Reklam
Ruhunu ölməzliyə qovuşdurub, sözü ilə könüllərdə yaşayan Sabir Sarvan
05-03-2021 19:21
Bu axşam kövrəlin, kövrəlin bir az,
Axsın gözünüzdən bir damla yaş da.
Qəm üstə köklənib sarı simli saz,
Köhnə xatirələr dolanır başda...(S.Q)
Sözdən o yana mən varam dedi, sözünə, özünə sadiq adam, sözün qulu oldu, sözünün ağası. O da belə sevildi, belə yadda qaldı, belə xatirələrə köçdü. Cismini qovuşdurdu bənövşə ətirli torpağa. Ruhunu, sözünü yadigar qoydu bizlərə. Əvəzolunmazlar var... Bu gün həmin əvəzolunmazlardan birinin- mərhum şair Sabir Sarvanın doğum günüdü. Yaşasaydı 65 yaşını qeyd edəcəkdi. Cismani yoxluqları unutdurmaz ruhu, sözü əbədiyaşar insanları. Unutmadıq! Olumla ölüm arasındakı ömür adlı məsafə qısa oldu. Cismini torpaq qucaqladı, ruhunu göylər. Bizə ondan xatirələr, bir də dünya durduqca duracaq sözü qaldı.
Dalidag.az cismini sevdiyi torpağa, ruhunu ölməzliyə qovuşdurub, sözü ilə könüllərdə yaşayan gözəl şair Sabir Sarvanı böyük sevgi və ehtiramla anır. Ruhu şad olsun!
Sevinc QƏRİB
ŞÜKRANLIQ
Sözə bənd elədi, şükür Tanrıya
Şükür, nəzərini məndən kəsməyib.
Mən sözün üstündə elə əsmişəm,
Heç anam üstümdə elə əsməyib.
Qəlbin sevincini, qəmini tapdım,
Sözün gül üzündə, bal dodarında.
Ömür dedikləri quruca sözmüş,
Asılı qalıbdı lal dodağında.
Nə itir, nə batır, söz əbədidir,
Uzağı kül altda közə çevrilir.
Dünən deyə-gülə söhbət etdiyin,
Bu gün xatirədi, sözə çevrilir.
Söz deyil, deyirlər sözdü bu dünya,
Düşüb nə xoş güzar, nə xoş iş mənə.
Məni nəfəs-nəfəs sözə bağlayan,
Verəndə dünyanı veribmiş mənə.
Sözə bənd elədi, Tanrıya şükür,
Ömrüm söz ömrüdü, uzun olacaq.
Bu dünya yarandı bir kəlmə sözdən,
Elə sonunda da sözün olacaq.
NİYƏ DƏRMƏDİM?
Beş-altı günlüyə yaz idi baxtı,
Bir dar çuxur idi sarayı – taxtı,
Kolların dibindən üzümə baxdı,
Mən o bənövşəni niyə dərmədim?!
Sayəsin üstümə salmışdı tale,
Gül olub könlümü almışdı tale,
Bircə yol üzümə gülmüşdü tale,
Mən o bənövşəni niyə dərmədim?!
Dindirsən sinəsi dolu ah idi,
Yanında yoldaşı xeylaq çox idi,
Mənə ondan başqa baxan yox idi,
Mən o bənövşəni niyə dərmədim?!
Xəyalım toxunur dünənə gəlir,
Ötənlər nə haya, nə ünə gəlir,
Gündə gözlərimin önünə gəlir,
Mən o bənövşəni niyə dərmədim?!
Duruşu həyalı, baxışı incə,
Bir üzü gül idi, bir üzü qönçə,
Yandırıb-yaxacaq məni ölüncə,
Mən o bənövşəni niyə dərmədim?!
QİBLƏM ÜRƏYİMDİ
Bizi də sayarlar, qəm yemə könül,
Hər kəsin qədrini bir dövran bilir.
Mənim gözlərimdi dərdin məskəni
Yalandı desələr çox ünvan bilir.
Olsa da ömrümə qənim ürəyim,
Qibləm ürəyimdi, yönüm ürəyim.
Bu nə bəladırsa, mənim ürəyim,
Özünü dərd ilə firavan bilir.
Elə tez dolandı çarx dediyimiz,
Azaldı - üzüldü vaxt dediyimiz,
Məndən çoxdan dönüb baxt dediyimiz,
Nə Sabir tanıyır, nə Sarvan bilir.
ÖMÜR HEKAYƏSİ
Vaxt varıydı çarpışırdıq fələklə
Gündüz idi, Gecə idi, Mən idim.
Üç dost olub dolaşırdıq göyləri -
Arzu idi, Xəyal idi, Mən idim.
Yaz sovuşdu payız girdi araya,
Ruhumuzu düçar etdi sarıya.
Çaşıb qaldıq yol çatanda yarıya -
Qorxu idi, Ümid idi, Mən idim.
Nə gəzəsən sönən odda - ocaqda,
Keçən keçdi, qalan qaldı uzaqda.
Bir də gördük üçümüzük otaqda -
Həyat idi... Ölüm idi...Mən idim...
TƏRK EDİB GEDƏRDİM
Əlim çəkilsə də cavanlığımdan,
Yenə mən qocanı tər sinə çəkir.
Bizdən təbiətdə nişanə gəzsən,
Kömür mənə bənzər, qar sənə çəkir.
Açıq nişangahdı, qorunmaz sinəm,
Qor verər, özgədən qor ummaz sinəm.
Məni kül elədi ovunmaz sinəm,
Çəkmir o ahı ki, hər sinə çəkir.
Yazı gül - çiçəyə, qışı qara ver,
Haqsansa, haqq deyib başı dara ver,
Tör - töküntü dərdi naşılara ver,
Çəkilməz dərdləri nər sinə çəkir.
İçi qan çanağı, özü nağılsa,
Tüküm də tərpənməz dünya dağılsa.
Tərk edib gedərdim ağlıma qalsa,
Di gəl ki, ürəyim tərsinə çəkir.
SEVƏRSƏN
Mən gedirəm...day yanında qalmaram,
Sən yanında qalanları sevərsən.
Deyirsən ki, "ürəyincə deyildim",
Ürəyincə olanları sevərsən.
Sevgibazlar dəryasında gəmin kəm,
Qoy olmasın həmdəmin kəm, dəmin kəm.
Doğru sənə acı gəldi? - Qəmin kəm,
Dili ballı yalanları sevərsən.
Yan - yörəndə gəzən çoxdu, bilirəm,
Üzdə guya gözün toxdu...bilirəm,
Aşkar işlə aran yoxdu, bilirəm,
Gizlinləri, dalanları sevərsən.
Su çuxuru, çuxur suyun tapacaq,
Armud gördü ayı oyun tapacaq,
Müxtəsəri, taylı tayın tapacaq,
Filan... filan... filanları sevərsən.
SAXLA BÜLBÜL KİMİ
Olanım ürəkdi vermişəm sənə,
İstər ayaqla keç, istər tac eylə.
Gah görün gözümə, gah da uzaqlaş,
Məni həsrətinə yalavac eylə.
Varamsa, aldığım hər bir nəfəsdə,
Buyruğun- qulluğun gözlərim üstə.
Saxla bülbül kimi sarı qəfəsdə,
Ya da ki, kölgəlik qarağac eylə.
Səni udum - udum anım gizlicə,
Günahım, pənahım sanım gizlicə,
Qovrula - qovrula yanım gizlicə,
Məni buğda dənidərdi sac eylə.
Mən də bir dünyayam qəmdi bazarım,
Özgə aləmlərə düşməz güzarım.
Gördün ki, azalır dərdim - azarım,
Amandı, yubanma, tez əlac eylə.
MƏNİ BİR DƏ YARATSAN
Düşdüm SÖZ sevdasına
Çalxandıqca duruldum.
Dostlarım qaşa - gözə,
Mən sözlərə vuruldum.
Göylərin əlindədi
Söz dediyin sirr - açar.
Gahdan fikri pərdələr,
Gahdan neçə sirr açar.
Söz hər şeydən yüngüldü,
Sözdən ağırı yoxdur.
Tapıb yerinə qoysan,
Sözün fağırı yoxdur.
Üyüdürəm dən kimi
Kəlmə - kəlmə "un" alım.
Canımın ağrısıdı,
Sözün ağrısın alım.
Tanrım, SÖZ dəlisiyəm,
Məskənimi çöl elə.
Məni bir də yaratsan
Yenə SÖZƏ qul elə.
ƏTRİNİ DUYUNCA
Ömrümün bir gözəl anından keçdim,
Bəxtəvər çəpərin yanından keçdim,
Ətrini duyunca canımdan keçdim,
Bənövşə qoxusu gəlir bu bağdan.
Haqqa bağlı olan - düz haqdan çəkir,
Bahar gətirənlər sazaqdan çəkir,
Məni min - min ağac uzaqdan çəkir,
Bənövşə qoxusu gəlir bu bağdan.
Üstündən təzəcə gəlib qar keçib,
Qəlbindən yenə də yüz qübar keçib,
Ya bənövşə açıb, ya da yar keçib,
Bənövşə qoxusu gəlir bu bağdan.
GECƏ, GÜNDÜZ
Fırlanır, fırladır bizi bu Kürə
Yarısı gecədi, yarısı gündüz.
Ömür də belədi, gün də belədi,
Yarısı gecədi, yarısı gündüz.
Şeytanın yanında mələkdi ancaq,
Bir yan od hənirli, bir yanda sazaq,
Yaxınlaş aynaya gözlərinə bax,
Yarısı gecədi, yarısı gündüz.
O başda biridi, bu başda biri,
Qürubla üz - üzə durub dan yeri.
Ağ vərəq üstünə yazıram şeiri,
Yarısı gecədi, yarısı gündüz.
İki qütb üstündə dövr edir həyat,
Pozulmaz mizandı gördüyün təzad.
Allahın hüsnüdü külli - kainat,
Yarısı gecədi, yarısı gündüz.
ÇIXDI
Bölsən fəsillərə mənim ömrümü,
Gülü tək-tək bitdi, qar dizə çıxdı.
Qəlbimin xalları, dərdimin rəngi,
Lalədən boylandı, nərgizə çıxdı.
Bilmədim sağdamı, soldamı durum,
Arxa da uçurum, ön də uçurum.
Dedim daş daşıyım, bir yuva qurum,
Hər daşın altından kor gürzə çıxdı.
Yox imiş havama göydə uçanlar,
Mənə sirr verənlər, könül açanlar.
Darda gen dolanıb uzaq qaçanlar,
Hərəsi bir cürə "təmizə" çıxdı.
Suları sovulmuş göldü ürəyim,
Üzü cadar-cadar çöldü ürəyim.
Çırpına-çırpına qaldı ürəyim,
Nə qışla barışdı, nə yaza çıxdı.
ÖLƏN MİN DƏFƏ DİRİLİB
Gözündən itdim dünyanın,
Gözdən o yana
MƏN varam.
Ən birinci, ən sonuncu
İzdən o yana
MƏN varam.
Baxma qübbəsi qurulub,
Ölən min dəfə dirilib.
Üz gizlənməkçün verilib,
Üzdən o yana
MƏN varam.
Ruhumun binəsı yoxdu,
Duracaq xanəsi yoxdu,
Sözdən oyanası yoxdu,
Sözdən o yana
MƏN varam.
Sabir SARVAN
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 05-03-2021 19:21
Baxış sayı: 3588
Yazı axını
22 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
20 / 12 / 2024
17 / 12 / 2024
16 / 12 / 2024
14 / 12 / 2024
14 / 12 / 2024
13 / 12 / 2024
13 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
09 / 12 / 2024
09 / 12 / 2024
Ən çox oxunanlar
17-12-2024 11:02