Reklam
Rəna Təbəssümün "Yaşayan sevgi"si - Hekayə
18-08-2026 18:20
Rəna TəbəssümDalidag.az Sevinc Qərinin təqdimatında Rəna Təbəssümün hekayəsini təqdim edir:
YAŞAYAN SEVGİ
Dərs ili başa çatırdı. Məktəbdə son zəng gününə hazırlıq işləri görülürdü. Dilruba bu günü səbirsizliklə gözləyirdi. Sinifdəki qızlarla çox da yaxınlıq etməyən bu qızın bütün sirlərini təkcə rəfiqəsi Əfsər bilirdi. Aralarında böyük inam və etibar olan yeniyetmə qızlar artıq müstəqil həyata qədəm qoyurdular. Hərəsi bir istək və sonsuz arzularla yaşayır, xəyalların qanadında zirvələrdə uçur və görünməz olurdu.
Əfsər məktəbdən evə qayıdırdı. Evin tininə çatanda Dilrubanın oğlanla söhbət etdiyini gördü. Kənarda dayanıb uzun qara hörüklərinə sığal çəkə-çəkə maraqla onlara tamaşa etdi. Hər ikisinin üzündə təbəssüm var idi. Onların söhbəti uzandıqca Əfsərin marağı da artırdı. Nəhayət, əl-ələ verib görüşdülər və ayrıldılar. Əfsər də yolunu dəyişib evə getdi. Bir neçə saatdan sonra tab gətirməyib oğlanın kim olduğunu öyrənmək üçün rəfiqəsigilə yollandı. Qapının ağzına çatanda evlərindən gələn səs-küy onu çox narahat etdi. Dilrubanın indiyədək səsini ucadan eşitməyən qız indi onun kiminləsə davasını və qışqırığını eşidirdi. Qapını döymək istədi, ancaq əlini saxladı. Getmək istəyirdi ki, qapı açıldı və Dilruba ayağıyalın çölə çıxdı. Əfsəri görüb təəccübləndi:
- Sən burada nə gəzirsən? Bizə qulaq asırdın? Əfsər çaşqın halda dilləndi:
- Yox, yox... Nə danışırsan? Mən sənin yanına gəlmişəm, qapını döymək istəyirdim, amma döymədim. Sonra da belə...
Dilruba sinif yoldaşının yanında özünü günahkar sayırmış kimi başını aşağı saldı və
ağlamağa başladı. Qapı yenə açıldı. Bu dəfə çölə çıxan anası Zibeydə idi. Qızlar onu görcək əl-ələ verib qaçdılar. Zibeydə onların arxasınca xeyli deyindi, hətta Əfsəri tərbiyəsiz adlandırıb onu söydü. Qızlar evdən uzaqlaşıb başqa həyətə getdilər, oturacaqların birində əyləşib dərdləşməyə başladılar. Əfsər soruşdu:
- Dilruba, düzünü de, nə olub? Anan məni niyə söyür? Nə məsələdir?
- Əfsər, sən anama fikir vermə. Son vaxtlar yaman əsəbi olub. İndi də mənim onun qohumuna ərə getmək istəmədiyim üçün özündən çıxıb.
- Ərə getmək? Bəs ali təhsil almağını istəmir?
- Eh, Əfsər... O nəinki ali təhsil almağımı, heç mənim özümü də istəmir.
- Ola bilməz! Sən yanılırsan, axı bir ana öz qızından necə
imtina edə bilər?
Dilruba indiyədək sirdaşı Əfsərə çox söz demişdi, amma gizlətdikləri də var idi. Onları ailə daxilində saxlamağı üstün tuturdu. Amma indi sinif yoldaşının sual dolu baxışlarını cavablandırmaq istəyirdi.
- Əfsər, mən sənə həmişə inanmışam, yenə də inanıram. Heç bilmirəm necə deyim?...
- Deməyə də bilərsən, mən səni məcbur etmirəm. Mənə elə gəlir ki, sən pis övlad deyilsən. Axı niyə dərd dağarcığına çevriləsən? Saflığın, ağlın və gözəlliyinlə ətrafındakılara nümunə olan bir qızsan.
- Eh, nə olsun ki?! Görünüşümə həsəd aparanlar içimdəki ağrıları duya bilməzlər. Sıxıntılar körpəlikdən mənimlə birgə böyüyüb. Yaşıdlarımın yanında heç vaxt ürəkdən gülməyə, sevinməyə qoymayıb.
- Dilruba, axı sənin dərdin nədir?
Dilruba özünü toparlayıb bir anlıq olsa da, sıxıntının təsirindən çıxmağa çalışdı və sirdaşının gözlərinin içinə baxa-baxa dedi:
- O mənim anam deyil!
- Nə?! Zibeydə xala?! Ola bilməz!
- Hə! Öz doğma anam məni dünyaya gətirən gün vəfat edib. Atam sonradan başqa qadınla evlənib. Bir oğlu da olub, yəni qardaşım var. Evdə özümə qarşı həmişə ögey münasibət görsəm də, doğmalıq etmişəm. İndi də öz qohumuna məni ərə verib başından etmək istəyir.
- Belə de... Qohumunu tanıyırsan? Yəni söhbət edirsiniz?
- Yaxından tanımıram, amma ata-anası ilə birlikdə bir-iki dəfə bizə gəlib gedib.
Əfsər aldığı cavabdan dərk etdi ki, bu gün rəfiqəsi ilə söhbət edən oğlan başqa adamdır. Amma həmin oğlanın kimliyini bilmək də ona maraqlı idi. O, rəfiqəsinə təsəlli verdi:
- Narahat olma, sənin razılığın olmasa heç kimə məcbur ərə verə bilməzlər. Amma deyirəm ki, bəlkə yaxşı oğlandır? Həyatı anlayırsa ali təhsil almağına da kömək edər. Sən sınaq imtahanlarını uğurla vermisən, o biri imtahanlardan da inanıram ki, yüksək bal
toplayıb universitetə qəbul olunacaqsan.
- Yox, bununla başımı aldatmaq olmaz. Əgər ürəyim onu istəmirsə, hansı işimə kömək etsə belə, mənə xoş olmaz. Özü də, elə gördüyü iş də məni hər tərəfdən sıxar və darıxdırar.
- Əgər belə düşünürsənsə, deməli, ürəyində başqası var! Düz tapdım?
Dilruba rəfiqəsinin dediklərini təsdiqlədi, amma oğlanın kimliyini gizlətdi. Əfsər onsuz da gərginlik içərisində olan qızı bezdirmək istəmirdi. Ona evdə baş verənlərə təmkinlə yanaşmağı, atası ilə söhbət edib gələcək planları, arzuları barədə danışmağı məsləhət görsə də, marağında olduğuna cavab almaq istəyirdi:
- Ürəyindəkinin kim olduğunu demirsən? Deməli, mənə çox da güvənmirsən. Yenə də özün bilərsən, amma mən sənə bir söz demək istəyirəm. Bu gün səni ürəyindəki oğlanla söhbət edən gördüm. Düzdür sifətini tam görə bilmədim, amma bir-birinizə yaraşdırdım. Allah xeyirlisini etsin! Amin!
Dilruba utandığından qıpqırmızı oldu. Sonra Əfsəri qucaqlayıb qulağına astadan pıçıldadı:
- Həmin oğlan qonşu məhəllədə qalır. Məni çoxdan tanıyırmış, amma təzəlikcə tanış olmuşuq. Məndən üç yaş
böyükdür, əsgərlikdən təzə gəlib. Heç bilmirəm məni evdən ona verəcəklər ya yox...
- Sən fikir eləmə, Allahın ətəyindən yapış. Hər şey yaxşı olacaq.
- Demək asandır, amma mənim içimdəki sözlər od olub alışdıqca, ürəyimin ağrıları da artır.
- Dilruba, səni başa düşürəm, amma güclü olmalısan.
Arzularına çatmaq üçün mübarizə aparmalı, səni əymək istəyənlərə tabe olmamalısan. İndi isə evə getsən yaxşıdır. Bizə kənardan baxanlar var. Ayağıyalın başqa həyətdə oturub söhbət etməyimiz qonşu məhəllədəki oğlanın qulağına çata bilər. Dur, gedək evə. İki gündən sonra son zəngdir, bir daha uşaqlığımızın qayğısız günlərinə, bizə bilik verən, həyatı sevdirən məktəb illərinə qayıtmayacağıq. Əlvida məktəb, əlvida uşaqlıq!
Qızlar böyük ümidlərlə ayrılıb evə getdilər. Əfsər özündən çox Dilrubanı fikirləşirdi. Kömək etmək istəsə də, gücü çatmırdı.
Son zəng günü gəlib çatdı. Məzunlar sıra ilə məktəbin qarşısına düzülmüşdülər. Müəllimlərlə vidalaşan sonuncular onların əziyyətlərini yerə vurmayacaqlarını, həmişə məktəbin adını uca tutacaqlarına söz verirdilər. Yadda qalan bu gündə çalınan son zəngin səsi dərin həyat nəğməsitək hər tərəfə yayılaraq məzunların dilində zümzüməyə çevrildi. Zəngin düha mənbəyi, mənəviyyat məbədi olan məktəbə hamı kimi Dilruba da əlvida dedi.
Ali məktəbə qəbulla bağlı imtahanın nəticələri artıq bəlli idi. Dilruba və Əfsər müəllimliyə qəbul olunmuşdu. Hər ikisi çox sevinirdi. Zəngləşib bir-birini təbrik etdilər və görüşməyi qərara aldılar. Əfsər onu evlərinə dəvət etdi. Dilruba içəri girəndə qonaq otağında açılmış süfrəyə heyran qaldı. Ən ləzzətli yeməklər süfrəyə bəzəkli qablarda düzülmüşdü. Əfsər ayaq üstdə donub qalmış rəfiqəsinə əyləşmək üçün yer göstərdi. Dilruba əliboş gəldiyinə görə qızardı:
- Əfsər, məni buraya nə münasibətlə dəvət etdiyini bilmədim, yoxsa hədiyyə alardım.
Əfsərin anası Aypəri söhbəti eşitdi:
- Qızım, sənin gəlişin bizim üçün böyük hədiyyədir. Utanma, gəl otur. Bu gün sevincli bir gündür. Qızım da, sən də tələbə adını qazanmısınız. Ona görə də biz balaca bir qonaqlıq
təşkil etdik ki, qəlbimiz daha da sevinsin. Utanma keç, xala qızının yanında əyləş.
Dilruba utana-utana qızların yanında oturdu. Ürəyində fikirləşirdi ki, kaş analığı da onun tələbə adını almasına sevinərdi. Amma o, nəinki belə gözəl süfrə açmaq, heç təbrik etmək də istəmir. Dilruba fikirləşdikcə sıxılır, hətta Aypəri kimi anası olan rəfiqəsinə həsəd aparırdı. Qızın sıxıldığını görən qonaqlar onunla yaxından tanış oldular. Öz gələcək planlarından, dəbdə olan geyimlərdən danışdılar. Əfsərə alınan hədiyyələrin gözəlliyi Dilrubanın gözlərini qamaşdırdı. Gümüş dəstin boyunbağısını, sırğasını və bilərziyini taxıb, - Necədir? – deyən məktəb yoldaşına yaxşı mənada paxıllıq da etdi. Evdəkilərdən heç kim, heç atası da ona hədiyyə alıb təbrik etməmişdi. Əfsər şadlanır, sevincindən göylərdə uçurdu. Dilrubanın sevincini isə ailəsindəki soyuq münasibətlər içində boğurdu. Əslində, onun hədiyyədən çox diqqət və qayğıya ehtiyacı var idi. Artıq gec idi, o sağollaşıb evə getdi. Evə çatana yaxın bir nəfər iri gül dəstəsi və əlində hədiyyə çantası ilə qarşısını kəsdi. Gözlərinə inanmadı, qonşu məhəllədə yaşayan oğlan idi.
- Dilruba, salam. Eşitdim ki, universitetə qəbul
olunmusan. Təbrik edirəm! Buyur, bunları sənin üçün aldım.
Dilrubanın əhval-ruhiyyəsi birdən-birə dəyişdi. Ürəyinin dərinliyində gizlənən sevinci o qədər aşıb-daşdı ki, gözləri yaşardı və ona alınan hədiyyəni qəbul edə bilməyəcəyinə təəssüfləndi:
- Sərdar, bunlar çox gözəldir, amma mən evdəkilərə nə deyim, kim verdi deyim? Bağışla, hədiyyələri götürə bilmərəm.
.- Anlamadım, götürə bilmərəm nədir? De ki, yaxın bir adam verib, problem olmaz. Onsuz da bu yaxınlarda anam sizə gələcək, elçiliyə!
- Elçiliyə?
- Niyə təəccüblə soruşursan? Yoxsa, istəmirsən?
- Yox, məni düz başa düşmədin. Sadəcə, gözləmirdim. Hədiyyələrini də qəbul edirəm. Evdəkilərə deyərəm ki, rəfiqəmin təbrikidir. İndi isə getsəm yaxşıdır, hələlik.
Dilruba hədiyyəni və gülləri qəbul edib sevincək evə getdi.
Qapıda atası ilə rastlaşdı. Atası Xəlil ondan: - Əlindəkilər nədir, kim bağışlayıb, - deyə soruşanda, o qızara-qızara yaxın rəfiqəsinin bağışladığını söylədi. Ata qızının yalan danışdığını bilirdi, çünki işdən qayıdanda kənardan onu oğlanla söhbət edən görmüşdü. Ancaq ata-bala arasındakı münasibəti pozmamaq üçün bu barədə heç nə demədi. Əksinə, pencəyinin cibindən kiçik bir qutu çıxarıb qızına verdi və onu sevindirdi. Atasından qiymətli qızıl hədiyyəsi gözləməyən Dilruba ona sarılıb üzündən öpdü. Xəlil qızıl boyunbağını öz əllərilə qızının boynuna taxıb tapşırdı:
- Zibeydə bilməsin ki, bunu sənə mən vermişəm.
- Ata, çox gözəl hədiyyədir. Amma başa düşmürəm, bilsə nə olacaq? Hədiyyəmi alıb öz boynuna taxacaq?
- Qızım, daha böyümüsən, hər şeyi özün dərk edirsən.
Yaxşı bilirsən ki, analığın çox qısqancdır. O üzə vurmasa da, ata ilə bala arasında soyuqluq yaratmağa çalışır. Sənə deməliyəm ki, bu boyunbağını uzun illərdir ki, ondan gizlədirəm. Gözləyirdim ki, böyüyəsən və xoş bir gündə yalnız sənə hədiyyə edim.
- Ata, çox sağ ol! Deyirsən ki, uzun illər gizlətmisən?
Yəni, mən hələ uşaqikən bunu almışdın?
- Hə, qızım, düz tapdın. Sən dünyaya gələn günü
almışdım, amma sənə deyil, anan üçün almışdım. Ancaq ona bağışlaya bilmədim, çünki doğuşdan iki saat sonra onun vəfat etdiyi xəbəri gəldi. İki yaşına qədər səni təkbaşına böyütdüm. Körpə idin, çox çətinlik çəkdim, düzdür bibin də kömək edirdi... Amma bu evə bir qadın lazım idi. Mənə çoxları dedi ki, səni uşaq evinə verim, yenidən ailə qurum. Mən razılaşmadım, çünki canımdan, qanımdan olan ciyərparamı başqasına vermək istəmirdim. Bibin də əri ölmüş bir qadınla məni tanış etdi. Düzdür, evlənmək istəmirdim. Nə isə... Mən Allahın alın yazısına inanıram, qızım. Bilirəm, Zibeydə səni mənim yanımda incitmir. Amma kənarda istədiyi kimi davranır, kobud rəftar edir. Fikir vermə, unutma ki, onun oğlu mənim də oğlumdur. Bil ki, sənə həmişə arxa-dayaq olacaq bir qardaşın var.
Dilruba atasının danışdıqca əzab çəkdiyini görürdü:
- Ata, mən səni başa düşürəm. Həyatda elə şeylər var ki, onları istəməsək də yaşamağa məcburuq. Zibeydənin mənə qarşı
münasibəti sərt olmasaydı, qardaşımla aramda ayrı-seçkilik salmasaydı,
bəlkə də ögeyliyi hiss etməzdim. Onun ögey ana olduğunu hələ dörd-beş yaşım olanda eşitmişdim. Qonşumuz Südabə xala məni öz qızı ilə birgə bağçadan evə gətirəndə demişdi. Özü də bir dəfə yox... Hər dəfə halıma yandığındanmı, ya çox istədiyindənmi, bilmirəm... Deyirdi ki, ögeylik pis şeydir. Sənin nəyəsə ehtiyacın olsa, ya analığın səni döysə qaç gəl bizə. Mən uşaq idim, sən evdə olmayanda döyülsəm də, onlara getmirdim, heç sənə də demirdim. Ata, madam ki, indi aramızda belə
səmimi, açıq söhbət gedir, mən də hər şeyi söyləyəcəm.
Xəlil qızının sözlü olduğunu duyub həyətdəki söhbətgahda oturaraq dərdləşməyi məsləhət bildi. Dilruba atası ilə razılaşdı.
Ata-bala arasında illərlə örtülü qalan sirlər açıldı, söhbətlər oldu. Xəlil müstəqil həyata yeni qədəm qoyan qızının yetərincə dərrakəli olduğuna heyran qaldı:
- Qızım, keşməkeşli həyat sınaqlarla doludur, çətinlikləri aşmaq üçün dözüm və səbir lazımdır. Çalış həyatda təmkinli və mübariz ol. Zaman özü hər şeyi qaydasına qoyur. Bir də qurban olduğum Allahdan məsləhət nədirsə, o da olur. Allah xeyirlisini etsin.
Amin!
- Ata, yenə demək istədiyim var, amma bu barədə səninlə danışmağa utanıram.
- Utanma qızım, de gəlsin.
- Bilirsən, Zibeydənin bir qohumu var, məni məcburi ona ərə vermək istəyir. Mən isə... Yəqin sənə bu barədə özü nəsə
deyib, hə? Ata, xahiş edirəm, onu fikrindən daşındır, axı mən hələ ali təhsil almaq istəyirəm.
Atası qızının başını sığalladı:
- Narahat olma, qızım. Mən də səni savadlı bir mütəxəssis kimi görmək arzusundayam. Qız uşaqlarının təhsil alması vacibdir.
Axı o, gələcəyin anasıdır, övladlarının ilk tərbiyəçisidir. Ananın övladlarına verdiyi tərbiyə önəmlidir. Eh, qızım... Ata səhər tezdən evdən çıxıb bir parça çörək dalıyca gedir, ancaq ana evdə daha çox uşaqlara vaxt ayırır. Hansısa sənət sahibi olmaqla həm cəmiyyətə xeyir verər, həm də öz ailəsinə. Özünə gəldikdə isə onun aldığı
təhsillə gözləri açılır, kamil bir insan kimi yetişir. Oxu, qızım, oxu... Zibeydəni mən başa salaram.
Dilruba atasının sözlərindən fərəhləndi, qanadları olsaydı, quş kimi göydə uçardı. Bir-birini anlayan doğmalar evə getdilər. Qapını açan Zibeydə ata-balanı birlikdə görəndə təəccübləndi, amma həmişəki kimi ərinin yanında qıza mehribanlıqla yanaşdı.
Qızın əlindəki güllərə baxıb onu qısqanclıqla süzdü:
- Bəh-bəh, nə gözəl güllərdir, heç indiyə qədər mənə belə gül verən olmayıb. Keçin içəri. Qızım, gülləri suya qoy, solmasın.
Dilruba gülləri suya qoydu və onlara xüsusi qulluq göstərməyə başladı. Sonra birlikdə şam etmək üçün süfrə arxasına keçib əyləşdi. Zibeydənin gözündən heç nə yayınmırdı. O dözməyib soruşdu:
- Nə gözəl boyunbağın var?! Kim bağışlayıb?
Dilrubanın yediyi boğazında ilişib qaldı, udquna bilmədi. Atası yerindən qalxıb onun kürəyinə vurdu: - Halal olsun, - dedi. Sonra qızına bir stəkan su verib üzünü Zibeydəyə tutdu:
- İmkan ver, qız yeməyin yesin.
Zibeydə hirsləndi. Əlindəki xörək qaşığını stola çırpıb qalxmaq istəyəndə Xəlil ona imkan vermədi:
- Zibeydə, maraqlıdırsa, mən özüm deyim, bil. Gülləri rəfiqəsi verib, boyunbağını isə mən bağışlamışam. Bu qızıl boyunbağını qızım dünyaya gələn günü anasına hədiyyə almışdım, qisməti olmadı. Uzun illərdir ki, qoruyub saxlamışam. Bu gün qızımızın həyatında xoş bir gündür, tələbə adına layiq görülüb. Mən də hədiyyə etdim, onun buna haqqı çatır. Anasının ruhu şad olar!
Zibeydə kövrəldi:
- Xəlil, mənim də hər şeyi bilməyə haqqım çatır. Tələbə olub, lap yaxşı! Mən də təbrik edirəm. Gözəl və çılğın gəncliyin xoş günləri başlayır. Amma bilmirəm, sabahkı gün nişanlansa, ailə qursa təhsilini davam etdirə biləcək ya yox?!
- Anlamadım? Zibeydə, qızımıza elçi düşən var ki? Bəs niyə mənim xəbərim yoxdur?
- Bilirsən, mən deyəcəkdim, amma münasib bir vaxt tapa bilmirəm. Bu yaxınlarda bir qohum mənə demişdi ki, Dilrubanı oğluna istəyir. Qız hələ uşaqdır deyə, qapıya gəlmirdilər. Məktəbi bitirməyin gözləyirdilər...
- Zibeydə, qızımız hələ ali məktəbi də bitirməlidir, Qohumuna de ki, atası razı deyil, vəssalam. Başa düşdün? Yox, əgər başa düşmək istəmirsənsə, bu evdən çıx get, özü də birdəfəlik.
Dilruba razı baxışları ilə atasına minnətdarlıq etdi və xörəyini yeməyə başladı. Araya sakitlik çökdü. Zibeydə hərəkətlərindəki səhvi başa düşsə də, özünü yenə də sındırmırdı. Ürəyində ilk, lakin yarımçıq qalmış məhəbbəti ilə danışır, küskün nəzərlərlə Xəlilə baxır, sonra da üzünə gülən ikinci taleyi ilə barışır, yanında əyləşən oğlunu öpüb oxşayır və ana olduğuna görə Tanrıya şükür edirdi. Xəlil isə iştahla yeməyini yeyən qızına baxır, onun arzularının həyata keçməsinə mane olan nə varsa, hamısını aradan qaldırmağa çalışırdı. İlk məhəbbətinin yadigarı, yaşama səbəbi olan qızını göz bəbəyi kimi qoruyurdu.
Aradan bir neçə gün ötmüşdü. Zibeydə Dilrubaya qarşı çox yumşalmışdı. Bir gün Xəlil evdə olmayanda anadan yetim qalmış qızcığazı incitdiyinə görə üzrxahlıq etmək istəyirdi. Cümə günü idi, fikirləşdi ki, bu gün müsəlman həyatında ən əziz, xoş günlərdən biri sayılır. Hətta günahlar da Allah tərəfindən bağışlanılır. O, Dilrubanı yanına çağırıb mehribanlıq göstərdi:
- Dilruba, qarşıda səni çox sınaqlar gözləyir. İnan ki, xoşbəxtliyini istəyirəm. Mənim ilk taleyim daşa dəyib, amma
həyat davam edir. Atan haqlıdır, sən əvvəlcə ali məktəbi bitir, əlinə bir sənət al ki, çətinliyin olanda özün ayaqların üstündə dura biləsən, kiməsə möhtac olmayasan. Bilirəm, sənə qarşı çox kobudluq etmişəm. Amma sənin mənə, oğluma olan xoş münasibətin heç vaxt dəyişməyib.
Dilruba heyrətləndi:
- Bu nə deməkdir, məni körpəlikdən böyütmüsünüz. Sizi özümə ana, oğlunuzu isə doğma qardaşım bilmişəm. Onun damarlarında atamın qanı axır. Mən sizi çox sevirəm...
- Deməli, sən məni bağışlayırsan? Sən nə yaxşı qızsan!
Bax, atanı mənə bağlayan onun mehribanlığı, dürüstlüyü və xeyirxahlığıdır. Sən də lap atana oxşamısan. Ona görə də mən sizi çox sevirəm. Bu evdən getmək, sizdən ayrılmaq istəmirəm. Sənin üçün hədiyyə də almışam.
Zibeydə donunun cibindən balaca bir qutu çıxarıb açdı, aldığı qızıl bilərziyi Dilrubanın qoluna bağlayıb soruşdu:
- Xoşuna gəlir?
Dilruba cavab vermək istəyirdi ki, qapının ağzından Xəlilin səsi eşidildi:
- Elə xoşum gəlir... Bilərzikdən yox ha, sizin bu xoş
münasibətinizdən xoşum gəlir.
Zibeydənin sevincdən gözləri yaşardı. Yuxudan oyanan balaca oğlu da qaçaraq Xəlilin qucağına atıldı. Dilruba ailəsində yaşayan sevginin yeni işartılarını hər küncdə-bucaqda görüb ata-anasını qucaqladı və ümidlərin qanadında istəklərinə çatacağına inandı...
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 18-08-2026 18:20
Baxış sayı: 387Yazı axını
18 / 08 / 2026
17 / 08 / 2026
13 / 08 / 2026
13 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
10 / 08 / 2026
10 / 08 / 2026
09 / 08 / 2026
09 / 08 / 2026
08 / 08 / 2026
08 / 08 / 2026
07 / 08 / 2026
07 / 08 / 2026
05 / 08 / 2026
02 / 08 / 2026
01 / 08 / 2026
31 / 07 / 2026
Ən çox oxunanlar
12-08-2026 19:17



























