Reklam
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının strateji əhəmiyyəti - TƏHLİL
20-08-2021 10:02
Prezident İlham Əliyevin Kəlbəcər və Laçın rayonlarına səfəri zamanı ən mühüm mesajlarından biri də Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması ilə bağlı idi. Dövlət başçısı əslində bir neçə cümlə ilə mühüm məqamlara toxundu. Bunu çıxış həmin hissəsini analiz etdikdə də aydın görmək mümkündür.
“Bildiyiniz kimi, mənim Sərəncamımla 14 iqtisadi rayon yaradıldı. Onların arasında iki iqtisadi rayonun yaradılması diqqət çəkdi – Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradıldı. Hesab edirəm ki, bu da çox düzgün addımdır. Bu, həm tarixə əsaslanır, eyni zamanda, gələcəyə əsaslanır. Çünki, həm Qarabağ, həm Zəngəzur bizim tarixi dədə-baba torpağımızdır. Qarabağ iqtisadi rayonunda bütün Qarabağ bölgəsinə aid olan rayonlar birləşdi. Şərqi Zəngəzur iqtisadi rayonunda Şərqi Zəngəzura aid olan rayonlar birləşdi. Qərbi Zəngəzur isə hazırda Ermənistanın nəzarəti altındadır. Ancaq Zəngəzur dəhlizinin çəkilişi nəticəsində əlbəttə ki, biz bu dəhlizdən istifadə edib öz vətəndaşlarımızı dədə-baba torpaqlarımıza qaytaracağıq. Belə planlar var və bu da təbiidir. Çünki bizim vətəndaşlar indiki Ermənistan ərazisindən, təkcə Zəngəzur mahalından yox, Göyçə mahalından da, - bura ilə həmsərhəddir, - zorla qovulmuşlar və onların tam haqqı var ki, gedib öz dədə-baba torpaqlarında yaşasınlar. Biz bunu sonrakı mərhələyə saxlayırıq”.
Azərbaycan liderinin son proseslər fonunda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması ilə bağlı Fərmanını yenidən xatırlatması təsadüfi deyildi.
Birincisi, Prezident Rusiya sülhməramlılarının müvəqqəti dislokasiya olunduğu ərazilərin Azərbaycanın suveren ərazisi olduğunun mesajını növbəti dəfə verdi. Çünki son günlər Rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləri ərazilərdə xoşagəlməz fəaliyyəti, erməni separatçılarına şəraitin yaradılması, Ermənistandan yeni şəxsi heyət və silahların Laçın dəhlizindən maneəsiz keçidini təmin etməsi müşahidə olunur. Prezident məhz bu mesajı ilə həmin ərazilərin Azərbaycan torpağı olduğunu və bunun hüquqi bazasının yaradıldığını açıqladı.
İkincisi, Şərqi Zəngəzur iqtisadi rayonunun yaradılmasına toxunmaqla Azərbaycanın tarixi torpağı olan Qərbi Zəngəzurun Ermənistan nəzarətində olduğu faktını gündəmə gətirdi. Prezident açıq şəkildə bəyan etdi ki, tarixi torpaqlara qayıdış planı mövcuddur. Bu o deməkdir ki, Azərbaycan 100 il öncə Ermənistana verilən tarixi torpaqlarından əl çəkməyəcək və azərbaycanlıların Zəngəzur və Göyçə mahalına, öz ata-baba yurdlarına qayıtması istiqamətində konkret addımlar atacaq.
Bunların fonunda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması tarixi addım hesab oluna bilər.
Prezident İlham Əliyevin 7 iyul 2021-ci il tarixli “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” fərmanı ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları da yaradıldı. Bu fərmanın mühüm strateji hədəfləri var.
Qarabağ iqtisadi rayonuna Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları daxil edilib. Bu, sülhməramlıların müvəqqəti nəzarətində olan Xankəndi, Xocalı və Xocavənd rayonu ilə bağlı müharibədən sonra ilk rəsmi qərar qəbul olundu və bu fərman ən vacib məsələyə dair rəsmi qərarın verilməsi hesab oluna bilər: Qarabağın “statusunun” olmayacağı rəsmi sənədlə təsdiq olunur; Xankəndi, Xocalı və Xocavənddə yaşayan ermənilər yalnız Azərbaycan vətəndaşı kimi bölgədə yaşaya bilərlər;
Şərqi Zəngəzur iqtisadi rayonunun yaradılması Azərbaycan dövlətinin Qərbi Zəngəzura qayıdış hədəfinin də rəsmi elan edilməsidir. Prezidentin son çıxışında dediyi “Şərqi Zəngəzur iqtisadi rayonunda Şərqi Zəngəzura aid olan rayonlar birləşdi. Qərbi Zəngəzur isə hazırda Ermənistanın nəzarəti altındadır. Ancaq Zəngəzur dəhlizinin çəkilişi nəticəsində əlbəttə ki, biz bu dəhlizdən istifadə edib öz vətəndaşlarımızı dədə-baba torpaqlarımıza qaytaracağıq. Belə planlar var və bu da təbiidir” sözləri bunu bir daha təsdiqlədi.
Və ən mühüm bu Fərman Rusiya sülhməramlılarının yerləşdiyi ərazilər və Zəngəzura qayıdışla bağlı hüquqi bazanın yaradılmasıdır.
Asif Nərimanlı
Kateqoriya: Qarabağ
Tarix: 20-08-2021 10:02
Baxış sayı: 4348
Yazı axını
23 / 11 / 2024
21 / 11 / 2024
21 / 11 / 2024
20 / 11 / 2024
20 / 11 / 2024
19 / 11 / 2024
17 / 11 / 2024
17 / 11 / 2024
16 / 11 / 2024
15 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
11 / 11 / 2024
11 / 11 / 2024
10 / 11 / 2024
09 / 11 / 2024
09 / 11 / 2024
08 / 11 / 2024
08 / 11 / 2024
07 / 11 / 2024
Ən çox oxunanlar
21-11-2024 15:23