Azərbaycanda dərslər bu ayda başlayacaq— RƏSMİ

05-06-2020 14:50
Azərbaycan ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin fəaliyyətə başlayacağı tarix dəqiqləşib.
Dalidag.az xəbər verir ki, bu barədə baku.ws-in sorğusuna cavab olaraq Təhsil Nazirliyindən məlumat daxil olub.
Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov baku.ws-ə bildirib ki, dərslərin bu ilin sentyabr ayında başlaması nəzərdə tutulub: "Nazirlər Kabineti bundan əvvəl qərar vermişdi ki, tədris və təlim-tərbiyə prosesi mayın 31-dək dayandırılsın. Buna qədər bir neçə müddətdə oxşar qərarlar qəbul olunmuşdu. İlk qərar martın 3-dən 9-dək verilmişdi, daha sonra mərhələli şəkildə Operativ Qərargah bu müddəti uzatmışdı.
Sonuncu verilən qərar isə bununla bağlıdır ki, mayın 31-dən iyunun 14-nə qədər, yəni tədris ilinin sonuna qədərki müddətlə bağlı bir qərara ehtiyac var idi. Operativ Qərargah belə qərar verdi ki, proses tədris ilinin sonuna qədər dayandırılacaq. Bu, sadəcə prosedur bir qərardır, yəni müddəti tamamlamaq üçün olan qərardır. Tədris ilinin sonu təqvim ilinin sonu demək deyil.
Dərslərin bu ilin sentyabr ayında başlaması nəzərdə tutulub. İndidən dəqiq günü demək mümkün olmasa da, sentyabr ayında başlayacaq. Yeni tədris ili ilə bağlı tətbiq olunacaq qaydalarla bağlı isə tədris müddəti başlayanda məlumat veriləcək".
Qeyd edək ki, Baş Nazir Əli Əsədov ötən gün Azərbaycan ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin dayandırılması barədə sərəncam imzalayıb. Azərbaycan ərazisində yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə qanunvericiliklə müəyyən edilmiş xüsusi karantin rejiminin qaydalarına riayət olunmaqla, təhsilalanların qiymətləndirilməsi (attestasiyası), uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu ilə bağlı imtahan və müsahibələr, müxtəlif arayış və sənədlərin verilməsi ilə bağlı vətəndaş müraciətlərinin qəbulu, tədris və təlim-tərbiyə prosesi ilə birbaşa əlaqəsi olmayan digər tədbirlər istisna olmaqla, 2019-2020-ci tədris ilinin sonunadək Azərbaycan ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılsın və bununla bağlı bütün tədbirlər təxirə salınıb.
Təhsil Nazirliyi, tabeliyində təhsil müəssisələri olan digər icra hakimiyyəti orqanları və dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər bu Sərəncamın 1-ci hissəsinin icrası ilə bağlı zəruri tədbirlərin görülməsini təmin etmələri tapşırılıb.

Dalidag.az



Kateqoriya: Sosium
Tarix: 05-06-2020 14:50
Baxış sayı: 4692
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını