Kəlbəcərin orta əsrlər tarixinin dərələyəzlə bağlılığı

12-06-2026 15:04
                                                                                
   Ramiz Nəcəfli
Bakı Muhəndislik Universiteti “Ümumi fənlər” 
kafedrasının müəllimi, tarix üzrə fəlsəfə doktoru
[email protected]

    Bu məqalə 08.03.2026-cı il tarixində Türkiyənin nüfuzlu elmi jurnallarından biri olan “AKADEMİK TARİH VE DÜŞÜNCE DERGİSİ” ndə “The Connection Between the Medieval History of Kalbajar and Daralayaz” başlığı altında ingiliscə nəşr edilmişdir. Məqalə bəşər sivilizasiyanın beşiyi olan Kəlbəcərin orta əsrlər dövründən bəhs edir. Azərbaycanın qədim dövlətçilik ənənələrini qoruyub özündə saxlayan bu bölgə öz gözəl təbiəti ilə, o cümlədən, dağları, dərələri, buz bulaqları, mineral ehtiyyatları(isti su, turş su,), zəngin qızıl yataqları və s. resursları ilə yadelliləri özünə cəlb etmişdir. Müxtəlif zamanlarda dövlətçiliyin zəiflədiyi şəraitdə yadelli işğalına məruz qalmış, təssərrüfatı sıradan çıxmış, mədəniyyəti müəyyən müddətdə duğunluq keçirsə də. yenidən dirçəliş başlamışdır. Daha çox orta əsrlər dövründə olan yadelli işğalları əhalinin doğma yurdlarından didərgin düşərək başqa ərazilərə köç etməsi, bu bölgələrin müəyyən bir müddət ərzində boş qalması və sonradan yenidən məskunlaşma halları ilə üzləşmişdir. Monqolların ikinci yürüşü zamanı Cənubi Qafqaz ərazisi, o cümlədən Azərbaycan düşmənə müqavimət göstərə bilmədiyindən Ali Monqol xaqanlığının tabeçiliyinə düşmüşdür. Bu yürüş zamanı Tərtərçayı bölgəsi, o cümlədən indiki Kəlbəcər ərazisi qılıncdan keçirilmiş, salamat qalmış əhalinin əksəriyyəti Dərələyəz bölgəsinə köç etmişdir. Məqalədə məqsəd bölgə əhalisinin XIII-XIV əsrlərdə Dərələyəzə və XVI-XIX əsrlər arasında oradan Kəlbəcər miqrasiyasından söz açmışıq. Bununla da Kəlbəcər tarixinin müəyyən bir dövrünün Dərələyəzlə bağlılığına aydınlıq gətirməyə çalışmışıq.
                                                         Giriş
  Kəlbəcər Azərbaycanın ən qədim insan məskənlərindən biridir. Daha dəqiqləşdirmə aparsaq birincilərdəndir. Qədim daş dövrünə aid açıq yaşayış düşərgəsi, hələ də tədqiqata ehtiyac duyulan mağaralar, tunc dövrünə aid qayaüstü təsvirlər, tunc dövrünün yaşayış məskəni, iki minillik tarixi olan şəhər mədəniyyəti, qıpçaq-alban mədəniyyətini özündə ehtiva edən memarlıq abidələri, heykəltaraşlıq, dulsçuluq, keçəçilik, xalçaçılıq, dəriişləmə, sənəkarlıq və s. abidələri özündə qoruyub saxlayan bu bölgənin orta əsrlər dövrü keşməkeşli olmuşdur. Albaniya dövlətinin hələ mövcudluğu dövründən Xaçın knyazlığının, sonralar ardıcıl olaraq sasanilərin, ərəblərin, ilkin feodallıqlar dövründə Salarilərin, Şəddadilərin, Səlcuqların, Elxanilərin, Cəlairilərin, Qaraqoyunluların, Səfəvilərin, Nadir şah imperiyasının və Qarabağ xanlığının tərkibində olmuşdur. Monqolların ilk yürüşləriləri zamanı bu bölgə basqınlara məruz qalmasa da, 1231-1239-cu illəri əhatə edən ikinci yürüşün ağır nəticələri olmuşdur. Bu məsələlərlə bağlı Kəlbəcər Tarix-Diyarşünaslıq Muzeyində elmi işçi kimi çalışdığımız illərdə topladığımız məlumatlar və mənbələr əsasında sonralar elmi məqalələrimizdə toxunmuşuq. 
Miqrasiyanın səbəbləri
  Mənbələrə görə Tərtərçay boyu ərazilərdə yaşayan əhali qılıncdan keçirilmiş, insanların çoxu monqollların əlinə keçməmək üçün özlərini qayadan  atmışlar. Ən çox qan axıdılan ərazilərdən biri “Laçınqala”nın ətrafında olduğuna görə el arasında bu qala “Qanlıqala” kimi də tanınmışdır. Yerli əhalinin verdiyi məlumata görə canlarını qurtaran insanlar isə Dərələyəz bölgəsində sığınacaq tapmışlar. Yeri gəlmişkən qeyd edək ki, “Laçınqala” ilə bağlı Azərbaycan qalalarına həsr edilmiş bir məqaləmizdə bəhs etmişik . Monqolların ikinci yürüşü zamanı salamat qalmış əhali dağ aşırımları ilə yəqin ki, onlara əlçatan əraziyə pənah aparmışlar. Bir neçə əsr sonra baş verən hadisələri analiz edəndə, onların Dərələyəz bölgəsində sığıncaq tapdıqlarını söyləmək olar. Bu məsələ üzərində ətraflı təhlil aparacağıq.  
Müəyyən bir əhalinin doğma yurdlarını tərk edərək başqa yerlərə miqrasiyası(köç etmələri) ailə münaqişələri, tayfalar arasında münaqişələr, müharibələr, etnik dayaq yaratmaq məqsədilə, iqtisadi və s. səbəblər üzündən baş verə bilər. Azərbaycan ərazisinə köçmələr hələ e.ə. VII əsrdə kimmer-iskit-sak tayfalarının gəlişi ilə başlayaraq erkən orta əsrlərdə hun, basil, bulqar, sabir, xəzər və b. türk tayfaları məskunlaşmışlar. III əsrdə yaranmış Sasanilər dövləti isə etnik dayaq yaratmaq məqsədilə Azərbaycanın şimalına farsdilli tayfalar köçürmüşdülər. Eyni məqsədlə Ərəb xilafəti də bölgəyə ərəbləri gətirmişdilər. Ərəb xilafətinin zəifləməsi və parçalanması ilə Azərbaycan ərazisində siyasi dirçəliş yarandı. Bu dövrdə yaranan Sacilər və Salarilər dövlətləri nəinki Azərbaycanın şimalı və cənubunu əhatə edirdi, hətta Salarilərin ərazisi Dərbənd keçidindən Dəclə və Fərat çayının yuxarı axarlarına qədər çatırdı. Amma bu bölgədə uzunmüddətli vahid dövlətin olmaması və ümumi düşmənə qarşı birləşməmək ucbatından xaricdən gələn hücumların qarşısını almaq mümkün olmamışdır. XI əsrdə Səlcuq türklərinin Azərbaycana yürüşlərini yerli əhali ona görə dəf edə bilmədilər ki, vahid dövlət artıq yox idi. Həmçinin Azərbaycan əhalisi soydaşları olan səlcuq türklərini Bizans-erməni-gürcülərə qarşı müttəfiq bilirdilər. Monqolların yürüşlərində də çobanilər və cəlairilər Azərbaycanda məskunlaşmışdılar. Bütün bunlar tarix elmində çoxdan öz təsdiqini tapmışdır. 
