Erməni terroru-Ballıqaya faciəsi: 6 aylıq körpə, 93 yaşlı qadın... - Açıqlama

28-08-2021 16:21

Azərbaycan xalqı uzun 10 illiklər ermənilərin terroruna, törətdikləri qırğınlara, soyqırım və işğal siyasətinə məruz qalıb. Xalqımızın heç zaman unutmayacağı erməni vəhşiliyindən biri də qan yaddaşımıza çevrilən Ballıqaya faciəsidir. 1992-ci ilin yay aylarında Laçın rayonundan qaçqın düşmüş və Azərbaycanın müxtəlif bölgələrində məskunlaşmış, yaxın qohumluq münasibətləri olan altı ailə heyvandarlıq üçün əlverişli olan Goranboy rayonunun Ballıqaya kəndində məskunlaşmışdı. 18 may 1992-ci il tarixində Ermənistan silahlı birləşmələri tərəfindən Laçın rayonu işğal edildikdən sonra rayonun əhalisi Azərbaycanın müxtəlif bölgələrində məcburi köçkün həyatı yaşamağa məcbur oldu. Heyvandarlıqla məşğul olan rayon sakinləri daha çox bu fəaliyyət növü üçün əlverişli olan Beyləqan, Bərdə, Goranboy və digər ətraf ərazilərdə məskunlaşdı. 1992-ci ilin avqust ayında Ballıqaya kəndində çadırda məskunlaşan Laçın rayon sakinləri də buraya bu məqsədlə gəlmişdi.

Dalidag.az xəbər verir ki, bunu teleqraf.com-a Milli Məclisin deputatı Aqil Məmmədov deyib.
O qeyd edib ki, tarixdə Ballıqaya qətliamı kimi tanınan hadisə 1992-ci ilin avqust ayının 28-də səhər saat 5 radələrində erməni vəhşiləri tərəfindən törədilib: “Hadisə günü Ermənistan ordusunun 10-12 nəfərdən ibarət diversiya qrupu əraziyə daxil olaraq 24 nəfər dinc azərbaycanlını amansızlıqla qətlə yetirib. Qətlə yetirilən və ağır bədən xəsarəti alan şəxslərin hamısı heyvandarlıqla məşğul olan mülki şəxslər, çobanlar və onların ailə üzvləri olub.
Erməni diversiya dəstəsi Ballıqayada çadırlarda məskunlaşan dinc əhali gülləbaran edib. Qətlə yetirilənlər arasında azyaşlılar, qadınlar və uşaqlar çoxluq təşkil edib. Belə ki, qətliamda altı uşaq və 13 qadın amansızlıqla qətlə yetirilib. Uşaqlardan ən böyüyünün 12, ən kiçiyi isə cəmi 6 aylıq olub.
Bundan əlavə, qətlə yetirilən 24 nəfərdən altısı yaşlı şəxs idi. Onlardan ən böyüyü 93 yaşında qadın olub. Onlar xüsusi amansızlıqla, iriçaplı atıcı silahlardan atılan atəş nəticəsində qətlə yetirilib. Həlak olmuş şəxslərin bəzilərinin meyitləri ermənilər tərəfindən yandırılıb”.
Aqil Məmmədov söyləyib ki, erməni quldurları Ballıqayada üzərində heç bir silah olmayan, özünü müdafiə etmək imkanlarından məhrum dinc sakinlərə amansızlıqla hücum ediblər: “Qana susamış qatillər Qaradağlı, Xocalı, Ağdaban, Başlıbeldə olduğu kimi Ballıqayada da öz iyrənc xislətini, Azərbaycan xalqına qarşı kinini ortaya qoyub”.
Millət vəkilinə görə, tarix göstərir ki, ermənilər üçün heç bir müqəddəs anlayış, hörmət və ehtiram göstərdikləri heç bir məfhum yoxdur: “Azərbaycan xalqı Ballıqaya faciəsi, Xocalını, Qaradağlını, Ağdabanı, Başlıbeldə ermənilərin törətdiyi cinayətləri heç vaxt unutmayacaq. 44 günlük Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi altında güclü Azərbaycan ordusu düşmənə döyüş meydanında layiq olduğu cavabı verdi.
10 illiklər xalqımızın ermənilər tərəfindən başına gətirilən müsibətlərin qısası elə döyüş meydanında da alındı. Bu gün xalqımız qalib kimi düşmənin başımıza gətirdiyi müsibətləri də unutmur”.

Dalidag.az



Kateqoriya: Qarabağ
Tarix: 28-08-2021 16:21
Baxış sayı: 3256
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını