Ruhunda bahar gəzdirən, könlünü sözlə qovuşduran Fuad İslamoğlu - Təbrik əvəzi

17-03-2021 20:59

Həyatda qazana biləcəyin "yaxşı adam" adı ümumiləşmiş bir fikirdi. Müsbət keyfiyyətlərin cəm olduğu bir xarakter fərdin yaxşı adam olmaq missiyasını gerçəkləşdirən amildir. Yaxşı dost, yaxşı valideyn, yaxşı qohum və.s ümumilikdə yaxşı adam formulasının ayrılan qollarıdı. Yəni yaxşı adam mütləq yaxşı atadır, dostdur, qohumdur...
Bu gün növbəti doğum gününü qeyd edən dəyərli ziyalı, şair-publisist Fuad İslamoğlu da "yaxşı adam" titulunun layiqli daşıyıcısıdır. Ətrafından haqqında ilk eşitdiyim söz məhz budur. Bütün fəsillərdən daha çox sevdiyi baharda doğulub Fuad müəllim. Bahar kimi həlim xasiyyətli, təbiətə vurğunluğu söz dünyasında misra-misra əksini tapan şairin bahara xüsusi sevgisi də məhz bu fəsildə doğulmasıdır. Olduqca dostcanlı, yurda, el-obaya bağlı, millətini sevən türk övladıdır F.İslamoğlu. Özünə, sözünə, xalqına, dövlətinə sadiqliyinə görə dostları, tanıyanları tərəfindən sevilir. Nüfuzlu ziyalı olmaqla yanaşı, gözəl ailə başçısı, mükəmməl ata və sevmli babadır. Cəmiyyətimiz üçün  təhsilli, tərbiyəli, vətənsevər üç övlad yetişdirib. Əməli ilə hər addımda Vətən, millət sevgisini sübut edən F.İslamoğlunun yaradıcılığında da bu sevgi öz əksini tapır. 
Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Uzun illər müxtəlif məsul vəzifələrdə çalışıb. Gənc yaşlarından şeirə marağı, sözə sevgisi onu poeziyaya gətirib. Ayrı-ayrı illərdə 4 kitabı çapdan çıxıb."Təmizlik"(1997), "Yaşamalı dünyadı"(2007), "Bu səs sənin səsindirmi"(2009),"Qartal səmada tək uçur"(2016) adlı şeir kitablarının və bir çox publisistik yazıların müəllifidi.
Dalidag.az ruhunda bahar gəzdirən, könlünü sözlə qovuşduran Fuad müəllimi doğum günü münasibətilə təbrik edir, sağlıq, hüzur dolu ömür və uğurlar arzulayır.

Sevinc QƏRİB

YAŞAMALI DÜNYADI

Dünya qocalıb yaman, bir az nazını çəksək,
Dünya yaşasın deyə bağçasında gül əksək,
Hərəmiz bir tərəfdən qamarlayıb sökməsək,
Yaşamalı dünyadır.

Ərköyün böyüyübdür, bir az da əzizləyək,
Üst-başı toz içində gərəkdir təmizləyək,
Yığışıb övladları hərdən eləsə kömək,
Yaşamalı dünyadır.

Hafizəsi deyəsən bir balaca korşalıb,
Şirəsini çəkənlər  yaman həddini aşıb,
Dəyməyənlə işi  yox, nə dəyib, nə dolaşıb,
Yaşamalı dünyadır.

İnsanları deyəsən hədəqədən çıxıblar,
Taxt üçün bir-birinin evlərini yıxıblar.
Mən bilirəm çoxunun əl-qolunu yığıblar,
Yaşamalı dünyadır.

Azğınlıqları görüb dünya  bir az sərtləşib,
At oynadanlar çoxu dünyasını dəyişib,
Onların ö dünyası- onlar ilə nə işin,
Yaşamalı dünyadır.

Dünya gəlimli dünya, həm gedimli dünyadır,
Öz oxundan çıxmayıb  dünya gidi dünyadır.
Nökərə nökər dünya, zülmə gəda dünyadır,
Yaşamalı dünyadır.

Hər sərvətii bizimdi,üstündə əsmək gərək,
Ona əl uzadanın əlini kəsmək gərək,
Ona olan qayğını əgər əsirgəməsək,
Yaşamalı dünyadır.

Mən biləni, insanlar öz yolunu azmasa,
Qızmış başla iş görüb,elə quyu qazmasa,
Etdiyi pis əməli yuxu kimi yozmasa,
Yaşamalı dünyadır.

Çox cızından çıxanı öz yoluna qaytarıb,
Mənəm-mənəm deyəni qan qusdurub,tapdayıb.
Dünyaya xor baxanlar heç vaxt ruzi tapmayıb,
Yaşamalı dünyadır.

Meşəsini qoruyub, torpağını biz əksək,
Suyuna, havasına əgər qaravul çəksək,
Millətə dəyən zərbə “məndən ötdü” deməsək,
Yaşamalı dünyadır.

Düzü düz gözlə görüb, əgər tərif eyləsək,
Əyri yola düşənin “ayağını” kəsməsək,
Qeyrət, namus yolunda canı əsirgəməsək,
Yaşamalı dünyadır.

HƏYATDA


Sən ömrümə naxış-naxış ilməsən,
Möhnət yükün gözlərimdə bilmə, sən.
Bu kədəri ürəyimdən silməsən,
Yaşamağa güman qalmaz həyatda.

Günəşimsən- işıqverdin gözümə,
İnamımsan-qüvvət verdin dizimə.
Bircə dəfəbaxmaq ilə üzümə,
Qəlbim doymaz, gözüm doymaz həyatda.

Məhsəti, Natəvan- xalqımın səi,
Göylərə yüksəldi qəmli naləsi.
Sən onların özü, xoş təranəsi,
Belə kökü olan solmaz həyatda.

OXU, BÜLBÜL


Nə sızlarsan, nazlı bülbül, yanıqlı,
Yoxsa yenə xəzan gördün bağları?
Yaraşmayır sənə bu qəm, bu qüssə,
Elə oxu lərzə gətir dağları.

Oxu bülbül, oxu sən bərban kimi,
Elimin hər fəsli bahardır mənim.
Doğdu bəxt ulduzum, batan günəşim,
Taleyimin yolu axardır mənim.

Oxu, bülbül, cuşa gətir qəlbimi,
Tarixim uludur, uludur mənim.
Koroğlulu,İsrafilli, Həzili,
Elim qəhrəmanlar yurdudur mənim.

Oxu, bülbül, aşıqlar da coşsunlar,
Nəğməkar dilimdə ötənim mənim.
Nizami, Üzeyirli, Fikrətli,
Sözlüdür, sazlıdır Vətənim mənim

YİYƏSİ YOX


Həyatın üçüncü sinif kupesində 
yol gedirəm,
Yeri az, adamlar çox.
Kim deyər, mənzilə çatacaq bu qatar?
Çatmayacaq?
Deyə bilmərəm hə, ya yox!
Darıxa-darıxa
Sıxıla-sııla.
Mən dinməzcə yol gedirəm
tarak-tarak...
Bu yolun sonu nə ilə qurtaracaq?
Həyata nikbin baxa bilmirəm ancaq!
Nə görürəm? Oyuncaq!
Oyuncağın sahibi çox!
Hərə bir tərəfə fırladır bu oyuncağı.
baxıram ki, 
son necə başa çatacaq...
Bu dünyanın təlxəyi çox,
axmağı çox.
Elə bu dünyanın özünün 
yiyəsi yox!

BU SƏS SƏNİN SƏSİNDİRMİ

Bala Məcnun olan arı
Yığdın, yeyib diysindinmi?!
Özünü öldürən ocaq,
Yandın, özün isindinmi?!

Yolunu gəl azma, bala,
Azanlar çox çəkdi bəla.
Fani dünya kimə qala,
Yaxşınınmı, pisindirmi?!

Yaxşılıq et , itən deyil?!
Kolluqda gül bitən deyil.
Nankora el Vətən deyil,
Gözün tökən hissindirmi?

Sözə məhəl qoymayanlar,
Qan içməkdən doymayanlar,
Torpaq, qeyrət duymayanlar,
Bu dəhşətdən pəsindimi?!

İşgəncə versə namərdlər,
Əyilməzlər bil ki, mərdlər.
Ürəyimə düşüb dərdlər,
Soruşan yox bəsindirmi?!

Yoxsa elə qəbahətin, 
Məğrur dayan, sən ol mətin!
Boynunu vur cinayətin,
Soruş bu son dərsindirmi?!

Xeyir-şər yarandı qoşa,
Sussa ürək çətin coşa.
Fuad, nəğmən gəldi xoşa,
Bu səs sənin səsindirmi?

İNSAN


Yaşamaq məhəbbət rəmzi deyilmi?
Məhəbbət vardısa, həyat da vardır.
Bədbinlik dünyanın məhvi deyilmi?
Bişib mətinləşmək böyük meyardır.

Dünyada bir canlı göstər ki, mənə,
Məhəbbətsiz olsun eşqin əsiri.
Mənə məlum deyil, nə də ki, sənə,
Hələ öyrənməyib heç kəs bu sirri.

Beləcə boşalıb, dolacaq dünya,
Biz də bircə ömür yaşayacağıq.
Məhəbbətdən yetim qalmasa dünya,
Onda biz büdrəyib aşmayacağıq.

Fuad, xam xəyalı gəl at başından,
Şüurla seçilir canlı, cansızdan.
Hələ körpə ikən uşaq yaşından,
Məhəbbət rəmzinə çevrilir insan

Fuad İslamoğlu

Dalidag.az


Kateqoriya: Poeziya-nəsr
Tarix: 17-03-2021 20:59
Baxış sayı: 3561
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını