Reklam
Ağzıdönməzlərin taleyi - Professor Qulu Məhərrəmli haqqında esse
02-11-2021 17:55
Essedən bir parça
2 noyabr görkəmli jurnalist, yazıçı-publisist, professor Qulu Məhərrəmlinin ad günüdür.
Mən elat, tərəkəmə mühitində böyümüşəm. Elat adamları sözü açıq deməyi, dediyinin dəyərini bilməyi həmişə üstün tutur. Elat adamlarının sözü qanundan, kitabdan ötədir.
Professor Qulu Məhərrəmli hansı səbəbdənsə yadıma düşəndə, ya da gözümə görünəndə düşüncəmdən şimşək kimi bir qənaətim keçir: Qulu ağzıdönməz adamdır.
Atam Zal Əziz oğlu belələri haqqında deyərdi: “Oğulun ağzıdönməzi... nənəm qurban belə oğula...”.
Ağzıdönməz... ağzıdönməzlik... gərək düşüncəndə, qənaətində, fikrində, rəyində nə qədər aydın və duru olasan, bildiyinə axıracan inanasan və biləsən ki, bilirsən.... Əgər bildiyinin naminə ağzına qılınc da çəksələr geri dönmürsənsə, bu olur ağzıdönməzlik. Ağzıdönməzliyin min bir bəlası var; keçmiş zamanlarda adamları asırdılar, kəsirdilər, təqib edirdilər ağzıdönməzliyə görə. Sovet dövründə repressiyalar vardı ağzıdönməzliyə görə. İndi də gözdən, nəzərdən salmaqlar var, fəal həyatdan kənar qoymalar var... get, istəyirsən acından öl, sən bizə gərək deyilsən... bütün bunlar hamısı ağzıdönməzliyin fəsadlarıdır. Doğrudur, çətindir, əzablıdır, iztirablar hiddət və kədər dənizi yaradır və öz içində ağzıdönməzi boğmaq istəyir. Amma ağzıdönməzlərin qənimi unudur ki, yaratdıqları məhrumiyyət və iztirab dənizləri ağzıdönməzlərin heç topundan da deyil, nəinki dizindən.
... Qulu Məhərrəmli hələlik mənim tanıdığım az, çox az ağzıdönməzlərdən biridir.
Doğrudur, elat adamları ağzıdönməzin yanında “ağzı yanmış” ifadəsi də işlədirlər. Özü də bu sözdə bir rəğbət, bir təəssüf çaları da var. Müşahidə eləmişəm, “ağzı yanmış yaman pis uladı...” – canavar nəzərdə tutulur. Qədim türk mənəvi mühitində canavar qurd toteminə çox yaxındır, üst-üstə düşən tərəfləri var; insnalar qurdu qarğımır, qurdun xatirinə canavarı da qarğımır, eləcə, “ağzı yanmış” deyir.
Elatda haqqına görə, inamına görə əzilmiş, sınmış adama “Onun ağzı yanıb” deyirlər.
Ağzıdönməzlərin ağzı yanmır. Çünki qalanan ocaqlardan, edam tonqallarından çox yuxarıdadır.
Qulu Məhərrəmlini – müstəqillik dövrü Azərbaycan televiziyasının nəhəng qurucularından birini sevdiyi məkandan kənarlaşdıranda hamı dedi ki, Qulunun ağzı yandı.
Nə qədər acı olsa da, cəmiyyətdə bu həqiqət var. İnsanın özünə qapılması, öz sərhədlərinə çəkilməsi, daxili aləmi ilə tək-tənha qalması... bütün bunlar “ağzıyanmışlıqdan” sonrakı depressiya mərhələsidir. Amma güclü xarakterlər daxilən sınmayan, bütövlüyünü mühafizə edən təbiətlər xüsusi instiktlə duyurlar ki, “... hətta qələbə çalsa belə, haqsızı qalib saymaq olmaz. Qalib haqlı olandır”. Bu sözlər də elə Qulu Məhərrəmlinindir. Antik filosoflarsayağı hökm onun daxili aləminin, mənəvi mühitinin düsturudur. Qulunu sınmaqdan qoruyan bu inamdır.
Əlirza Xələfli,
şair, yazıçı,"Kredo"
qəzetinin baş redaktoru
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 02-11-2021 17:55
Baxış sayı: 3282
Yazı axını
23 / 11 / 2024
21 / 11 / 2024
21 / 11 / 2024
20 / 11 / 2024
20 / 11 / 2024
19 / 11 / 2024
17 / 11 / 2024
17 / 11 / 2024
16 / 11 / 2024
15 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
11 / 11 / 2024
11 / 11 / 2024
10 / 11 / 2024
09 / 11 / 2024
09 / 11 / 2024
08 / 11 / 2024
08 / 11 / 2024
07 / 11 / 2024
07 / 11 / 2024
06 / 11 / 2024
Ən çox oxunanlar
21-11-2024 15:23