   Bölgə əhalisinin XIV əsrdəki taleyi  ilə bağlı Əli Uluxanlı yazır ki, 1394-1395-ci illərdə Teymurləngin ordusunun əlindən bu ərazilərdən qaçıb getmiş əhalinin nəsilləri 1700-1710-cu illərdə geri dönmüşlər. Müəlifin sözlərinə görə Dərələyəz mahalının Kotanlı, Herher, Güllücə, Gədik Vəngi, Comərd, Milli Dərəsindəki Vedi və başqa kəndlərinə qaçıb getmiş insanların övladlarından ilk olaraq əcdadlarının tarixi yurdlarına Məmməd və Əli qardaşları gəlmişlər. Ə.Uluxanlı Məmməd və Əli qardaşlarının Kəlbəcər bölgəsində hansı torpaqlara sahib olduqları barədə də “Uluxanlı Qaraçanlılarının şəcərəsi” kitabında məlumat verir: “Məmmədoğlu və Ayrım binəsinin mövcud örüş-otlaq sahələri, Göyçənin yalı, Qara Qaya, Məşədi Cəmilin yurdu, Zeynalın bulağının üstündən dağın tili boyu Tərtər çayı səmtindəki Maraluçandan Milli dərəsi- yuxarı Qaraxan binəsinin söykəndiyi güneydəki dağın tili boyunca, Tərəzi daşı, Qoçdaş, Qonur yaylağınadək; Tatdı ilə Məmmədoğlu binəsinin arasındakı til aşağı-Tərtər çayınadək; Tərtər çayından Alolar kəndinin söykəndiyi dağın tili boyu Korbulağın üstündən Dlqılınclı kəndinin biçənək sahələri boyunca- Şirinbulaq səmtinədək; Dalqılınclı, Otaqlı kəndlərinin örüş, biçənək sahələr ilə “Sümüktökülən” dərənin şimal tərəfindən Göyçə ilə sərhəd dağların tili boyu – Qara qayayadək; sonralar rayonun zar-zəylik kəndlərinin ərazisinə daxil edilmiş yararlı biçənək sahələrinin böyük hissəsi, Bəzirxana kəndi və örüş-otıaq biçənək sahələri Keyti dağınadək bütün sadalanan geniş ərazilərdəki torpaq sahələri Məmməd və Əli qardaşlarına məxsusdur”. Tədqiqatçı alim Şamil Əsgərov Kəlbəcər qalaları haqqında məlumat verəkən yerli əhalinin ikinci dəfə burada nə zaman məskunlaşmasına da münasibət bildirib: ”Kəlbəcər torpaqlarında bir çox qədim qalaların qalıqları mövcuddurBu qalalardan “Comərd”, “Qalaboynu”, “Qaraçanlı”, “Lök” və digərlərinin adını çəkə bilərik. Əlbəttə bu adlar həmin qalaların ilkin adları deyildir. Çünki Kəlbəcər rayonundakı keçmiş yaşayış məntəqələri müxtəlif səbəblərdən dağılmış və indiki əhalinin babaları 1587-ci ildə birinci Şah Abbas tərəfindən bu yerlərə göndəriləndən sonra qalalara yeni adlar qoyulmuşdur” . 
   Tədqiqatçı Elnur Nəciyev yazır ki, Azərbaycan Səfəvilər dövlətindəki miqrasiyalar müharibənin səbəb olduğu köçlər, iqtisadi səbəbdən baş verən köçlər, hərbi dayaq yaratmaq və cəzalandırmaq məqsədilə həyata keçirilən köçlər, başqa dövlət tərəfindən hərbi dayaq məqsədilə  reallaşdırılan köçlər olmuşdur . Hesab edirik ki, indiki Kəlbəcər ərazisində baş verən miqrasiyalar da, daha çox müharibənin səbəb olduğu köçlərdir.
Səfəvi-Osmanl müharibələr zamanı rəqibin hücum etdiyi ərazilərdən əhali ölkənin içərilərinə və başqa yerlərə köçürülür, otlaq sahələri və ot tayaları yandırılırdı. Rəqib ordunun əlinə keçməməsi üçün zəruri olan nə varsa, o cümlədən daşınmayan əmlak məhv edilirdi. Bu taktikadan Səfəvilər dövlətində ilk dəfə olaraq Şah İsmayıl Xətai istifadə etmişdir. O, Osmanlı dövlətinin başçısı Sultan Səlimin yürüşü ərəfəsində Diyarbəkirdən geri çəkilərək yerli əhalini buradan köçürmüş və daşınması mümkün olmayan bütün maddi ehtiyyatları məhv etdirmişdir. Sonralar Təhmasib və başqa dövlət başçıları da bu taktikadan istifadə etmişlər.  
O dövrdə olan yerdəyişmələrlə bağlı əhalinin məskunlaşdığı inzibati ərazi vahidlərini öyrənmək üçün “Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri” dəyərli mənbələrən hesab olunur. 1727-ci il tarixli“Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri”ndə Xaçın və Keştək ərazi-inzibati vahidlərini görə bilirik . 
   Mövzuyla bağlı xanlıqlar dövrünə aid mənbələrdən müəyyən məlumatlar ala bilirik. Məlum olduğu kimi Nadir şahıın sui qəsd nətiəsində öldürülməsindən sonra Azərbaycan ərazisində yaranan və bu torpaqların birləşdirilməsi uğrunda mübarizə aparan xanlıqlardan biri və birləşdirmə siyasəti aparan Qarabağ xanlığı olmuşdur. Tarixi – Safi müəllifi ” Mirzə Yusif Qarabaği yazır: “Qarabağ xanı Pənahəli buradakı məlikləri özünə tabe etməklə Qaradağ hakimlərindən Mehrini, Güney mahallarını, Naxçıvan hakimindən Bərgüşada kimi Tatef və Sisyan mahalarını, Təbriz bəylərbəyindən Uşacıq kəndinin yuxarısınadək, Tərtər sahilində Kolanların məskəni olan Göyçə sərhədinə kimi İrəvan hakimindən aldı. Vaxtilə Xudafərin körpüsündən Kürəkçaya qədər Gəncə bəylərbəyinin ixtiyarında olan yerləri də 1755-1757-ci illər ərzində öz ixtiyarına keçirdi” 
Kəlbəcər əhalisinin son məskunlaşmasının Dərələyəzdən gələrək bu yerlərdə yurd salmalarına “Kəlbəcər Tarix-Diyarşünaslıq Muzeyi materialları Azərbaycan tarixini öyrənmək üçün mənbə kimi” adlı dissertasiya işində münasibət bildirmişik. Tədqiqat işində göstərmişik ki, əslində Kəlbəcər ərazisisndə yaşayan əhali monqolların ikinci yürüşündən canlarını qurtarıb Dərələyəz bölgəsinə sığınmışdılar. Bu hadisələrdən bir neçə əsr sonra isə onların nəsilləri öz əzəli yurdlarına dönmüşlər. Dərələyəzdən Kəlbəcər ərazisinə miqrasiya   “Dərələyəz mahalının kameral təsviri”ndə öz təsdiqini tapır. Öncə qeyd edək ki, “Dərələyəz mahalının kameral təsviri”ni tərcümə edən, çapa hazırlayan və ön sözün müəllifi Nazir Əhmədli bu işə çox böyük əmək sərf etmişdir. Kameral təsvirdə tariximizin müəyyən bir dövrünün qaranlıq səhifələrini işıqlandırmaq üçün önəmli məlumatlar var və bunlar ciddi mənbələr sayılmalıdır. 1831 və 1841-ci illərdə çar məmurları Zolotnitski və Zaporojski tərəfindən tərtib olunmuş kameral təsvirdə əhalinin adbaad siyahısı, yaşı, milli tərkibi, sayı ilə yanaşı mahalın təbii ehtiyyatları, əhalinin məşğuliyyətləri və s. məlumatlar əks olunmuşdur. 
Şərqi və Qərbi Zəngəzurdan olan bu bölgənin əhalisinin sakinləri türk tayfalarından ibarət olmuşdur. Qərbi Dərələyəzin yalnız Xaçik və Aynazur kəndləri (hazırda Ermənistan Respublikasında qalan)istisna olmaqla müsəlmanların şiə məzhəbinə mənsub olan türklər idi. Şərqi Dərələyəzin sakinləri isə əsasən Qaraçor türkmənləridir.   
   Nazir Əhmədli qaraçorluların mənşəyinin mübahisəli olduğunu nəzərə alaraq bir sıra mənbələrə müraciət etmiş və onların türkmənşəli olduğunu təsdiqləyən dəlilləri ortaya qoymuşdur. Araşdırma apararkən onun gəldiyi nəticələrin mükəmməl olduğunun şahidi oluruq. Tədqiqatçı Qiyasəddin Qeybullayev yazır ki,  qaraçor sözündəki “çor” komponentini araşdırdıqda çor, çur “igid”, “qəhrəman”(Babək üsyanı yatırıldıqdan sonra Azərbaycana göndərilmiş Azərbaycan ordusunun başçısı, əslən türk olan Manqaçurun adı da türk dillərindəki manqa “bahadır”, “döyüşçü” və çur sözlərindəndir) mənasını daşıyır. 
   “Qafqaza hücum” adı altında Sasani-Bizans müharibələrindən söz açan Lev Qumilyov Dərbənd şəhərinin Alban tarixindəki adının “Çor” olduğunu qeyd edir. O, Alban tarixçisi Musa Kalankatlıdan yararlanaraq 626-cı ildə Dərbənd üzərinə hücumdan söz açır: “Dərbənd üzərinə hücumu Moisey Kaqankvatsi son dərəcədə gözəl təsvir etmişdir ”...Qayşax(Alban knyazlarından olan fars canişini) böyük Çor şəhərinin müdafiəçilərinin və onun heyrətamiz divarları üzərindəki döyüşçülərin aqibətini gördü”. 
Nazir Əhmədli XIX əsrin 30-40-cı illərində çar məmurlarının Dərələyəz mahalının əhalisi ilə bağlı tərtib etdikləri təsviri tərcümə etməklə kifayətlənməyərək, araşdırma apararaq toponimləri təhlil etmiş, problemli məsələlərlə bağlı bir çox mənbələrə müraciət etmiş və xüsusilə qaraçorluların türkmənşəli olduğnu təsdiq edən yüzlərlə mənbədən istifadə etmişdir. Dərələyəz Göyçə və Zəngəzurla birlikdə erkən orta əsrlərdə Albaniyanın Sünik vilayətini təşkil edirdi. Ümumiyyətlə Dərələyəzin adına ilk dəfə Şərəfxan Bidlisinin “Şərəfnamə” əsərində rast gəlinir.                                       
  Dərələyəz əhalisinin etnik tərkibinin dəyişməsi
  Tədqiqatçı Elnur Nəciyev Dərələyəzlə bağlı Ermənistan SSR Elmlər Akademiyasının Coğrafiya  bölməsinin tədqiqatçısı V.Q.Zubeytyanın etiraflarını üzə çıxararaq bu sahədə olan araşdırmaların mənbəşünaslığına yeni bir imza daxil edib. Belə ki,  erməni tədqiqatçısı V.Q.Zubeytyanın1947-ci ildə erməni maraqlarına uyğun yazdığı və müdafiə etdiyi “Dərələyəz (iqtisadi-coğrafi xarakteristika təcrübəsi)” adlı namizədlik dissertasiyası reallığı əks etdirən bəzi maraqlı məqamlardan xəbər verir. “Xalq Təsərrüfatının Sosialistcəsinə yenidən qurulması” adlı fəslin “Əhali və onun yerləşməsi” adlı ilk paraqrafında belə etiraflar yer almışdır:“Ermənistanın digər rayonları kimi Dərələyəz əhalisi də keçmişdə milli tərkibinə, yaşayış məntəqələrinin və iqtisadiyyatının xarakterinə görə köklü dəyişikliklərə məruz qalmışdır. Milli tərkib və digər əlamətlər üzrə bu dəyişiklik son 100 ildə də müşahidə edilir... 1828-ci il Türkmənçay və 1829-cu il Ədirnə müqaviləsinə görə ruslar tərəfindən İrana (Qacarlar dövlətinə - E.N.) və Türkiyəyə (Osmanlı imperiyasına – E.N.) və əks istiqamətdə əhalinin məskunlaşdırılması nəzərdə tutulurdu, bununla əlaqədar Azərbaycan əhalisinin böyük hissəsi Dərələyəzdən Arazın digər sahilinə İrana məskunlaşdırıldı, Xoy, Salmas və Urmiya gölü hövzəsində yaşayan erməni əhalisi isə Araz çayının sol sahilinə məskunlaşdırıldı və azərbaycanlı əhalinin boşaltdığı məskənləri tutdu. Dərələyəzdə Türkiyənin Ağbək əyalətindən də ermənilər məskunlaşdırıldı. Türkiyə və İrandan erməni əhalisinin məskunlaşması 1-ci imperialist müharibə vaxtı və Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra da davam etdi... 1831-ci ildə əhalinin ümumi sayı 6728 nəfər idi, onun da 3268 nəfəri erməni idi, onlardan 2773 nəfəri, yəni 85%-i sonradan köçənlərdir”.
   Müəllif tərəfindən tərtib edilən xüsusi cədvəldə aparılan məskunlaşdırılma siyasəti nəticəsində Dərələyəz əhalisinin etnik tərkibinin necə dəyişməsi 1831, 1897, 1926, 1939-cu illər üzrə rəqəmlə, 1897, 1926, 1931 və 1939-cu illər üzrə isə faizlə göstərilir. Həmin cədvəldən məlum olur ki, ermənilərin tarixi Azərbaycan torpaqlarında, o cümlədən də Dərələyəzdə məskunlaşdırılmalarına və azərbaycanlıların öz ata-baba yurdlarından sürgün edilmələrinə baxmayaraq 1897-ci ildə əhalinin 62 faizini azərbaycanlılar, 37,9  faizini isə ermənilər təşkil edirdi. Erməni əhalinin də əksəriyyətini məhz gəlmələr təşkil edirdi. SSRİ hökuməti qurulduqdan sonra bu nisbət ermənilərin xeyrinə daha da dəyişdirilmişdir. Belə ki, erməni müəllifi yazır ki, artıq 1939-cu ildə əhalinin 66,8 faizini ermənilər, 32,8 faizini isə azərbaycanlılar təşkil edirdi. Elnur Nəciyev. Dərələyəzlə bağılı erməni müəllifinin etirafı.
  Ənvər Çingizoğlu və Fazil Baxşəliyevin həmmüəllifi olduqları “Qarabağın el və obaları” kitabında Qaraçorlu eli haqqında bildirilir: “Hazırkı Laçın bölgəsi xanlıq dönəmində Qaraçorlu mahalı adlanırdı. Qaraçorlu mahalı güneydən Bərgüçşad, günbatandan Tatev, quzeydən Göyçə, Gündoğandan xaçın mahalları ilə qonşu idi. Mahal əski Məğavuz, Keştasf, Həkəri və Alpout nahiyələrinin ərazisində yaranmışdı. Mahal öz adını Qaraçorlu elindən almışdı... Qaraçorlu öncə böyük bir el idi. İran və Osmanlı məmləkətlərinin dürlü yörələrində yerləşmişdi. Qarabağda isə sadaladığımız nahiyələrdə qərar tuturdu. Qaraçorlu eli daimi asi və qiyamçı olmaqları ilə ad çıxarmışdı. El əhli nə Səfəvi, nə də müvəqqəti Osmanlı hökumətlərinə vergi ödəmirdi”. 
Qeyd edək ki, Səfəvi-Osmanlı müharibəsinin II mərhələsinin başa çatdıran ən ağır şərtli İstanbul sülhü ilə nəinki Azərbaycan torpaqları, bundan başqa Cənubi Qafqazın digər əraziləri, İranın qərb vilayətləri(Nəhavənd, Luristan, Şəhrizur) da Osmanlıların əlinə keçirdi. Bu zaman Azərbaycanın iqtisadiyyatı pozulmuş, sərvətləri osmanlı feodalları tərəfindən talan edilmişdi. Osmanlı hakimiyyət orqanları zəbt olunmuş ərazilərdə yeni inzibati idarə vahidləri yaratmış, vergi və mükəlləfiyyətlərin növlərini müəyyənləşdirmişdilər. Osmanlı dövləti Səfəvilər dövləti ilə apardığı müharibələr zamanı ələ keçirdikləri Azərbaycan ərazilərində öz inzibati idarəçiliyini qurmuşdu. Odur ki, bu dövrlə bağlı məlumatları Osmanl mənbələrindən də almaq mümkündür. “Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri”ndə Qaraçorluların neçə ev olduqları, məğlubedilməzliyini və mövcud hakimiyyətə boyun əymədiklərini əks etdirən məlumatlar  verilir: “Bu camaatın təxminən 400 evi olmuşdur . Əcəm(Səfəvi-H.M) dövründə itaətsizliyindən dolayı xəzinəyə vergi ödəmirdi. Vergilər öz kətxudaları tərəfindən mənimsənilmişdir. Rəayənin malını qarət etmələrindən dolayı yaşadıqları Keştasf və Sazis(Bu adda nahiyyə olmamışdır. Bu Zarıs nahiyəsidir. H.M) adlı nahiyəni xaraba qoymuş və boşluğa çevirmiş, bir qism ermənini həm xoşluqla, həm də məcburi şəkildə özlərinin rəayəsi etmişdir. Zarıs, Keştasf, Meğaviz və Həkəri tərəflərində əkinçiliklə məşğul olur, lakin üşr və bəhrəni vermirlər. Üzərlərinə əsgər göndərilsə də, sığnağ yaxınlığında yaşadıqlarından dolayı, sığnaqlara çəkilib gizlənir və indiyə qədər əsgərlərə onlar üzərində qələbə çalmaq müəssər olmamışdır. Bu vəziyyət indi də elədir. Hesab edirik ki, “Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri”ndə “bir qisim erməni” dedikdə yəqin ki, söhbət qriqoryanlaşdırılmış xristian alban-qıpçaqlarından gedir. Qeyd edək ki, xistian alban-qıpçaq tayfalarının Qarabağda qriqoryanlaşdırılması hələ VIII əsrdə başlanmışdır. Belə ki, qriqoryan təriqətli katalikos İlya xəlifə Əbdül-Malikə(685-705) xəbərçilik edərək alanların xilafət əleyhinə Bizansla ittifaq bağladığını bildirmişdi. Əbdül-Malik də Arran(Albaniya. R.N) katalikoslarını İlyaya tabe etdi. Qarabağ ərazisində qriqoryanlaşma prosesi Alban katalikosluğunun 1836-cı ildə ləğv edilməsi ilə başa çatmış oldu.  
“Qarabağnamələr”dən də məlum olur ki, Nadir şahın hakimiyyətə gəlməsinədək Qaraçorlular yarımmüstəqil həyat tərzi sürmüşlər. Mir Mehdi Xəzani yazır ki, Nadir Gəncəni mühasirədə saxlayarkən Osmanlı qoşunlarının bir hissəsi İrəvana doğru irəliləyərək buranı ələ keçirmək istəyib. Arpa çayı ətrafında gedən qızğın döyüşlərdə Qaraçorlu elindən olan Rüstəm bəy, osmanlıların buradakı qoşun rəhbəri Abdulla paşanı məğlub edərək onun başını kəsərək Nadir şahın hüzuruna gətirib.
Qaraçorlular arasında parçalanma ilə bağlı məlumatı “Qarabağın el və obaları” kitabında görə bilirik: Nadir şahın sui qəsd nəticəsində öldürülməsindən sonra Qaraçorlular özünü müstəqil idarə edərək heç kəsə tabe olmadı. Qarabağda öz hakimiyyətini quran Pənahəli xan qaraçorluları itaətə çağırsa da, onlar qulaqardına vuraraq tabe olmaqdan boyun qaçırmışlar. Pənahəli xan qoşun göndərərək qaraçorluları tabe etdi və Həmzə sultan Hacısamlını onlara başçı təyin etdi. Beləliklə bu hadisədən sonra qaraçorlu elində parçalanma baş verdi. Onların bir hissəsi Qarabağda qalsa da, bir hissəsi Qaradağa, digərləri isə İrəvana köç etdilər.. Qaradağa köçən Qaraçorlu eli Kiçikli, Gorussəng, Bəstamlı, Qorçulu, Şənbələr, Kiçilanlı, Bayramqanlı, şıxəlili, əmələ və kolanlı oymaqlarına bölünürdü... Qarabağda ömür sürən Qaraçorlu eli Hacısamlı, Əliyanlı, Şeylanlı və başqa camaatlara bölünürdü. 
1833-cü ildə Sankt-Peterburqda nəşr olunan «Статические данные Нахичеванской провинции »(Naxçıvan əyalətinn statistik təsviri. Sankt Peterburq,1833) kitabından qaraçorluların Dərələyəzə köçürülmə tarixi məlum olur. Məlumata görə ktabın yazılmasından 20 il əvvəl, yəni 1813-cü ildə qaraçorluları Dərələyəzə Nəbi bəy adlı bir adam gətirib. Belə ki, Nəbi bəylə Qarabağ xanı Mehdiqulu xan arasında ədavət yarandığına görə İran şahzadəsi Abbas Mirzə, Nəbi bəyin və Qaraçorluların uzun müddət boş olan Dərələyəzdə yerləşdirilməsini münasib görmüş, buradakı 6 kəndin- Keşişkənd, Ortakənd, Qurdqulaq, Başkənd, Qoytul və Hors kəndlərinin gəlirini icma başçısı Nəbi bəyə təxsis etmişdir .  
Məlum olduğu kimi I Rus-Qacar müharibəsi dövründə(1804-1813) 1805-ci ildə mayında Qarabağ xanı İbrahimxəlil xan rus sərkərdəsi Sisianovla Kürəkçay müqaviləsini bağladı. Müqavilənin şərtlərinə görə Qarabağ xanlığı Rusiyanın himayəsini qəbul etdi. Ancaq çox keçmədi ki, hicri 1221-ci ildə(1806) İbrahimxəlil xan rus hərbçisi mayor Lisaneviç tərəfindən ailə üzvlərindən 17 nəfərlə birlikdə qətlə yetirildi. Təəssüflər olsun ki, İbrahimxəlil xanın oğlu Mehdiqulu xan isə atasının qatillərinə qarşı Abbas Mirzə ilə birləşmədi, əksinə rus qoşunun generalı Nebolsinə qoşularaq Qacarlara qarşı döyüşmək üçün tədarük gördü. Naibüssəltənə(Abbas Mirzə nəzərdə tutulur. R.N) Rusiya qoşununun ona qarşı irəlilədiyini görüb bütün qoşunu ilə müharibə etməyə gəldi. Çox keçmədi ki, Qızılbaş qoşunu(Qacarlar dövlətinin qoşunu.R.N) məğlub oldu. Qacarlar dövlətinin başçısı Fətəli şahın oğlu Abbas Mirzə isə təbii ki, Qarabağın itirilməsi ilə barışa bilməzdi. 1811-ci ildə  Abbas Mirzə Qarabağa tərəf irəlilədi. Qırçı qışlağında rusların bir tağımını dağıdıb, Qarabağa girdi. Mehdiqulu xan savunmaya qalxdısa da, rus qoşun başçıları xanın savaşa qatılmasına icazə vermədilər. Fürsətdən istifadə edən Abbas Mirzə Qarabağ ellərinin çoxunu İrana(Qacarlar dövlətinə.R.N), Qaradağ viayətinə köçürdü . Ehtimal ki, Nəbi bəy Fətəlixan oğlu da qaraçorluları bu hadisələrdən sonra Dərələyəzə gətirmişdir.  
Kəlbəcər Tarix-Diyarşünaslıq Muzeyinin keçmiş əməkdaşı kimi apardığımız etnoqrafik müşahidələr zamanı kəlbəcərli əhali arasında Dərələyəz mahalı ilə bağlılq barədə məlumatlar üstünlük təşkil edir. Bu məlumatlardan birini də Kəlbəcərin Zəylik kəndindən olan, 1885-ci il təvəllüdlü Xanım Alıqulu qızının söylədikləridir. Xanım Alıqulu qızının övladları və nəvələri ilə apardığımız söhbətlərdən məlum olur ki, onların nəsli İraqın Kərkük türklərindəndir və 1590-cı ildə Dərləyəz mahalında məskunlaşmışlar. Xanım Alıquluqının nəvəsi, Bakı Mühəndislik Universitetinin dossenti Nəcəf Orucov da nənəsinin İraqın Kərkük mahalından Dərələyəzə və oradan da Kəlbəcərə gəldikləri barədə söylədiklərini unutmadığını bildirir. 
Dərələyəzin Her-Her, Arınç, Terp, Çaykənd, Gomur kəndlərindən qaraçorluların fərruxqanlı, təhməzli, həsənanlı,kulakanlı tayfasından olan ailələrin Qarabağ qəzasının Kəlbəcər nahiyyəsinə gəldikləri qeyd olunur. Eləcə də Kəlbəcər nahiyyəsindən bir çox ailələrin Dərələyəzin ayrı-ayrı kəndlərində yerləşdiklərini kameral təsvirdə izləmək olur. Kameral təsvirin 123, 124, 126, 128, 136, 137, 139, 140 və 144-cü səhifələrində hər bir ailə başçıları və bütövlükdə ailə üzvlərinin cinsiyyəti və yaş qurupları yazılmaqla  hansı kəndlərdən köçdükləri göstərilir. Kəlbəcər-Dərələyəz əlaqələrinin qırılmaz tellərlə bağlılığını yuxarıdakı faktlar təsdiq edir.                                                   
        NƏTİCƏ

  Beləliklə, araşdırmalara yekun vurularaq əldə edilən ümumi nəticə ondan ibarət olmuşdur ki, orta əsrlər dövründə baş verən müharibələr zamanı insanlar Kəlbəcər bölgəsindən Dərələyəzə və bir müddət sonra Dərələyəzdən də Kəlbəcərə köç edərək yerli əhali ilə qaynayıb-qarışmışlar. Çar Rusiyasının dövründə 1831 və 1841-ci illərdə tərtib edilmiş kameral təsvirin, “Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri”nin və yerli mənbələrin, tədqiqatçıların əsərlərinin təhlili bu nəticəyə gəlməyə əsas verir. Araşdırmalar göstərir ki, bəşər cəmiyyətinin meydana gəlməsindən bu günədək Azərbaycan tarixinin bütün dövrlərini, o cümlədən dövlətçilik tarixini əks etdirən Kəlbəcərin tarixi zəngin olması ilə yanaşı, həm də mürəkkəbdir və hələ də tədqiqata ehtiyyac vardır. 

Dalidag.az




Kateqoriya: Karusel / Kəlbəcər
Tarix: 12-06-2026 15:04
Baxış sayı: 310
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını