Reklam

"Dünya dərd tərəfdən üzümü görmür..."- Paşa Talıblı
30-05-2021 10:43

"...gecədi, göy üzü axın!
...Ay batır səhərə yaxın.
...qələmin izinə baxın-
şeirdi varağın üstdə..."
Dalidag.az Rusiyada yaşayıb-yaradan şair Paşa Talıblının yeni şeirlərini təqdim edir:
Dünya, sən qal...
Qoy gedim, saxlama məni!
...məzəm yox, əl çək məzədən.
Dünya, sən qal-sən qalansan!
...mən gedim gəlim təzədən.
...yerinə bax, dəni gözlə!
...dağına bax , çəni gözlə!
...dünya, sən qal, məni gözlə!
...mən gedim gəlim təzədən.
...dünya, sən qal, qalana bax!
...yeri-göyü talana bax!
...sən məndəki yalana bax:
"Mən gedim, gəlim təzədən".
Dərd...
...dərdimlə oynamaq keçir könlümdən,
bir işi görməyə təpərim olmur.
...Allahın səhəri, axşamı kimi
dərdin özü gəlir xəbərim olmur.
...bu dilsiz-ağızsız dərdlər,
ilahi mənim ürəyimin dilini bilmir.
...içimə salmışam çoxunu, vallah
bu dünya yüzündən birini bilmir.
Dünya hələ bilmir ürək qızıldı,
qızıldı barmağın beşi də...bilmir!
...dünya dərd tərəfdən üzümü görmür,
məni dərd tərəfdən eşidə bilmir.
...hərənin bir cürə dərdi var, qardaş;
böyüyün dərdi var-dolanmaq dərdi,
uşağın dərdi var-oyuncaq dərdi.
...hələ ölüm dərdi, yaşamaq dərdi!
..eh, hərə bir cürə dərdlidi, qardaş,
eh, hərə bir cürə dəlidi, qardaş!
...dərdi olanın da yazıq gününə,
dərdi olmayan da ölüdü, qardaş!
Baxıb dirigözlü ağlamaq olar...
Mindən bir gecənin sirri...
...heç sükut da keçə bilmir-
...dodağı dodağın üstdə.
..ağappaq gecədi yatır
yamyaşıl yarpağın üstdə.
...mən təkəm, ömür neçədir?
...saymışam-birdən heçədir.
...Tanrım, nə pünhan gecədi-
...pərvanə çırağın üstdə.
...gecədi, göy üzü axın!
...Ay batır səhərə yaxın.
...qələmin izinə baxın-
şeirdi varağın üstdə.
Tanrını tanı...
Tanrı adildi-deyirlər!
...mürgülü adama qıymaz.
...əli, ayağı sevgiylə
hörgülü adama qıymaz.
...mürgünü verən özüdü,
hörgünü verən özüdü,
vergini verən özüdü-
vergili adama qıymaz.
...bir güldü də dərirsən ki,
...dərib sonra sərirsən ki.
...amma bir də görürsən ki
bir gülü adama qıymaz.
Paşa Talıblı
Rusiya, Volqoqrad şəhəri
Dalidag.az



Yazı axını
22 / 02 / 2025
22 / 02 / 2025
19 / 02 / 2025
18 / 02 / 2025
17 / 02 / 2025
15 / 02 / 2025
13 / 02 / 2025
13 / 02 / 2025
11 / 02 / 2025
10 / 02 / 2025
09 / 02 / 2025
09 / 02 / 2025
09 / 02 / 2025
07 / 02 / 2025
07 / 02 / 2025
07 / 02 / 2025
06 / 02 / 2025
01 / 02 / 2025
Ən çox oxunanlar
18-02-2025 11:05
