"Kəlbəcərə getmək üçün qayalara çıxan keçin, ağnayan eşşəyin ola..."
Kəlbəcərə getməyin sadə izahı...
Yaylaq mövsümünün açıq elan olunmasıyla bağlı qoyulan şərtlər mətbuatda qəliz üslubda yazılır deyə camaatda çaşqınlıq yaranır. Məsələ belədir: 200 qoyunun xətir-hörmətinə görə 5 adam, 500 qoyunun xahiş-minnətinə görə 7adam, 3000 qoyunun vətən və dövlət qarşısında misisilsiz xidmətinə görə isə 22 adamın vətənə getməyi halal buyurulub. Arılar da şirin dillərini işə salıb bir neçə adamın getməyinə müvəffəq ola biliblər.
VƏ ŞEİR
Kəlbəcərə getmək üçün
Nəyin ola, nəyin ola?
İki yüz baş mal-davarın
Qırx əlvan pətəyin ola.
Əlin ola pul gətirən,
Bəxtin ola xal gətirən,
Çiçəklərdən bal gətirən,
Sehirli milçəyin ola.
Şərt qoyublar sənin üçün,
Əməl et, yollansın köçün.
Qayalara çıxan keçin,
Ağnayan eşşəyin ola.
Gərək ağzı yallı itin,
Gərək içi ballı qutun,
Qırx ayğırın, köhlən atın,
Bir naxır inəyin ola.
Dağlarda yerin, yatağın,
Başında motal papağın.
Yaxşı yapıncın, çomağın,
Əlində tütəyin ola.
Oyunda oyun olasan,
Ya nəsə boyun olasan.
Ya özün qoyun olasan,
Quyruğun, ətəyin ola.
Ay Elşən, xal vura püşkün,
Yazıq qaçqın, fağır köçkün.
Şərt deyil vətənə eşqin,
Torpağa istəyin ola.
Elşən Əzim
Dalidag.az