Reklam
"Bulaq səsi, bənövşənin baxışı, mənim sənə olan məhəbbətimdi..." - Əyyub Cabbarov
09-09-2026 11:00
Əyyub CabbarovDalidag.az Sevinc Qəribin təqdimatında Əyyub Cabbarovun şeirlərini təqdim edir:
SƏN
Deyirsən ki, həmən mənəm, yaxın gəl,
Bu gün sən deyilsən, o dünənki sən.
Məni dəyişəndən dünya varına,
Silindin qəlbimdən o gündən ki sən.
Dövlət əl çirkidi, bir zaman gələr,
Bir xalnan yox olar, bir xalnan gələr,
Xoşbəxtlik ağılnan, kamalnan gələr,
Onu itirmisən əlinnən ki, sən.
Gəl səni qaytarım bir ötən günə,
O gün ki, səni də saldı düyünə,
Tutdum əllərindən, yalvardım sənə,
Ayrılaq söylədin dilinnən ki, sən.
Gördüyün halıma yanarsan dedim,
Gəzdiyimi xilqətində görmədim,
Endim ayağına, kömək istədim,
Zövq aldın gözümün selinnən ki, sən.
Yadındamı o solğun ay, o bahar,
Yadındamı Əyyub çəkən ağrılar,
Yadındamı Qəmli bulaq, Xan çinar,
Şahid həmən şahid, sən o deyilsən.
SƏNƏMİ
Əziz qardaş adım çıxdı yadımdan,
Dəlidağda elə gördüm Sənəmi.
Bir göz atdım toxunmadı nişana,
Dedi yeri qocalmısan sən, əmi.
Dedim ay qız hardan belə gözəlsən?
Bəlkə enib səmalardan gəlmisən?
Göz tikib üzünə dedim gözəlsən,
Gülüb dedi dərdi qalıb sənəmi?
Dedim: A mürvətsiz umacağım var,
Dedi: Kəsə danış sözünü qurtar,
Dedim: Göz vurmuşam özümə qaytar,
Dedi: Əyyub gəl aldatma Sənəmi.
MƏHƏBBƏTİMDİ
Buludsuz səmada səhər doğan gün,
Mənim sənə olan məhəbbətimdi.
Asimandan baxıb bədirlənən ay,
Mənim sənə olan məhəbbətimdi.
Şirin-şirin yatan körpə yuxusu,
Budağında qızılgülün qoxusu,
Sənin öz gülüşün ürək dolusu,
Mənim sənə olan məhəbbətimdi.
Dolu buludlardan bahar yağışı,
Çəmənlikdə çiçəklərin naxışı,
Bulaq səsi, bənövşənin baxışı,
Mənim sənə olan məhəbbətimdi.
Əyyuba şahiddi bu oba, bu el,
Yönüm hara düşsə qarşıma sən gəl.
Kamançada "Segah", sazda "Sarıtel",
Mənim sənə olan məhəbbətimdi.
QOVAĞIN
Bir gözəlin adın yazdım bıçaqla,
Dayanmadı zümzüməsi qovağın.
Bir gün dedim:"O qız əhdin itirdi",
Batdı o zamandan səsi qovağın.
Yarpaq saldı, köklərindən laxladı,
Günahkar tək yarasını yoxladı,
Qabar tutdu, qızın adın saxladı,
Dilə düşdü şikəstəsi qovağın.
Bar vermədi o zamandan qovaqlar,
Əsirgədi bəhrəsini qovaqlar,
Bir-birinə pıçıldadı, yarpaqlar,
Sərin çəkdi öz kölgəsi qovağın.
Bir gün gedib kölgəsində dayandım,
Əyyub vuran yarasından utandım,
Vidalaşıb, dörd yanına dolandım,
"Getmə" dedi hənirtisi qovağın.
ANA
Ölmə! torpaqlara vermərəm səni,
Yerin qollarımın arasındadı.
Təbii sularla yumaram səni,
Suyun gözlərimin qarasındadı.
Atamın məzarın əlimlə yardım,
Torpağında sənə çarə axtardım.
Dolanardım, dərmanını tapardım,
Bilsəydim dünyanın harasındadı.
Boğazımda qəhər, qəlbimdə kədər,
Sənsiz bu dünyadan dilim dərd əmər.
Əyyuba kim yanar sən yanan qədər?
Ananın ürəyi balasındadır.
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 09-09-2026 11:00
Baxış sayı: 370Yazı axını
08 / 09 / 2026
07 / 09 / 2026
07 / 09 / 2026
05 / 09 / 2026
04 / 09 / 2026
04 / 09 / 2026
03 / 09 / 2026
03 / 09 / 2026
03 / 09 / 2026
02 / 09 / 2026
01 / 09 / 2026
01 / 09 / 2026
01 / 09 / 2026
31 / 08 / 2026
31 / 08 / 2026
30 / 08 / 2026
30 / 08 / 2026
Ən çox oxunanlar




























