Reklam
Əliyevin Putinlə telefon danışığına dair ilginc şərhlər
15-08-2020 10:12
“İlk dəfə idi ki, Azərbaycan prezidenti Rusiya liderinə bu cür iradlar səsləndirib...”
“Azərbaycan uzun müddətdir ki, xarici siyasətdə balansı qorumaqla yanaşı, Rusiya və İranla münasibətdə daim mehriban qonşuluq siyasətinə üstünlük verməkdədir”.Dalidag.az bildirir ki, prezident yanında Dövlət İdarəçilik Akademiyasının baş müəllimi, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov bu fikirləri dövlət başçısı İlham Əliyevin rusiyalı həmkarı Valdimir Putinlə son telefon danışığını “Yeni Müsavat”a şərh edərkən söyləyib.
Qeyd edək ki, avqustun 12-də Azərbaycan prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinə zəng edib. Prezidentin Mətbuat Xidmətinin yaydığı məlumata görə, İlham Əliyev Putinə iyulun 12-16-da Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistanın törətdiyi təxribat barədə məlumat verib, İrəvanın növbəti təcavüzü nəticəsində Azərbaycanın hərbi qulluqçularının və bir mülki şəxsimizin həlak olduğunu vurğulayıb. İşğalçı Ermənistanın bu hücumunun əsas məqsədinin üçüncü tərəfləri münaqişəyə cəlb etmək olduğunu söyləyib. Dövlət başçısı habelə sərhəddə toqquşmalar bitəndən sonra, iyulun 17-dən indiyədək Rusiyadan Ermənistana hərbi təyinatlı yüklərin daşınmasının intensiv xarakter almasının Azərbaycan ictimaiyyətində narahatlıq və ciddi suallar doğurduğunu Rusiya liderinin diqqətinə çatdırıb. Hərbi toqquşmadan dərhal sonra Rusiyadan Qazaxıstan, Türkmənistan və İranın hava məkanından istifadə edərək bu günədək Ermənistana daşınan hərbi təyinatlı yüklərin həcminin 400 tondan artıq olduğunu və telefon zənginin əsas məqsədinin də bu məsələnin aydınlaşdırılması olduğunu qeyd edib.
Zaur Məmmədov
Göründüyü kimi, kifayət qədər detallı məlumatlardan söhbət gedir. Tovuz hadisələri zamanı Ermənistana silah göndərən Serbiya və İordaniya, həmçinin tranzit rolunu oynayan Gürcüstanla XİN məşğul olduğu halda, Rusiya ilə məsələni dövlət başçısı şəxsən özü araşdırmaq qərarına gəlib ki, bu da çox ciddi məqamdır. Azərbaycan hətta beynəlxalq təşkilatlarda Rusiyaya qarşı qəbul olunan sanksiya qərarlarına səs verməyib, üstəlik, sanksiyaya məruz qalan qonşusuna daim dəstəyini ifadə edib. Lakin Ermənistanın xain hücumu zamanı şimal qonşumuz kürəyimizə xəncər saplamağa cəhd göstərib ki, bu da acı təəssüf doğurur.
Politoloq Z.Məmmədov qeyd etdi ki, 2000 -ci illərin əvvəllərindən başlayaraq, Qərb və İsrail ölkəmizdə hərbi bazalar yaratmaq və ərazimizdən İrana qarşı istifadə etməkdə israrlı idilər: “Rusiyaya qarşı da Qərb fondlarının cənub bazasının Azərbaycanda qurulması da istisna deyildi. Lakin prezident İlham Əliyevin apardığı mehriban qonşuluğa əsaslanan siyasi kurs nəticəsində biz heç vaxt qonşularımıza qarşı koalisiyalarda yer almadıq və bundan sonra da almayacayıq. Lakin təəssüflər olsun kı, biz İran və Rusiyadan münaqişənin həlli ilə bağlı heç bir real addımlar görməməkdəyik. Real addım işğalçı ilə işğalçı dilində danışmaq, işğalçıya iqtisadi və hərbi dəstək verməməkdir. Ən azı, bu dövlətlər Azərbaycanı və Ermənistanı meydanda təkbətək qoysunlar. Tovuz hadisələri zamanı Rusiyanın 400 ton silahı Ermənistana ötürməsi, İranın isə məlum davranışı onu deməyə əsas verir ki, Azərbaycanın Ermənistanın təxribatlarından qorunması üçün Türkiyə ilə fəal hərbi əməkdaşlığına ehtiyac var. Qısacası, bizə ayrı seçim şansını qoymurlar. Rəsmi Bakını Türkiyə bazalarının Azərbaycanda yerləşdirilməsinə təhrik edirlər”.
Politoloqun sözlərinə görə, müdafiə nazirimizin verdiyi bəyanat və Türkiyə hərbçiləri ilə intensiv dialoq onu deməyə əsas verir ki, iki tərəf arasında mühüm razılaşmalar var: “Ermənistanın havadarları agah olsunlar kı, bundan sonra öz geosiyasi maraqlarına görə Azərbaycana təzyiq edə bilməyəcəklər. Beynəlxalq hüquq çərçivəsində Azərbaycanın maraqlarını nəzərə almayanlar və Bakıya diktə etməyə çalışanlar bundan sonra Azərbaycanda Türkiyə hərbi varlığı ilə barışmalı olacaqlar”.
Elxan Şahinoğlu
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə hesab edir ki, Türkiyə-Azərbaycan hərbi əməkdaşlığını diqqətlə izləyən ölkələrin başında Rusiya gəlir: “Kremlin keçmiş illərdə olduğu Türkiyə-Azərbaycan hərbi təlimlərinə qarşı bəyanatı olmadı. Ancaq Rusiya mediasında yayımlanan yazılardan hiss olunurdu ki, Moskva prosesi diqqətlə izləyir. Bu mənada prezident İlham Əliyevin avqustun 12-də Rusiya prezidenti Vladimir Putinə zəng etməsi təsadüfi deyildi”.
Politoloq qeyd etdi ki, bu telefon danışığında Azərbaycan prezidenti Rusiyanın himayə etdiyi Ermənistanın təxribatlarını bir-bir Putinin diqqətinə çatdırıb: “Birincisi, İlham Əliyev deyib ki, iyulun 12-16-da Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistanın törətdiyi təxribat və təcavüz aktı nəticəsində Azərbaycanın hərbi qulluqçuları və bir nəfər mülki şəxs həlak olub. İlham Əliyev ayrıca, Ermənistan silahlı qüvvələrinin sərhəd boyunca kəndləri və yaşayış məntəqələrini artilleriya atəşinə tutması nəticəsində bir çox evlərin dağıldığını və yararsız hala düşdüyünü bildirib. İkincisi, İlham Əliyev Ermənistanın təxribatının məqsədini Putinin diqqətinə çatdırıb: ”Ermənistanın hərbi hücumunun əsas məqsədi üçüncü tərəfləri Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etmək olub".
Yəni prezident demək istəyib ki, Ermənistan Rusiyanın müdaxiləsini istəyib. Üçüncüsü, dövlət başçısı Ermənistan-Azərbaycan sərhədində baş vermiş toqquşmalardan sonra, iyulun 17-dən bu günə kimi Rusiyadan Ermənistana hərbi təyinatlı yüklərin daşınmasının intensiv xarakter almasının Azərbaycan ictimaiyyətində narahatlıq və ciddi suallar doğurduğunu Rusiya prezidentinin diqqətinə çatdırıb: “Ermənistan-Azərbaycan sərhədində baş verən hərbi toqquşmadan dərhal sonra Rusiyadan Qazaxıstan, Türkmənistan və İran İslam Respublikasının hava məkanından istifadə edərək bu günə qədər Ermənistana daşınan hərbi təyinatlı yüklərin həcmi 400 tondan artıq olub və bu məsələ aydınlaşdırılmalıdır”. İlham Əliyevin Vladimir Putinə telefon zənginin əsas səbəbi məhz üçüncü bəndlə bağlıdır. Azərbaycan prezidenti faktiki rusiyalı həmkarına Rusiyanın Ermənistana hərbi dəstəyindən narazılığını açıq şəkildə bildirib".
Siyasi analitikin sözlərinə görə, ilk dəfədir ki, Azərbaycan prezidenti rusiyalı həmkarıyla telefon danışığı zamanı bu cür iradlar səsləndirib: “Azərbaycan prezidentinin rusiyalı həmkarına telefon zənginin Türkiyənin müdafiə nazirinin Bakıda olması gününə təsadüf etməsi həm də Kremlə mesajdır ki, ”Rusiyanın Ermənistana hərbi dəstək siyasəti rəsmi Bakıya Türkiyə ilə hərbi-strateji müttəfiqliyi üst səviyyəyə qaldırmaqdan başqa yol qoymayıb".
Ekspert dedi ki, prezident İlham Əliyev kimliyindən asılı olmayaraq növbəti dəfə hər kəs üçün xarici siyasətdə onun əsas prinsipinin nə olduğunu bəyan etmiş oldu - Azərbaycan xalqının və dövlətinin maraqları ilə hesablaşmağın vacibliyini: “Əgər kimlərsə özünü Azərbaycana dost və tərəfdaş dövlət adlandırırsa o zaman, bunu əməldə sübut etməlidirlər. Ələlxüsus, Rusiya və İran kimi qonşularımız Ermənistanla münasibətlərində işğal faktoruna diqqət yetirməlidirlər. Bölgədəki sabitlik və əmin-amanlıq üçün mehriban qonşuluq siyasəti vacibdir”.
Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 15-08-2020 10:12
Baxış sayı: 4442
Yazı axını
27 / 12 / 2024
26 / 12 / 2024
26 / 12 / 2024
25 / 12 / 2024
25 / 12 / 2024
24 / 12 / 2024
23 / 12 / 2024
23 / 12 / 2024
23 / 12 / 2024
22 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
20 / 12 / 2024
17 / 12 / 2024
16 / 12 / 2024
14 / 12 / 2024
14 / 12 / 2024
13 / 12 / 2024
13 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
Ən çox oxunanlar