Hər misra bir aforizm - Vaqif Osmanov yazır

07-03-2021 12:25

Süleyman Abdulla yaradıcılığı hələ də öz tədqiqini tapmayan, dəyəri verilməyən, təmənnalı tənqidçilərin gözlərindən "yayınan" zəngin poetik dünyadır. Bu dünyanın sirli, sehirli sözündən, mənəvi gözəlliyindən bəhrələnmək çoxlarına sərf eləmir. Çünki  bu "ayinədə əyri görürlər özlərini". Tanrı sənə rəhmət eləsin , böyük Mirzə Ələkbər Sabir.
Bu günümüzün ədalətini ölçən "Femidaların" öz arşını, öz tərəzisi var. Necə və nəyi çəkirlər? Bunu heç Tanrı da bilmir.  Bilirsə də səsi gəlib bizə çatmır. Süleyman Abdullaya görə 

"Ədalət dediyinən imkanlının həqiqətidir,
Halallıq özünü çürütməkdir ehtiyac içində"

Hər misrası müdrik deyim - aforizm olan  bir şeirdir - "Biz kəsilən dərs".  Niyə kəsildik bu dərsdən? Savadsızıqmı? Bəli, çox savadsızıq, geridə qalmışıq. Bilmirik ki,

"Yaşamağın elmi alveri bilməkdir,
almasan bir şey tapılmayacaq verməyə.
Kəramət çoxdan vicdan məsələsi deyil,
cib məsələsidir".

Bizi atamız, anamız, müəllim adını daşımağıyla qürur duyanlar - vicdanın məhkəməsindən, Tanrıdan qorxanlar, tamahının başını kəsənlər "savadsız" elədilər, qazi şair. Nə yaxşı ki, qarşımıza belə bütöv insanlar çıxıb. O işıqlı  şəxsiyyətlər hardan biləydilər ki,

"Haqsızlıqdır çantasındakılar haqq carçılarının.
Ağıl dediyin təhlükədir həmişə,
yekəbaşlara baş qoşanda - ağıl bəlası".

Yekəbaşların "yekə ağlı, haqsızlıqla dolu çanta" nə yaxşı ki, bizdə olmadı. Bu cəhətdən bəxtəvərik. Bizi belə bəlalardan bizə böyüklərimizdən miras qalanlar qorudu.

"Məktəbdə doğruluq tədris edilməsinə baxma, 
oğurluq üzrə mütəxəssis yetişdirir ən alisi".
Bax, biz "ali"nin o dərslərindən kəsilənlərik.
Nə olsun ki, "öyrədəni də bir öyrədən var".
Həyat bumu, qardaşım? Budursa, mən yaşaya bilmədim...
"Haqq günəmuzd olan gündən zillətini çəkirik muzdurcasına".

Yaşamaq istəyirəm, muzdur kimi yox, İNSAN kimi!.












Vaqif OSMANOV
Dalidag.az


Kateqoriya: Poeziya-nəsr
Tarix: 07-03-2021 12:25
Baxış sayı: 3459
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını