Kəlbəcərdə “Sülh naminə birlik və həmrəylik” mövzusunda tədbir keçirilib

08-09-2026 12:06


Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) təşəbbüsü ilə ölkə ərazisində 21 avqust – 21 sentyabr tarixlərində elan olunmuş “Sülh aylığı” çərçivəsində Kəlbəcər Rayon İcra Hakimiyyətinin  təşkilatçılığı ilə “Sülh naminə birlik və həmrəylik” mövzusunda maarifləndirici tədbir keçirilib.
Dalidag.az-ın xəbərinə görə, tədbirdə Kəlbəcər RİH başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Heydər Bəylərov, Kəlbəcər Rayon Ağsaqqallar Şurasının sədri Aqil Məmmədov, RİH yanında İctimai Şuranın sədri Şaban Qurbanov, YAP Kəlbəcər rayon təşkilatının məsləhətçisi Elçin Salahov, Qərbi Azərbaycan İcmasının Kəlbəcər rayon nümayəndəsi Akif Bayramov, hüquq-mühafizə orqanlarının nümayəndələri, idarə və müəssisə rəhbərləri, eləcə də ictimaiyyət təmsilçiləri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbirdə çıxış edən Heydər Bəylərov, Aqil Məmmədov, Şaban Qurbanov, Elçin Salahov və polis mayoru Kənan Kərimov 21 Sentyabr – Beynəlxalq Sülh Günü münasibətilə ölkəmizdə ənənəvi olaraq keçirilən “Sülh aylığı”nın əhəmiyyətini vurğulayıblar. Qeyd olunub ki, bu aksiya humanizm, həmrəylik və insan hüquqlarının müdafiəsi kimi ali dəyərlərin təbliğinə xidmət edir, eyni zamanda müasir Azərbaycanın regionda və dünyada sülhün, təhlükəsizliyin bərqərar olunması istiqamətində atdığı tarixi addımları bir daha nəzərdən keçirmək üçün mühüm platformadır.
Natiqlər bildiriblər ki, Müzəffər Ali Baş Komandan İlham  Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Zəfər və ərazi bütövlüyümüzün tam bərpası regionda keyfiyyətcə yeni reallıqlar yaradıb. Bu gün işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən nəhəng bərpa-quruculuq işləri təkcə regionun dirçəlişi deyil, həm də sülh naminə nümayiş etdirdiyimiz sarsılmaz milli birliyin bariz göstəricisidir. Otuz ilə yaxın dövr ərzində xarabalığa çevrilmiş şəhər və kəndlərimizin yenidən qurulması, modern infrastrukturun yaradılması və "Böyük Qayıdış" proqramı çərçivəsində soydaşlarımızın doğma yurdlarına təhlükəsiz dönüşü sülhün bəxş etdiyi ən böyük töhfələrdəndir.
Yekunda vurğulanıb ki, “Sülh aylığı” çərçivəsində təşkil edilən silsilə tədbirlər cəmiyyətimizdə sülh mədəniyyətinin gücləndirilməsinə, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasına və azad edilmiş torpaqlarımızın regionun ən abad, çiçəklənən guşəsinə çevrilməsi əzminə xidmət edir.

Dalidag.az














   




Kateqoriya: Kəlbəcər
Tarix: 08-09-2026 12:06
Baxış sayı: 311
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını