçün isə Kəlbəcərin 28 ildən sonra azadlığa qovuşması 2020-ci ili daha da əlamətdar etdi”.
A.Məmmədovun sözlərinə görə, qazandığımız zəfəri şərtləndirən amillərdən biri də Vətən Müharibəsində xalqımızın misli görünməmiş həmrəylik nümayiş etdirməsi oldu: “Bu həmrəylik üç məsələdə özünü ifadə edirdi. Ölkə vətəndaşlarının milli, dini mənsubiyyətindən, siyasi baxışlarından asılı olmayaraq Ali Baş Komandan ətrafında sıx birləşməsi, düşməni sevindirəcək hər hansı hərəkətə yol verilməməsi. İkinci, bu həmrəyliyin təkcə Azərbaycan Respublikası vətəndaşlarını deyil, bütövlükdə dünyada yaşayan 50 milyon azərbaycanlını əhatə etməsi. Burada, Güney Azərbaycan şəhərlərində keçirilən “Qarabağ bizimdir” mitinqlərini, Türkiyə, Avropa, Amerika və başqa ölkələrdə keçirilən aksiyaları qeyd etmək yerinə düşər. Həmrəyliyimizin üçüncü nümayişi isə müharibənin özü qədər mühüm olan informasiya savaşında bütün soydaşlarımızın birlik nümayiş etdirərək aktiv olması idi. Vətən müharibəsinin bizə qazandırdığı bu həmrəyliyi hər zaman yüksəkdə tutmalıyıq”.
Millət vəkili  Həmrəylik Günü və növbəti il münasibətilə fikirlərini çatdırıb: “Artıq bizim gələn illə bağlı arzu və planlarımız yola saldığımız ildə baş verən hadisələrlə bilavasitə bağlıdır. Bu arzuların önündə işğaldan azad edilmiş torpaqlarımızın yenidən qurulması, yurd-yuvasından didərgin düşmüş həmvətənlərimizin öz doğma yerlərinə qayıtması dayanır. Cənab Prezidentin təşəbbüsü ilə biz Milli Məclisdə işğaldan azad olunmuş torpaqlarda infrastrukturun bərpası və yenidən qurulması üçün büdcədən əhəmiyyətli maliyyə vəsaiti ayrılımasına səs verdik. İnanıram ki, qarşıya qoyulan məqsədlərə vaxtı-vaxtında çata biləcəyik.
Tanrı Azərbaycanımızı qorusun!”.

Dalidag.az



Kateqoriya: Sosium
Tarix: 31-12-2020 18:05
Baxış sayı: 3222
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını