Aksiyanın bir ayı - Laçın yolundakı etirazlar nəyi dəyişdi?

11-01-2023 10:30


Aksiyanın bir ayı - Laçın yolundakı etirazlar nəyi dəyişdi?

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası davam edir. Ötən ilin dekabrın 12-də səhər saatlarından başlayan aksiyanın 31-ci günüdür.
 

Havanın qarlı və şaxtalı olmasına baxmayaraq, aksiya iştirakçıları yüksək fəallıq nümayiş etdirərək, “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!”, “Берегите природу!”, "Экоциду нет! Мониторингу да!” şüarlarını səsləndirirlər.
 
Ötən gün yerli telekanallara müsahibə verən Prezident İlham Əliyev Xankəndi-Laçın yolundakı aksiyaya münasibət bildirib. Dövlət başçısı deyib ki, Laçın-Xankəndi yolunda etiraz aksiyası keçirən gənclər bizim fəxrimizdir:
 
“Gecə-gündüz şaxtalı-qarlı havada oradadırlar, öz haqlarını tələb edirlər və bir daha Azərbaycan gəncinin nə qədər yüksək keyfiyyətlərə malik olmasını bütün dünyaya göstərirlər”.
 
Azərbaycanın məqsədinin blokada olmadığını vurğulayan dövlət başçısı bildirib ki, bizim tələblərimiz tam ədalətlidir: “Monitorinq, təftiş, qanunsuz istismarın dayandırılması tələb edilir və biz buna nail olacağıq. Ona görə Laçın-Xankəndi yolunda baş verən hadisələrə blokada demək, sadəcə olaraq, insafsızlıqdır”.
 
Bəs, bir ayını geridə qoyduğumuz aksiyalar məqsədinə çatdımı?
 

 
Dalidag.az xəbət verir ki, mövzu ilə bağlı modern.az-a danışan sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli bildirib ki, aksiya Azərbaycanın suverenliyindən əl çəkməyəcəyini bir daha bütün dünyaya göstərdi:
 
“Ekofəalların, könüllülərin Şuşa-Xankəndi yolundakı aksiyasını yüksək dəyərləndirirəm. Artıq 31 gündür ki, davam edən aksiya bu müddət ərzində Azərbaycan xalqının dəmir iradəsini ortaya qoydu. Bundan əlavə, Azərbaycandakı vətəndaş cəmiyyətinin prinsipial mövqeyini ortaya qoyan aksiya həm də Ermənistana və Qarabağdakı separatçılara göstərdi ki, Azərbaycan ərazi bütövlüyündən və suverenliyinin təmin edilməsindən bir addım belə geri çəkilməyəcək. Beynəlxalq təşkilatlara mövqeyimiz məlum oldu.
 
Aksiyada artıq müəyyən nəticələr əldə edilib. Belə ki, Qarabağdakı faydalı qazıntı yataqlarının xarici şirkət tərəfindən istismarı dayandırılıb. Eyni zamanda sülhməramlılar bu aksiyadan öz dərsini aldı. Yolu özləri bağlayıb və məsuliyyəti öz üzərlərinə götürüblər. Humanitar yüklər üçün yolun açıq olduğu etiraf edilib. Bir sözlə, aksiyanı uğurlu hesab etmək olar”.
 

Politoloq hesab edir ki, dinc aksiya yumşaq gücün əyani göstəricisidir:
 
“Mən güman edirəm ki, bu yumşaq güc vasitəsilə Azərbaycan suverenliyinin təmini ilə bağlı qarşısına qoyduğu məsələlərin böyük hissəsinə nail olacaq, öz əraziləri üzərində suverenliyini təmin edəcək. Ərazilərində separatçıların tör-töküntülərinin qalmasına imkan verməyəcək”.
 
Q.Hüseynlinin fikrincə, aksiya hələ müəyyən müddət ərzində davam etməlidir:
 
“Demək olar ki, aksiya öz məqsədinə çatıb. Bundan sonrakı addımları hökumət qüvvələri, siyasi qüvvələr həll etməlidir. Bu istiqamətdə addımların atılmasına hazırlıq gedir. Vətəndaş cəmiyyəti nümayəndələrinin aksiyaları davam etdirməsi ilə yanaşı, qeyri-rəsmi danışıqlar və qeyri-rəsmi görüşlər də gedir. Qarabağ erməniləri arasında Azərbaycana maraq göstərənlərin sayı da artmaqdadır. Düşünürəm ki, aksiya iştirakçılarının tələbləri və sərgilədikləri mövqe danışıqlar masasında qəbul ediləcək. Bununla Azərbaycan növbəti dəfə diplomatik müstəvidə üstünlük qazanacaq”.

 Dalidag.az




Kateqoriya: Qarabağ
Tarix: 11-01-2023 10:30
Baxış sayı: 3165
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını