Reklam
Pərvanə Bayramqızının "Yazılmayacaq hekayə"si
17-11-2021 13:36
Bu hekayə yazılmayacaq. Yaşanıldığı kimi qalacaq. İkimizin yaddaşında.
Bitməyəcək, sonu yoxdur. Heç əvvəli də olmayıb. Nə vaxt başladı, haçan bitəcək, bilmirəm. Yaşamaq da olmur onu. Qismət deyil. Bəs nədən yarandı, hardan gəldi... taleyin də xəbəri yoxdur. Olsaydı qoymazdı gəlməyə.
Hardasa ayrı-ayrı məkanlarda ruhən, qəlbən yaxın, bir-biri üçün yaradılmış iki şəxs olur. Amma yolları heç vaxt kəsişmir. Ya heç rastlaşmırlar, ya da yanlış zamanda qarşılaşırlar. Bir-biri üçün "oddan təhlükəli" olurlar. Toxunsalar yanarlar. Biri özünü yandırmaqdan qorxar, o biri özgələrin alovlanmasına qıymaz. Susarlar. Susduqca daha çox danışar, daha çox alışarlar.
Ağlıma hər şey gəlirdi, səni sevməkdən başqa.
Tale gətirmədi səni, özün gəldin. Qələbə çalacağına əminliklə yaxınlaşdın. Məni tanımırdın, həlimliyimi bilmirdin, səni belə arxayın salan öz inadın idi. Bilirdin, tanıyırdın özünü. Özünü sevdirmədin, mən sevdim səni. Olduğun kimi qəbul edib sevdim. Səhvlərinlə birgə. Sevdim deyə hər şeyə göz yumdum. Sevdim deyə istəmədiklərimi qəbul etdim. Sevdim deyə sənləşdim.
Amma heç vaxt arzulamamışdım, heç xəyal da etməmişdim ki, kimisə sevəm. Səni də heç ağlıma gətirməmişdim. Amma oldu. Alındı. Vuruldum. Yaraşığına deyil ruhuna vurulub sevdim. Auranı sevdim. Bir də ki axı heç bilmirəm nəyini sevdim. Sevdim də. Yanlış oldusa da sevdim.
Sənin olmayan, olması mümkün olmayacaq birini sevmək anasız uşağın ana xəyalıyla yaşamağına bənzəyir. Özü uydurar onu. Məktəbə gedəndə anasının yola saldığını, qayıdanda onun qarşılayacağını düşünər. Qarşısına mərhəmətdən qoyulan xörəyi, anasının sevgiylə çəkdiyi pay kimi qəbul edib, yalandan xoşbəxt olmağa çalışar.
Yazıq yetim, ayıl bu şirin xəyaldan...
"Ana olmaz, bizə hər "yavrum" deyən gözəldən".
O kəs ki, sənin deyil, onu niyə xəyal edəsən?
Bu necə sirr, necə möcüzədir; bilirsən qovuşmayacan, bilirsən aranızda Çin səddi var, amma sevirsən. Boşuna ümid edirsən. Nəyə? Özün də bilirsən ki, Ayın gündüz, Günəşin gecə çıxması kimi bir şeyi arzulayırsan, amma bu
arzudan vaz keçmirsən. Bunu bil -- O kəs ki, sənin deyil, onu özününküləşdirə bilməzsən!
Çölümüzdə baş verən dəyişiklikləri hamı görür, içimizdə ümidimiz çiliklənir, səsini təkcə özümüz eşidirik, çünki onun sınıqları yalnız özümüzü doğrayır.
Mənəvi dünyamızda nəyinsə sındığını bilə-bilə, onun ağrısını çəkə-çəkə bir də özünü güclü göstərmək dözümünə qatlaşmaq var.
Bəzən də hər şeyi əzib-keçdiyin halda, birinə yenilir, təkcə birinin qarşında əzmini itirirsən. Bu polad əzmi "əzən" o mum kimi yumşaq hissə... "lənət olsun"... demək olmur, olmur!
Sevgi hissini layiq olanlara duymuruq. Harda daxili dünyamıza zidd biri varsa ona vuruluruq. Harda diqqətsiz, soyuq biri varsa ömrümüzü ona həsr eyməyə hazır oluruq. Harda ürəyimizi öldürən biri varsa hər şeyimizi onun yolunda qurban veririk.
Mehriban münasibət üçün sevgi yetərli deyil. Ünsiyyəti qorumaq üçün xarakter, rəftar əsas rol oynayır. Sevgiyə görə dönməmək, ayrılmamaq olar, amma davranış münasibətləri korlayır. Eqoist sevgi də var. Sevən eqoistdirsə hissləri mənəviyyatına uyğun olacaq. Belə adamlar sevdiyini yalnız özü üçün, özünə xoş olan şəkildə sevir. Onu özündən ayrıca şəxsiyyət kimi qəbul etmir. Nəyi necə istəsə həyat tərzini o cür qurur. Unudur ki, sevdiyi adam onun "surəti" deyil, o da ayrıca bir "sənəddir".
Eqoistlik qayçıdır qayçı! Bağları elə yerdən kəsir ki, nə cərrah tikə bilir, nə də dərzi.
Qürur insan üçün oksigenə bərabər tutulası məfhum olsa da sevəni yalnızlığa aparır. Ömürün qısalığına baxın və düşünün: qürur gözləmək üçün sevgini boğmağa dəyərmi? Küssək barışmağa vaxtımız olmayacaq. Biz barışanacan hansımızsa olmaya bilərik. Ömürə etibar yoxdur.
Analar uşaqların əlindən tutub gedək deyəndə sevincək dönüb baxarlar: – hara? Bax sənə yazanda sözlər də o uşaqlar kimi sevinirlər. Sanki qələmdən soruşurlar – kimə?
Əvvəl özün sevdin, sonra "bu işə məni təhrik etdin", amma səndə mövsümləymiş keçdi, məndə hisslər getdikcə gücləndi.
Adətinmiş; tərgidin, yaşamadığım idi; yeni tapmışdım.
Əvvəllər də tez-tez aşiq olubsanmış, növbəti idi, mənsə ilk dəfə duydum sevgini.
Ürəkdən bağlı olmadığından unutmağa çətinlik çəkmədin, mənsə səni hər kəsin əvəzi sandığımdan qopa bilmirəm, səni itirsəm, sanki bütün əzizlərimi itirəcəm.
Ucuz hisslərlə çox ürək almaq olur, mənim duyğularım çox baha, hər adam ala bilməz.
Sən tez-tez vurulmağı bacarırsan, mən ömürlük sevməyi.
İnsan hər şeyin nankorudur. Sahib olduğu gözəllikləri dərk etməz, daim ağlında başqa şeylər dolandırar, onu istəyər. Ruhu azad olanlar bu istəklərin ardınca gedər, olmayanlarsa həyata keçirə bilmədiyi arzuların xiffətini edərlər. Sevəni sevməz, özü bir eşqin uğrunda kül olanadək yanar. Onu xəyal edəni görməz, özünün arzu etdiyi gözlərinin önündən çəkilməz. Əlini tutan isti əli sıxmaz, hardasa sahibinin ürəyitək soyuq olan ələ bircə anlıq toxunmaq istər. Gecələri onun üçün həsrət çəkəni yadına salmaz, səhərləri birini görmək arzusuyla açar. Zəngi, mesajı təkcə ondan gözlər. Qələbəlikdən qaçıb təklikdə onu düşünər. Yuxusuz gecələrə dözər, göynəyən ürəyinə yazığı gəlməz, gerçəkləri buraxıb xəyalla yaşayar. Fikrən bütün sədləri aşar. Mümkünsüzlərin mümkün olduğunu görmək üçün çırpınar, darıxar. Yanında olandan qaçar, uzaqları yaxın sanar.
Biri onun ardınca düşər, o isə çatmayacaq ünvana doğru addımlayar.
Buraxar mövcud olan gözəllikləri, olmayacaqları gözəlləşdirər.
Onu sevənə yazığı gələr, özünün çarəsizliyindən xəbəri olmaz.
Hardasa biri intizarla onun yazacağını gözləyər. O isə çoxdan divarına heç nə yazılmayan inboksa ümidlə tamaşa edər.
Ordakı üç nöqtənin tərpənişini rəqslərin ən gözəli sanar. Fəqət o nöqtələri hərəkətə gətirəcək nəğmə səslənməz – könül nəğməsi...
Həyat o vaxt mənasız görünür, ömür o vaxt boşluqdan ibarət olur ki, insan sevgisiz yaşayır. Sevgi tükənincə ürək sıfırın yerini tutur. Ondan sonra nə etsə məcburi etmiş olur.
Sevgi varkən ayrılıq ağrıdır, unutmaq mümkün olmur. Getmək, düşünməmək o vaxt asan olur ki, sevmədiyindən əmin olursan. Onda "istəmirəm" deyib imtina etmək bir an çəkir.
Məndən ötrü darıxdığını, gözlərini yollardan yığmadığını danışmırsan, danışma.
Səndən ötrü darıxdığımı gözlərimi yollardan yığmadığımı soruşmursan, soruşma.
Ayrılıq varsa sevgi tükənsə yey. Amma sevə-sevə ayrılmaq zülümdür.
Sevdiyim geyimlərim kimi tökmüşəm qarşıma mənə münasibətini, davranışını, dediyin sözləri... bəlkə içində sevgi də tapam deyə axtarıram. O üzə-bu üzə çevirirəm... elə bir şeyin bir ucu da görünmür ki, çəkib qalan hissəsini də çıxarasan, geyinib içində özünü xoşbəxt sanasan.
Səninki sevgi, bağlılıq, ruh ehtiyacı deyil. Bu sadəcə, maraqdır. Qadına maraq. İşin olanda unudursan, boş vaxtının saniyələrini doldurmaq üçün yazırsan. Sənə lazım olanda yazışırıq. Darıxıb kəlmələrinə ehtiyacım olanda yaza bilmirəm, onsuz da yazmayacağını düşünüb həsrəti ürəyimdə boğuram. Bəzən səhərəcən ümidlə gözləyirəm, bəlkə, yazdın deyə. Səni sevəndən səhərlərim beləcə açılır.
Yorulmuşam, sevməkdən yox, sevgisizlikdən. Sevsəydin belə davranmazdın...
“Sən” adlı səhvim…
Peşman olmaq istəmirəm. Peşman olsam heç kəsin üzünə baxa bilməyəcəm, yaşamaq çətin olacaq. Sevirəm deyə özümə haqq qazandırıram. Bu "haqq qazandırmaq" özünə pənahlanmaq, təsəlli vermək, başqalarından bəraət ummaq, əfv diləmək yox, özünü özündən qurtarmaqdır.
Unutmağa çalışıram səni. Nə zəng edəcəm, nə bir kəlmə yazacam. Mənə ayırdığın çox az vaxtın da indi özünə qalar. Ya rahat olarsan, ya da yeni sevdalara düşüb, yenə kimisə özünə bənd edib, gözünü yolda qoyarsan. Yenə bir qızı həyatdan küsdürməyə həvəsin varsa, demək, sevgidən xəbərsizsən. Səninki əyləncə marağıdır. Heç kəsə yalandan “sevirəm” deyib, sevgi haqqında təsəvvürünü korlama.
Bir gün hansısa məsumun, sənə inanıb sevənin çəkdiyi acılar özü intiqam alacaq səndən. Hər yerdə yaralı bir ürək buraxma.
"Sevməyə başlamağımla öz gözündə ucalıb, dağ olmağa tələsdin, qoymadın zirvən düzələnəcən sevim. Bu cür sevgiyə özün layiqsənmiş kimi ədabazlıq etməsəydin, sənə qul olacaqdım. Sağ ol ki özün də bilmədən buna razı olmadın. Yolunu mən gözləyəndə, ünvanın başqa yer oldu. Səsini eşitməyi
mən arzulayanda nəğmən başqa səmtdə eşidildi. Mən sənin həsrətini çəkdim, sən başqalarının atəşindən od götürdün. Başqalarının "şaxtasında" donub mənim istimlə qızındıq. Nankorluğun məhv etdi sevgimi. Rahat ol, kimə üz tutursan, tut... Mənim böyük sevgimə layiq deyilsən. Səninki daha çox "ürək toplamaqdır", sayını itirəndə hiss edəcən ki, qəlbində boşluq var. Görəcəksən ki, itirdiyin mən adlı sevgi imiş. Gec olacaq... çox gec.
Nə vaxtsa qarşılaşanda sənə laqeydliyimi hiss edəndə biləcəksən ki, yaralarım sağalıb, həmin vaxt özün özünə özün boyda dərd olacaqsan.
Bu səndən alınmış qisasım olacaq".
Səni sevdim. Layiq idinsə də, deyilsənsə də.
Bir də sevməyəcəm. Nə səni, nə sənə bənzər birini.
Səni sevirdik; mən və hamı. Tərifləyirdilər. Onlara inanmaq istəyirdim. Çünki səndə pis cəhət olduğunu nə görmək, nə də düşünmək istəyirdim. Tək bircə nəfər haqqında yaxşı fikirdə deyildi. Təəssüf ki elə o bircə nəfər haqlı çıxdı. Bilsən nə qədər arzulamışdım o bir nəfər sənə böhtan atmış ola…
Sevgi insanı gerçəklərdən uzaqlaşdırır. Gözlərinin önündə olan reallığı qoyub özünün görmək istədiklərini görürsən. Əslində pis adamsan, sevirəm deyə görmürəm.
"Niyə?" sualı verilməz. Versək də cavab tapa bilmərik. Çünki həqiqi, böyük sevginin səbəbi olmaz. Sadəcə sevərik.
Səni sevdim. Buna ağılsızlıq deyəcəksənsə, de, amma mənim eşqim safdır, böyükdür. Tapmazsan belə sevgini nə özün bu cür sevə bilərsən, nə səni belə sevən olar. Əminəm olmayıb da. Səni özünə demədiyim kimi sevirəm. Özüm bilirəm səninçün nədən keçdim, nəyi itirdim. Minnət qoymaq kimi çıxar deyə susuram. Amma çox şeydən sənin sevginə görə imtina etdim. Və səndən də qarşılıq olaraq heç nə gözləmədim. Sadəcə, sevdim, sadəcə, sevirəm. Buna dəyər vermirsənsə vermə. Məni itirmək istəyirsənsə itir. Ayrılmaq istəyirsənsə ayrıl. Mənim eşqim böyükdür, kiçilməz, safdır kirlənməz. Bahadır heç kəs ala bilməz. Onu ucuzlaşdırmaram. Yeri qəlbimdədir. Qoy elə özümdə qalsın.
Böyük hisslərlə yaşayanları xırda istəklilər anlaya bilməzlər. Kiminə maddiyyat, kiminə mənəviyyat vacibdir. Kimi təmiz bir eşqi qoruyar, kimi canını. Kiminə gözləri əziz olar, kiminə kəlmələr. Kimi iztirablarıyla da xoşbəxt olar, kimi xoşbəxtliyindən xəbərsiz yaşar. Kimi itirməmək üçün susar, kimi
ayrılmaq üçün bəhanə tapar. Biri sevər, biri sevgini qənimət bilər. Kimi ürək istər, kimisi bədən.
Təzadlarla dolu münasibətləri çözdükcə ruh dostu sandığımızın qəfil "yağlı əppək" olub göyə çəkildiyini hiss edərik. Yerində gördüyümüz varlıq bizi sarsıdar. Nə vaxtsa itirdiyimiz ağlımız yavaş-yavaş qayıdar. Ayılarıq. Görəsən, o uydurduğumuz nəymiş, kimmiş? Özümüzü niyə aldatmışıq? Bunu necə bacarmışıq? Nə gərək varmış? Niyə birini olmadığı kimi xəyal etməyə çalışmışıq?
Sonda anlayırıq ki, uydurduğumuz, sadəcə, hekayə qəhrəmanına yarayır. Ömür həsr ediləsi, ürək veriləsi, uğrunda fədakarlıq ediləsi biri deyilmiş. Biz onları gec də olsa tanıyarıq, onlarsa bizi heç vaxt anlamayacaqlar. Dedim axı...böyük hisslərlə yaşayanları xırda istəklilər anlaya bilməzlər.
Səni ötən payızın bu günü itirmişdim. Qəfildən əlaqə kəsildi. Nə məktubun gəldi, nə sorağın. Sənin yoxluğun azmış kimi bir də müharibə başladı. Bilmirdik nə qədər sürəcək müharibə.
Yetim kimi boynum bükülmüşdü. Yollarda qəfil rastlaşmaq xəyalı ilə gəzib-dolaşırdım. Hər yerdə səni görürdüm sanki. Ağlımdan çıxmırdın. Ürəksə öz ağrısıyla idi - "onu tap, qovuş onunla" deyə göynəyirdi. Bir sualla – "hardasan?"la yaşayırdım. Əlim heç nəyə yatmırdı. Həvəsim qalmamışdı. Sənsiz, səndən xəbər tutmadan yaşamaq əzaba dönmüşdü. Heç kəslə bölüşüləsi sirr deyildi. Gah özümlə, gah da sənin xəyalınla danışırdım. Pilləkənləri çıxanda hər pilləyə bir düşüncə kimi baxırdım. Addım-addım düşünürdüm səni. Bilmirdim o anda sən də məni düşünürdünmü. Qulağım telefonda idi. Zəng etsən bayılardım.
İncisək də... küssək də... O hiss ki var, (adına sevgi deyirlər) qoymur getməyə.
"ÜRƏK YAMAN ŞEYDİR"
İstini-soyuğu hiss etdiyim, gecəni-gündüzü fərqləndirdiyim, doğmanı-yadı seçdiyim günləri çıxıram, demək, qaldı ağlımın kəsdiyi vaxtlar. Hə, düz o vaxtdan ruhumda nigarançılıq duymuşam. Nəsə axtarmışam, nəsə gözləmişəm. Elə hiss edirdim ki, hardasa ya mən olmalı olduğum, ya da məndə olmalı olan nəsə var. Gözlərim uzaqlardan yığılmırdı. Kiminsə, nəyinsə həsrətini çəkirdim. Kimdənsə, nədənsə xilas olmaq istəyirdim. Nə olsa, nə yaşasam mən deyildim. Bilirdim ki, insanlar məni duymurlar. Onlardan nə gözlədiyimi bilmirdim. Nə idi məni qane etməyən? Onda bilmirdim. Uzun illər
bilmədim. O nigarançılıq, o istək, o boşluq bitmirdi, yerinə yetirmirdi və dolmurdu. Boşluq içində idim. Öz mühitimdə deyildim. Qurtulmaq istəyirdim. Nədən, kimdən onu ayırd etmək çətin idi. Nə qurtula bilirdim, nə qala . Xeyli çəkəcəkmiş bu, xeyli axtaracaqmışam nəyisə, kimisə. Çox illər sonra qırxa doğru yolun astanasında tapdım, dərk etdim çatmayan və qurtulmaq istədiyim nəymiş. Tapdım. Bu tapıntı ilə doldu o boşluq. Amma qurtula bilmədim qurtulmaq istədiyimdən. Artlq bu mənəvi işgəncə ağrıya dönür ruhumda.
Səni tapdım. Tapdım ki, nigarançılığım daha da artsın. Tapdım ki, həsrətdən xilas ola bilməyim. Tapdım ki, qorxular məni tərk etməsin. İnsan hisslərinə də sadiq qalır. Artan ağrılar içində bəzən ağlımdan bir söz keçir, amma dilim gəlmir deməyə. Deyə bilmirəm, demək istəmirəm, niyə gəldin. Gəlişin xoş oldu. Bu xoşluq başdan-başa ağrı olsa da.
Darıxıram səni sevmədiyim günlər üçün.
Darıxıram səni bu Vətəndə sıradan biri saydığım günlər üçün.
Darıxıram televizorda sən danışanda söndürüb getdiyim günlər üçün.
Darıxıram yalnız işimlə məşğul olduğum günlər üçün.
Niyə gəldin həyatıma?
Onsuz da dincliyim yox idi. Bir sən əskikdin?
Ağılla qürur səni tərk etməyibsə, demək, səninki sevgi deyil.
Sevməyinə peşman ediləcəyin xeyli səbəb içində təkcə biri usandırar adamı -- saymazlıq. Sevgindən sui-istifadə edib dəyərsizləşdirilmək sındırar səni. Birinci dəfə edilən sayğısızlığı min yerə yozub susmaq olur. İkinciyə də "eybi yox" deyib göz yumursan. Qarşı tərəfdə arxayınlıq yaranıb diqqətsizliyin sayı artdıqca adət etmək olmur. Hər kəsin heysiyyətinə toxunan nəsə var. Mütləq nəsə olur adamın qaynar hisslərini soyudan. İllərlə qoruduğun sevgini hansısa rəftar laxladır yerindən. Sevginin düşməni sayğısızlıqdır. Böyük hisslərinə, pak duyğularına dəyər verilməyəndə çiliklənib içinə tökülürsən.
Həmin vaxtdır... çiliklənmişəm. Çəkil kənara, sınıqlarımı özüm yığacam. Mərhəmət və nəzakət sevən üçün sədəqədən başqa bir şey deyil. Bunlara gərək yoxdur. Yoxdur! Gərəyim olanları əsirgədin. Sevgi, diqqət, qayğı umurdum, onu da qıymadın. Sən ancaq sevilməyi sevdin. Bunu daha səndən uzaqda yaşayacam.
Bəhanə insanın tapmağa çətinlik çəkmədiyi yeganə "ehtiyacdır". Nə vaxt, harda, kimə söylənilməsi elə də çətin olmur. Bunu yalançı da tapır, doğru
danışanlar da. Kimi həyasından, kimi həyasızlığından bəhanə gətirir. Sevməyənin də bəhanəsi çox olar.
Getmək istəyirsən – bəhanə, qalmaq istəyirsən, yenə bəhanə. Ayrılığa gedən yolda bəhanələr ən iri addımlardır. Görmək istədiyinin yanına da mütləq bəhanə tapıb gedirsən, qurtulmaq istədiyindən də uzaqlaşmağa ən tutarlı bəhanə gətirərsən. Onu təkcə sevəndə tapa bilmirsən. Sevməyin bəhanəsi olmaz. Heç səbəbi də. Bu baxımdan məhəbbət hisslərin ən özbaşınasıdır. Nə sənə tabe olar, nə də qaydalara. Nə yaşa baxar, nə şəraitə. Amma bəhanəsiz gələn bu hissin gedişi mütləq bir səbəbə bağlı olar. Məncə, "məni niyə sevdin?" sualına cavab tapmaq olmur. Amma "ayrılığın səbəbi nədir?" sualını özümüz gözləyirik ki, bir-bir sadalayaq. Və yaxud bircə kəlmə ilə də olsa ifadə edək.
Söylədiklərimizin insanlar tərəfindən səbəb, ya bəhanə kimi qarşılanacağına dözümlü olmalıyıq. Gerçəyi özümüz bilirik. Bizi aparanın səbəbmi, bəhanəmi olduğunu insanlara izah etmək ən sonuncu işdir.
Gəl, küsmədən, incimədən ayrılaq. Dilimiz acı kəlməyə öyrəşmədən.
Vaxtı varmış... Gec anlayırıq. Zamanı yetişməli imiş.
"Dözə bilmərəm" gümanını zaman qətiyyətsizləşdirir. Göstərir ki, özünü yaxşı tanımırsan.
Çətin mərhələni keçəndən sonra dözürsən. Öz-özünə unudursan hər şeyi.
ƏLVİDA – rahatlığını pozan birindən qopub, dinclik tapmaq, layiq olmayandan xilas olmaqdır. Qorxmayaq, ƏLVİDA söyləməkdən.
Gözlərimizin yollardan yığılmasını istəyiriksə, ƏLVİDA deməyi bacarmalıyıq. Hisslərimizi özünə yem edəni ac qoymaqçün VİDA etməliyik. Özü də ƏL-VİDA!
Özünə qayıtmaq, dəyərini anlamaqdır ƏLVİDA.
Bu kəlməni söyləməyi bacarmaq gücdür, özünə qalib gəlməkdir.
Dinclik tapmaq, özümü xilas etmək, gözlərimi yollardan yığmaq, birini ac buraxmaq , özümə qayıtmaq, güclü olmaq, özümə qalib gəlmək istəyirəm.
ƏLVİDA!
Çox kübarca deyirsən: "unut məni". Bunca diqqətsizlik və saymazlıqla başqa nə söyləyə bilərsən ki? Bağları qoparmağa çalışırsan. Nə qədər sevirəmsə, o qədər laqeydsən. Yaxınlaşıram, uzaqlaşırsan. Rəftarınla "sevmə" dedikcə
özümü aldatdım, sevgimi qorudum. Məmnunsan deyəsən. Belə sevilmək kimin xoşuna gəlməz ki? Amma qorumağa əmək sərf etmirsən. Arxayınsan. Bilirsən ki, sevirəm. Hə, sevirəm, amma saymazlıq ağır yükdür, qaldırmağa gücüm yoxdur. Zamanında bu yükü çox gəzdirdim. Yorulmuşam, yerə qoyuram indi. Sən yoxkən də sevə bilərəm səni.
Mənsiz həyat... məndən sonra yaşayacağın günlər... bircə bilsəydim rahatsan... nigaran qalmaz, sakit uyuyardım.
Pərvanə Bayramqızı
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 17-11-2021 13:36
Baxış sayı: 3451
Yazı axını
23 / 11 / 2024
21 / 11 / 2024
21 / 11 / 2024
20 / 11 / 2024
20 / 11 / 2024
19 / 11 / 2024
17 / 11 / 2024
17 / 11 / 2024
16 / 11 / 2024
15 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
11 / 11 / 2024
11 / 11 / 2024
10 / 11 / 2024
09 / 11 / 2024
09 / 11 / 2024
08 / 11 / 2024
08 / 11 / 2024
07 / 11 / 2024
07 / 11 / 2024
Ən çox oxunanlar
21-11-2024 15:23