"O tay, bu tay Azərbaycan, bütöv obam Kəlbəcərdi..." - Əlövsət Misiroğlu

26-01-2023 14:53
Bu günlərdə Kəlbəcər həsrəti ilə haqqın dərgahına qovuşan şair Əlövsət Misiroğlunun anım günü oldu. Ana yurdunun azadlığını görmədən, ürəyində yara, könlündə qübar bizlərə vida edən şairin vəfatından 8 il ötdü. 

Qeyd edək ki, Əlövsət Misir oğlu Əmrahov (Əlövsət Misiroğlu) 1950-ci il may ayının 27-də Kəlbəcər rayonunun Çovdar kəndində anadan olub. 1957-1961-ci illərdə doğulduğu kənddə lk ibtidai təhsil alıb. 1961-1968-ci illərdə qonşu Başlıbel kənd orta məktəbində təhsilini davam etdirib. İş fəalliyətinə 1975-ci ildə Nəqliyyat Nazirliyinin Kəlbəcər rayon Avtobazasında başlayıb. Sonralar Bakıda ayrı-ayrı sahələrdə müxtəlif vəzifələrdə çalışıb.
1993-cü ilin məlum işğal hadisəsindən sonra Ə. Misiroğlunun dərd qoxuyan şeirləri üzə çıxmağa başlayıb. Əlövsət Misiroğlu imzası mətbuatda və el məclislərində rəğbətlə qarşılanıb. Şairin “Kəlbəcər həsrəti”, “Qəm çələngi” , “Vətən bu dünyamdı, son məkanımdı” adlı  şeirlər kitabı var.
Ə. Misiroğlu 2015-ci il yanvar ayının 22-də vəfat edib.

Dalidag.az olaraq Əlövsət Misiroğlunun xatirəsini sayğı ilə anırıq və bir neçə şeirini oxuculara təqdim edirik:


Öpdüm

Bu gecə dağlara qonaq getmişdim,
Əyildim torpaqdan, daşından öpdüm.
Şehli bənövşənin, lalə, nərgizin,
Çökdüm qarşısında,qaşından öpdüm.

Dağılan evləri gəzdim dolandım,
Xaraba görüncə odunda yandım.
“Əlövsət” çağıran səsdən oyandım,
Süzülən gözümün yaşından öpdüm.

Kəlbəcərdi 

Vurğun keçən Dəlidağım,
İçdiyi Ceyran bulağım,
Şəmşirlə gəzən oylağım
Suyum, havam Kəlbəcərdir.

Məmməd Aslan sözdə aslan,
Türk dünyası gəzdi asan.
O tay, bu tay Azərbaycan,
Bütöv obam Kəlbəcərdir.

Bəhmən-elin sevimlisi,
Sücaət-dərdin nəğməsi.
Sönməz haqqın haqq nəğməsi.
Qurban babam Kəlbəcərdir.

Şamil etdi yeniliklər,
Öyrənəcək gənc nəsillər.
Adil, Əli söz incilər,
Ənvər, Salman Kəlbəcərdir.

Dərd yazanın sayı mindi,
İnanmasan özün dindi.
Əlövsətin viran kəndi,
Qaytarqayam Kəlbəcərdir.

Ana


Sən məni həyata gətirdin özün,
Mən səni yaşada bilmədim, Ana!
Yüz cürə əziyyət çəkdin mənimçün,
Mənə heç əziyyət vermədin, Ana!

Ha istədim sənin nazını çəkim,
Çatmazdı heç buna mənim cürətim.
Çəkdin ev-eşiyin, yurdun həsrətin,
Heç kimə dərdini demədin, Ana!

Gözlədin sülh olar, dönnük vətənə,
Heyf ki, bu sülh də  düşüb düyünə.
Əlövsətin imkan keçsə əlinə,
Aparar, vətəni görərdin, Ana!

Dağdadı

Hər səhər dururam ümid içində,
Fikirim, xəyalım elə dağdadı.
Dedilər köçməyin kənddən köçəndə,
Bələn tər çiçəyə, gülə dağdadı.

Gözünlə baxasan gözlərin doymaz,
Yayında, qışında qar əskik olmaz.
Gözəlliyi görən gəzər, yorulmaz,
Kərəmsiz qayıtmır lələ, dağdadı.

Əlövsət, xəyallar yaylağa getdi,
Atlandı "Kəhərə", bulağa getdi.
İlk dəfə gördüyü oylağa getdi,
Sevdiyin axtardı görə dağdadı?!

Oxu "Laçınım"

Məhəbbət Kazımov, oxu "Laçınım",
Dünya Laçın deyib səsləsin eli.
Məhəbbət Kazımov, oxu "Laçınım",
Dünyada düşmənin kəsilsin dili.

Məhəbbət Kazımov, oxu "Laçınım",
Dünya müsəlmanı dinləsin səni.
Sən elə oxu ki, qonşu rayonlar,
Kəlbəcər, Zəngilan eşitsin səni.

Oxu, Qubadlını haraya çağır,
Gəlsin köməyinə Şuşa, Cəbrayıl.
Hamı o səsinə olsunlar mayıl,
Xocalı, Əsgəran eşitsin səni.

Fizuli, Ağdam da eşidib gəlsin,
Yeri göylə birləşdirsin qoy səsin.
Düşməni yandırsın, yaxsın, göynətsin.
Laçın toylarında eşitsin səni.

Çıx ki, Cıdır düzə el səni görsün,
Xan əmi səsinə bir fikir versin.
Kəlbəcərdən Əlövsət sağ ol desin.
Yer üzü dinməsin eşitsin səni.

Gəzəydim sizi

Başlıbel, Xallanlı, Şahkərəm, Çovdar,
Yallama at minib gəzəydim sizi.
Ey cənnət məkanlar, ey gözəl dağlar,
Kaş geri qayıdıb görəydim sizi.

Başlıbel seyidlər yurdu, məkanı,
Qonaqpərvər ağsaqqalı, cavanı.
Qonaq edər nəyə olsa gümanı,
Dünyaya nümunə verəydim sizi.

Xallanlı kəndində yaşayan kəslər,
Dünyanı dolanıb gəzib gələrlər.
Hər bir işdə alış-veriş edərlər,
Dağlarda alverə çəkəydim sizi.

Şahkərəmin turş suyunda oturub,
Göy çəməndə çəmən süfrə saldırıb.
Kabab çəkib, badələri qaldırıb
Su içməyə dəvət edəydim sizi.

Çovdar təbiətin möcüzəsiydi,
Min cürə gül-çiçək xəzinəsiydi.
Əlövsət bu kəndin öz körpəsiydi
Bircə yol bağrıma basaydım sizi.

Dalidag.az



Kateqoriya: Poeziya-nəsr
Tarix: 26-01-2023 14:53
Baxış sayı: 3585
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını