"Mənim məzarımdan palıd göyərər, qolları havadan asılı qalar..." - Məmməd Aslan

23-09-2026 14:32
                            Məmməd Aslan

Bu gün təkcə Azərbaycanda deyil bütöv Türk dünyasında sevilən şair,  tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət İşçisi Məmməd Aslanın anım günüdür. Dədə şairin cismani yoxluğundan 11 il ötür. 24 dekabr 1939-cu ildə Kəlbəcərin Laçınından başlanan ömür 23 sentyabr 2015-ci ildə Zaqatalada sona yetdi. Söz ömrüydü yaşadığı, sözsə əbədidi. Demək, ruhunu göylərə təslim edən Məmməd Aslan yenə yaşayır. Və söz yaşadıqca yaşayacaq... Ruhu şad olsun!

MƏNDƏN SONRA

Torpağı bilmirəm, daşı bilmirəm-
Ömrümüz harasa yazılı qalar.
Mənim məzarımdan palıd göyərər,
Qolları havadan asılı qalar.

Çaxar ildırımtək hirslər beyində,
Kar olar qulağı yerin, göyün də.
Düşmən tənəsində, dost göynəyində
Xeyrimin, şərimin hasili qalar.

Çərtilər gerçəyə bir yalan ağzı,
Yox olan susdurar var olan ağzı.
Düşdüyüm hər fitnə bir ilan ağzı,
Hələ necə quyu qazılı qalar.

Üç-beş damla suyam, bir ovuc küləm,
Axıb Xan Araza qovuşa biləm!
Mən harda can verəm, hara gömüləm,
Əlim Dəlidağa uzalı qalar!

Elə ki, zülmətə batar gözlərim,
Döyünər dağlarda qalan izlərim.
Sinəmdə dəyməmiş qopan sözlərim
Bir küncə-bucağa qısılı qalar.

Gah gördüm sısqayam, gah dedim:“Kürəm!”
Gahdan heçəm, gahdan dünyayla birəm!
Yolların sonunda Dan yeri görəm,
Arzularım yanıquzulu qalar!

SƏNİ APARAN YOLLAR

Sən getdin,arxanca açıla qaldı,
Bir də qapanmadı qollar beləcə.
Mənimlə dumana,çənə büründü,
Hönkürdü yamaclar,yallar beləcə.

Sənsiz dünya mənə dərd-qəmə döndü,
Üyündü zirvələr,dağ quma döndü,
Şəkərim,şərbətim zəqquma döndü,
Zəhərə çevrildi ballar beləcə.

Bir uca dağ idin yaz görkəmində,
Şehli çəmənlərin öz görkəmində,
Səni apardığı qız görkəmində,
Geriyə qaytara yollar beləcə.

SÖZÜN XƏTRİNƏ

Üçəm nida ilə bitirdim sözü,
Ölgün deyilən söz sədasız qalar.
Ədalı işlərdə çəki-düzən var,
Mitillər, məğmunlar ədasız qalar.

Sözü söz kimi de, hədəfə çatsın.
Arif kimsələrin döşünə yatsın!
İldırım çaxırsa, bir daş qopartsın,
Təsirsiz deyilən nidasız qalar.

Ömrüm bir gündən də kəm olur-olsun!
Nakəslər qəsdimə cəm olur-olsun!
Kimsəyə baş əyməm, kim olur-olsun!
Gedərəm, imanım xətasız qalar!

YAXŞI Kİ

Çəni tapan gündən kəsilib ağrım,
Könülümü göynədən bir intizarmış.
Mən elə bilirdim buza dönmüşəm,
Sən demə,sinəmdə tonqal yanarmış.

Günləri aylara zorla düyərdim,
Ömrün çiçək fəsli keçdi deyərdim,
Qurumuşdum,ülfətindən göyərdim,
Xoş gün görən kimi ürək baharmış.

Arxanca dünyanı gəzərdi Məmməd,
Yandı hicranına,közərdi Məmməd,
Pislərin əlindən bezərdi Məmməd,
Yaxşı ki,dünyada yaxşılar varmış.

NİYƏ İTİRDİN MƏNİ

Bir dəli rüzgara kökləndi könlüm,
Bilmirəm aparır,bu,hara məni.
Ay axşam ömrümün səhər günəşi,
Qaytar payızımdan bahara məni.

Yenə gözlərindən irağa düşdüm,
Bir yanar səhratək qurağa düşdüm,
İtirdim özümü,sorağa düşdüm,
Gətirdi həsrətin zinhara məni.

Ətək sən olardın,əl mən olardım,
Yanaq sən olardın,tel mən olardım,
Dilində ən şirin kəlmən olardım,
Sən hara itirdin,sən hara məni.

Məmməd xəyalınla min il qızınmış,
İnsanın ömründən eşqi uzunmuş,
Ürəyim arxanca körpə quzunmuş,
Gah itir gözündən,gah ara məni.

QAYADAN QUMACAN

Dağın ayağından asılar daşlar;
Belə mənzil kəsər daş ağır-ağır...
Tükənmək bilməz ki, çılğın savaşlar;
Daşlaşmış canlardan kövrəklik yağır.

Soyumun daşını döşümə döydüm,
Döyə bilmədimsə, kimə nə borcu?!
Qayaya kök atıb, daşda böyüdüm;
Daş-daşla qovuşsa, daş – qala bürcü!

Çiyninə baş əysək bir-birimizin;
O daş yasdıq olar, baş yarmaz daha!
Boğmaz işığını gecə gündüzün;
Sağ-salamat çıxar axşam sabaha!..

Bir soy ki bir daşa baş qoysa əgər,
O daş millət üçün səcdəgah olar!
Kök özünü sevsə, Haqq onu sevər!
Bir soyun ayarı tam agah olar.

Qaya sədası var başın yasında:
Baş, daşın üstündə heykələ dönər!
Orxon-Yeniseyin daş-qayasında
Hələ Türklüyümün nəbzi döyünər.

KAŞ Kİ

Kaş ki bu xəyala o vaxt düşəydin,
Ömrümün bəxtəvər çağıydı onda.
Uğruma qəmlərdən qabaq düşəydin,
Gözlərin ömrümə yağıydı onda.

Yönü belə qəmədimi bu dağlar?,
Qəmə batma demədimi bu dağlar?,
Sənsiz qalan ümidimi bu dağlar,
Udub da üstümə şaxıdı onda.

O vaxtlar qəlbimə bir ay doğardı,
Üstümə nur yağar,ümid yağardı,
Darılmaz səbrimə dərya sığardı,
Ləşkər arzularım sağıydı onda.

Gözündə güləsi bir səhər idim,
Mən necə nurluydum,nə təhər idim,
Hələ yazılmamış bir dəftər idim,
Şehli gümanlarım ağıydı onda.

Arxanca çırpınıb sındı qanadım,
Polad sərtliyindən düşdü inadım,
Dünənimlə bu günümü qınadım,
Ürəyim dözümdə dağıydı onda.

YASƏMƏN İŞIĞINDA

Ürəklər titrədən bu nəva hardan,
Hələ cücərməmiş çöl-çəmən bu yaz.
Hardan gəlib çıxdın, binəva, hardan?!
Yaman tələsmisən, yasəmən, bu yaz?!

Bu, necə büsatmış; bu, nə cəlalmış!
Bir dəliqanlımı könlünü çalmış?!
Bu sevdadan boyun artmış-ucalmış;
Nə şux bəzənmisən, ay sənəm, bu yaz!

Bir avaz vurnuxur könül simində,
Çox naçar qalmışam gül tilsimində.
Yarışa çıxmışıq yaz mövsümündə,
Ya sən yuxalmısan, ya sinəm bu yaz.

Biz iki damlatək göylərdən düşdük,
Tale rast gətirdi: burda görüşdük.
Bir qüdrət: – İç! – dedi. Biz də ki, içdik!..
Ya tonqal çatılam, ya sönəm bu yaz.

Əhsən bu şuxluğa, bu gözəlliyə!
Hər salxımın məlhəm bir təsəlliyə!
Yüklü budaqların sınmasın deyə:
Qəbul etsən, olum əsa mən bu yaz.

Bir də görüşərik nə zaman görüm,
Sənsiz nə göy görüm, asiman görüm!..
Ömrün uzun olsun, yasəmən, görüm!
Düyünə sən qənşər, yasa mən bu yaz…

O qış yön verdi ki, bu yaza döndüm.
Əngin fəzalarda pərvaza döndüm;
Fikirlər içində qəvvasa döndüm;
Bir özgə Məmmədəm, nəsə, mən bu yaz.
 
BU DA Kİ BELƏ...

Bu bostanı necə əkib-becərim?!
Yağışı quruyub, su da ki belə...
Kasadlıq afətdir; nə fərqi varmış:
Ya muşovul yesin, ya da ki belə...

Kotan nədi, fil qaldırar bu qırğı!
Heç nədən yarılır dağların bağrı...
Kor quyudan nə səs bitər, nə qarğı:
Dibində boğulub səda ki belə...

Laxlamış bir iman sağ qala, qalmaz!
Pozulmuş o hörmət saqqala qalmaz!
Bir budaq ucunda çaqqala qalmaz;
Nəylə gəlir-gəlsin, qada ki belə...

Bu qaçqınlıq hardan soya, nəsilə?!.
Axşam nəslə gəlir, səhər nəs ilə.
Qorxuram bu torpaq şoran kəsilə:
Göz yaşıyla doyur cada ki belə...

Sultanheydər zirvədəki pir idi!
Ağrıyla üzbəüz, qəlbi bir idi!..
Keytidağda “Qu gölü”müz qurudu;
O göl qudan getdi; qu da ki belə...

Qaneyəm dünyanın azı-çoxuyla;
Uyuşum tapaydım, ey kaş, yuxuyla;
Aradım səbrimi “Yahu-Yahu!”yla,
Qəzəbnak olmayıb Xuda ki belə...

Hər açan çiçəklə bir bahar səndim;
Bir qom bənövşəyə can dəyişərdim...
Ömrümün boyunu ölçdüm; üşəndim:
İndidən düşmürəm yada ki belə...

Belə xor baxmazdı bəndə Allaha:
Ulduzlar daş kimi qorxuram yağa...
Bu ormanda palıd bitməz bir daha:
Hindilər tumunu uda ki belə!..

Bu mövzu ağlıma gəldi ha sondan;
Dadanmışdım: qoşma yazam asandan.
Sonunu gözləmə Məmməd Aslandan!..
Yetər bu qədəri!... Bu da ki: Belə!!!


Dalidag.az


Kateqoriya: Kəlbəcər / Poeziya-nəsr
Tarix: 23-09-2026 14:32
Baxış sayı: 3108
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını