Reklam
Zəfəri bizə yaşadanlardan biri - Cəlil Cavadov
02-08-2021 15:11
Şəhidlər ölməz, Vətən bölünməz!
Uşaqlıqdan ata-anasını itirən kapitan Cəlil Cavadovun döyüş yolları od-alovdan keçib
Vətən üçün doğulanlar ölmür, şəhidlik zirvəsinə ucalırlar. Belə igidlərimiz Qarabağ uğrunda gedən döyüşlərdə bu yolu seçməklə qəhrəmanlıqlarını təsdiq etdilər. İstər birinci, istərsə də ikinci Qarabağ döyüşlərində canını yox, Vətənini yağı düşməndən xilas etməyi düşünən oğullarımız həm də yaralanaraq qaziyə çevrildilər. Ömürlərini Vətənə, torpağa, anaya qurban edənlər isə şəhadətə yüksəldilər. Buna görə də respublikamızın hər bölgəsində qan rəngli qərənfilə bələnmiş şəhid məzarlıqları salındı.
...Analar, bacılar, atalar, babalar, bir sözlə, xalqımız o müqəddəs məkanları - məzarlıqları ziyarət yerinə çevirdilər. Şəhid anaları gizlin-gizlin bu dərdi çəksələr də, oğulları torpaq uğrunda qurban getdiklərindən qamətlərini bükmədilər,ağlasalar da, “təki Vətən yaşasın!”-dedilər.
Elə şəhidlərimiz də oldu ki, onların məzarları üstünə ana əvəzi bacıları gəldilər. Anası olmayan belə oğullardan biri də kapitan Cəlil Ağaddin oğlu Cavadov idi ki, onu uşaqlıqdan böyüdən bacısı Aidə yalnız məzarını ziyarət etməklə təsəlli tapmırdı. O, həm də uşaqlıqdan qardaşına ana qayğısı göstərdiyini xatırlayıb qan-yaş tökürdü...
Cəlil Ağaddin oğlu Cavadov 29 mart 1989-cu il tarixində Lerik rayonunun Xəlifəküçə kəndində anadan olmuş, burada da boya-başa çatmışdı. Digərləri kimi, o da ata-ana qayğısı ilə böyüməmişdi: erkən yaşlarında hər iki valideynini itirmişdi. Adətən, deyirlər ki, uşaqlar gələcəkdə peşə sahibi olmaq üçün xəyallar qururlar. Balaca Cəlil də hərbçiləri görəndə, az qala, geyimlərinə həsədlə baxardı. Ona görə də qəti qərar vermişdi ki, nə olursa-olsun, zabitlik məktəbini oxuyub, komandir olacaq, Vətənə nümunəvi xidməti ilə onu tanıyanları sevindirəcək. Bu istək və arzusunu reallaşdırmaq üçün 2003-cü ildə şəhid Z.Səfərov adına Blaband kənd orta məktəbin 8-ci sinfini bitirərək, C.Naxçıvanski adına hərbi liseyə qəbul oldu.
2006-cı ildə həmin liseyi bitirərək, təhsilini davam etdirmək üçün Heydər Əliyev adına Ali Hərbi Məktəbə qəbul olmuşdur. Ali Hərbi Məktəbi motoatıcı ixtsası üzrə bitirən leytenant Cəlil Cavadov 2011-2015-ci illərdə Ağdam rayonu ərazisində düşmənlə təmas xəttində motoatıcı tağım və sonra bölük komandiri vəzifələrində vətənin keşiyində dayandı. 2015-2020-ci illərdə Bərdə, Qazax, Qaradağ və Qusar rayonlarındakı müxtəlif “N” saylı hərbi hissələrdə vətənə xidmətini davam etdirən Cəlil Cavadov kapitan hərbi rütbəsinə və motoatıcı tabor komandirinin müavini vəzifəsinədək yüksəldi.
O, 27 sentyabr 2020-ci il tarxində tabor komandirinin müavini vəzifəsində Vətən müharibəsinə qoşuldu. Daim vətənpərvərliyi, mərdliyi, igidliyi ilə seçilən komandir Füzuli, Cəbrayıl və Xocavənd rayonlarının işğaldan azad olunmasında misilsiz xidmətlər göstərdi. Hücum əməliyyatlarını yüksək peşəkarlıqla təşkil edən cəsur komandir Füzuli və Cəbrayıl rayonları uğrunda gedən döyüşlərdə dəfələrlə çətin vəziyyətlərə düşsə də, hərbi-taktiki bacarıqları ilə cəbhəni yararaq düşməni geri oturtdu. Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinin azad edilməsi uğrunda başlanan döyüş tapşırığında (27 oktyabr 2020-ci il tarixində) Cütçü kəndi ərazisindəki strateji yüksəkliyin alınması məqsədilə hücum əməliyyatına rəhbərlik edən Cəlil Cavadov düşmən mühasirəsinə düşdü. O, son nəfəsinədək torpaqlarımızın azad olunması uğrunda döyüşərək, düşmənin xeyli sayda canlı qüvvəsini məhv etdikdən sonra qəhrəmancasına şəhid oldu.
Xidməti dövründə Cəlil Cavadov 3-cü dərəcəli “Qüsursuz xidmətə görə” medalı, “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi”, “Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi” yubiley medalları, eləcə də fəxri fərmanlarla təltif edilib.
Təltifləri, əlbəttə, yuxarıda sadalananlar deyil. Şəhid kapitan eyni zamanda Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik göstərdiyinə, vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra o, “Vətən uğrunda”, “İgidliyə görə” və “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad edilməsinə görə” medalları ilə təltif edilib.
Şəhadətin mübarək, Vətən oğlu! Ana Vətənə oğulluq etmək şərəfini yerinə yetirdin! Ananın ruhu şad olsun!
Aygül BAĞIROVA,
Bakı şəhəri, Yeni Azərbaycan Partiyası
Gənclər Birliyinin ictimai fəalı,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Dalidag.az
Kateqoriya: Qarabağ
Tarix: 02-08-2021 15:11
Baxış sayı: 3795
Yazı axını
23 / 11 / 2024
21 / 11 / 2024
21 / 11 / 2024
20 / 11 / 2024
20 / 11 / 2024
19 / 11 / 2024
17 / 11 / 2024
17 / 11 / 2024
16 / 11 / 2024
15 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
11 / 11 / 2024
11 / 11 / 2024
10 / 11 / 2024
09 / 11 / 2024
09 / 11 / 2024
08 / 11 / 2024
08 / 11 / 2024
07 / 11 / 2024
Ən çox oxunanlar
21-11-2024 15:23