Zaur Cəfərovla indi bütün Azərbaycan qürür duyur - ŞƏHİDİMİZİN ANIM GÜNÜDÜR

10-10-2022 19:54

2018- ci il iyun ayının son günləri idi. İnternetdən Azərbaycan Prezidenti cənab İlham Əliyevin Zaur Hüseyn oğlu Cəfərovu döyüşdə rəşadət və qəhrəmanlıq göstərdiyinə görə təltif etdiyi barədə məlumat aldım. 
Telefonunu öyrənib təbrik etdim. (Mən onu Başlıbelin işğalından sonra görməmişdim. Uşaqlıqda çox istiqanlı, sevilən təbiətə malik bir oğlan idi. Bacısının müəllimi idim. Bizim Şordərə məhəlləsində hamı birevli kimi idi, mehriban idi,  Zaur kimi balaları  da mübaliğəsiz, hamı öz balası kimi sevirdi...).
 Məni tanıdı, təşəkkür etdi. Onu Bakıya, evimə dəvət etdim: "Şəhərə gələn kimi xəbər ver, qulluğunda olum. Fəxrimizsən!".
Təvazökarlıqla imtina etdi:"Yaxın zamanda mən Sizi Başlıbelə aparacağam, orada bir-birimizi təbrik edərik. Darıxmayın, müəllim!". Qısa, ancaq öləzimiş ümidlərə yenidən həyat verən təmkinli, döyüşlərdə bərkimiş, mətinləşmiş bir sərkərdə ilə söhbətdən kövrəlmişdim. Düz-əməlli sağollaşa da bilmədim...               
Şəhidlik zirvəsinə yüksələn əziz eloğlumuz qəhrəman komandir Zaur Cəfərovla indi bütün Azərbaycan qürür duyur. O, bütün əsrlərin oğlu kimi Azərbaycan tarixinə öz qəhrəman adını qızıl qanı ilə əbədi həkk etmişdir. 
Ruhu şad olsun!

Hüseyn Şahbəndəyev



P.S. Polkovnik-leytenant  Zaur Hüseyn oğlu Cəfərov 04.03.1980-ci ildə Kəlbəcər rayonunun Başlıbel kəndində anadan olub. İbtidai təhsilinə 1986-ci il indiki şəhid Namiq Əbdüləliyev adına Başlıbel kənd orta məktəbində başlayıb. 2 aprel 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən Kəlbəcər rayonunun işğal olunması nəticəsində məcburi olaraq ailəsi ilə birlikdə əvvəlcə Qax rayonuna, sonra isə Bakıya köçüb. Orta təhsilini 1997-ci ildə Qaradağ rayonu Qızıldaş qəsəbəsində, indi şəhid Azər Namazovun adını daşıyan orta məktəbdə başa vurub. 1997-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olub. 2001-ci ilə qədər ali hərbi məktəbdə təhsil alıb.

O, Vətən müharibəsində göstərdiyi igidlik və qəhrəmanlıqlara görə “Vətən uğrunda”, “İgidliyə görə”, “Hərbi xidmətlərə görə” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Polkovnik-leytenant Zaur Cəfərov 2020-ci il oktyabrın 9-dan 10-a keçən gecə  Ağdərə istiqamətində gedən şiddətli döyüşlər zamanı düşmənin hücum cəhdinin qarşısını alarkən minaya düşərək həlak olub. 
Şəhidimiz ailəli idi. 3 övladı Vətənə əmanətdir.

Allah rəhmət eləsin!

Dalidag.az






Kateqoriya: Qarabağ
Tarix: 10-10-2022 19:54
Baxış sayı: 3420
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını