Reklam
Dindar və cindar
17-06-2026 12:30
Salman QaralarAYB üzvü, şair, tədqiqatçı
(priçta sayaq)
XI siniflərin “son zəng” günü ərəfəsində məktəb, müəllim söhbətləri yenidən aktuallıq qazanır, adamlar arasında əsas müzakirə mövzularından birinə çevrilir. Dərs ilinin yekun mərhələsində hər şey sadə, təmiz, şəffaf görünür və insanlar da razılıq bildirir, sevinclə buraxılış siniflərində oxuyanlara gözaydınlığı verirlər. Bununla belə, ağ süfrə üstünə ləkə salan milçək söhbətləri də ara - sıra qulaqdan qulağa yol tapır.
İki nəfər “son zəng” tədbiri keçirilən, əslində qonaqlığı verilən evin həyətində tut ağacının aşağı əyilmiş budaqlarından ağarmış meyvələrdən qoparıb ağızlarına atırlar. Onların dənə - dənə yedikləri tut gilələri kimi söhbətləri də bir - birinə xoş gəlir.Onlar da danışdıqca təsdiq edirlər ki, yaxşıdan nümunə, pisdən ibrət götürmək həmişə olub.
Müsahiblərdən biri bildirdi ki, filan müəllim ixtisası üzrə dərs keçməkdənsə dini məsələlərdən danışmağa daha çox üstünlük verir.
İkinci şəxs cavab verdi:
-Əgər elə hal varsa, məktəb rəhbərliyi əvvəlcə ona xəbərdarlıq edəcək. Müəllim tənqiddən nəticə çıxarmasa, onun dərs deməsinə qadağa qoyula bilər.
-Adam bu işi əqidə sahibi olaraq etmir, təmənna güdərək edir. Hələ ki, yaxa ələ vermir. Hər şeyin bir əvvəli olduğu kimi, bir sonu da var. Evdə, ailədə, qonşuluqda da “İmama məhəbbət” təbliğ edir. Amma nə evdəkilərin ona rəğbəti var, nə də çöldəkilərin hörməti. Adam zay məhsuldur.
İkinci müsahib dedi:
- O adam Təhsil İdarəsinin təmizlik qarmağından süyüşüb yenidən gölə qayıdanlardandır. Onun pedaqoji təhsili yoxdur, neçə il müəllim işləsə də, baytar oğlu baytardır. Baytarlığı kimi müəllimliyi də , dindarlığı da yarımçıqdır. Sadəcə olaraq müəyyən imtiyaza sahib olduğuna görə ona güzəşt edə bilərlər. O müəllimin dindarlığı Xudayar bəyin dindarlığı səviyyəsindədir.
Məhəmmədhəsən əminin eşşəyini alıb onu Kərbəla ziyarətindən məhrum edən Xudayar bəy karvansara müdirinə deyir:
“Eşşəyi mənə o dəyyus özü veribdi, o qurumsaq özü veribdi, o Ömər özü veribdi”. Karvansara işçisinin adı Kərbəlayi Cəfər olduğu üçün onun adına and içən Xudayar bəy dəyyus, qurumsaq sözlərinə sinonim olaraq Ömər sözünü işlədir. Bu, şiəlik deyil. Bu, İmam Əliyə, İmam Cəfərə ehtiram bəsləmək deyil. Bu, nadanlığın zirvəsidir. Bu, Xudayarlıqdı. Aradan yüz ildən artıq bir vaxt keçibdir, ancaq Xudayar bəylər, Məhəmmədhəsən əmilər yenə də bu millətin, bu dövlətin ayağına buxov olub qalırlar.
Birinci danışan şəxs ikincinin fikri ilə razılaşan kimi oldu. Dinmədi. Susdu. Ancaq sonra nəyisə xatırlayaraq üzünü həmsöhbətinə tərəf çevirdi:
-Yaxşı, sən deyənlə razılaşaq. Bəs müəllim adının kölgəsində yatan, dini ayinləri başının üstündə bayraq kimi tutan müəllim dindarlıq etməklə kifayətlənmirsə, cindarlıq xülyasına da qapılırsa, necə olsun? İnsanların ağrı - acısından, xəstəliyindən, talesizliyindən istifadə edərək onların qulağını kəsirsə, cibinə girirsə, necə olsun? Savadsız
və nadan bir adam xəstəlikdən qorumaq, çətinlikdən qurtarmaq adı altında çarəsiz bir ailənin çörək pulunu əlindən necə alıb yeyə bilər və cəmiyyət içinə necə çıxa bilər?
İkinci şəxs gülümsəyib dedi:
-Belə adamlarla hüquq- mühafizə orqanları məşğul olurlar. Dilənçilər, falabaxanlar, dindarlar, cindarlar inkişafda olan təhsilimizə də, cəmiyyətimizə də yaddırlar.
Əgər mənim rəyimi soruşursansa, buna da rəhmətlik Mirzə Cəlilin dili ilə cavab verim: “Sən məgər görmürsən ki, bura qəhvə dükanı deyil! İtil cəhənnəmə burdan, supa oğlu supa! İtil”!
Sual verən də, cavab verən də bir - birindən razı kimi görünürdülər. Həmsöhbətlər ictimai qınaq etmək əvəzinə şəxsi qeybət edə - edə evə doğru yönəldilər. Hörmət -izzət sahibi olaraq məclisin başında yer aldılar. Müsahiblər bol , bərəkətli bir süfrə açıldığını gördülər. İştahları açıldı. Ürəklərini dələn bu sualdan yeməyə girişməklə qurtaracaqlarını düşündülər:
“Görəsən, bu məclisdə də supa oğlu supa yoxdur ki”?!!
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 17-06-2026 12:30
Baxış sayı: 310Yazı axını
17 / 06 / 2026
16 / 06 / 2026
16 / 06 / 2026
15 / 06 / 2026
14 / 06 / 2026
13 / 06 / 2026
12 / 06 / 2026
10 / 06 / 2026
09 / 06 / 2026
08 / 06 / 2026
05 / 06 / 2026
04 / 06 / 2026
04 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
02 / 06 / 2026
02 / 06 / 2026
01 / 06 / 2026
30 / 05 / 2026
29 / 05 / 2026
28 / 05 / 2026
27 / 05 / 2026
Ən çox oxunanlar





























