Reklam
Addım-addım Dəlidağ ucalığına...- Dalidag.az 1 yaşını qeyd edir
29-09-2020 15:35
Tam bir il əvvəl təqvimin bu günündə biz bir yola başladıq. Bəlli məqsədimiz, aşkar məramımızla məsuliyyəti, ağırlığı adına tən bir ucalığı yaşatmaq, unudulmağa qoymamaq üçün çıxdıq bu yola. Əslində fəaliyyətimizin yaşı daha çox olsa da sayt olaraq 1 yaşımızı qeyd edirik. Bəli, “Dəlidağ” Ədəbi Birliyindən başlanan müqəddəs işimizi, daha doğrusu borcumuzu, missiyamızı daha geniş arenada işıqlandırmaq, təbliğ etmək üçün eyniadlı sayt yaratmaq istəyimizi ideyadan reallığa qovuşdurduq.
Ucalıq rəmzi Dəlidağı ad seçməyimiz təsadüfi deyil. Bu adın böyüklüyü, əzəməti müqəddəs missiyamızın stimul və dayaq mənbəyi, söykənəcəyidir. Dəlidağ adının bizə bəxş etdiyi güc və yorulmazlıq əzmi ilə ümumilikdə Azərbaycanımızın, əsasən də Kəlbəcər adlı yurd yerimizin tarixini, mədəniyyətini, ədəbiyyatını təbliğ etmək idi məqsəd-məramımız. Qarşımıza qoyduğumuz missiya və həyata keçirmək istədiyimiz ideyalar zəminində bacardığımızı etdik. Və dağ adına sadiq qalaraq Dəlidağ öz ucalığını qoruyub saxlaya bildi.
1 il ərzində Dalidag.az özü boyda bir yük götürdü çiyinlərinə, müqəddəs bir missiyanın həyata keçməsinə nail oldu. Kəlbəcərə məxsus adət-ənənələrin əks olunduğu müxtəlif yazılar da daxil olmaqla, əsir yurdun təbiəti, mədəniyyəti, ədəbiyyatı haqqında çoxsaylı mətnlərə yer ayırdı səhifələrində. Kəlbəcərin ziyalıları, yazıçıları və digər, sənət, peşə sahibləri də Dalidag.az-ın diqqətindən kənarda qalmadı. Kəlbəcərin istər həyatda olan, istərsə də dünyasını dəyişmiş qələm əhli, elm adamları, mədəniyyət sahəsində əməyi olan insanları, siyasi arenada mövqe tutmuş dövlət xadimləri, vətən uğrunda canlarından keçən şəhidləri saytımızın səhifələrində yer aldı, xatırlandı, yada salındı…
Təbii ki, fəaliyyətimiz təkcə bununla yekunlaşmayıb. İstər seçki ərəfəsində, istərsə də seçkidən sonrakı dövrdə hadisələrdən kənarda qalmadıq. Eyni zamanda hər hansı bir problemlə qarşılaşan kəlbəcərlimizin problemlərinin ictimailəşdirilib həll edilməsində, yoluna qoyulmasında Dalidag.az olaraq yaxından iştirak etdik. Bir illik fəaliyyət yolumuza, gördüyümüz işlərə nəzər saldıqca boşuna əmək sərf etmədiyimizin şahidi oluruq. Bunu həm də məramımıza çatmaq istiqamətində müəyyən mənada uğur adlandırmaq olar. Bütün sadaladıqlarımız onu göstərir ki, Dalidag.az yaşamalı və üzərinə düşən bu işləri bundan sonra da yerinə yetirməlidir.
Bir il ərzində çətin və məsuliyyətli yolda bizimlə bir addımlayan, əməkdaşlıq edən bütün dostlarımıza dərindən təşəkkür edirik. Dəyərli jurnalistimiz Məhəmməd Nərimanoğluna, şair-tədqiqatçı Yusif Hüseynə və bizimlə yaxından əməkdaşlıq edən digər dostlarımıza çox sağ olun, deyirik. Dəlidağ.az-ın yaşamasında, oxunaqlı olmasında, tariximizin əbədiliəşdirilməsində onların da böyük rolu oldu. Və inanırıq ki, bu əməkdaşlıq bundan sonra da davam edəcək.
Şair Qurban dəryasından su içən, Dədə Şəmşir ocağından köz götürən, Məmməd Aslan sözündən şirə çəkən, Ənvər Rza poeziyasından dadan, Bəhmən şeiriyyətinə üz tutan, Sücaət, Şamil Əsgərov, Əyub, Yaqub Cabbarov qardaşlarının yaradıcılığından bəhrələnən Dalidağ bundan sonra da bənzərsiz poeziya nümunələri ilə oxucularının zövqünü oxşayacaq. Bir illik fəaliyyət dövründə yeni nəsil Kəlbəcər şairlərindən, Famil Müseyibov, Vaqif Hüseynoğlu, Nəsib Nəbioğlu, Yusif Hüseyn, Əlövsət Saldaş, Zərraf Təhməzoğlu, Xəqani Həbiboğlu, Namiq Dəlidağlı, Nadir Məmmədli, Elşən Əzim, Ələmdar Cabbarlı, Daşqın Milli, Nuridə Misir, Eyvaz Əyyub və digərlərinin yazılarına səhifələrimizdə yer verdik. Və bu davam edəcək...
"Aşıq Şəmşir Mədəniyyət Ocağı" İctimai Birliyi ilə də əməkdaşlığımız oldu bu bir il ərzində, birliyin gördüyü işlər, keçirdiyi sosial-mədəni aksiyalar, tədbirlər haqqında mütəmadi yazılar, məlumatlar yer aldı səhifələrimizdə.
Dəyərli alimlərimiz İlham Məmmədli, Ramiz Nəcəfli elmi məqalələri, vəkil Əziz Qənbər haqqa, soydaşlarımızın problemlərinin həllinə səsləyən çağırışları, ictimai fəal Ramiz Abışov vətəndaş mövqeyini sərgiləyən yazıları ilə yanımızda oldular çalışmağa başladığımız gündən.
Qarabağ qazisi Elşad Kəlbəcərlinin və onlarla digər həmyerlimizin sosial problemlərinin həll olunmasında, haqq səslərinin aidiyyəti orqanlara çatdırılmasında köməyimizi əsirgəmədik. Seçki ərəfəsində kəlbəcərli namizədlərə təbliğatları üçün təmannasız imkan yaratdıq.
Saytın təsisçisi, sözə Dəlidağ ucalığı qədər dəyər verən Namiq Dəlidağlı təmannasız xidməti və yorulmazlığı ilə biz əməkdaşlara da örnək oldu. Ən xırda detalları belə nəzərindən qaçırmayan N.Dəlidağlının yüksək məsuliyyət hissini, tələbkarlığı ilə yanaşı, işə necə can yandırdığını görməmək mümkün deyil. Düşünürəm ki, bütün bunlar şəxsi keyfiyyət olmaqla bərabər, həm də ucalığa xələl gətirməmək, adını yaşatmağa çalışdığı dağa layiq olmaq istəyidir. Və bütün bunların fövqündə yurd sevgisi, Dəlidağa, Kəlbəcərə bağlılıq dayanır.
Dalidag.az vətənimizin dilbər guşəsi Kəlbəcərimizin zəngin təbiəti, adət-ənənələri, eləcə də arif, aqil insanlarının yaradıcılığı, deyimləri, barədə yazılara bundan sonra da öz səhifəsində geniş yer verəcək. Bu bir il ərzində bacardığımızı etdik, xidmətimizin davamı olaraq, bütün failiyyətimizi genişləndirib, növbəti illərdə də yorulmadan çalışmaqdır məqsədimiz.
Təssüflər olsun ki, bu gün mənən əzəmətinə, vüqarına söykəndiyimiz Dəlidağ adlı dağımız girovluqdadı, düşmən nəzarətindədi. Bu ad bizim üçün çox müqəddəsdi və inşallah tezliklə hələki ruhumuzun, xəyallarımızın zirvəsində dolaşdığı, vüqarıyla, əzəmətiylə yolumuzu gözləyən Dəlidağımıza qovuşacağıq. Son günlər cəbhədə baş verən hadisələr, ordumuzun zəfər yürüşü arzumuzun gözlədiyimizdən də tez gerçəkləşəcəyinə əminlik yaradır.
P.S. Bu gün həm də dəyərli ziyalımız Namiq Dəlidağlının doğum günüdür. Yarım əsrə qovuşur söz keşikçisinin yaşı. Şərəfli ömrünün 30 ilini sözə, ədəbiyyata həsr edən sayt rəhbərinin doğum günü 49 il 29 sentyabrda qeyd olunub. Bu ilki doğum gününü - 50 illik yubileyini isə rəsmi sənədə uyğun olaraq və son hadisələrlə əlaqədar 01.11.2020- ci il tarixə ertələyib.
Sevinc QƏRİB
Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 29-09-2020 15:35
Baxış sayı: 21 116
Yazı axını
28 / 12 / 2024
28 / 12 / 2024
27 / 12 / 2024
26 / 12 / 2024
26 / 12 / 2024
25 / 12 / 2024
25 / 12 / 2024
24 / 12 / 2024
23 / 12 / 2024
23 / 12 / 2024
23 / 12 / 2024
22 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
20 / 12 / 2024
17 / 12 / 2024
16 / 12 / 2024
14 / 12 / 2024
14 / 12 / 2024
13 / 12 / 2024
13 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
Ən çox oxunanlar