İlqar Rəsulun "Tənhalıq qorxusu" - Hekayə

28-06-2026 11:33
                  İlqar Rəsul 

Dalidsg.az Sevinc Qəribin təqdimatında İlqar Rəsulun hekayəsini təqdim edir:

                   TƏNHALIQ QORXUSU

Yerlə göyün arasında − günəşin altında, tənha qovaq ağacının üstündə bir leylək can verirdi. Günəşin istisi, acından civildəşərək vurnuxan balalar və ağacın dibində yerini rahatlayıb mürgüləyən təkgöz tülkü ölüm anını daha da cansıxıcı edirdi...
Onlar bu ağacın üstündə cütləşmişdilər. Məhəbbətləri insanların sevgisi kimi müvəqqəti həvəslərdən və maddiyyata yönələn arzulardan əziyyət çəkmirdi. İkinci yaz idi, birlikdə bura gəlirdilər. Talanın ortasındakı tənha qovağı görən kimi köçdən ayrılıb öz yuvalarına uçmuşdular. İlk bir neçə günü dimdiklərində qalın çır-çırpı, nazik ağac budaqları daşıyıb, bütün qışı baxımsız qalan yuvanı möhkəmlətmiş, kənarlarını bir neçə qat qaldıraraq, içini daha da dərinlətmişdilər. Çırpınanda bədənlərindən tökülən tükləri, yedikləri ovun qalıqlarını döşəmənin və divarların dəlmə-deşiyinə doldurub, yuvaya küləyin yolunu kəsmişdilər. Günlərini gah meşənin arxasındakı taxıl tarlasında siçan ovlamaqla, gah yaxınlıqdakı çayda xırda balıqları tutub udmaqla, gah da bitib-tükənmək bilməyən yaşıllıqların, dağların, göllərin üzəri ilə uçaraq bir-birini qovub şənlənməkdə keçirirdilər. Yorulub haldan düşəndə yer üzündə onlara hər şeydən əziz olan qovaq ağacındakı yuvaya qayıdır, yaxın budaqlardan həşərat, böcək tutub yeyir, vaxtında yumurta qoymaq üçün tez-tez sevişir, cütləşirdilər. Gecələr qovağın ən hündür budağının ucuna qonub sevişən bu cütlüyün qara siluetləri göydən asılmış nəhəng kürəni xatırladan ayın sapsarı fonunda təbiətin özünü belə valeh edən sehrli görüntülər yaradırdı. Sevişməni bitirib başlarını cəld hərəkətlə arxaya doğru atır, təpələrini kürəklərinə dirəyərək boyunlarını irəli gərir, qanadlarını belində bir-birinə çırpır və bunu bir neçə dəfə təkrar edirdilər. Ardınca dimdiklərini bir-birinə vurub taqqıldadır, lak-lak səsləri udlaqlarındakı boşluğa düşüb əks-səda verərək ətrafa yayılırdı. Sonra yuvaya enib, bir-birilərinə sığınaraq yuxulayırdılar...     
Xoşbəxt uçuşların birində qamışlıqdan açılan atəş erkək leyləyi qanadından yaraladı. Dişi leylək canını təhlükəyə ataraq çətinliklə də olsa, ovçunun diqqətini yaralı sevgilisinin düşdüyü yerdən yayındıra bildi. Hava qaralanda tapışıb, birtəhər yuvaya qayıtdılar. Xoşbəxtlikdən sümüyü sınmamışdı. Amma çoxlu qan itirmişdi deyə bir müddət yuvadan aralana bilmədi. Sevgilisi hər gün dayaz sulardan balıq, qurbağa tutub gətirirdi. Bəzən gecələr yarasa da tuturdu onun yaxşı qidalanıb tez sağalmasından ötrü. Tale yoldaşının yenidən həyata qayıtması üçün yem dalınca haralara uçmurdu. Bu uçuşlarda dəfələrlə yırtıcı quşların hücumuna, onu çöl qazı sanıb atəş açan ov tüfənglərinin nişangahına tuş gəlsə də, birtəhər canını qurtarıb, tapdığı qidanı gah mədəsində, gah da dimdiyində yuvaya çatdırırdı. Yarını itirmək, tək qalmaq qorxusu onu vəhşi heyvanların çənəsinin altından ət parçası qaçırmağa da məcbur etmişdi dəfələrlə. Belə qənimətlər adətən yekə olurdu deyə onları birbaşa uda bilmirdi. Çöldə parçalayıb mədəsinə doldurmağa vaxt itirmək istəmədiyi üçün də elə dimdiyində yuvaya gətirirdi. Qanı hələ qurumamış dovşan, çöl donuzu ətini yarımcan sevgilisinin qarşısına qoyub, bir az nəfəsini dərirdi. Özünə gələn kimi əti parçalayıb xırda hissələrə bölürdü ki, onsuz da taqətsiz olan sevgilisi yeyəndə əziyyət çəkib daha da haldan düşməsin. Özü bu qənimətlərdən lap az, sabah yenə yuvadan uçub geri qayıtmağa taqəti olması üçün yeyirdi. Sonra başını yatmış sevgilisinin kürəyinə qoyub, gecəni səhərə qədər baxışlarını bir az aralıda qaralan meşənin üstündən uzaqlara dikir, payızın qoxusu gələr-gəlməz boyunlarını irəli uzadıb dənizlərin, səhraların üzəri ilə uçub uzun məsafələr qət edərək cənuba −  isti yerlərə necə getdiklərini, günəşin qızmarından bezib suya girən fillərin, begemotların belinə qonduqlarını, qalın dərilərinin qırışlarından çıxan həşəratları yediklərini, antilopların arxasınca gəzib onların çəmənlikdə diksindirdiyi böcəkləri necə ovladıqlarını, yazqabağı yenə köçə qoşulub həmin yollarla geri − şimala qayıtdıqlarını, yolda bir-birini itirəndə necə həyəcanlandıqlarını, dəstə çöllükdə gəzinərək pis havanın keçməsini gözləyərkən tapışıb sevincək bir-birinə sarıldıqlarını, köç göydə güclü küləklə üzləşəndə, yaxud yem olmayan ərazilərin üzərindən sürətlə uçub keçəndə həyəcanla bir-birini geri qalmamağa çağırdıqlarını, dənizlərdən qalxan isti hava kütlələrinin axarında həvəslə daha da yüksəklərə uçduqlarını və sonra qanadlarını açıq tutub uzun müddət göydə necə süzdüklərini xatırlayır, “Kaş ki tamam sağalaydı, kaş ki yenə birlikdə uça biləydik”, − düşünürdü. Bir tərəfdən də hər səhər gəlib ağacın altında dayanaraq həvəslə yuxarı boylanan tülkü onun səbrini tükəndirirdi...
Bir müddət idi ki, tezliklə içindən ailənin yeni üzvlərinin çıxacağı yumurtaların da dərdini çəkirdi. Gündüzlər yaralı sevgilisi yumurtaların üstündə yatır, o, yem dalınca gedir, qayıdıb mədəsindəkini yarının qarşısına boşaltdıqdan sonra hündür budaqlardan birinə qonur, ətrafa nəzarət edirdi ki, yuvaya ilan-çəyən yaxınlaşsa, vaxtında xəbər tutsun. Gecələr hava ayazıyanda yuvaya düşüb, sevgilisinə sığınaraq bir tərəfdən də özü isidirdi yumurtaları. Amma yenə də gözünü yummurdu. Keşik çəkirdi dişi leylək yarına və yumurtalara...
Yazın sonlarında həyat öz axarına düşdü. Onlar yerlərini dəyişdilər. İndi yumurtaların üstündə ana özü yatırdı. Ata onunçün yem daşıyır, yuvanın keşiyini çəkirdi. Artıq tülkü də ağacın dibində görünmürdü. Taqəti özünə qayıdan kimi ata leylək hücum edib onun bir gözünü tökmüşdü. Sevgilisinin indiyə qədər çəkdiyi əziyyətləri unutdurmaq üçün bütün gününü onun qayğısına qalmaqla keçirirdi. Hər gün qanı qurumamış ət, canı tamam çıxmamış balıq, qurbağa, siçan gətirirdi yuvaya. Bəzən o qədər yem gətirdirdi ki, mədəsindən tökülən soxulcanların, böcəklərin bir qismini yuvanın yanlarındakı boşluqlarda məskunlaşmış sərçələr, sığırçınlar qapıb yeyirdilər. Ağacın həndəvərində ilan-çəyən görən kimi şığıyıb öldürürdü ki, yem dalınca gedəndə nigaran olmasın. Ana leylək bilirdi ki, leyləklər yalnız tükləri yaş olanda qanadlarını geniş açıb dayanarlar. Başqa heç vaxt digər quşlar kimi dayandıqları yerdə qanadlarını bədənlərindən aralı tutmazlar. Amma bəzən günortalar hava çox isti olanda seyrək budaqların arasından yuvaya gün düşməsin deyə sevgilisinin qanadlarını geniş açıb uzun müddət tərpənmədən dayanması onu çox xoşbəxt edirdi. Belə anlarda hərdən yumurtaların üstündən qalxmadan boynunu çevirib başı üzərində açılmış canlı çətirə baxır, yarının güllə dəymiş qanadındakı yaranın tam sağaldığına çox sevinirdi. Bəzən də ata leylək yuvanın içində dik dayanıb dimdiyi ilə yumurtaların üstündə oturmuş yarının başını təmizləyirdi. Sonra yerlərini dəyişir, ana leylək onun başını dimdikləyirdi. Axşam ana leylək adəti üzrə boynunu yarının kürəyindən aşıraraq, baxışlarını meşənin üstündən uzaqlara zilləyir, yuxuya gedənədək öz xoşbəxtliyi barədə düşünürdü...
Yumurtalar artıq tərpəşməyə başlamışdılar. Vədə tamam olurdu. Ailənin yeni üzvlərinin peyda olmalarına lap az qalırdı. İndi ata leylək qida gətirdikdən sonra günün qalan hissəsini yuvaya ən yaxın budaqda yerini rahatlayıb yarının qanadlarının yan-yörəsindən azacıq görünən yumurtalara baxırdı. Nəhayət, balalar dar məkanda qərar tuta bilməyib, yumurtaları içəridən deşərək, çıxmağa başladılar. Dörd günün içində ailə xeyli böyüdü. İndi onların sayı yeddi olmuşdu. Yuvada beş dənə çəlimsiz balanın civiltisi bir-birinə qarışaraq ətrafa yayılırdı. Yumurtadan son çıxan iki bala əvvəlkilərdən zəif idi. Bəzən leyləklər zəif balaları tələf edirlər ki, digərlərini daha yaxşı qidalandırıb, sağlam böyüdə bilsinlər. Amma onlar bunu etmədilər. Qayğıları çoxalsa da, səhərdən axşamacan ağızlarını geniş açıb yem gözləyən balaların qidasını artıqlaması ilə çatdırmağa çalışır, bir-birinə güvənib bu işin öhdəsindən sevinclə  gəlirdilər. Yağışlı, sərin günlərdə ikisi də birlikdə balaların üstünə otururdular, qanadlarını öz ətraflarında bir-birinə sıxıb dayanırdılar ki, soyuq onları tələf etməsin. 
Bir həftə sonra körpələrin boz, qısa və seyrək tüklərini nisbətən qalın və ağ tüklər əvəz etməyə başladı. Çəkiləri də günbəgün artırdı. Yumurtadan ilk çıxan balalar nisbətən böyük olduqlarından analarının dimdiyinə daha asan dartınıb, soxulcanı, böcəyi tez qapırdılar. Ona görə də ata və ana növbə ilə ov dalınca gedir, mədələrində çoxlu yem gətirib balaların qarşısında yuvaya qusurdular ki, hamısı doyunca yeyə bilsin. Leylək balalarının heç vaxt yem üstündə bir-biri ilə çəkişmədiklərini ata və ana yaxşı bilirdilər. Amma yenə də körpələrdə belə vərdişin yaranmasından ehtiyatlanıb, yemlərini daha da bol edirdilər. Artıq yumurtadan son çıxan ən çəlimsiz bala da yeməkdə o birilərdən geri qalmırdı. Yemin ətrafında dövrələnib qarınlarını çətinliklə də olsa, özləri doldurmağa çalışan balaların yırğalanan başları, gövdələri tez-tez bir birinə dəyirdi. Belə vaxtlarda ana yuvada oturub onların qidalanmasına göz qoyarkən ata uçub çaydan yosun qoparır, gətirib dimdiyində sıxaraq yeyib doymuş balaların ağzına su damcıladırdı. Günorta balalar mürgüləyəndə ata ilə ana onları seyr edir, bir azdan qəhvəyiyə çalan çiyin və uçuş tüklərinin də çıxıb tədricən qaralacağı, ucu tünd olan narıncı dimdiklərinin, eləcə də açıq-qəhvəyi ayaqlarının necə qızaracağı, nəhayət, ikinci yazda tam yetkin leylək rəngi alacaqları barədə düşünürdülər...   
Balaların çəkiləri xeyli artmış, dimdikləri yetərincə uzanmışdı. Hələ uça bilməsələr də, tez-tez qanadlarını yelləyib yuvada pərvazlanır, sərbəst hərəkət etməyə çalışırdılar. İndi onlar özləri qarşılarına qoyulan iri balığı, qanlı ov ətini rahatca didişdirib yeyə bilirdilər. Yeyəndə itələşməsələr də, daha böyük tikə qoparmaqda bir-birləri ilə sanki bəhsə girdikləri də olurdu. Günü-gündən qüvvətləndikləri və daha da çılğınlaşdıqları üçün onları yuvada bir an da nəzarətsiz buraxmaq mümkün deyildi. Əgər bir balaca gözdən yayınsaydılar, yuvadan düşüb tələf olardılar. İndi yuvanın dərinliyi də balaların qarşısını tam kəsə biləcək sədd sayılmırdı. Gah ata, gah da ana tez-tez yuvanın kənarında yaxalayıb, yerlərinə qaytarırdı onları. Balalar qarınları tox olanda hərdən ata-anaları kimi bir-birlərinin başını dimdikləyib təmizləməyə də cəhd edirdilər. Beləcə keçirdi günlər. Ata ilə ana onlara həvəslə qulluq edir, yeməkdən, sudan korluq çəkmələrinə imkan vermir, yayın ikinci ayında pərvazlanıb yuvadan uçacaqları günü səbirsizliklə gözləyirdilər...
Bir gün yuxarıda, buludların yanında qorxunc bir qaraltı peyda olub talanın üzərində dövrə vurmağa başladı. Qartal idi. Özü də qaya qartalı. Şahindən sonra yer üzündə ən sürətlə uçan ovçu. Ata leylək onu kölgəsindən tanımışdı. Hər dövrəsində nəhəng kölgəsi qovağın ətrafındakı çəmənlikdə görünüb itirdi.  Aradakı məsafə çox idi. Ona görə də çağırılmamış qonağın yuvanı gözaltı etdiyi bəlli deyildi. Ancaq ata və ana buludların yanından çəmənlikdə gəzən boz dovşanı, siçovulu belə asanlıqla sezə bilən qartalın qovağın yuxarı budaqlarının arasında qaralan yekə yuvanı görməyəcəyindən əmin deyildilər. Yuvada ciddi narahatlıq yaranmışdı. Qartal axşama qədər o tərəflərdən əl çəkmədi. Hərdən səmada itib, bir müddət sonra yenidən görünməsi onun hələ ki qovaqdakı leylək yuvasından xəbərsiz olduğunu təsdiqləsə də, aşağıda nəsə axtardığı bəlli idi. Axşama yaxın təhlükəli müsafir çəkilib getdi. Lakin səhəri gün bu hal yenə də təkrarlandı...
Artıq bir neçə gün idi ki, yuvada həyəcan yaşanırdı. Qorxunc quş hər gün bu tərəflərdə nəsə axtarırdı. Körpələrə yem gətirmək də çətinləşmişdi. Qartal axtarışlara ara verəndə nəsə tapıb gətirmək mümkün olmasa, həmin gün ac qalırdılar. Sərçələr, sığırçınlar da yuvanın ətrafından çəkilib getmişdilər. Ana leylək balalarına yedirtmək üçün bir neçə dəfə qəfil dimdiyini uzadıb onları tutmaq istəmişdi deyə uçub yuvadan uzaqlaşmışdılar.       
Tənha qovaq ağacı meşədən çox da aralı deyildi. Ancaq qartalın yuvanın yerini bilməməsi üçün tez-tez ağacdan kənara uçmaq olmurdu. Qartalın davranışı get-gedə daha da qorxunc olurdu. İndi buludlardan xeyli aşağıda dövrə vururdu. Bir dəfə onun sürətlə aşağı şığıdığını görən leyləklər bərk qorxuya düşmüşdülər. Yalnız qartalın ağacdan xeyli aralıda yerə enib çəmənlikdə qaçan dovşanı caynaqlarında havaya qaldırdığını görəndə bu həyəcan səngimişdi. Körpələrinsə bütün bunlardan xəbərləri yox idi. Ata-anaları təlaşla qanadlarını yuvanın üstünə açıb onları gizlədəndə də civildəşib hay-küy salaraq narazılıq edirdilər...
Balalar artıq ikinci günün aclığını çəkirdilər. Yuvadan aralanmaq mümkün olmadığı üçün onlara yem tapmaq xeyli çətinləşmişdi. Budaqlardan tutulub ağızlarına qoyulan böcəkləri, həşəratları qanlı ətə öyrəşmiş balalar yeyib doya bilmirdilər. Səs-küyləri ətrafı başına götürmüşdü. Çığırışmaları o qədər sarsıdıcı idi ki, ana leylək ürəyini didib-dağıdan bu səslərin hər yerdə eşidildiyini zənn edib daha da həyəcanlanırdı. Səhərdən axşamacan yuxarıdan asılıb qalan ölüm hər an bu səsləri eşidib aşağı enə bilərdi. Ancaq heç nə etmədən, onları qanad altında gizlədib səslərini batıraraq gözləmək də mümkün deyildi. Balalar acından ölə bilərdilər. Hər axşam yatmazdan əvvəl balalarının pərvazlanıb yuvadan necə ayrılacaqları günü xəyalında canlandıran ana leyləyə onların hamısını birdən itirmək qorxusu getdikcə daha çox işgəncə verirdi. Axırda dözməyib yem tapmaq üçün ağacdan aralandı və var qüvvəsi ilə uçaraq özünü meşəyə saldı. Ananın qəfil uçuşundan özünü itirən atanın qanadları ilə balaların səslərini eşidilməz etməyə çalışaraq gözləməkdən başqa, çarəsi qalmadı. Heç nə etmədən gözləmək çox üzücü idi ata leylək üçün.... 
Yuxarıda dövrə vuran qartalın qorxusundan yerdə sanki həyat donmuşdu. Budaqlarda həşəratlar da gözə dəymirdi. Bir az əvvəl ananın uçduğu meşənin üstündəki qulaqbatırıcı sükut elə bil tezliklə yaşanacaq hansısa faciədən xəbər verirdi. Körpələr də sözləşiblərmiş kimi səslərini kəsib, ağır-ağır nəfəs alırdılar. Hava çox isti idi. Nəfəslərdən isti buxar qalxırdı. Budaqlardakı yarpaqlar da  tərpənmirdi. Belə sükutları adətən qəfil hadisələr pozur. Ata leyləyin də qorxduğu elə bu idi. Beləcə, xeyli vaxt keçdi...
İndi atanın yalnız bir arzusu var idi: ana leylək ağacların arasından çıxıb qartalın gözünə görünmədən geri qayıda bilsin. Bir müddət sonra ana leylək gözlənilmədən yuvadan ayrıldığı kimi, qəfil də meşədən çıxıb sürətlə geriyə, qovağa tərəf uçmağa başladı. Dimdiyində nəsə qaralırdı. Deyəsən, balalarına ət tapıb gətirirdi. Yolun yarısını qət eləmişdi ki, yerdə − göy otların üstündə sürətlə hərəkət edən kölgəsi xeyli böyüdü. Ölüm başının üstünü almışdı. Qartal onu ağaclıqdan çıxan kimi görüb, sürətlə aşağı şığımışdı. Getdikcə böyüyüb leyləyin kölgəsini udan da onun kölgəsi idi...
Havada başlanan çarpışma çəmənlikdə davam edirdi. Ta dayanıb gözləməyin yeri yox idi. Ananı xilas etmək üçün ata sürətlə özünü həyatla ölümün çarpışdığı yerə − göy çəmənliyin getdikcə qızarmaqda olan hissəsinə çatdırdı. Bir az da ləngisə, tamam gec olacaqdı. Artıq qartal heydən düşmüş leyləyin köksünü bir neçə yerdən parçalamışdı. Atanın hücumu gözlənilməz olduğu üçün qartal qəfil zərbədən müvazinətini itirib şikarını caynağından buraxdı. Ata leyləklə qartalın çarpışması başlandı. Qan itirməkdə olan ana ölümün caynağından qurtulduğunu görüb, qüvvəsini toplayaraq qovağa tərəf uçdu. Taqəti tamam tükəndiyi üçün özünü yuvaya salanda az qaldı, balalarını əzib öldürsün. Parçalanmış sinəsindən necə döyündüyü görünən ürəyi sanki köksündən çıxmaq istəyirdi. Körpələrin yenidən başlanan səs-küyünə məhəl qoymadan birtəhər boynunu döndərib, gözləri ilə ölümün caynağında qoyub gəldiyi sevgilisini axtarmağa başladı. İndi döyüş bir az uzaqda gedirdi. Atanın zəiflədiyi açıq-aşkar hiss olunurdu. Başı və sinəsi al qana boyanmışdı. Ana öz məhəbbətini ölümlə üz-üzə qoyub yuvaya uçduğuna peşman oldu. Ürəyindən canı bahasına atanı xilas etmək, əgər bacarmazsa, heç olmasa, birlikdə ölmək keçdi. Amma nəinki ora uçmağa, heç yuvada yerini rahatlamağa da taqəti qalmamışdı. İndi onun əlindən öz sevgilisinin necə qəddarcasına öldürüldüyünü seyr etməkdən başqa, heç nə gəlmirdi. 
Ata leylək baş verənləri ananın görməməsi və qartalın onu öldürəndən sonra yuvaya hücum etməməsi üçün düşməni oradan uzaqlaşdırmağa çalışırdı. Bir qədər də çarpışdıqdan sonra qəfildən gücünü toplayıb qartaldan aralandı və sürətlə meşəyə tərəf uçmağa başladı. Qartal onu təqib edirdi. Səmada bir neçə dövrə vurduqdan sonra meşənin arxasına enib gözdən itdilər. Ana bir müddət gözlərini qartalın, yəqin ki, sonuncu həmləni etmək üçün sürətlə aşağı şığıdığı uzaqlıqdan çəkmədi. Həmin anlarda o, öz sevimlisinin ölümə necə təslim olduğunu hiss edirdi...
Hava artıq qaralmışdı. Ana indi nə öz parça-parça olmuş bədəninin ağrısını hiss edir, nə də acından qışqırışıb haray salan körpələrin səsini eşidirdi. Heysiz qanadlarını yuvanın dövrəsinə dolamışdı ki, ölsə, balaları nəzarətsiz qalıb ağacdan yerə düşməsinlər. Göz qapaqları daha sözünə baxmırdı. Çox keçmədi ki, nigaran baxışların zilləndiyi, ay işığında ağaclarının ucqar budaqları nəzərə çarpan qaranlıq meşə görünməz oldu...
...Körpələrin vahiməli çığırtılarına birtəhər gözlərini açanda hava işıqlaşmışdı. Atanın qayıtmadığını görüb yenə də ümidlə meşəyə tərəf baxdı. O tərəflərdənsə səs-səmir gəlmirdi. Uçmaq istədi. “Bəlkə, yaralıdır, ona görə qayıda bilmir, gedib baxım”, − düşündü... 
Qanadları sözünə baxmırdı. O qədər heysizləşmişdilər ki, indi onlar da bir yük idi ana leyləyə. Bir tərəfdən də çoxdan görmədiyi təkgöz tülkünün ağacın altında peyda olması ananın tənhalıq iztirabını artırırdı. 
Yadına ötən günlər düşdü. Günlərlə yaralı sevgilisinə qulluq etməsi, ona və yumurtalara keşik çəkməsi, hər gün qanlı ov əti tapıb gətirməsi, hər axşam ay işığında sarılıb sevişmələri və bir də köç zamanı dənizlərdən qalxan isti hava kütlələrinin axarında yüksəklərə qalxıb, qanadlarını düz tutaraq uzun müddət göydə süzmələri...
Yerlə göyün arasında − günəşin altında, tənha qovaq ağacının üstündə ana leylək can verirdi. Günəşin istisi, acından çığırışan balalar və ağacın dibində yerini rahatlayıb mürgüləyən tülkü ölüm anını daha da cansıxıcı edirdi. Birdən-birə bu qədər iztiraba dözmək məcburiyyəti ana leyləyi dünyanın ən yazıq varlığına çevirmişdi. Özünə gəlib körpələrə qida tapmaq üçün ona xeyli vaxt lazım idi. Balalarsa artıq yetərincə gözləmişdilər. Heç olmasa, sonuncu uçuşda meşədə canavarın çənəsinin altından qaçırdığı ət parçasını onlara çatdıra bilsəydi, düşündü. Qartalın caynağından qurtulub yuvaya uçanda əti yerdən qaldırmağa cəhd eləmişdi. Ancaq çənəsi qırıldığı üçün alt dimdiyini tam qapaya bilmədiyindən ət yerdə qalmışdı. Elə sinəsini parçalayan zərbələri də əti dimdiyindən buraxmaq istəmədiyi üçün almışdı… 
Balalar artıq heydən düşmüşdülər. Çığırtıları xeyli zəifləmişdi. Gözləri yarıyumulu olsa da, ağızlarını açıq saxlayaraq yem gözləyirdilər. Başqa çarə yox idi. Ana var gücünü toplayaraq, qanı hələ də tamam qurumayan parçalanmış sinəsini irəli verib, körpələrin dimdiklərinə sürtməyə başladı. Qan iyi balalara yaxşı tanış idi. Burunlarına dəyən kimi gözlərini açdılar. İki günün aclığı onlara nə yediklərinin fərqinə varmağa macal vermədi. Ətə öyrəşmiş balaların beşinin də dimdiyi birdən sancılırdı ananın sinəsinə. Hər zərbədə ağrıdan leyləyin içinə qan gəlmiş gözlərinin bəbəkləri bir az da böyüyürdü. Balalarının xeyli böyüdüklərinin indi fərqinə vardı. Onların belə qüvvətli olduqlarını heç ağlına da gətirməzdi...
İndi ananın qanı daha çox yerdən axırdı. Ağrının şiddətləndiyini hiss edib başını meşəyə tərəf çevirdi. Getdikcə torlaşan gözlərini ağacların arxasına −  sevimlisinin onları xilas etmək üçün qartalı dalına salıb apardığı tərəfə zillədi. Ara vermədən ətindən ət qoparılırdı. Amma bu ağrılar ana leyləyin tənhalıq qorxusu qədər dəhşətli deyildi. Baxışlarını yarını sonuncu dəfə gördüyü tərəfə tuşlayıb, xoşbəxt günlərini xatırlamağa çalışırdı. Gözlərindən qırmızı su axırdı. İndi onunçün bir az rahat idi...

Dalidag.az


Kateqoriya: Poeziya-nəsr
Tarix: 28-06-2026 11:33
Baxış sayı: 366
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını