Sevinc QƏRİB: "Yanaqlarımda misralar göyərdi..." - Yeni Şeirlər

22-03-2022 19:49

"Çıxıb gedərəm ömründən, 
Tanrı da tapmaz məni..."


Dalidag.az Sevinc QƏRİBin yeni şeirlərini təqdim edir:

AĞACLARI ZİKR EDİRƏM OVCUMDA PÖHRƏ ARZULAR...

Həsrətimin hönkürtüsü buludları silkələyir,
Dağ başında qara dönür yanağımı yuyan yaşlar.
Ayrılığın üzü sərtdi ümidimi tikələyir,
Vüsalıma qılınc çəkir sükutdan doyan savaşlar. 

Dizimə dayaq etdiyim təpər əsası çatladı,
Ürəyimi calaq etdim rəngə susamış ruhuma.
Off.., uzaqlara yerikləyən duyğularım atlıdı,
Oxuma daha, "olmaz" sətirli nəğmələr oxuma... 

Ömrümdə məğrur dolanan ölçüsüz qəmə asiyəm,
Könlüm libasın dəyişib sevinc geyinir əyninə.
Yerin-göyün dərd ortağı, daha kimin kimsəsiyəm,
Tanrının xəbəri yoxdu, nə yüklər qoyub çiynimə. 

Ağrıları sınaq bilib qollarımı qucaqladım,
Ağacları zikr edirəm ovcumda pöhrə arzular.
Soyuq dərd yükünü atıb yuvamda ocaq qaladım,
İlahi, eşq bulağından axacaq könlümə ruzular?!!

YETİM QALMAQ QİSMƏTİDİ BU EŞQİN...

Bilirəm, ömrünə kədər gətirdim,
Ayrılaq, taleyin hirsi soyusun.
Mən özümü həsrətəcən ötürdüm, 
Sən də çıx get, artıq təməl qoyulsun. 

Nə gördük ki, göz yaşından savayı,
Qısır oldu bu sevdanın sevinci.
Təkcə dərddi bizə düşən havayı,
Hara getsək tapdı bizi birinci. 

Arzularım qundağında boğulur,
Vüsalını dadmadı heç əllərim.
Duyğuların yad adamda doğulur,
Sığalını yadırğayır tellərim. 

İnanmıram fələk bizi qarğıya,
Bədhaxların nəfsi kəsdi bu eşqi.
Məhəl qoyma sinəmdəki ağrıya,
Yetim qalmaq qismətidi bu eşqin. 

Nəm gözlərim yollarına yıxılsın,
İntizarın dara çəksin ruhumu.
Bu sevgidən sən-mən adı çıxılsın,
Kiridərəm için-için ahımı... 

Ayrılığın mürgü vursun gözümdə,
Qollarıma yiyə dursun sənsizlik.
Mən birtəhər güc taparam özümdə
Təki səni ağrıtmasın mənsizlik... 

Get, sevincin qucaqlasın boyunu,
İşıq bitsin yollarında, izində.
Uduzanı mən olum bu "oyunun",
Gedişinə yas tutaram gizlində...

SAÇLARIM ÜŞÜYÜR, ANA...


Saçlarım üşüyür, ana!..
başımla belim arasındakı 
məsafədə balasını itirmiş 
ana fəryadı dolaşır.
Kürəyim gizildəyir
aradakı boşluqdan.
Bəlkə qarla
öpüşdürdüyüm üçün
incidi məndən,
soyuq havalarda üstünü
örtmədim deyə üz çevirdi.
Bəlkə də küləklərə 
yoldaş etdiyim üçün küsdü,
sevdiyim yağışlara sərdiyim 
üçün ayrılığın boynuna 
sarıldı bəlkə...
İndi boynumun 
ardını örtməyən saçlarım 
kimsəsiz uşaq kimidi,
əlimin sığalından belə hürkür.
Sığınıb tanımadığı bir papağa
gizlənir işıqdan, 
yağışdan, küləkdən, qardan... 
qoruyur özünü,
məndən ümidini kəsib daha...

KİPRİKLƏRİM SÖZ-SÖZ NƏMLƏNDİ


...O qaranlıq quyuda da xəyal qurdum
işıqlı sabahların eşqinə...
tərpənməyən vücuduma
könlümü dayaq etdim,
sevgi ötürdüm duyğularıma, 
ruhumda şeir doğuldu.
Nə dilimdə səsləndirə bildim,
nə əlimdə dirildə,
eləcə gözlərimə töküldü bənd-bənd,
kipriklərim söz-söz nəmləndi,
yanaqlarımda misralar göyərdi...

BÜTÜN NİŞANƏLƏR YOXLUĞA APARIR

Çıxıb gedərəm ömründən, 
Tanrı da tapmaz məni...
yerimdə qalan boşluğa 
açılar qolların, 
duyğuların ruhundan küsər,
bəlkə yaşayarsan birtəhər
ürəyini buz kəsər.
Yerimi bilməzsən
soraqlayıb gələsən,
təngə gətirərsən küçələri,
ayaqların üzünə durar,
yorğun dabanların baxmaz sözünə...
Öz-özünə danışarsan, 
buludlar enər kipriklərinə,
əllərinə hönkürərsən
dizlərində kiriyərsən.
Dönüb-dönüb eyni yerə gələrsən,
görənlər elə bilər dəlisən.
Qəsdinə durar yaddaşın,
unudarsan yuvam olduğunu...
Yorma yolları,
yaddaşını lənətləmə,
ayaqlarına da yazığın gəlsin,
bütün nişanələr yoxluğa aparır..,
qoltuq ağacları iz saxlamır yollarda...

NAHAQ ÖLDÜRDÜN MƏNİ...

İşığın izinə düşmüşdüm,
sərmişdim əllərimi qaranlığın 
üstünə, 
günəş kimi gülümsəyirdi içim.
Qoymuşdum buludları yerinə,
sevinc ələnirdi baxışlarımdan.
Az qalırdı ümidlərimi qovan
ayrılığı keçim,
nahaq öldürdün məni...

Təzədən uşaq olmuşdum 
yaşamadıqlarını yaşayan,
harda bir sevinc görsə
ürəyinə daşıyan.
Rənglərə boyanmışdı dünyam,
sənin yuva əllərinlə,
bir az ərköyün olmuşdum,
bir az dəcəl qız kimi..,
elə öyünürdüm ki, sevdiyin 
tellərimlə
nahaq öldürdün məni...

Şeirlərim əlçim-əlçim
arzuya dönürdü,
Duaya sarılırdı dilim,
şükran diləklərim xoşuna 
gəlirdi Tanrının.
Könül evimdə qəm çırağı
sönürdü,
sətir-sətir sənə köçürdüm,
heca-heca nur hörürdü 
barmaqlarım,
nahaq öldürdün məni...

Qu quşu nəğməsiydi 
dodaqlarımdan qopan ah,
söz dadında öpüşlərin
süzülürdü gözlərimdən 
eşq adına.
Ən gözəl musiqi idi səsin, 
xoşbəxt olurdu qulaqlarım
pıçıltılarınla,
nahaq öldürdün məni...

Vida məktubuydu üzündən 
oxuduqlarım, 
çəkdi məni xatirələrin qoynuna.
Qarlı gündə qismətin "toruna"
düşmüşdük,
tapılmayan nemət kimi 
görüşmüşdük.
O qar bizi isitmişdi,
bu qar üşütdü məni.
Uddum qəhərimi,
asdım soyuqluğundan 
son kəlməmi:
nahaq öldürdün məni.
Ölürdü vallah, ağrılar ölürdü, 
nahaq öldürdün məni...

Sevinc QƏRİB
Dalidag.az


Kateqoriya: Poeziya-nəsr
Tarix: 22-03-2022 19:49
Baxış sayı: 3635
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını