Yenidən başlanan həyat

08-09-2026 10:47
                
    Salman Qaralar (Balakişiyev) 
                AYB –nin üzvü.  


         
                         İlk təəssüratlarım
        Birinci Qarabağ müharibəsi zamanı  əsir düşənlərin, girov qalanların bir çoxunun taleyinin hələ də qeyri – müəyyən qalması ən böyük faciələrdən hesab olunmalıdır.  Kəlbəcər rayonunun Daşbulaq ( Kilsəli ) kəndində girov qalan 5 nəfər adamın sonrakı taleyi haqqında  uzun illər ərzində heç bir məlumat əldə edilməmişdi. 2025- ci ildə  kənd sakini Qarayev Nazim Həsən oğlu  nəyi isə tapmaq ümidi ilə girov qalan insanların evlərinin kalafa yerlərinə baxış keçirirmiş. Viran qalmış evlərin birində yanmış və bir başı uçuq divara söykənmiş tiri yana doğru itələyəndə tirin yerə batmış ucu yuxarı qalxır. Həmin hissədən bir jaket cırığı da üzə çıxır. O, həmin yeri başqa bir şəxslə köməkləşərək qazır və insan orqanizminə oxşayan sümüklərə rast gəlir. Dərhal əlaqədar orqanlara məlumat verirlər. Gəlib baxırlar, qazıntı işləri aparırlar və tapılan sümükləri, yanmış  parça və klyonka qırıqlarını  qablaşdırıb aparırlar. 
     Təxminən bir ilə yaxın davam edən analizlərin nəticələri elan olunanda bir çox kənd sakinləri heyrət içində qaldılar, sözün həqiqi mənasında şok yaşadılar.Sümüklərin tapıldığı ev Babayeva  Saray  Kərim qızına məxsus olub. Yarısı yanmış şəkildə qalan jaket və qaloş da mərhumə Saray qarının imiş. Ancaq aparılan analiz tapılan sümüklərin həmin kəndin sakini Babayeva Mədinə Rəhim qızının sümükləri olduğunu təsdiq edirdi.  Kənd sakinlərini, ilk növbədə hər iki mərhumənin qohumlarını şoka salan da bu oldu. Müxtəlif ehtimallar irəli sürüldü, fərziyyələr danışıldı. Ən ağılabatan fərziyyə bu oldu ki, camaat kəndi tərk etdikdən sonra Babayeva Mədinə öz evində tək – tənha qala bilməmiş, əmisi qızı, tay – tuşu olan Babayeva Sarayın yaşadığı evə gəlmişdir. Onların burada nə qədər yaşadıqları, necə yaşadıqları, Sarayın girov düşdüyü və ya Mədinədən əvvəl öldüyü  haqqında heç bir məlumat yoxdur. Mədinə də içində olmaqla ev yandırılanda Saray qaçıb kənddən kənarda qaya dibində, dərə kənarında gizlənə bilərdi, qurda – quşa, qudurmuş sahibsiz itlərə yem ola bilərdi, ac qalıb, xəstələnib vəfat edə bilərdi.  Erməni talançılarının əlinə düşməsi ehtimalı da yüksəkdir.  Sarayın ölməsi və ya sağ qalması haqqında bir məlumat əldə etmək üçün Mədinə gizləndiyi yerdən çıxıb Sarayın evinə gələndə o da tutula, qolları bağlananaraq öldürülə  bilərdi.Kim bilir? Dağın, daşın əbədiliyi var, ancaq yaddaşı yoxdur. Yaddaşı olsa belə, danışan dili yoxdur. Əgər bu dağlar, daşlar gördüklərini danışa bilsəydi və biz onları anlaya bilsəydik, yəqin ki, heyrətdən dəli olmaq, çıldırmaq həddinə çata bilərdik. İnsanın ömür yolu qısa olduğu  kimi yaddaş tutumu da balacadır. Bəlkə, belə olmasaydı,bəlkə, başqa cür olsaydı, deyərək təxmini yozumlar hadisələrin gedişini dəyişmir. Unutqanlıq hissi olmasa, ard – arda gələn faciələr beyini yorar, ürəyi fəaliyyətdən məhrum edərdi. Xüsusən bəzi insanların qara taleyi  müəyyən zaman  müddətində unudulmasa, ətrafdakılara da ağır mənəvi zərbə vura bilər. Ancaq tarixi hadisələri, insan talelərini öyrənmək lazımdır ki, gələcəkdə oxşar vəziyyətlərdə tarixi faktdan ibrət və ya nümunə götürmək olsun.
 Babayeva Mədinənin ömür yolunda işıqlı nöqtələrin az olması bu insanı tanıyanların ürəyinə qəm toxumu səpirdi.

                                 Müharibədən müharibəyə...
       Azərbaycanda  sovet hakimiyyətinin qurulması  hədsiz ölümə, aclığa, yoxsulluğa səbəb oldu. Dağlıq yerlərdə yaşayan əhalinin bir qismi payız aylarında  aran rayonlarına köçməyə məcbur olur, qış aylarını bir təhər başa vuraraq yazda yenidən öz doğma yerlərinə qayıdırmışlar. Belə köçlərin birində  12 yaş civarında olan Vəli adlı uşağın ayağına tikan batır.  Getdikcə  tikanın batdığı yer şişməyə  başlayır və Vəlini yeriməyə qoymur. Köç əhli bir mənzil gedəndən sonra  dayanır.  Vəlinin köç karvanında olmadığını görürlər, onu axtarsalar da,  tapa bilmirlər və naəlac qalıb yollarına davam edirlər. Bu hadisə Mingəçevir şəhərinə yaxın bir yerdə baş verir. Arana, yaylağa gedib – gələn adamlara   Daşbulaq kəndinin  kişiləri soraq salırlar, ancaq heç bir xəbər - ətər tuta bilmirlər. Bu minval ilə aradan  altı il keçir. Yenə  bu haqda söhbər düşən vaxt bir nəfər kişi Daşbulaq kəndindən olan adamlara  Göhər və Səhər adlı iki sonsuz bacının birgə yaşadığı ailədə belə bir uşağın olduğunu deyirlər. Bu məlumatı verən dəvəçi ünvan deməyə tərəddüd edir. Çox xahiş, minnətdən sonra uşağın hal –hazırda  “Zincirli” və ya “Xaçbulaq” yaylağındakı filan elatda ola biləcəyini deyir. Həmin ünvana Hacı Abbas oğlu Nadir, Kalva Əhməd oğlu Nəcəf və başqa bir şəxs gedirlər. Bacılar daş atıb, başını tuturlar, uşağı göstərmək belə istəmirlər.  Səs – küyə qonşular, kənd şura üzvləri də gəlirlər. Razılaşırlar ki, uşaq gələn adamları tanımasa, heç kimə verilməyəcək, bu ailədə də qalacaqdır. Artıq  18 yaş civarında olan Vəli bu adamların içində Nadir adlı qohumunu tanıyır,  görən kimi ona doğru yüyürür, “Nadir əmi, sənsən?” deyərək onu qucaqlayır. Başqa bir versiyaya görə, Vəlini Yevlax rayonunun Tanrıqulular kəndindən Dəyirmançı Musa tapıb aparır, 10 – 12  il öz övladı kimi saxlayır.
       Beləliklə, Vəlini saxlandığı ailədən alıb Daşbulaq kəndinə gətirirlər, özünün doğma ailəsinə qovuşdururlar. Kəndin  başbilənləri, Vəlinin qohumları yığışıb məsləhətləşirlər və onu Mədinə  adlı bir qızla evləndirirlər. Vəlinin  Xuraman adlı bir qızı və Aydın adlı bir oğlu olur. Bir müddət sonra Böyük Vətən Müharibəsi adlanan 1941 – 1945 – ci illər Almaniya – SSRİ müharibəsi başlayır. Əvvəlcə Vəlinin madyan atını alıb Qızıl Ordu üçün göndərirlər. Yetim dayçanı Vəli yedəyinə alıb kəndə qayıdır.  Müharibə qurtarana yaxın Vəlini də Hərbi Komissarlığa çağırır, cəbhəyə göndərirlər.  Daha doğrusu, çağırışçıların rayon mərkəzindən çıxdıqlarını öyrənir, tənbəllik eləməyib yola düşür, Qılınclı kəndində  onlara çatır. 1945 – ci ildə qara kağızı gəlir. Mədinə aclıq, qıtlıq illərinin problemlərini çətinliklə olsa da, dəf etməyi bacarır, hər iki uşağını böyüdür, evləndirir. Həyatının çətin günlərinin keçdiyini, arxada qaldığını  güman edir. Heyhat, atalar “sən saydığını say, gör fələk nə sayır” demişlər. Sən demə, acı tale onu qarabaqara izləməkdə imiş.
    1976 –cı ildə Kəlbəcər Rayon Partiya Komitəsinin birinci katibi təyin edilən İnqilab Nadirov  tütünçülüyün inkişaf etdirilməsini qarşısına ən ümdə vəzifə kimi qoyur. 1977 – ci ildə  Kəlbəcər şəhərinin “Düzün başı” adlanan hissəsini tütün əkdirmək məqsədi ilə şumlatdırır. Rayon idarələrindən birində şofer işləyən Aydın Vəli oğlu həmin əkin yerindən ucu biz bir dəmir parçası tapır, paslanmış bu dəmir parçasını maşınına qoyur. İş olmayan günlərin birində Daşbulaq kəndinin mərkəzində istismara yararsız bir “QAZ -51” maşınından hansısa bir hissəni öz maşını üçün sökmək istəyir, ancaq sökə bilmir. Əkin yerindən tapdığı  ucu biz dəmiri həmin köhnə maşının söküləcək yerinə qoyur, çəkiclə üstündən vurur. Həmi an partlayış baş verir  və Aydın bir an içində həlak olur. Partlayışdan çıxan alov “Xam Güney”ə doğru gedir.
   Hadisə baş verən zaman mən X sinifdə oxuyurdum və hadisə yerinə ilk çatan 4- 5 nəfər şəxsdən biri idim.  Günəşli bir yaz günündə  kəndin baş tərəfində olan  evimizdə oturub ədəbiyyat kitabını oxuyurdum. Birdən böyük bir gurultu səsindən evin pəncərələri silkələndi. Mən nə olduğunu bilmək məqsədi ilə tez həyətə çıxdım. Uzaqdan səslər gəlirdi. Yuxarı məhlədə “Daş” dediyimiz yerə çatanda kilsənin yanlarında- kəndin orta hissəsində qışqırıq səslərini eşitdim və sürətlə aşağı qaçdım. Fərman kirvəmizin evinin yanındakı xırmanda Aydın arxası üstə uzanmışdı. Ətraf qan, xırda ət parçaları ilə dolu idi. Sinif yoldaşım Tapdığın atası Məhəmməd əlini Aydının asta – asta qalxıb – enən sinəsinə qoydu. Az sonra Aydın haqqın dərgahına qovuşdu.Həmin ucu biz dəmir parçasının tanklarda və ya artilleriyada istifadə olunan  güllə olduğunu ehtimal etdilər.
      Bu hadisə bütün kənd camaatını sarsıtsa da, ən böyük zərbə ailəyə dəydi, Mədinənin qalan ömrünü oğul dərdi ilə yaşamasına səbəb oldu. Aydının məzarını kəndlə, Mədinənin evi ilə üzbəüz qazdılar ki, ana hər qapıya çıxanda oğlunun başdaşını görə bilsin.
     Beləliklə, dərdli ana oğlunun oğlanlarına və qızına baxıb təsəlli almaqdan daha çox oğlunun məzar daşına baxa- baxa, oğlunun xəyalı ilə danışa – danışa 1993 – cü ilə qədər ömür sürdü. Əslində isə “ömür sürdü” yerinə, “ömür onu sürüdü, bu dünya ilə vidalaşmaq anını oğlunun ölümündən 16  il sonraya çəkib apardı.
 Rəqəmlərin mistik mahiyyəti, sehri, sirri haqqında çox yazılıb, çox deyilib, “Numerologiya” adlı bir elm sahəsi yaranıb. 6, 66, 666 ədədlərinin yozumu ilə bağlı daha çox rəvayətə oxşar söhbətlər yayılmışdır. Həyatın qaynağı hesab olunan karbon atomlarının tərkibi 6- 6 – 6 şəklindədir: 6 proton, 6 neytron, 6 elektron. Nikola Tesla dünyanın sirrinin 3, 6, 9 rəqəmlərində gizləndiyini qeyd edirdi. Görəsən, bu rəqəmlərin Mədinənin ömür yoluna təsiri nə qədər olmuşdur?   Vəlinin  doğum tarixini dəqiq bilmirik. Bildiyimiz odur ki, Vəli təxminən 12 yaşında ikən 6 il itkin düşmüşdür. Müharibəyə təxminən 1943- cü ildə getmiş, 1945- ci ildə vəfat etmişdir. Vəlinin ölüm tarixi ilə oğlunun ölüm tarixi arasında fərq 32 il, Vəlinin ölüm tarixi ilə arvadının ölüm tarixi arasında fərq 48 il olmuşdur.  6 x 6 = 36;  6 x 8 = 48. Aydının ölüm tarixi ilə anasının ölüm tarixi arasında  fərq   isə 16 il olmuşdur.  Yenə də son rəqəm: 6.  Ata- balanın ölüm tarixi arasındakı fərqlə - 32 ilə ana – balanın ölümü arasındakı fərqi cəmləsək, yenə də 48 edəcək. 
   Rəsmi sənədlərə görə Babayeva Mədinə 1905 – ci ildə anadan olmuşdur. O,  72 yaşında oğlunun vəfatını görmüş, özü isə 88 yaşında şəhid olmuşdur. 6x12=72; 72 + 16 = 88.
        İbrahimov Aydın Vəli oğlunun doğum tarixi isə 1939 – cu ildir. Onun 6 yaşı olanda atası müharibədə həlak olmuşdur. Onun anadan olması ilə anasının ölməsi  arasında 54 il aralığı olmuşdur: 6 x 9= 54. Onun ölümü ilə anasının ölümü arasında  26 il fərq olmuşdur.
*                *                    *                   *               *
    1988 – ci ildə Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı elan edilən ərazi iddiası  qanlı döyüşlərə, qırğınlara, qaçqın və köçkün dalğasının yaranmasına səbəb oldu və tariximizə I ( Birinci ) Qarabağ müharibəsi adı ilə düşdü. 1993- cü ilin Novruz bayramından başlanan erməni hücumları get – gedə intensiv xarakter alırdı. Belə hücumlara adət etmiş  Daşbulaq kəndinin sakinləri  gündəlik qayğıları ilə məşğul idilər. Kənd  Tərtər çayından sol tərəfdə, Kəlbəcər şəhərindən yuxadıdakı dağların  ətəyində yerləşdiyindən, kürəyini   daşlı – qayalı zirvələrə söykədiyindən   Ermənistan tərəfdən atılan toplar  buranı tutmurdu.  Daşbulaq fələyin qurduğu beşbaşlı oyunlara inanmırdı, sərhəddə dayanan beş – altı əsgərini, kənddə gur – gur guruldayan nağıl qəhrəmanlarını, sədrini, direktorunu yenilməz sayırdı,onları  məğlubedilməz yeddibaşlı əjdaha gözündə görürdü.  “Erməni kimdi ki, nə qələt edə”  fikri adamların beyninə yerimişdi. Fəqət  mart ayının son günləri atışma gücləndi, rayon mərkəzindən də, qonşu kəndlərdən də qaçaqaç, köçəköç  başladı. Fil qulağında yatan Daşbulaqlıların bir hissəsi kolxozun yük maşınlarına minib kəndi ağlar gözlərlə tərk etdilər, maşına minə bilməyənlər isə yeganə açıq qalmış istiqamətə - Murov dağına tərəf payi – piyada yola düşdülər, ancaq  üç – dörd günə qayıtmaq ümidini itirmədilər. Buna görə bəzi insanlar qiymətli əşyalarını götürmək əvəzinə evin əlçatmaz yerlərində gizlətdilər. Bir neçə adam da evində xəstə olan qocasını “qapılara salmaqdansa, öz damının altında” saxlanmasını məsləhət bildilər. Necə aparsınlar, hara aparsınlar?  Bir də  ermənilərin özlərinə vətən saydıqları  Qarabağın  dağlıq hissəsinə  də, Ermənistana da Kəlbəcərin  heç bir aidliyi yox idi. Buna görə atışmanın uzağı 1- 2 gün çəkəcəyinə inanırdılar və qoca, xəstə adamları  öz doğma evlərindən çıxartmırdılar.Sən demə, bu gediş nə az, nə çox, düz otuz il çəkəcəkmiş  və  evində, kəndində qalanlar qiyamətə   qədər orada da qalacaqmışlar. Qalanlardan biri də Mədinə qarı idi.
    
Daşbulaqdan köçəköç başlayan gün səhər – səhər  Mədinə qarı həyətə çıxdı, üzünü oğlunun evlə üzbəüz olan, dərənin o tayından kəndə baxan məzarına tutub  onunla danışırmış kimi dedi:
     - Qara saçlarımı sənin yolunda ağartdım, səndən sonra ölmədim, ancaq  sənsiz bircə gün belə yaşamadım.  İndi yaman yerdə axşamlamışam. Əhdim sənin yanında basdırılmaq idi.  Camaat köçüb qaçır. Mən səni qoyub gedə bilmərəm. Mən gedib ayrı yerdə ölüb ayrı torpağa basdırıla bilmərəm. Mən sənin yanına gələcəyəm, oğul. Mən sənin məzarını qucaqlayıb öləcəyəm, oğul!
     Həyatda arzularının bir çoxuna çatmayan, oğul dərdi ilə gecələr yatmayan, gündüzlər qəm duvağını üzündən atmayan Ana özünün sonuncu diləyinə çatdı. Camaat maşınla, atla, piyada ev - eşiyini qoyub  Murova üz tutanda o da bu qarışıqlıqdan istifadə etdi, hamının gözündən yayındı, rayon mərkəzinə gedən yoldan qəbiristanlığa aparan cığıra döndü. Yeganə oğlu Aydının başdaşına alınmaz qala kimi sığındı, oğlunun məzarı üzərindəki çardağı  güllə batmayan sipər hesab etdi.  Qulaqlarını tutdu ki, qarşı tayda – kəndin içində məhşər gününə bənzəyən haray – həşiri eşitməsin, gözlərini yumdu ki, atılan topları, dağıdılan məktəb binasını, İdarə binasını, evləri  görməsin.
 Sonralar şair Əli Qurban Dastançı “O dağlarda neçə gülülm, çiçəyim, lalam qalıb yağıların əlində” misraları ilə başlayan qoşmasının son bəndində həmin bu talesiz xalasını nəzərdə tutaraq yazacaqdı:
                ... Xalam qalıb yağıların əlində.

                Göyərən qəbir
        32 ildən sonra sümükləri  tapılan Babayeva Mədinə Rəhim qızının dəfn mərasiminin Kəlbəcər rayonunun  Daşbulaq qəbiristanlığında 03 iyul 2026 – cı il tarixdə keçiriləcəyi məlum olanda həmin mərasimdə iştirak etməyi vacib hesab etdim.
            Həmin gün səhər tezdən yaşadığım Göygöl rayonunun Balçılı kəndindən yola düşdüm. Müstəqil Azərbaycan Dövlətinin ən uğurlu işlərindən biri də  yol çəkilişi ilə bağlıdır. Əslində buna çəkiliş də yox, tikinti demək daha düzgündür. Ölkəmizdə yol tikintisi çox uğurla aparılır və səfərə çıxan adam bunu daha çox hiss edir. Göygöl – Goranboy- Naftalan yolunu rahatlıqla keçib Tap Qaraqoyunlu kəndinə girəndə müqəddəs bir yerə qədəm qoyduğumu zənn edirəm. Uzun illər ərzində düşmən mərmisinə, gülləsinə vaxtaşırı yağan yağış kimi baxan bu kənd, həqiqətən, qəhrəman adı almağa layiqdir. Tarixi Qaraqoyunlu dövlətinin adını yaşatdığı üçün də bu gözəl mənzərəli yurda ürəyimdə sonsuz məhəbbət bəsləyərək baş əyirəm. İncə çayının ətraflarını, Suqovuşanı seyr etdikcə ürəyimdən iki duyğu keçirdi: Murovdağın bu qolundan üzü Araza qədər bu qədər ərazi Azərbaycanın 20  faizdən daha çox, həm də ən yararlı  torpağını təşkil edirmiş. İki cüt bir tək sayı olan ermənilər bu boyda torpaqları hansı ağılla, hansı qüvvətlə zəbt edirmişlər? Onlar gücləri çatmayan daşdan yapışmaqla özlərini zora saldıqlarını burunları ovulandan sonra başa düşüblər.
      Sərsəng Su Anbarını  keçəndən sonra   yenidən xəyalım ermənilərin dağıdıb viran qoyduqları, azərbaycanlıların yaşadıqları Umudlu və Kərəmli ( İmarət Qərvənd ) kəndlərinə yönəlir, bu pis xislətli qonşumuzun niyyətini təhlil etməyə, anlamağa çalışıram. Azərbaycan dövləti bu kəndlərin sakinlərini Həsənriz kəndində yaşayış evləri ilə təmin etmişdir. Yolüstü  ulu babam Qaranın soyundan olan Almasov Tabilin evinə dönürəm, onunla hal - əhval tutub yoluma davam edirəm. Kəlbəcər şəhərinə girəndə  könlümdən keçənlər məni  duyğular selinin qabağına qatıb apara bildikcə aparır. Bəhmən Vətənoğlunun misralarını xatırlayıram:
                          Nələr keçdi ürəyimdən,
                          Kaş ki nələr olmayaydı...

        Nələrsə olmalıydı, oldu da. Olanları geri qaytarmaq mümkün deyil. Yaşananları təkrar yaşamaq, nəyisə düzəltmək olmaz. Ömür kino lenti deyil ki, başa qaytarıb yenidən baxasan, yaşayasan. Qarışıq duyğular içində rayon mərkəzindəki çay evinə çatdım, buraya toplaşan kəndçilərimizlə görüşüb hal - əhval tutdum. Həsənov Hicranla çay içib, çörək yeyib Daşbulaq kəndinə üz tutduq.    Kəlbəcər şəhərindən çıxan yol  “Yolaşan” adlanan yerdə üç qola ayrılır: sola dönən yol Dal Qılınclı, düz gedən yol Dal Ayrım kəndlərinə, azca sağa gedən yol isə Daşbulaq ( Kilsəli ) kəndinə  aparır. Daşbulaq kəndi “Yolaşan”dan başlanır.  Torpaqlarımızın azad edilməsi uğrunda canlarını fəda etmiş şəhidlərin plakatlarının yanında dayanıb onların ruhuna rəhmət oxumaq , kəndin ümumu panoramasını buradan seyr etmək və sonra yola davam etmək lazımdır. Mənə yoldaşlıq edən Həsənov Hicranla elə də  etdik. Bu yolları uşaqlıq illərimdə piyada da, atla da, maşınla da dönə - dönə gedib – gəlmişəm. Buradan Göyçənin yalına – “Qarrax”a qədər hər qarış yer mənə tanışdır. Ayrım çayını, Daşın altını keçib Şişin boynuna qalxdıq.Zoğal ağacından kənd daha aydın görünür. Kəndin aşağı məhləsində yerləşən qoşa daş novlu bulağın üstündə dayandıq.  Əl –üzümüzü yuduq, sərin su içdik. Daş novun üstündə oturub şəkil çəkdirdik. Uşaqlıq çağlarımda Axır Çərşənbə olanda yuxarı məhlədən bu bulağın üstünə gələrdik, öz sinif yoldaşlarımızla   bir – birimizi sulayardıq. Birdən – birə haradansa bu bulağın 50 – 60 metr yaxınlığında mənimlə bu gün yol yoldaşlığı edən Hicranın böyük qardaşları Xəlil və Cəlilin  keçirilən toy şənliyi yadıma düşdü. İki qardaşın toyu bir gündə keçirilirdi, mən də tələbə olaraq yay tətilinə gəldiyim üçün bu toyda böyük həvəslə iştirak edirdim.  Məşhur ustad Aşıq Salman qara zurnanı elə çalırdı ki, sanki dağlar, daşlar da dilə gəlib alqış deyirdi. Bu zaman yaylağa gedən  elat camaatından iki nəfər bu bulağın yanından atla keçirdilər. Atın biri  zurnanın səsinə öz yolundan çıxdı və oynayaraq toy evinin həyətinə doğru gəldi. O biri at da onun dalınca. Salman həmin saat “Cəngi” havasını daha ürəklə, şövqlə çalaraq atlıya doğru yaxınlaşdı. Atlı da  cuşə gələrək havanın ritminə oynayan ata  meydan verirdi. Toy adamları heyranlıqla oynayan ata, atın üstündə atla bərabər oynayan atlıya tamaşa edirdilər. 
    Sonralar öyrəndim ki, həmin atlı Göygöl rayonunun Hacıməlik kəndindən Ələddin adlı bir kişi imiş. Bir dəfə də təsadüf elə gətirdi ki, “Bığ” ləqəbli həmin Ələddindən aldığımız 40 baş qoyunun hamısı  kərə, qaragöz qoyun cinsindən oldu. 
      Xatirələri yaddaşımda vərəqləyə - vərəqləyə  yuxarı məhləyə qalxdıq. Məktəbin yanında, Qəzənfərin məhləsinin qarşısında  olan bulaq  işğal dövründə batıbdır. Kəndin  yuxarı məhləsinə gələn bulaq suyunu yaylaq yeri olmadığı halda  başqa kənddən gəlib orada çoban binəsi salan  adamlar kəsiblər. Yuxarı məhlə içməli suya həsrət qalıb. Kəndin ab – havasında bir ağırlıq var. Elə bil havadan bürkü yox, qüssə yağır, kədər tökülür.  İkimərtəbəli İdarə binasının, məktəb binasının nişanəsi belə qalmayıb. Oradan keçib Kahanın qabağında dayandıq. Burada alaçıqlar qurulub. Həyat qaynayır. Müxtəlif yaşda olan kənd adamları, qadınlar, uşaqlar var. Bizimlə görüşürlər, çay gətirirlər, yemək hazırlayırlar. Ürəyimə çökən qüssə hissini şadlıq duyğuları əvəz eyləyir.  İndi xoş xatirələr çözələnir.Ötən əsrin 60 – 80 – ci illərindən danışırıq, deyib – gülürük.   Deməli, Vətən təkcə torpaq deyil, yurd deyil, Vətən həm də sənə doğma olan insanlardır. İstər – istəməz yadıma Orxon abidələrindəki məşhur deyimlər düşür: “eli olan xalq idim, elim indi hanı? Xaqanı olan xalq idim, xaqanım hanı”?
       Dəfn mərasiminə gələn heyətin yaxınlaşdığını xəbərini alıb qəbiristanlığa üz tutduq, qürub əhlinə rəhmət oxuduq, məzarların bir çoxunun yanında dayandıq, başdaşılara yazılanları oxuduq. Burada dağıdılan qəbirlər də var,dağıdılmayanlar da. Ehtimal olunur ki,qaraçı xislətli ermənilər xüsusi aparatlar vasitəsi ilə məzarları yoxlamışlar. Ağzında qızıl dişləri olan olülərin məzarlarını baş tərəfdən qazmış, kəllə sümüyünü alaraq dişlərini sökmüşlər. Goreşən xislətli bu yaramaz millətin yer üzündə yaşamaq haqlarının olmadıqlarını öz əməlləri ilə özləri dəfələrlə sübut etmişlər. Humanizm mövqeyindən çıxış edərək inanmaq istərdik ki, ermənilər bundan sonra  sivil bir toplum kimi yaşamaq yolunu seçəcəklər. 
             Bu qəbiristanlıqda babam Salmanın, babalarımın ata, babalarının,ana, nənələrinin, nənəm Güllünün, nənələrimin ata, babalarının, ana, nənələrinin məzarları var. Torpağa qarışmış və ya adsız başdaşı qoyulmuş məzarları tanımaq mümkün deyil. Ana babamın məzarı olduğu kimi durur. Buradakı məzarların sahiblərinin çoxunu – son 55 – 60 ildə vəfat edənlərin hamısını tanıyıram. Buradakı məzarların sayına bərabər olmasa da, Göygöl rayonunun Balçılı, Quşqara, Nadel, Hacıməlik kəndlərində, Murovdağ qəsəbəsində, Göygöl şəhər qəbiristanlığında çoxlu sayda dəfn olunan Daşbulaq sakinləri var. Başqa rayon və kəndlərdə də  Bu kənd sakinlərinin məzarları var. Mənə elə gəlir ki, harada dəfn olunmağından asılı olmayaraq bu dünyanı tərk etmiş insanların ruhları doğma torpaqlara  qayıdaraq burada hüzur tapırlar. Mən dərin xəyallar içində onların hamısı ilə salamlaşıram, hamısının ruhunun şad olmasını Allahdan rica edirəm. 
      Bir müddət sonra maşın karvanı məzarıstana yaxınlaşdı. Kəlbəcər rayonunun əksər rəhbər işçiləri bu mərasimə gəlmişdilər. Adamlar cərgə ilə düzləndilər,  rayonun axundu cənazə namazı qıldı, mərhumənin ruhuna Quran xətm etdi, dəfn işi tamamlandı, məzarın üstünə əklil və gül dəstələri qoyuldu. Bundan sonra çıxışlar başladı. Çıxışların ümümi məzmunu bundan ibarət idi ki, o vaxtlar Azərbaycan dövləti zəif idi, öz torpağını və vətəndaşını qoruya bilmirdi.  İndi Azərbaycan dövləti güclüdür, öz sərhədlərini qoruyur, öz vətəndaşlarının təhlükəsizliyini təmin edir. Şəhidlərimizin,əsir və girov düşən vətəndaşlarımızın qanı yağı düşməndən alınmışdır. Mərasimin sonunda əsgərlərimiz 3 dəfə yaylım atəşi açdılar. Gələnlər geri döndülər. 
      Mən bir neçə istiqamətdən yeni məzara tamaşa etdim: məzarın üstünə sərilmiş Azərbaycan bayrağı və onun ətrafına qoyulan güllər  bir qədər kənardan güllü – çiçəkli çəməni xatırlatdı. Sanki ətrafdakı yaşıllığa baxaraq   bir anın içində təzə məzar göyərməyə, al – yaşıl güllər ətrafa ətir saçmağa başladı.  33 ildən sonra  bu kəndə  əbədi yaşamaq üçün ilk sakin gəldi. Bu qəbirdəki adi insan sümükləri deyil, ölməzlik iksiri, dirilik toxumudur. Cücərəcək, boy verəcək bu toxumlar. Bu məzar ölümün sonu, olumun başlanğıcı olacaq.  Ölənlərin ruhu sağ qalanları səsləyəcək. Oddan kül törədiyi kimi, küldən də od törəyəcək.  Bu eldən, bu torpaqdan uzaq düşənlər  qayıdıb öz kəndlərinə  dönəcəklər. Bənzərsiz yaylağı, biçənəyi, örüş sahələri olan Daşbulaq kəndinin sularının səsinə ana laylası şirinlik qatacaq,  quşlarının zənguləsinə uşaq səsi qarışacaq, saz səsinə, bülbül avazına oyanan körpələr böyüyərək  qara zurnanın “Cəngi”sinə köhlən atlara süvar olacaqlar.
            
                             Yeni həyatın astanasında
     İşğaldan azad olmuş bütün torpaqlara yeni bir həyat gəlir. 2022 – ci ilin iyul ayının 19 - da Zəngilan rayonunun Ağalı kəndinə ilk köç başladı. Doğma torpaqlara bu ilk qayıdışı bütün Azərbaycan xalqı  uğurladı, bütün dünya böyük heyrətlə, maraqla  izlədi. Böyük bir tikinti meydançasını xatırladan Qarabağa yeni bir həyat, xoşbəxt bir gələcək ilk qədəmlərini atdı.  Bu günə qədər Kəlbəcər şəhərinə 162 ailə köçürülmüşdür.  İnsanlar icma, qrup halında toplaşaraq  kəndlərinə yollar çəkdirmişlər, qəbiristanlıqları abadlaşdırmışlar, münasib yerlərə şəhid şəkilləri, plakatları asmışlar. İlk vaxtlarda ata –baba yurduna gedib dizin – dizin sürünən, göz yaşları tökən insanlar indi gülə - gülə gedirlər- gəlirlər, alaçıq qurub yaylayırlar, arı, mal – qoyun saxlayırlar.   Kəndlərin sakinləri  münasib gün təyin edərək ellikcə bir yerə toplaşırlar, sazlı – sözlü məclislər təşkil edirlər.Bu il Kəlbəcərin Ağcakənd kəndində ilk toy  məclisi keçirildi.  
            İyul ayının 3- də biz Daşbulaq kəndinə gedəndə kəndin aşağı məhləsində bir cavan oğlanın əlində bir stol apardığını gördük. Maşından düşdük, görüşdük. Haqverdinin oğlu Sirac Musa babasının uçurulmuş, dağıdılmış evinin üstünə çadır çəkib, yay dövrü üçün yaşayışa yararlı hala salıb. Arısını da, malını da gətirib baba həyətində saxlayır. Oradan bir az yuxarıda -  haqqında söhbət açdığımız Mədinə nənənin məhləsində  də bir çadır göyərir. Bu alaçıq da Mədinənin nəvəsinə - Aydının qızına məxsusdur.  Aydının kürəkəni Məhəddin Fərəcoğlunun yaşı 65 –i keçsə də, son dörd ildə hər yay üzü Qoçdaşa baxan, arxası Qarraxa söykənən Daşbulaq kəndinə gəlir, qürbətlərdə itirdiyi 30 ilin ağrı – acısını canından çıxarır.
     Şükürlər olsun ki, bu gün belə nümunələrin sayını saymaqla qurtarmaz. Kəlbəcərdə yeni bir həyat başlanır.Bu yeni həyat köhnə həyatın davamıdır. Yeni həyatın davamlı olsun, əbədi olsun, Daşbulağım!  Hər qara daşı, hər qarış torpağı təbii sərvətlərlə zəngin  olan Kəlbəcərim,yeni ömrün, yeni günün mübarək olsun! Bütövlyünə şükür olsun Azərbaycanım! Böyük Azərbaycanı qurmaq və inkişaf etdirmək nəsibimiz olsun!

       11. 08. 2026.
     Telefon: 051  720  25  25.
     Moderator.az saytı üçün.






Kateqoriya: Poeziya-nəsr
Tarix: 08-09-2026 10:47
Baxış sayı: 316
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını