"Səma sızlayırdı bu ayrılığa..." - Fərid Muradzadə
29-04-2023 12:06

...Qovrulmağa, alov neylər, köz neylər,
Qazancımız dostluq oldu, bəs eylər...
Dalidag.az Fərid Muradzadənin yeni şeirlərini təqdim edir:
Evdə xəcil, çöldə xəcil,
Hamı deyir, itil, çəkil,
Bu dünyanın daşı tökül!
Mənim bəlalı başıma.
Ramin Dərviş
***
Yana-yana kül olmuşuq,
İtilib mitil olmuşuq,
Özümüzü dərk edəndən
Çox heyif, xəcil olmuşuq.
İçimizi döyə-döyə,
Quru vicdan öyə-öyə,
Biz ədalət deyə-deyə
Sərgərdan, səfil olmuşuq.
İllər boyu gözləmişik,
Harama göz dikməmişik,
Haqq-ədalət istəmişik
Nalə çəkən dil olmuşuq.
Suda samandan yapışıb,
Ancaq gümandan yapışıb,
Düz iş görüb, düz danışıb,
Sən demə rəzil olmuşuq.
Fərid Muradzadə
***
F.M
Daha gileylənmə, ay Dərviş Dərya,
Bizə nə verdi ki, bu zalım dünya,
O şirin günlər də ömürdə röya
Qazancımız dostluq oldu bəs eylər.
Nə yaşadıq, nə gördük ki, ömürdə,
Ötən anlar ancaq ötdü ömürdən,
Qəlb qaraldı, seçilmədi kömürdən,
Yaşlananda insan ancaq küs eylər
Qazancımız dostluq oldu, bəs eylər.
Bu dünyadan razı gedən az oldu,
Hamı tumurcuqdu, açıldı, soldu,
İllər acımadı, gəncliyi aldı,
O dumanlı xatirələr səs eylər
Qazancımız dostluq oldu, bəs eylər.
R.D
İncə qələm kobud əldən küsübdür,
Bədən qalıb, ruhum çoxdan köçübdür,
Fələk bizə yandan baxıb gülübdür,
Əcəl bizə xəlvət-xəlvət göz eylər,
Qazancımız dostluq oldu, bəs eylər.
F.M
Biz ömürlə çox oynadıq gizlən, qaç,
Yollarımız, əyri-üyrü, dolanbac,
Şah olmadıq, başımızda ola tac,
İstəmədik, biz yalançı bəzəklər
Qazancımız dostluq oldu, bəs eylər.
Şair dostum, qələm bizdən küsübdür,
İlham bizlə ilqarını kəsibdir,
Bədən qalıb, ruh göylərə köçübdür,
Əcəl hərdən ara-sıra səs eylər,
Qazancımız dostluq oldu, bəs eylər.
R.D
Can ağrıyır, yox dizimdə taqətim,
Əyilibdir mənim şümal qamətim,
Bu dünyaya yoxdur mənim hörmətim,
Yollarıma döşənibdir təzəklər,
Qazancımız dostluq oldu, bəs eylər.
F.M
Taqət yoxdur, əllərində, dizində,
Güc tapmırsan, şair dostum , özündə,
Qovrulursan atəşində , közündə,
Qovrulmağa, alov neylər, köz neylər,
Qazancımız dostluq oldu, bəs eylər.
R.D
Nə keçmiş var, nə də pünhan gələcək,
Əcəl bir gün pünhan-pünhan gələcək,
Fələk bir gün qəhqəhəylə güləcək,
Əlindəki mızrağıyla bizləyər,
Qazancımız dostluq oldu, bəs eylər.
F.M
Anlamayıb, duymadılar, neyləyək,
Ha çağıraq, ha axtaraq, səsləyək,
Geri dönməz, biz nə qədər istəyək,
Fələk bizi qəm kədərlə süs eylər
Qazancımız dostluq oldu, bəs eylər.
R.D
Yaşa, dostum, sənə xatir yaşayım,
Bu dünyanın dərdin-qəmin daşıyım,
Qaysaq tutan yaramı hey qaşıyım,
Kül altında bir xatirəm köz eylər,
Qazancımız dostluq oldu, bəs eylər.
Fərid Muradzadə və Ramin Dərviş
17.04.2023
***
Bulud döyüşürdü, şimşək çaxırdı,
Səma sızlayırdı bu ayrılığa.
Hava küləkliydi, yağış yağırdı
Göylər ağlayırdı bu ayrılığa.
Yadında o gecə o ağac altda
Yağış qarışmışdı göz yaşlarına,
Göz yaşın leysandı, baxışların od,
Əriyib yanırdım baxışlarına.
Əl atdım gözünün yaşını siləm,
Qoymadın, sakitcə dedin "sənallah"
Dəymə göz yaşıma, dəymə, qoy axsın,
İzn ver, doyunca ağlayacağam,
Səni ürəyimdə saxlayacağam,
Səni gözlərimdən çıxaracağam,
Səni məndən alan qadının əri.
Sən belə demişdin, belə qurmuşdun,
O sadə, hikmətli, düz cümlələri
Çox heyif! Çox heyif! Sonra anladım.
Fərid Muradzadə
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 29-04-2023 12:06
Baxış sayı: 3378Yazı axını
31 / 01 / 2026
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
18 / 01 / 2026
17 / 01 / 2026
Ən çox oxunanlar
27-01-2026 13:30









.jpg)


















