Dörd ayın əsgəri gənc sayılır?

04-08-2022 17:23

Ötən gün Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərinin qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən intensiv atəşə tutulması nəticəsində əsgər Kazımov Anar Rüstəm oğlu aldığı güllə yarasından şəhid olub.


Şəhid Anar Kazımovun 4 ayın əsgəri olması sosial şəbəkədə ciddi müzakirələrə səbəb olub. Belə ki, istifadəçilər dörd ayın əsgərinin hələ hərbi təcrübəsinin az olduğunu, onun Azərbaycan ordusunun ön mövqelərində xidmət aparmalı olmadığını bildirirlər. Bəs görəsən bununla bağlı hərbi ekspertlər nə düşünür? 
Dalidag.az bildirir ki, qafqazinfo məsələ ilə bağlı hərbi ekspertlər Alp Arslan İmamqulu və Şair Ramaldanovun fikirlərini öyrənib.
Alp Arslan İmamqulu qeyd edib ki, hərbi xidmət keçmək haqqında əsasnamədə kimin harada və necə xidmət aparacağına dair hər hansı bir müddəa yoxdur: "Ona görə də xidmətə cəlb olunan şəxslər qanunvericiliyə uyğun olaraq xidmət keçmək üçün müəyyən istiqamətlərə göndərilə bilər. Allah şəhidimizə rəhmət etsin. Şəhidlər daima diridir. Onlar müqəddəsdir. Torpağı vətən edən məhz şəhidlərimizdir. Bu gün hərbi xidmət keçərkən müxtəlif səbəblərdən (qəza nəticəsində, özünəqəsd, ehtiyatsızlıqdan və s.)  dünyasını dəyişənlər olub. Bu gün bizim şəhidimiz bölgədə olan silahlı qruplaşmaların törətdiyi cinayət nəticəsində şəhid olub. Şəhidlik mərtəbəsi çox yüksək və alidir".
Hərbi analitik vurğulayıb ki, şəhid Anar Kazımovun xidmət keçdiyi yer ön xətt olmayıb: "Azərbaycanın daxili ərazisidir. Bu, bir terror aktıdır. Terror aktı Laçında, Kəlbəcərdə, Ağdamda, Füzulidə, Bakıda və ya Şəkidə hər yerdə olabilər. Anarın xidmət keçdiyi bölgədə hazırda qayıdış planı çərçivəsində inşaat işləri gedir, logistika fəaliyyətləri həyata keçirilir. Həmin bölgələrdə Azərbaycan Ordusu ilə yanaşı DİN və digər qurumların hərbi qulluqçuları da xidmət edirlər.  Onlar təhlükəsizliyimizin təminatçısı olaraq müqəddəs vəzifəni yerinə yetirirlər".

Ekspert vurğulayıb ki, bu günlərdə yeni hərbi xidmətə qatılan şəxsin Laçında, Kəlbəcərdə və digər ərazilərdə xidmət keçməsinə dair müzakirələrin aparılması yanlışdır: "Cəmiyyətdə gənc və ya köhnə əsgərlərə dair çox yanlış müzakirələr aparılır. Hərbi qulluqçuların müəyyən xidmət yolu var və təməl hazırlıqları keçdikdən sonra xidmət yerlərinə göndərilirlər. Yerindən asılı olmayaraq istənilən ərazilərimizdə təhlükəsizliyi və əsayişi təmin etmək üçün Ordumuz və digər müvafiq qurumlar xidmət aparırlar. Onların cavabdehlik bölgələrində hər hansı bir cinayət vəya terror aktı törədilirsə mütləqdir ki, qətiyyətli cavabı olacaqdır".
Hərbi ekspert Şair Ramaldanov isə qeyd edib ki, sosial şəbəkədə bu tip müzakirə aparan şəxslərin özləri bilmir ki, gənc əsgər kimə deyirlər: "Dörd ay hərbi xidmətdə olan şəxs gənc əsgər hesab edilmir. Bu təkcə bizdə deyil, bütün ölkələrdə belədir. Ümumiyyətlə Azərbaycan ordusunda əsgərlərimiz üç ay müddətdən sonra öz vəzifələrini icra edirlər. Bu üç ay ərzində onlar gənc əsgər kimi sayıla bilər. Nəzərə alsaq ki, ali məktəbi bitirən çağırışçılarımız bir il hərbi xidmət keçməlidir. Əgər dörd ay ərzində o gənc əsgərdirsə, onda əsgər nə vaxt olacaq? Yəni bu bir az məntiqsiz yanaşmadır.


Kateqoriya: Qarabağ
Tarix: 04-08-2022 17:23
Baxış sayı: 4241
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını